“Zahılıq ziyafəti” ənənəsini necə yaradaq?

Şərhlər: 2
Baxılıb: 2 828
Səs ver:
(səs: 0)
Zahılıq dedikdə, əksəriyyətin fikrinə doğuşsonrası ağrılar, ruh düşkünlüyü, analıq həyatına adaptasiyanın çətinlikləri və bir sıra digər heç də ürək açmayan halların baş verməsi gəlir. Zahılıq hər bir qadının müəyyən mənada üzləşdiyi ən çətin həyati anlardan biridir desək, səhv olmaz. Hələ doğuşun, istər xoş, istərsə də xoşagəlməz, təəssüratlarından tam özünə gəlməyən anaların böyük əksəriyyətini əmizdirmə ilə bağlı problemlər dalğası örtür.

Sözsüz ki, fəal həyata daha tez qayıtmaq və doğuşdan sonra bərpa olmaq üçün təbii doğuşa üstünlük vermək və öncədən ona hazırlaşmaq gərəkdir. Körpə ilə dustaq olmamaq üçün də şəlləmə bacarığına nail olmaq yerinə düşər. Əmizdirmə məsələlərində isə öncədən maariflənmək və cüzi narahatlıqlarla üzləşdikdə əmizdirmə məsləhətçisi ilə əlaqə saxlamaq gərəkdir. Zahılıqda müşahidə olunan psixoloji durum ilə əlaqədar ana hisslərini gizlətmək və ört-basdır etmək əvəzinə baş çıxartmağa çalışmalıdır.

Yuxusuzluq, evdarlıq və təmizlik işlərinə vaxtın ümumiyətlə çatmaması, yuxu qıtlığı onsuz da gərgin olan vəziyyəti daha da gərgin edə bilir. Digər tərəfdən ana tənha və tərk edilmiş hisslər ilə dolu ola bilər. Zahılara elə gəlir ki, onlar üçün həyat artıq bitdi, dünya öz gedişatını və ətrafda yaşayan insanlar öz həyatlarını artıq onlarsız davam edirlər. Ana xüsusən ilk övladı dünyaya gələndən sonra özünü əvvəlki tək sərbəst hiss etmir, kiçik həyat sevinclərindən məhrum olmuş kimi düşünür. Yardım etmək istəyən əllər ya olmur ya da, amiranə tərzdə ana-körpə üzərində bütün təşəbbüsü kömək məqsədi ilə öz əllərinə götürür nəticədə zahı qadın hətta həyatına sahib çıxacaq qədər güclü olmadığını düşünməyə başlayır.  Vəziyyəti bir qədər yüngülləşdirmək və gərginliyi aradan qaldırmaq üçün Bust Magazine jurnalı zahılara maraqlı təkliflər irəli sürür:

1. Ziyafət üçün qonaq siyahısı tutun.  Bu siyahıda sizin sevdiyiniz və ərk etdiyiniz insanlar olmalıdırlar. Elə bir insanlar ki, siz onları gördükdə xoş hisslər yaşayır və onları görməyə həmişə şadsınız. Onları dəvət edərkən, bildirin ki, bu ziyafət 6 həftə müddətində davam edəcəkdir. Ziyafətə gələn qonaqlar özləri ilə yemək gətirməli və ev səliqəyə salmaq, uşaq bezi dəyişmək və hətta qabları yumaq, çamaşırları paltaryuyana yığmaq kimi çox əyləndirici fəaliyyətlərlə məşğul ola biləcəklər.

2. Yemək cədvəli tərtib edin. Bu cədvələ uyğun olaraq dostlar və qohumlar növbə ilə sizə yemək gətirə, bazarlıq edərək və ya evdə olanlardan gəlib yemək bişirə bilərlər, hətta xaricdə yaşayan qohumlar da yaşadığınız yerdə cafe və ya restorandan ünvanınıza yemək sifariş edə bilərlər.

3. Təmizlik işləri üzrə qeydiyyat tərtib etmək. Bunun üçün kimsə öz cibinin hesabına sizə təmizlik xidməti sifariş edə və ya özünün sevdiyi təmizlik işinə imza ata bilər. Bu halda istənilən görülən iş zahı ana üçün əvəzsizdir: döşəməni yumaq, paltarları qatlamaq və ya ütüləmək və s. Növbəti geyim dəsti kimi sıradan bir hədiyyə əvəzinə daha maraqlı ideya haqqında baş sındıran dost-tanışlar və ya qohumlar sizə təmizlik xidməti kuponu hədiyyə edə bilər.

4. Zahı üçün dayə. Körpə üçün dayə xidmətinə alışmışıq, bilirik ki, körpə üçün dayə adətən körpənin qayğısına qalır. Nəzərə alsaq ki, körpəyə onun ilk günlərində hamıdan və hər şeydən çox anası lazımdır, deməli sözü gedən dayə də daha çox anaya köklənməlidir. Zahı dayəsi rolunu öz üzərinə istənilən insan götürə bilər. Məsələn ana üçün yemək hazırlasın və ona süfrə açsın, anaya duş qəbul etmək üçün şərait yaratsın, heç olmasa sizinlə maraqlı söhbət etsin. Qısaca olaraq, ananın əlindən körpəni götürmək əvəzinə ananı körpənin əlindən qısa müddətlik götürən biri olsun. Zahıya ən gözəl yardım, ona qayğı göstərmək, gündəlik işlərdən ayırıb, körpəsi ilə özünün məşğul olmasına şərait yaratmaqdır.

5. “Visit saatları” təyin edin. Əksər hallarda zahılar getmək vaxtını dəqiq bilməyəm xoşniyyətli qonaqları əyləndirməyə külli vaxt və enerji sərf etməli olurlar. Bu cür hallardan yayınmaq üçün qonaqlara xüsusi ayrılan saatlar təyin edilməlidir. Bunu çox yumşaq (körpənin çimmək və ya yatmaq vaxtına qədər, öncə, sonra kimi) şəkildə etmək mümkündür. Zahı və ümumiyyətlə ana yuxusundan kəsib qonaqlara sərf etməməlidir. Həmçinin qonaqların hamısını birdən deyil, müxtəlif günlərdə müxtəlif saatlarda qəbul etmək daha maraqlıdır.

Afrika xalqlarının atalar sözündə deyildiyi kimi, körpəni böyütmək üçün bir kənd qədər dəstək gərəkdir. Sizə lazım olan köməyi dilinizə gətirməkdən, dəstək və yardım istəməkdən çəkinməyin. Xoşniyyətli insanlar əksinə bu cür təşəbbüsə çox şad olacaqlar. Axı əsas məram sizi və körpənizi xoşbəxt etməkdir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 828
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri