Gənc yazar Kəmalə Rüstəmzalın kiçik müsahibəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 1 880
Səs ver:
(səs: 0)
Gənc yazar Kəmalə Rüstəmzalın kiçik müsahibəsi və şeirlərini Qadınla.Com olaraq təqdim edirik:

- Özünüzü oxuculara necə təqdim edərsiniz?

- Sadəcə, Kəmalə Rüstəmzal. Amma şeirlərimi oxuyub, daxilimdə bir neçə Kəmalənin olduğunu kəşf etmək şansınız var.

- İlk şeirinizi haçan yazmısınız və mövzusu nə idi?

- İlk şeirimi hardasa 14-15 yaşlarımda yazmışam. Mövzusu dostluqda olan ikiüzlülük, riyakarlıq idi. Yəqin o vaxtlar çox sadəlövh idim və insanlara gözübağlı inanırdım.

- Daha çox hansı mövzularda yazmağı sevirsiniz?

- Daha çox fəlsəfi mövzularda yazmaq ürəyimcədir. Çünki dünyaya fərqli baxışımı azacıq da olsa, şeirlərimdə göstərə bilirəm.

- Yaradıcılıq cəhətdən özünüzə yaxın hiss etdiyiniz şairlər varmı? Varsa kimlərdir?

- İmadəddin Nəsimi yaradıcılığı ilə öz yaradıcılığımı müqayisə etməyə cürətim və istedadım çatmasa da, hardasa fikirlərdə bənzərlik hiss edirəm.

- Daha çox hansı şairləri və nə üçün oxuyursunuz?

- İmadəddin Nəsimi, Bəxtiyar Vahabzadə, Mikayıl Müşfiq, Ramiz Rövşəni təkrar-təkrar oxuyub, hər dəfəsində özüm üçün yeniliklər kəşf edə bilərəm. Baxmayaraq ki, illər, əsrlər öncə yazılmış fikirlərdir. Demək ki, dahidirlər. Bəhrələnmək üçün bundan gözəl nə ola bilər ki?!

- Kişi yazarlar qadın yazarlardan daha yaxşı yazır kimi fikirlərə münasibətiniz necədir?

- Mən, ümumiyyətlə, kişi və qadın bərabərliyinin tərəfdarıyam. Ona görə də, bu fikirlə razı ola bilmərəm. İstər qadın yazar olsun, istərsə də kişi, ən əsası istedadlı olmağı yetər. Başqa heç bir şey rol oynamır.

- Şeir ola bilsə idiniz, hansı şeir olardınız?

- Mən, yəqin ki, heç vaxt şeir ola bilməzdim. Çünki şeir hər hansı bir qaydaya uyğun yazılır. Gözəgörünməz çərçivədə olur. Ordakı fikirlər dörd-beş bəndin içinə sığmaq məcburiyyətində qalır. Mən isə azadlığı sevən biriyəm. Çərçivə içində yaşaya bilməzdim.

- Son olaraq oxuculara sözünüz nədir?

- Fürsətdən istifadə edib yaradıcılığıma dəyər verən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Nə yaxşı ki, varsınız. Sizə də, Aynur xanım, əziz həmkar, təşəkkür edirəm ki, bizim kimi sözünü deməyə çalışan gənc yazarları işıqlandırırsınız. Var olun.


Saxta müqəddəslərə inanan insan
Yalanlar içində qocaldın yaman
Qəddini əydisə fırlanan zaman
Heç bir şey qorxuda bilməz ki səni

Dost ilə düşməni seçə bilmədin
Bir gün ac, bir gün tox ömür keçirdin
Ölümlə üzbəüz söhbət edirdin
Heç bir şey qorxuda bilməz ki səni

Həm şeytan rolunda, həm də ki mələk
Gah şaxta olurdun, gah da ki külək
Min bir əzab gördü, sınmadı ürək
Heç bir şey qorxuda bilməz ki səni

Səhviylə, düzüylə qəbul et yaşa
İlləri vuraraq bir bir sən başa
Dəysən də min kərə bil daşdan daşa
Heç bir şey qorxuda bilməz ki səni


Atacam bil ki, sənə aid nə varsa məndə
Gəzdiyin küçələri, tərk etdiyin evi də
Toxunduğun hər şeyi, toxunduğun məni də
Atacam mən, siləcəm, yox edəcəm bəlkə də

Atacam o hissləri, sənə aid ürəyi
Yox edəcəm ətrini gətirən o küləyi
Yox bu həyatın daha sənə olan gərəyi
Yox edəcəm şeytana bənzəyən, sən mələyi

Siləcəm o sevgini, qalmasın heç bir izi
Siləcəm sahilində gəzdiyimiz dənizi,
Pozacam yaddaşıma həkk olan ikimizi
İtirəcəm həyatda nə vaxtsa olan bizi


Ey gözləri gülməyən, gözəl libaslı qadın
Görəsən kimin üçün sən belə bəzənmisən?
Dikdaban, qısa ətək, de nədir sənin adın?
Hər kəsdə yox bu hünər, sən kimi gözləyirsən?

Gündüzlər hamı kimi, gecələr bir ayrısan
Ətrini otaqdakı soyuq yataq hopdurur
O sürməli gözləri ağlayaraq yuyursan
Ancaq qəmli musiqi tam qəlbini doldurur

Qırmızı dodaq boyan badəyə çox yaraşır
Qəlbindəki sevgini şərab kimi içirsən
Doldurma sən badəni, içi dolu qəm daşır
O ki bilmir hər gecə necə əzab çəkirsən

Saçlarına toxunan əlləri axtarma sən
Gör nə vaxtdır ki solub onun verdiyi güllər
Bir nağıl tək oxundu, bitdi artıq bilirsən
Sil onu yaddaşından, dönməz geri o günlər

Gizlənib bir otaqda xatirələr bir də sən
Kölgələrin rəqsinə çox baxacaq bu ürək?
Açıq qoy pəncərəni, sən aydan da gözəlsən
Qoparıb arzuları uzağa atsın külək


Aldanıb hər gün günəşi göydə həqiqət sandım
Eşq dediyin o hissi də qəlbə cinayət sandım

Yağışın da yağdırdı bulud heç olmadı məyus
Mənsə kədəri gözlərimə bil ki qəbahət sandım

Görmüşəm mələklə şeytanı mən eyni vücudda
Çox heyf ki bu həyatda vardır ədalət sandım

Dostu düşməndən ayırd etmədi bu zalım ürək
Yalan dolu bir həyatı dəhşətli fəlakət sandım

Kaş ki cahili, nadanı gözüm görməz olaydı
Yoxsa ki hər bir sözündə vardır kəramət sandım

Məni çox yorsa da qəddar görünən dilsiz həyat
Yenə də hər bir günümü sevgi, səadət sandım

Hazırladı: AYNUR HAQVERDİ
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 880
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri