Aynur Haqverdi kimdir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 447
Səs ver:
(səs: 0)
Qadınla.Com-un bu günki yazar qonağı Aynur Haqverdi-dir. Gəlin onu bilikdə tanıyaq.

- Elə ilk sualımız bu olsun. Aynur Haqverdi kimdir?

- Aynur Haqverdi kimdir? Maraqlı sualdır. Cavabını tapsanız, mənə də deyərsiniz. Çünki bu sualın cavabını mən də bilmirəm. Ümumiyyətlə, düşünürəm ki, biz insanlar kim olduğumuzu tam dərk edə bilmirik. Tutaq ki, qiyamət qopdu, dünya dağıldı, məhşərdə uca Tanrı bizə "Sən, kimsən?" sualını ünvanladı. Məncə, əksəriyyət bu sualın qarşısında susar, aciz qalar.

- Cavabınızdan görünür ki, qiyamətə, məhşərə, o dünyaya inanırsınız.

- İnanıb-inanmadığımı deyə bilmərəm. Amma bütün varlığımla arzulayıram ki, o dünya, cənnət, cəhənnəm, həqiqətən olsun. Siz sualı ünvanlamamışdan öncə cavablandırıram. Səbəbi, niyəsi çox sadədir. Bəziləri əlindəki pul-paradan, arxa-dayağından cəsarətlənib məzlum insanları əzir. Bu cür hadisələri siz də görürsünüz, mən də görürəm, o birisi, bu birisi də görür və təəssüf ki, həmişə görəcəyik. İstəyirəm ki, Allah o pis insanları: riyakarları, yalançıları, zalımları, haqqı tapdalayıb öz mənafeyini güdənləri cəzalandırsın.

- Niyə az yazırsınız? Az yazmağınızın səbəbi nədir?

- Az yazmaq. Maraqlı düşüncədir. Sizə bir söz deyim. "Səfillər" romanına kimi qalaq-qalaq əsərlər yazılmışdı və ondan sonra da milyonlarla əsər yazılıb, hələ də yazılır. Amma heç biri "Səfillər" ucalığına çata bilməyib, nəin ki, onu keçmək. Dediyim budur ki, kəmiyyətə yox, keyfiyyətə önəm verirəm.

- Niyə kitab çıxarmırsınız? Nəyi gözləyirsiniz?

- Bu haqda, hərdən, düşünürəm. Sonra da fikirləşirəm ki, kitab lazım deyil. Bizim cəmiyyətdə kitab oxuyanlar azdır, şeir oxuyanlar lap azdır, şeiri dərk edib oxuyanlar isə barmaqla sayılası qədərdir. Bir söz deyim, dünyada əsas şeir forması sərbəst şeir olsa da, bizim oxucuların əksəriyyəti sərbəst şeiri dərk edə bilmir. Düşünürlər ki, sərbəst şeir yazanlar istedadsızdır, zəifdir. (gülür) Ən acınacaqlısı bilirsiniz, nədir? Türkiyə seriallarına baxıb nələrisə götürürlər, amma Nazim Hikməti, Camal Sürəyyanı, Əziz Nesini, Orxan Vəlini və başqalarını oxusalar da, sərbəst şeiri qəbul edə bilmirlər. Gözəl yazılmış sərbəst şeirə şübhə ilə baxmaq Nazim Hikmətə şübhə ilə baxmaq kimi bir şeydir. Nazim Hikmət Ran nəin ki, əsrlər keçsə, düşünürəm ki, eralar da keçsə köhnəlməyəcək. Xarici şairlər Nazim Hikmət mükafatı alanda fəxr edirlər, amma biz nə vəziyyətdəyik.

- Daha çox hansı vəzndə yazmağı xoşlayırsınız?

- Əruz vəznində heç yazmamışam. Əruzu özüm üçün öyrənirəm, amma düşünürəm ki, heç vaxt əruzda heç nə yazmayacam. Əruz vəzni ruhuma toxunmur, bəlkə, haçansa fikrimi dəyişərəm. Bilmirəm. Hərdən görürsən hansısa ağıllı əruzda yazmayanlar şeiriyyatı bilmir deyir. Qəribədir. Amerikan, fransız, ingilis dahi şailər əruzdamı yazıb və yaxud əruzu biliblərmi, bilirlərmi?! (gülür) Mən heca vəznində və sərbəst şeir ölçüsündə yazıram.

- Şeirlər vəznini, janrını özü seçir?

- Bəli. Özləri seçir ki, mən hansı vəzndə, hansı formada yazılmalıyam və yazılacam. Yazar onların seçiminə hörmətsizlik edib, müdaxilə etsə sünilik yaranır. Şeir süni alınır. Nəsə çatmır.

- Son olaraq oxuculara sözünüz nədir?

- Kiməsə məsləhət verməyi sevmirəm. Düşünürəm ki, məsləhət vermək hardasa ağılsızlıqdır. Onsuz da, hamı içindən gələn kimi davranır. Amma oxuculara xoş diləklər edə bilərəm. Bu əziz Ramazan günlərində Allah hamımızın gözəl dualarını qəbul etsin. Can sağlığı versin. Hüzurumuz qaçmasın. Allah Vətənimizi qoruyan igid oğullarımızı qorusun. Amin. Belə.

:heart: :heart: :heart:
Biri vardı,
sol yanımı
bahar edən.
Biri vardı
sevincimi
qatar edən.
Həyatımı
cənnətməkan
diyar edən
biri vardı.

Indi yoxdur.
həmin biri.
Indi yoxdur.

Indi mənim
sol yanımı
şaxta kəsib,
buz bağlayıb
İndi mənim
arzularım,
naxoşlayıb.
İndi mənim
çaya dönmüş
göz yaşımda
axıb gedir
bir zamanlar
fərəh tapan
ümidlərim.

Indi yoxdur
həmin biri.
Mən ölürəm
diri-diri.
Mən ölürəm
diri-diri.
:heart: :heart: :heart:
Gəl sən mən ol,
Mən də sən.
Gəl ikimiz bir olaq
Sən və mən biz olaq.
Canımızdan əziz olaq.
Hər axşam bir-birimizin
Könlündə yatıb,
Hər səhər bir-birimizin
Qəlbində oyanaq.
Gəl biz ulduz olub
Bərq vuraq göy üzündə.
Könlümüzdən səmaya
Eşq yolu çəkək
Kəhkəşan kimi.
Gəl biz bulud olub
Narın-narın yağaq
İlk dəfə tanışdığımız yerə
Ərməğan kimi.
Gəl göyqurşağı olub
Əlvan rəngə boyanaq
Sən dəli könlün kimi
Qırmızıya boyan.
Mən isə masmavi olum
Asiman kimi.
Gəl sən Araz ol
Mən Kür olum
Qovuşaq.
Suqovuşan kimi.
Gəl...
Gəl birlikdə dalğalanaq
Birlikdə çalxalanaq
Ümman kimi.
Gəl külək olub
Gəzək dünyanı,
Eşqə boyayaq
Bütün cahanı.
Gəl qaranquş olub uçaq
Sevginin, sevincin səsi tək,
Baharın müjdəçisi tək.
Gəl
gəl birlikdə biz olaq
Gəl birlikdə yaşa dolaq
Birgə cavanlaşıb
Birgə qocalaq.
:heart: :heart: :heart:
Şəhərimi tərk etmişəm
Kəndinin xətrinə
Ciyərlərim möhtacdır
Nəfəsinin ətrinə
Sevgimi hörürəm
şeirimin hər sətrinə.

Pişiyim də küsüb məndən,
Sən gedən o məşum gündən.
Günəş çıxmır bu diyarda,
Havada çən, ağlımda sən.
Bayquş kimi tənhayam mən.

Sərçələr də yemir artıq,
Səhərlər atdığım dəni...
Quşlar da özləyir səni...
Burada bir həssas ürək
Bir qız var, gözləyir səni.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 447
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri