Hamını qınayırıq..Bəlkə özümü qınayaq ?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 1 828
Səs ver:
(səs: 0)


 Gündəlik həyatımıza burnunu soxan, hər ailəyə istisnasız təsir göstərə bilən, Vətənimin hər qarışında nəfəsi duyulan bir katalizatordu qınaq. Addəyişdirmə etsək söhbət ictimai fikrin məişətvari növündən gedir. Ölkədə qınaq obyektlərinin, qınağın növünün yanlış formalaşdırılması tendensiyası yoluxucu xəstəlikdən daha təhlükəli bir forma alıb. Düzdü, arqumentlər var - millətin şüur və mədəni səviyyəsi, mentalitet və sairə. Lakin gəlin bir nəzər salaq çoxluq kimləri qınayır?

Evə gec gələn evli xanımları, siqaret çəkən yeniyetmə qızları, uşaqlarının hüzuruna əliboş qayıdan ataları, müxalif düşüncəli gəncləri, fahişələri, alkoqolikləri, dərsdən qaçan avara şagirdləri və dərinliyinə getsək görərik ki, ailəmizin hər bir üzvü kiminsə gözündə çoxdanın qınaq obyektidi.

Birtərəfli yanaşmanı kənara qoyub qarşı tərəfin arqumentlərini dinləməyi unutmuruq ki? Məsələn, evə gecə 12-də gələn xanımdan soruşsaq, bəlkə də o ya xəstə anasıgildən gəlir, ya da 11-də bağlanan restoranın mətbəxindən. Evə əliboş gələn dayıdan niyə içdiyini soruşsaq, bəlkə də deyər ki, yemək gözləyən uşaqlarının qabağına bir gün də ayıq başla qayıtsa övladlarının baxışları onu intihara sövq edə bilər.

Alkoqoliklərin arqumenti ikiüzlü cəmiyyətdən kənarlaşmaq, öz süni, amma içdən olan dünyalarında ilişib qalmaq ola bilər misal üçün. Ya da sadəcə unutmaq. Atasını aldadan anasını, xəstə yatan ölümcül atasını, aşiq olub qovuşa bilmədiyi varlı sevgilisini və daha nələri. Niyə daha obyektiv qınaq obyektləri seçə bilmirik özümüzə? Sənədlərdə qalan qanunları, səlahiyyətindən istifadə edib özbaşınalığın pik nöqtəsinə çatan polisləri, əsgərlikdəki Vətən anlayışının məhvindən, Vətən borcu anlayışının yoxa çıxmasından xəbərdar olub əsgərliyə getməyən gəncləri qınayanları, 

150 manat maaşa bütün bildiklərini və əsəblərini satan müəllimləri üzlərinə təhqir edənləri, adi etik normaları övladlarına aşılamayıb onları neandertal formasında cəmiyyətin ağuşuna buraxan valideynləri, bakirəliyini əlindən alıb sevgilisini istifadəyə buraxan, ya da ölümə tərk edən cəsarətli "bəy”ləri qınamaq ədalətli olardı ya yox?

Başıboş məmurları, aşağılardan xəbəri olmayan yuxarıları, gündəlik həyatımıza televiziya vasitəsilə soxulan ibtidai təhsildən məhrum olan şou biznes nümayəndələrini, onları efirə buraxıb xalqı dolayan televiziya rəhbərlərini, tin və çayxanalarda elmi biliklərə yiyələnməklə həyatlarını keçirən gəncləri, mənəviyyatını satmaqdan çəkinməyən insanları, paxılları, əclafları, oğraşları qınayaraq sevmək lazımdı. Hər kəs sevgiyə layiqdi.

Rəfiqə MƏMMƏDOVA


(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 828
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri