"Vağzalı" musiqisi 16-cı əsrdə Şəkidə yaranıb

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 4 515
Səs ver:
(səs: 2)

 

Dünyanın qloballaşdığı müasir dövrdə musiqilər rəngarəng və çeşidlidir. Bununla belə, hər bir xalqın milli musiqisi və rəqsləri mövcuddur. Həmin incəsənət nümunələri əsrlərin sınağından keçərək qorunub saxlanılırlar. Məhz bu da həmin əsərlərin malik olduğu millətlərin zəngin mədəniyyətinə və qədimliyinə işarədir.

"Vağzalı" Azərbaycan xalqının ən sevimli rəqslərindən biridir. Son dərəcə zərif, ürəyə yatan melodiya, incə, yumşaq hərəkətlər, bu rəqsi xalq arasında daha geniş yaymışdır. Azərbaycanda elə bir toy olmur ki, orada vağzalının cazibədar sədası eşidilməsin. Vağzalı çox qədim, hətta öz adından da xeyli qədim rəqsdir. Onun mənbəyini tarixdə axtarmaq lazımdır. Məlum olduğu kimi, 16-cı əsrdə Azərbaycanda qaraqoyunluların böyük bir qəbiləsi məskən salmışdı. Onlar çoxlu mahnı və rəqslər yaratmış, lakin bunlardan tarixdə iz qalmamışdı. Təkcə bir melodiya əsrimizə qədər gəlib çatmışdır ki, qaraqoyunluların nəslindən olub, hazırda Şəki rayonunun Təpəcənnət, Çay Qaraqoyunlu, Dərəcənnət, Hətəm obası, Şirinbulaq, Kəhriz və başqa kəndlərdə yaşayanlar qoruyub saxlamışlar. Vağzalı rəqsinin əsasını təşkil edən, əvvəllər "Qarabağın ağırı" adlanan qədim melodiya sonralar iki hissəyə şaxələnərək, "Asta Qarabağı" və "Vağzalı" melodiyasına çevrilmişdir. Şəki sakinlərinin söylədikləri bir fərziyyə də var. Onların dediyinə görə, "Vağzalı" melodiyası "Dənizə girmə" mahnısının melodiyası əsasında əmələ gəlib. Bizcə, bu fərziyyə həqiqətdən uzaqdır. Görünür, qocaman musiqiçiləri həmin mahnının melodiyasındakı başlanğıc hissə yanıldıb. Belə ki, əgər mahnının əvvəlinci iki sətri vağzalının sətrini xatırladırsa, sonrakı iki sətri, daha doğrusu, 2 sətrin melodiyası bu fikri təsdiq etmir. Bəs bu rəqsin indiki adı, açıq-aydın dəmir yoluna həsr edilmiş adı haradan meydana gəlib? Məlumdur ki, Azərbaycanda dəmir yolu xətti ilk dəfə Bakı ilə Balaxanı-Sabunçu və Suraxanı neft mədənləri arasında salındı. Əvvəl bu dəmir yolu xətti ilə ancaq neft daşıyardılar. Sonralar sərnişin daşınmalarına başlandı. Bildiyiniz kimi, 1883-cü ilin mayında Tiflislə Bakı arasında dəmir yolu işə salınmışdı. Təsəvvür etmək heç də çətin deyil ki, dəmir yolu xəttinin olması əhalinin bir yerdən digər yerə gediş-gəlişini xeyli asanlaşdırmışdı. Gəlini öz yerindən başqa bir şəhərə aparanda onu vağzaladək o mahnının sədaları altında çalıb-oynamaqla yola salırdılar. Vağzalda qonaqlar üçün bir daha vidalaşma şənliyi düzəldərdilər. Beləcə, gəlin bəy evinə yola düşərdi. Bu mərasimdə ənənəyə, təntənəyə həsr olunan yeni melodiya - "Qarabağın ağırı" adlı rəqs melodiyası meydana çıxdı. Həmin melodiyanın adı indi bütün Qafqazda "Vağzalı" adı ilə məşhurdur. Hazırda bu rəqsin melodiyası gəlinin adamlarını müşayiət edir. Qonaqlar musiqinin uca sədaları altında oynaya-oynaya şadlıq təntənəsinin sevincini yaşayırlar. Əvvəllər isə bu mərasim məşəllərlə, tüfəng ata-ata, küçələr boyu şənliklə (hökmən deyil ki, vağzala gedir) müşayiət olunurdu. Bəyin evində həmin musiqinin melodiyası altında onun qohum-əqrəbası, çox vaxt özü də oynayır. Sözsüz ki, vağzalı adının əmələ gəlməsi, yəni yuxarıda qeyd olunanlar fərziyyə də ola bilər. Axı hamıya məlumdur ki, gəlinlərin əksəriyyəti ata evindən çox da uzağa köçməyəndə adətən faytonlarla (şəhər yerlərində) və atla, arabayla (kənd yerlərində) gedərdilər. Hər halda təqdim etdiyimiz fikirlər fərziyyə olsalar da, buna real zəmin var. Çünki gəlinin uzağa köçməsi o qədər mühüm, həyatı hadisə sayılırdı ki, ona lap xüsusi bir rəqs melodiyası (məsələn, "Vağzalı") həsr edə bilərdilər. Bildiyiniz kimi, "Vağzalı" rəqsi olduqca cazibəli, qəşəng, son dərəcə lirik rəqsdir. Onu incəliklə, bir növ süzgün hərəkətlərlə oynamaq lazımdır. Amma nədənsə müasir dövrdə bu melodiya toyun başlanğıcına və ya bitməsinə işarə kimi qəbul olunur. Görünür, bu, toyda səslənən şah əsər statusuna malik yeganə musiqi sayılır. Məhz buna görə də toylar "Vağzalı"dan başlayaraq, eyni musiqi sədaları altında bitir. Bəli, bu, nəhəng, şirin, demək olar ki, yer üzündə ən istedadlı və zəngin mədəniyyətə malik olan bir xalqın milli musiqisi və rəqsidir. Müasir dillə desək, "Vağzalı"dır. Ümumiyyətlə, musiqilərimiz, rəqslərimiz, muğamlarımız, aşıq havalarımız qədim və çoxsaylıdır. Bu haqda isə bir qədər sonra danışarıq. İndi təkcə onu deyə bilərəm ki, "Vağzalı" haqqında məlumatı sənətşünaslıq üzrə elmlər namizədi Kamal Həsənovun "Qədim Azərbaycan Xalq Rəqsləri" kitabından öyrənib, oxuculara çatdırmaqdan böyük zövq aldım.

Rüstəm Zeynallı




(səs: 2)
Şərhlər: 3
Baxılıb: 4 515
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri