Azərbaycanda Emolar ve Fikirleri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 4 802
Səs ver:
(səs: 0)

 

  

 

Dünyanın bir çox ölkələrində emolar yeniyetmə qız və oğlanlar arasında geniş yayılıb.

Son zamanlar onların sayı Azərbaycanda da çoxalıb. Bəlkə də hər biriniz onları görəndə təəccüblə baxırsınız. Əminəm ki, onların kim olduqları hər kəsə maraqlıdır. Beləliklə, emo nədir, kimdir, necədir suallarına cavab tapmaq istəyirsinizsə, yazını sona kimi oxumağınız məsləhətdir.
Emolar haqqında
Emo sözünü eşitdikdə kimisi onlardan qorxduğunu deyir, kimisi isə emoların fərqli tərzinin olduğunu düşünür. Bir sözlə, onlara baxış fərqlidir. Emo - "emotional” (ingiliscə) sözünün qısaldılmış formasıdır. Yəni emosiya və emosiyalı kimi mənaları ifadə edir. Onlar şən, danışıb-gülən olurlar və öz yaxınları ilə həmişə birlikdə olmağı sevirlər. Ancaq bəzi hallarda tək qalmağı da sevirlər.

Emoların sevgisi çox güclü olur. Onlar hətta sevgilərinə görə öz həyatlarını belə qurban verməyə hazırdılar. Onlar əsasən 14-18 yaşa kimi emo olurlar. Emolar real dünyanın yalanlarını, aqressiyasını görmək, yaşamaq istəmədikləri üçün daha çox ölümlə oynayırlar. Onların simvolu biləklərində ülgüc izlərinin olmasıdır.

Emoların Bakıda toplaşdığı məkanlar da var. Onlar əsasən "McDonalds”, Sahil bağı, Zorge parkı və digər yerlərdə görüşüb öz həyat macəralarını bir-birləri ilə paylaşırlar.
İnternet forumların birində emolarla tanış olub Zorge parkında görüşdük. Ancaq əvvəlcədən onlar şərt kəsdilər: "Valideynlərimiz emo olduğumuzu bilmirlər. Ona görə də hər şeyi danışacağıq, amma şəklimizi çəkməyin”.

Razılaşıb görüşdük. Özlərini emo adlandıran yeniyetmələrin 3-ü oğlan, 2-si qız idi. Saç düzümləri, geyim tərzləri fərqli idi. Belə desək, çox əcaib bir görünüşdə idilər. Hətta söhbət əsnasında ətrafdakılar bizə çox təəccüblə baxırdılar. Ancaq bu onları narahat etmirdi: "Bizi harada görürlərsə, bir dəqiqəlik də olsa ayaqlarını saxlayıb baxırlar. Bu da bizə stimul verir. Əgər ətrafımızdakıların diqqətini özümüzdə cəmləşdirə biliriksə, deməli, biz fərqliyik. Biz hər kəsə müsbət enerji verməyə çalışırıq”.

İlk həmsöhbətimin yaşı 16-dır. Adı Emindir. Soyadını açıqlamır. Deyir ki, emo qruplarına 3 ildir qoşulub: "Mən hər zaman internetdə emoların şəkillərinə baxırdım. Onlar haqqında yazıları oxuyurdum. Yəni emolara marağım çox idi. Ən böyük arzum emo olmaq idi. Şükürlər olsun ki, indi emoyam. Bununla fəxr edirəm”.

Emin emo dostları arasında "Emoş” kimi tanınır. Onun sözlərinə görə, emoların əsl adlarından başqa onlarının davranış tərzlərinə uyğun adlar da qoyulur: "Bu adı emonun özü də seçə bilər. Lakin çox hallarda dostları ona ad verir. Bəzən evdə məni Emin çağıranda çox əsəbiləşirəm. Məni ikinci adımla çağırmaq daha xoş gəlir”.

Emin deyir ki, emoların güclü hissiyyatı və emosiyası olur: "Bəziləri bunu başa düşmür. Əslində emolar öz sevgilərini bütün dünyaya bildirmək üçün bütün vasitələrə əl atırlar. Onlar sevgilərinin gizli qalmasını xoşlamırlar. Biz sevgimizi qışqırmaqla bütün günü ağlamaqla və biləklərimizi ülgücləməklə bildiririk. Ülgüc izləri həm qızlarda, həm də oğlanlarda olur. Kimsə biləyimdəki ülgüc izlərini görəndə elə bilir ki, narkomanam. Ancaq bu, bizim sevgimizin əlamətidir. Ümumiyyətlə, bu həyatda baş verənlər emoların vecinə də deyil. Onlar həmişə müsbət tempdə qalırlar. Özləri üçün yaşayırlar. Emolar həyatlarında heç olmasa bir dəfə ”atılmış olmaq nədir" hissini yaşayanlardır. Onların qəlbi yaralı olur. Daha sonra emo olurlar".

"Atam vəhhabidir, özüm emoyam, namaz da qılıram”

"Biləyimizə həmişə qolbağı-filan taxırıq ki, valideynlərimiz və tanışlarımız qolumuzdakı ülgüc yerlərini görməsinlər. Ancaq geyim tərzimizdən xəbərləri var. Daha emo olduğumuzu bilmirlər”.

Bu sözləri deyən müsahibimin 18 yaşı var. "Sami” ləqəbli Samirə Hüseynova deyir ki, 3 dəfə intihara əl atıb: "Mən hər zaman özüm kimisini tapmağa və onların əhatəsində olmağa çalışıram. Emolar arasında cinsiyyət ayrımı deyilən bir şey yoxdur. Biz cinsi ayrı-seçkiliyə yox deyirik. Öz istədiyimiz kimi hərəkət edirik. Əgər sevdiyim insan öz hisslərini mənim kimi bildirə bilmirsə, mən intihar etmək istəyirəm. Bir neçə ay öncə özümü dənizə atmaq istəyirdim. Ancaq dostlarım qoymadı. Onsuz da emoların əksəriyyəti intihar edir. Elə mənim tanıdığım emolardan ikisi 17 yaşında intihar etdi. Onlardan biri damarlarını kəsmişdi. Digəri isə çoxlu dərman içərək özünü öldürmüşdü”.
Ətrafdakı insanlara bədbinlik yaymadıqlarını deyən Samirə maraqlı bir faktı da açıqladı: "Ailəm bilir ki, mənim fərqli düşüncələrim var. Ancaq onlar mənə heç bir söz demirlər. Elə atamın özü vəhhabidir. Mən həm də namaz qılıram. Allaha sevgim böyükdür. Emolar da insandır. Sadəcə onların düşüncəsi, geyimi və sair fərqli olur”.

Emoların öz görünüşü və sevimli musiqisi var

Emoları tanımaq heç də çətin deyil. Ancaq yeniyetmələr deyir ki, bəziləri saç düzümü və geyimləri ilə özlərini ona oxşadırlar: "Ola bilər ki, xarici görünüşcə emoya bənzəsin. Ancaq onun hissləri bizimki kimi ola bilməz. Bəzi emolar olur ki, qrupa düşdükdən sonra öz emosiyalarını formalaşdıra bilirlər”.

Emolar deyir ki, Avropada yaşayan emolar daha cəlbedici olurlar: "Azərbaycanda emo olmaq bir az çətindir. Çünki ətrafdakılar lağ edir, bizə qız kimi baxırlar. Emoları cəmiyyətdən təcrid etmək lazım deyil. Yaponiya, Almaniya və digər ölkələrdə emolara çox normal baxırlar. Onların hisslərinə hörmət edirlər. Təəssüf ki, bizim ölkədə belə deyil”.

Daha sonra emolar özlərinin geyim tərzi haqqında danışdılar. Belə ki, onların ən sevimli rəngləri çəhrayı və qaradır. Onlar damalı və ya mil-mil köynək və qalstuklar, qara dar və ayağı qırış-qırış şalvarlar geyinirlər. Emoların gözlərinin biri saçla örtülmüş olur, sol tərəfə kəsilmiş qara "çolkalar” saxlayırlar, arxadan saçlar isə hərəsi bir tərəfə yönəlmiş kimi olur. Qızlar sağ gözlərinə qara karandaş çəkir, kirpiklərini isə qara-qırmızı tuşlarla qaldırırlar. Kəmərlərinin üstündə dəmirlər, qollarında qolbağılar, qara və ya çəhrayı rənglərdə kentlər, qara iri eynəklər, çoxlu üzüklər, yumşaq oyuncaq və çantalar götürürlər.

Emolar hər zaman tanınmış firmaların geyimlərinə üstünlük verirlər. Onlar deyir ki, üzlərinin görünən hissələrinə pirsinq etdirirlər. Mümkün olduğu qədər görünməyən yerlərinə döymə etdirirlər. Döyməyə əsla döymə deməzlər. Qətiliklə tatu deyirlər. Onlar döyməni ona görə görünməyən yerlərinə etdirirlər ki, valideynləri görməsin. Emo qızlar uşaq saç düzümləri etdirir, rəngarəng "zakolka”lar (saç sancaqları) taxırlar.
Emo oğlan və qızlar bir-birinə çox oxşayırlar. Oğlanların əksəriyyəti də kosmetikadan istifadə edir. Bu absurd görünüş isə "şəkil”dən çox üzlərini bağlamaq üçündür.
Emoların həyatında rok mahnıları çox böyük yer tutur. Onlar sevdikləri filmlərə və rok mahnılara qulaq asmaqla və oturub ağlamaqla özlərində təskinlik tapırlar. Onların sevimli filmləri sırasına "Spider-man”, "Donuya darko”, "American beauty”, "Everything his III uminated”, "Fight club”, "Titanic”, "Requim for a dream” və digərlərini aid etmək olar. Emo rok qrupları ilk dəfə Vaşinqtonda 1985-ci ildə yaranıb. Emo rok musiqisinin sözləri fərdi olur. Həmçinin rokda yazıçının hiss-həyəcanı öz əksini tapır. Yarandığı gündən populyarlıq qazanan emo rokunun klassikləri "Moss Icon”, "Sunny Day”, "Real Estate” kimi qrupları olub. Hazırda məşhur emo musiqi qrupları bunlardır: "The Used”, "Funeral For A Friend”, "My Cherminal Romance”, "Link in Park”, "Fall Out Boy”, "AFI” və başqaları.

Varlı ailənin emo uşağı və siyasətlə maraqlanan emolar

Emoların sözlərinə görə, onlar arasında təbəqələşmə yoxdur: "Sadəcə olaraq müəyyən qruplar olur. İmkanlı ailələrin uşaqları bir qrupda toplaşırlar. Onlar bizdən daha çox geyim markalarına görə fərqlənirlər. Onların bahalı paltar və bijuteriyaları olur. Ancaq emosiyalarımız bir olur”.

Onu da deyək ki, emoların əksəriyyəti elə varlıların uşaqlarıdır. Necə deyərlər, emo varlı balalarının sosial xəstəliyidir. Bunu elə onlar özləri deyir.

Həmsöhbətlərim arasında Xəzər adlı oğlan emoların maraqlarından danışdı. 19 yaşlı Xəzər deyir ki, orta məktəbdə dəcəllik etdiyi üçün 9-cu sinifdən qovulub. Daha sonra emo uşaqları tapıb və onlara qoşulub. Buna görə də peşman olmadığını söylədi. Onun sözlərinə görə, emolar oyuncaqlarla oynamağı və öz şəkillərini fotokamera ilə çəkməyi sevirlər: "Öz şəkillərini çəkərkən fotoaparatı yuxarıdan tutub məyus gözləri ilə yuxarı kameraya baxırlar. Biz çox şeylə maraqlanırıq. Mən siyasi arenada baş verənləri izləyirəm. Məsələn, ərəb ölkələrindəki inqilablardan, Qəzzafi rejimindən, həmçinin Azərbaycanda müxalifətin keçirdiyi mitinqlərdən və sairədən xəbərim var”.

Psixoloq: "Evdə quzu kimi olan uşaqlar çölə çıxanda aslana dönür”

Psixoloq Asim Dadaşov deyir ki, emolar daha çox yeniyetmə qız və oğlanlardır. Onun sözlərinə görə, burada ən qorxulu şey budur ki, onların əksəriyyəti intihara meyllidir: "Emolar cəmiyyətə uyuşmayan, onda mövcud olan qüsur və əskiklikləri qəbul etməyən, lakin onu dəyişə bilmədiklərinə görə kədərli olan və bunu gizlətməkdən qorxmayan bir qrup yeniyetmələrdir. Onların əsas meyarları dünyanı müsbət istiqamətə yönəltmək, qara qüvvələrə qarşı mübarizə aparmaq, sakit həyata üstünlük vermək, həmçinin geyim tərzləri ilə özlərini real həyatda tapmaqdır. Onlar öz emosiyalarını açıq-aşkar bildirirlər. Heç kimdən çəkinmirlər. Bir növ özlərini zəif hiss etməyənlərə emolar deyirlər. Emolar hələ də uşaq kimi qalırlar. Yəni onlar nağıl dünyasında yaşayırlar. Çox zaman isə valideynləri tərəfindən ”atılmış", məktəbdə nailiyyətləri az olan və həyata marağı olmayan yeniyetmələr bu cərəyana qoşulurlar. Ona görə də 14-20 yaş arası yeniyetmələri yaş böhranından çıxarmaq üçün onların yaradıcı işlərlə məşğul olması məqsədə uyğundur".

Psixoloqun fikrincə, emoların geyimlərindəki rənglərin öz mənası var: "Qara rəngin üstünlük səbəbi depressiya, bədbəxtliyi, parlaq rənglərsə xoşbəxt anları və bu anları yenidən yaşaya bilmək ümidini əks etdirir”.

Asim Dadaşov deyir ki, Azərbaycanda dəb üçün emo olanlar daha çoxdur: "Onlar psixoloji təsirə məruz qalırlar. Nəticədə öz həmyaşıdlarının hərəkətlərini təkrarlayırlar. Avropada öz hissləri ucbatından emoluq yaranır. Ancaq bizim ölkədə belə deyil. Evlərində quzu kimi olan qızlar və oğlanlar çölə çıxdıqda birdən-birə aslana dönüb emo olurlar. Bəziləri heç emonun mənasını da dərk etmirlər. Yeniyetmələri bu kimi depressiyalardan çıxarmaq ilk əvvəl valideynlərin borcudur. Çünki yeniyetmələr hissə qapılmaqla təhlükəli addımlar ata bilərlər”.

REDAKSİYA QEYDİ: Beləcə, bəlkə də hər gün qarşılaşdığımız və təəccüblə süzüb kim olduqlarını bilmədiyimiz bir zümrəni tanıtdırmağa çalışdıq. Buna nə dərəcədə nail olduq - bunu dəyərli oxucularımız müəyyən edəcək. Bizsə onu deyək ki, insan hissi-həyəcanı, emosiyanı daha yaxşı məqsədlər yolunda sərf etməlidir. "Mən çılğınam”, "mən fərqliyəm”, "mən beləyəm” deyib özünü doğramağın adı ən yaxşı halda kəmağıllıq və sarsaqlıqdır.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 4 802
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri