Qulağınızın birini kar edin:"Yetim, az ye, partlarsan!"

Müəllif: Pure Love
Şərhlər: 0
Baxılıb: 3 146
Səs ver:
(səs: 1)
İnsanların, xüsusən xanımların ən böyük istəyi normal çəkidə olmaqdır. Amma kilo almamaq, bayram günlərində formasız bir hala düşmək təbii ki, qaçılmazdır. Bayramdan sonrakı günlərdə "nə yaman kökəlmisən" sözünü eşitməmək üçün isə geyimə fikir vermək mütləqdir.
Maraqlı haldır ki, hər nə qədər kilolu olursa-olsun, insan öz görünüşündəki qüsurları görməzlikdən gələ bilir. Şəhərin müxtəlif yerlərində böyük bədən geyimləri satılsa da, nadir hallarda xanımlar o mağazalara baş çəkirlər. Bunun əksinə, dar və yaraşmayan geyimlərlə ifrat görünüş qazanan xanımlar ətrafdakı insanlar tərəfindən də xoş qarşılanmırlar.
Bayram günlərində yeməklərə "hücum" edən insanlar əsasən bayramdan öncə pəhrizə üz tutanlardır. Dietoloq Ləman Süleymanova nın sözlərinə görə, xanımlar "qarşıdan bayram gəlir" deyə pəhrizə başlayırlar ki, bayram ərəfəsində qəbul etdikləri qida itirdikləri çəkinin yerini əvəzləsin. Nəticə isə itirilən çəkinin ikiqat alınması olur: "Xüsusən Novruz öz süfrəsi ilə kəskin fərqlənən bir bayramdır. Şirniyyatlar insanı kökəldən əsas amildir ki, insan da məhz şirniyyat yemək üçün bu bayramı sevir. Bayramdan əvvəl hər hansı bir pəhrizə başlamaq olmaz. Bədən qida qəbul etmədikdə beyində "aclıq" siqnalı olur. Bayram gəldikdə insan yağlı, duzlu, şirin hər nə varsa, qəbul edir. Beyin "aclıq" siqnalından çıxır və bu dəfə "yenə ac qala bilərsən" siqnalı ilə daha artıq qida tələb edir. Nəticədə bədən gələcəkdə ehtimal olunan pəhriz üçün özünə ehtiyat toplayır. Bu da ikiqat kökəlməyə gətirib çıxarır".
Həmsöhbətimiz bayram günlərində "az-az ye, tez-tez ye" prinsipindən uzaq durmağı məsləhət görür. Onun sözlərinə görə, bir dəfə yeyib, doyub, süfrədən qalxmaq məsləhətdir. "Çünki bayram ərəfəsində kifayət qədər çərəz var və tez-tez yeməklə çərəzlər kilo artımına səbəb olacaq".
Bayram ərəfəsində xanımlar daha incə görünməyə can atırlar. Bayramdan-bayrama bir yerə toplaşan qohum-qonşulara "vallah, bayramda kökəldim" deməmək üçün geyimlərə xüsusi diqqət yetirmək lazımdır. Qısaboylu və böyük bədənli xanımlar əsasən donlara üstünlük verirlər. Donlar xanımların bədəninə uyğun olmalıdır. Nə çox dar, nə də çox gen olmamalıdır. Bəzən xanımlar düşünürlər ki, dar geyindikcə kilo baxımından arıq görünəcəklər, lakin tam əksinə olur. Dar geyimlər xanımların artıq kilolarını daha nəzərəçarpan edir və daha qabarıq göstərir. Buna görə də geyimlər elə seçilməlidir ki, xanımların normal əyninə olsun. Həm çox gen, həm də çox dar geyimlər insanı ikiqat artıq çəkili göstərir. Boyu qısa olan xanımlar isə uzunluq baxımdan dizdən olan donlara üstünlük verməlidirlər. Dizdən olan, yaxud dizdən bir az yuxarı olan geyimlər xanımları daha uzunboylu göstərər. Əksinə, uzun olan ətəklər boyu daha kiçik və xanımı daha yumru formada göstərər. Belə qısa geyimləri hündür ayaqqabılarla geyinmək boyu uzun göstərər. Pencək geyinən qadınlar pencəyin qısa olmasına fikir verməlidirlər, çünki qısa pencək bel incəliyini daha çox vurğulayar. Bu da xanımın daha kök görünməməsi üçün ideal bir geyim tərzi olar. Şalvar, xüsusən cins şalvar geyinən kilolu xanımlar mümkün qədər şalvarı nə çox gen, nə də çox dar almamalıdırlar. Ayaq biləyi tərəfdən şalvar dar olduğunda boy həm olduğundan daha kiçik görünər, həm də xanımlar armud formasından görünərlər. Buna görə də ayaq biləyindən gen olan şalvarları tünd ayaqqabılarla uyğunlaşdırıb geyinmək lazımdır ki, boy qismən uzun görünsün.
Psixoloq Qurban Talıblı bayram ərəfəsində xanımları əhvallarını pozmamağa çağırır. Onun sözlərinə görə, kim nə deyir-desin, əgər içinizdən bayramı yeyərək qeyd etmək keçirsə, qidanızı kəsməyin: "İlin 365 günü insan təlaş içindədir. İş, məsuliyyət, yorğunluq, ailə, məişət və bu kimi amillər kifayət qədər insanı yorur. Qadınlar bunlara pəhriz, gözəl görünmək, alış-veriş və bu kimi şeyləri də əlavə edirlər və nəticədə il çox yorucu keçir. Bayram ərəfəsində "köksünüz" deyənlərə fikir verməyin. Sizi sevən və qəbul edənlər yenə də qəbul edəcəklər. İstədiyinizi yeyin, istədiyinizi için. Pəhriz hər gün var, amma yemək üçün bayram kimi gözəl bəhanələr hər gün olmur".
Müsahibimiz bildirir ki, insanlara psixoloji təsir etmək bəzi insanların həzz mənbəyidir. Ola bilər ki, insan bu gün gözəl görünməsin, yaxud artıq çəkili olsun. Bunu ona eşitdirmək, onun əhvalını korlamaq problemləri həll etmir: "Əgər bir insana kömək etmək imkanımız yoxdursa, onu baltalamaq da yaxşı hal deyil. Kilolu bir xanıma "bir az arıqla" demək, ona kobud formada "yöndəmsizsən" deməkdir. Xanım onsuz da bilir ki, arıqlamaq lazımdır, bunu deməyə və hiss etdirməyə nə ehtiyac var? Əksinə, ona gözəl, fərqli olduğunu deyin ki, o, arıqlamaq üçün özündə güc tapsın. Xüsusən bayram günlərində qulağınızın birini kar edib yalnız gözəl sözlər eşitməyə çalışın. Nə yaşadığınızdan asılı olmayaraq nə hiss etdiyinizə fikir verin və xoşbəxt olmaq üçün şanslardan istifadə edin".
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 3 146
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri