Aytənin 18 yaşı təzə tamam olmuşdu. O, supermarketdə satıcı işləyirdi.
Bir gün o, həm iş yoldaşı, həm rəfiqəsi olan, Səidə ilə işdən evə
qayıdırdılar. Səidənin telefonunda kontur olmadığı üçün, Aytənin əl
telefonuyla öz qohumu olan bir oğlana zəng etdi. O gündən etibarən, bu
oğlan Aytənə hər gün zəng edir, onunla tanış olmaq istəyini qıza
bildirir.
Bir gün Aytən , Səidə
ilə evə qayıdarkən rəfiqəsinin sözüylə taksiyə mindilər. Maşın sürətlə
hansısa rayon yoluna çıxdı. Aytən hara getdiklərini soruşanda , onlar
gülə-gülə "Səni qaçırtmışıq",dedilər. Sürücü isə elə Səidənin qohumu
Habil imiş. Aytən nə qədər ağlasa da ,qışqırsa da, Səidə onu
sakitləşdirməyə çalışırdı.
Bir neçə saatdan sonra Sabirabad
rayonunda idilər. Aytəni zorla maşından düşürüb, Habilgilin evinə
apardılar. Habilin anası, üç bacısı Aytəni sevinclə qarşıladılar
-Bakıdan gəlin gəlib! Bircə Aytən göz yaşların içində boğulub qalmışdı,
nə edəcəyini, anasına nə cavab verəcəyini, dayılarının üzünə necə
baxacağını fikirləşirdi... O gecə Habil zorla Aytənə sahib olmuşdu.
Aytənin atası və qardaşı Ukraynada işlədiyindən, anası və dayısı, xəbəri
eşidən kimi, rayona getdilər. Çox uzun mübahisələrdən sonra barışıq
oldu, bir aydan sonra isə toy. Aytənin cehizlərini rayona
göndərmişdilər. Toydan çox keçmədi, qaynana və baldızlar Aytən kimi
sakit, mülayim, işlərində səliqəli, mehriban adamı yola vermədilər.
Habil anasının hər şikayətinə görə, yoldaşına əl qaldırırdı. Kənd evin,
həyət-bacanın ağır işlərini Aytən gördüyü üçün bətnindəki körpəsi
dözməyib, tələf olmuşdu. Hətta xəstəxanaya da gec çatdırmışlar.
Aytənin anası qızının evinə gec-gec gəldiyi üçün, olanlardan bixəbər
idi. Anası qızının taleyi ilə maraqlananda , Aytən hər şey yaxşı
olduğunu söyləyirdi.
Aytənin atası Habili Ukraynaya çağırıb,
onu işlə təmin etmişdir. Lakin Habil özünü orada da doğrulda bilmədi.
Habilin orada düzgün yolda olmadığını başa düşən qardaşı ,bacısının
taleyinə biganə qala bilməyib, təcili Aytəni rayondan öz evlərinə
gətirir. Habilin şər və böhtan danışıqlarına görə, Aytəni daha rayona
buraxmadılar. Bir neçə müddətdən sonra boşandılar.
P.S. Rəfiqə seçəndə saf ürəkli, təmizqəlbli rəfiqə seçin...