Tural Bakuvi: "Musiqi seçimi yaş dövründən irəli gəlir"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 4 180
Səs ver:
(səs: 9)


Gənc və istedadlı bəstəkar Tural Bakuvinin mətbuatda yayımlanmış maraqlı müsahibəsinin ixtisar edilmiş şəklini sizlərə təqdim edirəm.


"Utana-utana dilənən qocanın gözlərindəki  ifadədən duyğulanaraq nəsə yaza bilərəm”

 Müsahibim olduqca səmimi və həyatsevər insandır. Bu səmimilik və həyatsevərlik onun şeirlərində, bəstələdiyi musiqilərdə aydın nəzərə çarpır. Müsahibə boyunca onun nə qədər müsbət keyfiyyətlərə malik olduğunu hiss etdim. Şirin söhbətdən sonra gənc müsahibimin iç dünyasına daha yaxından bələd oldum. Beləliklə, müsahibimiz şair-bəstəkar

Tural Bakuvi. 

Tural Bakuvi:

Tural bəy, ilk öncə özünüz barədə oxuculara məlumat verərdiniz. Neçə ildir incəsənət aləmindəsiniz?
- Özüm haqqında qısa olaraq demək istərdim ki, 1984-cü ildə Bakı şəhərində anadan olmuşam. 2004-cü ildə ali məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışam. Evliyəm, 1 qızım var. Neçə ildir incəsənət aləmində olmağıma gəlincə, düşünürəm ki, bəzi insanlar yaradılarkən təbiət etibarilə məhz incəsənət – musiqi, şeriyyat və sair üçün nəzərdə tutulur. Həmin insan özünü dərk etdiyi, özündə olan yaradıcılıq imkanlarının fərqinə vardığı zamandan əslində faktiki olaraq incəsənətin bir hissəsi sayılmalıdır. Yeniyetmə yaşlarımdan musiqi və şeir yazmağa başlamışam. Təbii ki, ilk vaxtlar məndə olan mənəvi halın, içimə sızan anlaşılmaz hisslərin nə olduğunu anlaya bilmirdim. Bu ruh halı ilk mahnını yazana qədər davam edir.


- Ləqəb olaraq niyə məhz Bakuvi seçmisiniz?

- Tarixi və doğma şəhərim Bakını çox sevirəm. Hər ikisini bir kəlmədə büruzə verməyə çalışmışam. Bildiyiniz kimi, orta əsrlərdə saray dili fars diliydi. Bu dildə hansısa bölgəyə aidiyyat məhz fars şəkilçisi "Vi” ilə komplektasiya olunurdu. Mən də aid olduğum şəhəri tarixi çalarlarla özümə ləqəb olaraq görmüşəm.


- Daha çox hansı müğənnilərlə işləməyə üstünlük verirsiniz?
- Suala keçməzdən öncə vurğulamaq istəyirəm ki, mən mahnılarımı sözləri ilə eyni zamanda yazıram. Yəni adətən əvvəl melodiya və ya söz yazılır, məndə isə hər ikisi eyni zamanda dolur içimə.Sonra isə onu ən mükəmməl formada ifa edə biləcək insana təklif edirəm. Bu zaman mənim üçün həmin insanın tanınmış və ya tanınmamış olması da önəm daşımır. Əsas olan mahnımın sındırılmaması, mən istəyən kimi oxunmasıdır. Daha çox gənc, lakin istedadlı insanlarla işləməyə üstünlük verirəm. Çünki gənclərin daha çox yardıma və dəstəyə ehtiyacları var. Bir çox gənc ifaçı ilə işləmişəm. Xüsusi olaraq, Rəmal Rəsul adında olduqca gənc və bacarıqlı bir ifaçıya onlarla mahnı vermişəm, hamısının da ifasından tam razıyam. Bütün oxuculara məsləhət görərdim Rəmalın ifa etdiyi mahnılara vaxt ayırsınlar. Mən bu gəncin perspektivinə bələdəm və parlaq gələcəyinə adım kimi əminəm. "Şeron” qrupunun keçmiş üzvü Yaşar Yusubun da mahnılarımı "üzümü güldürəcək” şəkildə ifa etdiyini vurğulamaq istərdim.


- Hazırda yeni mahnılar yazırsınızmı?
- Təbii ki yazıram. Sizdən gizli saxlamayacağam – xalq artisti, canlı korifeyimiz Flora xanım Kərimovanın ifasında tezliklə mahnılarım işıq üzü görəcək. Məni bəlkə də bütün yaradıcılıq fəaliyyətim boyu ən çox sevindirən hal Flora xanım kimi, çox sayda böyük və tanınmış şair, bəstəkarla çalışmış bir insanın mənim yaradıcılığımı bəyənməsi, alqışlaması olub.


- Hər bir mahnının yaranmasında şairin, bəstəkarın və müğənninin böyük əməyi olur. Bəs mahnının dillər əzbərinə çevrilməsində bunların hansından böyük səy tələb olunur?
- Mahnının insanlar tərəfindən, daha doğrusu musiqi zövqlü insanlar tərəfindən bəyənilməsi və qəbul edilməsi üçün, bunların hər birinin rolu danılmazdır. "Atüstü” yazılmış sözlər olduqca dərin musiqini bərbad hala sala bilər, ya da tərsinə. Yaxud söz və musiqi düşünülmüş şəkildə yazılmış olsa da belə, mahnının təbiətinə uyuşmayan ifa da işi korlaya bilər. Mahnıda söz və musiqi harmoniyası olmalıdır. Mahnı – söz, musiqi, aranjiman və ifa dördbucağıdır. Bunlardan hansısa biri axsaq olarsa, mahnı tam olmur. Bu dördlük harmoniyasının pozulmaması üçün isə "hər sahənin dirijoru öz xorunu yaxşı idarə etməyi bacarmalıdır.”

- Çox vaxt dinlədiyimiz mahnıların mətnlərində bayağılığa və anlaşılmazlığa çox rast gəlinir. Bu nə ilə bağlıdır?
- Bu əslində bir az nisbi məsələdir. 70-80-ci illərdə bayağı sayılan mahnılar, günümüzün bayağı mahnılarıyla müqayisədə peşəkar sayıla bilər. Cılızlaşma var, lakin buna baxmayaraq insanımızı zövqsüzlükdə ittiham etməzdim. Musiqi seçimi bir az da yaş dövründən irəli gələn bir şeydir. Həqiqətən də hansısa bir insan 13-16 yaşlarında dinlədiyi bir mahnını çox nadir hallarda 10 il sonra sevə-sevə dinləyə bilir.

- Mahnılarınızı yazarkən, daha çox nədən ilham alırsınız?
- Ani gələn ilham da olur. Mən buna mənşəyi bilinməyən ilham deyərdim. Sadəcə hiss edirsiz ki, mahnı yazmalısız və yazırsız. Bunu təsvir etmək olduqca çətindir. Təsadüfən xatırlanan uşaqlıq illərindən tutmuş, ağacdan asılı qalmış və düşməyini gözləyən axırıncı yarpağa qədər bir çox şey ilham verə bilər. Lakin sonradan bu ilhamın proqress tempi dəyişə də bilir. Məsələn, küçədə gördüyüm dilənməyə utanan qocanın gözlərindəki tükürpədici ifadədən duyğulanaraq nəsə yaza bilərəm. Lakin bu o demək deyil ki, mövzu həmin ifadə olacaq… Bir sözlə, əsas olan ilhamın mahiyyəti və mənşəyi deyil, özüdür.


- Sizcə Tural Bakuvi adı Azərbaycan şou-biznes aləmində yetərincə tanınıbmı?
- Əlbəttə ki, xeyr. Ümumiyyətlə yaradıcı insanlar, o cümlədən bəstəkarlar adətən pərdə arxasında olan, görünməyən sinfə aiddirlər. Sizdən soruşsam ki, Azərbaycanda neçə gənc bəstəkar tanıyırsız, ən yaxşı halda on bəstəkarın adını çəkərsiz. Laki, bu o demək deyil ki, Azərbaycanda yalnız 10 gənc bəstəkar fəaliyyət göstərir. Bu peşənin təbiəti etibarilə bəstəkarlar çox gec tanınan insanlardır. Amma bununla özümə bəraət də qazandırmaq istəmirəm. Ola bilsin ki, yetərincə aktivliyimi göstərə bilməmişəm.


Mənbə: Sada.az

 

(səs: 9)
Şərhlər: 0
Baxılıb: 4 180
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri