Mən varlığımda yox biriyəm

Müəllif: Wiyinka
Şərhlər:
Baxılıb: 6474
Paylaş:
Səs ver:
(səs: 5)
Hələ mən bu yoxluğu daha neçə dəfə yaşayacam, neçə dəfə dünya mənə tanış gələcək, kim bilir…
Dünya mənə tanış gəlir. Ağrısıyla, acısıyla, göz yaşıyla, saxta təbəssümü, gizli-saxlı sirrləri, ümidsiz ümidləri, amin deyilməyən duaları ilə tanışdır hər şey. Dəyişən sadəcə üzlərdir və üzlərdəki qondarma simalar, əldəqayırma gözlər. Bəlkə, elə mən də dəyişmişəm, sinəmdə çırpınan ürəyi də kimdənsə borc almışam, alıb-buraxdığım nəfəs belə mənimki deyil, bəlkə də. Amma yaşamışam bütün gerçəkliyi ilə bu yalanları. Ama xatırlayıram hamısını. Keçmiş adlandırdığım dünənimi. Açılmağa qoymadığım sabahlarımı belə xatırlayıram. Bəli, mən gələcəyimi də yaşamışam artıq. İndi yaddaşımdan asılıbdır daş kimi. Əsrlərcə bundan əvvəli də, bundan sonranı da yaşadım. Addımlarım ya gələcəyə, ya keçmişə tələsdi həmişə. Bu günümdə qırıldı ayaqlarım, əlil olub yapışdım yerə. Hamı əl uzatdı, amma qaldıranım olmadı. Tək bu günümü yaşamadım heç vaxt, yaşaya bilmədim. Saniyələri boğa-boğa yola saldım gələcəyə, dəqiqələri atdım keçmişimin arxivinə. Qatil olmağı gözə aldım hər dəfə. Amma qoymadım bu gün olsun heç vaxt. Yaxşı xatırlayıram. Xatırlayıram bir vaxtlar tənhalıqla təkliyin fərqini çözməyə çalışdığımı belə. Çox vaxt fərqində ola bilmədim. Ya da şükr etdim məhz tənha yox tək olduğuma. Nə qədər riyakarmışam. Amma indi boynuma alıram. Bəli, mən tənhayam. Elə doğulduğumdan bəri, lap doğulmamışdan əvvəl də. "Yüz ilin tənhalığı” nədir ki, mənim tənhalığımın yanında. Mən min, milyon illərdir tənhayam. "Mən” im bütün nəsil-nəcabətim tənha yaşayıb keçib dünyadan, tənha ölüb, tənha basdırılıb. Qəbirləri belə tənha. Doğulan körpələri də tənha doğulub…
Nə olsun ki, dörd bir yanım insanla doludur, nə olsun ki, başıma sığal çəkənim çoxdur. Nə olsun ki, məni dünyadan hər şeydən çox sevənlər də var, nə olsun ki, ağladanım da, göz yaşımı silənim də çoxdur. Elə güldürənim də. Amma heç vaxt ağladanla göz yaşımı silənim, güldürənim bir olmadı.
Nə olsun ki, meydan boyda evdə, doğmaların içindəyəm. Mən bu evin məhz küncündə oturub tənhalığımı yazıram. Yolunu gözlədiklərim gəlmir ki gəlmir. Çünki onları gözləyən biri yoxdur…
Nə olsun ki, hər gün halımı soruşanım, varlığımı xatırlayannım da çoxdur. "Salam necəsən? İşlərin necədir?” – "Hər şey yaxşıdır, Şükür.” - "Təki yaxşı olsun. Sən hər şeyin ən yaxşısına layiqsən”. "Hmmmmmmmm” dedim içimdə və ardınca sonu görünməyən və heç vaxt nə demək istədiyimi anlamayacaqları "……………………”… Yoxluğumu ki, xatırlayanım yoxdur. Mənim kimi yox olan yoxdur bu dünyada. Mən oxu axtarıram, tapmayacağımı bilə-bilə. Hey içimdə bağırdım "Varmı mənim kimi bu dünyada yox olan???” deyə, dilə gətirmədim, eşidən olmayacaq ki. Onda sizə görə var olan varılığımı da boş verin, nəyə yarar ki, bu?
Hə, yadıma düşmüşkən deyim. Bir gün ölsəm, mənə kəfən almağa, qəbiristanlıqda yer ayırmağa, baş daşı hazırlatmağa tələsməyin. Ehsan verməyin mənim adıma. Hələ mənimçün göz yaşı tökməyi heç düşünməyin. Axı kiminçün ağlayırsız, kimi basdıracaqsız? Mən ölmədim ki. Mən yoxam ki. Mən heç var olmadım ki, bu dünyada. (Hələ mən bu yoxluğu daha neçə dəfə yaşayacam, neçə dəfə dünya mənə tanış gələcək, kim bilir…)

loading...
(səs: 5)
Şərhlər:
Baxılıb: 6474
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv