Yuxusu ərşə çəkilənlərə

Müəllif: Wiyinka
Şərhlər: 7
Baxılıb: 5 791
Səs ver:
(səs: 0)

 

Yaxşı yuxu yaxşı keçən gün, pozitivlik deməkdir

Həyatımızınm 1/3 hissəsi yatmaqla keçir. Ailə, iş və ictimai həyatımızı nizamlı halda saxlaya bilməyimiz üçün kafi və nizamlı yuxu rejimimiz olmalıdır. 

Yuxunun keyfiyyəti və müddətinə iki amil təsir edir. Şəxsə və ətrafa bağlı olan amilləri aradan qaldırmaqla rahat yuxu yatmaq mümkündür. Həftənin müəyyən günlərində piyada gəzmək, qaçmaq, tennis, üzmə kimi fəaliyyətlər yuxunu nizamlayır. Normal yuxu yatmaq üçün yuxu saatlarına və müddətlərinə diqqət yetirmək, yuxunun gəldiyi saatları təyin edərək bu saatlarda yatmaq lazımdır. 

Mütəxəssislərin fikrincə, axşam rahat yatmaq üçün buna günortadan hazırlaşmaq lazımdır. Psixoterapevt İkram Rüstəmovun sözlərinə görə, gün ərzində çox maye qəbul etmək yuxunu qaçırır. Həddindən artıq maye mədəni narahat etməklə yanaşı, gecə tez-tez sidiyə çıxma ehtiyacından oyanmağa səbəb olar. Müsahibimiz rahat yuxu yatmaq üçün ağır yemək yeməməyi məsləhət görür. Belə ki, onun dediyinə görə, axşam saatlarında yeyilən həddindən artıq miqdarda yemək mədəni narahat edərək, yatmağa mane olur. "Xoruldama və yuxuda tənəffüs pozuntusu varsa, çox yemək bu problemləri daha da artırır. Bu səbəbdən də yuxu öncəsi yüngül yeməklər yemək lazımdır. Spirt və siqaretə diqqət etmək lazımdır. Çay, qəhvə və kolalı içkiləri axşam saatlarında həddindən artıq qəbul etməyin. Yatmazdan əvvəl bir stəkan ilıq süd içilə və ya biskvit yeyilə bilər". 

İ.Rüstəmov bildirir ki, normal yuxu yatmaq üçün fiziki şərtlər çox əhəmiyyətlidir. Ortası çuxurlaşan, telləri çıxan köhnəlmiş yataqlar yatmağı çətinləşdirir. Yataq otağınızda parlaq işıqlardan istifadə etməyin. Yatmamışdan əvvəl ilıq bir duş, isti vanna qəbul etmək, kitab oxumaq, ya da sakit bir musiqi dinləmək sizi günün gərginliyindən təmizləyə bilər. "Yuxudan əvvəl işdən, kompüter oyunlarından uzaq durun. Sizi gərginləşdirəcək ailə və iş problemlərini başınızdan atmağa çalışın. Əgər bunlar köməkçi ola bilmirsə, professional rahatlama texnikalarını öyrənin". 

Həkim məsləhət görür ki, rahat yuxu yatmaq üçün yataq otağını oturma otağı kimi istifadə etmək olmaz. "Yataq otağı yatmaq üçündür. Bu otaqda salondakı kimi kitab oxumağı, dərsə hazırlaşmağı vərdiş halına gətirməyin. Yataq otağında televizor izləməyin, yemək yeməyin". 

Araşdırmalar zamanı məlum olub ki, yuxu müddəti genetik olaraq 4 saatla 11 saat arasında dəyişir. İstəsək də, genetik yuxu kodumuza müdaxilə edə bilmərik. 

Bir çoxu həyatının müəyyən bir dövründə yuxu problemləri yaşayır. Yuxusuz keçən gecələr, oyanmanın işgəncə halına gəldiyi səhərlər, mürgüləməklə keçən günlər "yuxumu ala bilməmişəm" şikayətləri zaman-zaman hər birimiz tərəfindən dilə gətirilir. Böyüklər yuxu ritminə müdaxilə edə bilsə də, uşaqların yuxusuzluğunun, yuxu pozuntusunun qarşısını almaq o qədər də asan deyil. "Yuxu gün boyu yorulan bədənin və köhnələn sinir sisteminin, yenilənməsi və dincəlməsi üçün lazım olan amildir. Yuxudan yarımçıq oyanma bədənin özünü yeniləməsinə mane olur və adam özünü ruhi və fiziki cəhətdən pis hiss etməyə başlayır". 

Hər bir insanın yuxu ehtiyacı təxminən 9-10 saatdır. Yetkin bir insan üçün gündəlik 7-8 saat yuxu kifayətdir. Lakin bu, fərdlərə görə dəyişə bilər. 3-4 saat yuxuyla kifayətlənən insanlar olduğu kimi, 9-10 saat yatdığı halda hələ yuxusuzluq çəkən insanlar da var. Yaşlı insanların bədən funksiyaları yavaşladığı və gün boyu çox hərəkət etmədikləri üçün yuxu müddətləri daha azdır. Problemli və stresli kəslər daha çox yatdığı halda həyata inanan, şən insanların daha az yatdığı müşahidə edilir. 

Yuxu pozuntusu yalnız az yatmaqla deyil, həddindən artıq yatma halıyla da özünü göstərər. Adam 9-10 saat yatdığı halda özünü yuxusuz hiss edir, oyanmaqda çətinlik çəkir. Başqalarının köməyilə yuxudan oyanır. Bunun bir sıra psixoloji və bioloji səbəbi var. Belə ki, ağrılı bir xəstəlik və ya istifadə edilən dərmanlar bioloji səbəb olaraq göstərilə bilər. Romantik problemlər, ictimai əlaqələr, gündəlik həyatda başa gələn problemli vəziyyətlər, iş yerində, evdə və ya məktəbdəki stress mühiti adamın üzərində təzyiq meydana gətirir. Bu cür gərginliklər rahatlamağı çətinləşdirir, iştahı azaldır və yuxu nizamını da pozur. 

Depressiya yuxu pozuntusunun ən əhəmiyyətli səbəbləri arasındadır. Bu vəziyyətdəki bir xəstə çətin yatır. Gecələri rahat bir yuxudan məhrum qalır. Tez-tez oyanma və səhər erkən qalxma kimi problemləri yaşayır. Bu problemlərin aradan qaldırılması verilən məsləhətlərə əməl edilməli və ya mütəxəssisə müraciət edilməlidir. Unutmamaq lazımdır ki, yaxşı yuxu, yaxşı keçən gün, pozitivlik deməkdir.

 
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 5 791
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri