Bu vərdiş beyni inkişaf etdirir

Müəllif: Miss_Oxatan
Şərhlər: 8
Baxılıb: 3 946
Səs ver:
(səs: 1)

 

Uşağı kitab oxumağa necə alışdırmaq olar?

Vərdişlərimiz bizi idarə edir və bilavasitə həyatımızı təşkil edir. Kitab oxuma da bir vərdişdir. Bu alışqanlığı olan insan başqalarında gözəl təəssürat yaradır, daha savadlı və daha uğurlu olur. Təəssüf olsun ki, müasir zamanda kitab oxumağa maraq azalır. Müasir gənclər daha çox kompüter oyunları, sosial şəbəkələr, çat, mobil telefon və s. ilə başlarını qatırlar. Psixoloqlar məsləhət görürlər ki, kiçik yaşlarda kitab oxumağa alışdırılan uşaqlar gələcəkdə özlərini daha yaxşı idarə edə bilir və təhsildə daha çox uğur qazanırlar. 

Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, mütaliə etmək insanın biliyini artırmaqdan əlavə qavrama, fantaziya və yaradıcılıq qabiliyyətini, həyat təcrübəsini də artırır: "Yeni sözlərin öyrənilməsi, yeni hadisələrin, obrazların dərk edilməsi sayəsində beyin inkişaf edir. Kitab oxuyan insan daha savadlı yazır və fikrini daha düzgün çatdıra bilir". 

Müsahibimiz bildirib ki, kitab oxumağı alışqanlıq halına gətirmək olar: "Çox vaxt valideynlər uşaqların kitab və ya dərs oxumağa marağının olmamasından şikayət edir. Onlar hər nə etsələr də, uşaqlarda kitab oxumağa həvəs yarada bilmirlər. Uşaqları kitab oxumağa həvəsləndirmək üçün ilk növbədə onlarda bu vərdişi yaratmaq lazımdır. Bunun üçün valideynlər, yaxud nənə-baba və ya dayə uşaqlara kiçik yaşlarında yatmazdan əvvəl kitab oxumalı və bunu hər gün eyni vaxtda etməlidirlər. Müşahidələr göstərir ki, belə uşaqların qavrama qabiliyyəti artır və onlar təhsildə daha çox nailiyyətlər əldə edirlər". 

Uşağının kitab oxumasını istəyən valideyn özü də ona nümunə olmalıdır. Belə ki, valideynin kitab oxuduğunu görən uşağın da kitab oxumağa həvəsi yaranır. Ümumiyyətlə, uşağı düzgün tərbiyə etmək istəyən valideyn ona düzgün nümunə olmağı bacarmalıdır. 

Qurbanova məsləhət görür ki, uşaqlara kitabları sevdirmək üçün evdə kitab guşəsi yaratmaq da önəmlidir. Bir otaqda və ya otağın hansısa küncündə müxtəlif qəzet, jurnal və kitablardan təşkil olunmuş kitabxana təşkil etməklə uşağın diqqətini cəlb etmək olar. Bununla yanaşı uşaqları müntəzəm kitab mağazasına aparmaq, orada müəyyəm vaxt keçirərək uşağın da marağını nəzərə almaqla onun üçün ədəbiyyat seçmək lazımdır. "Əgər övladınızın seçdiyi kitab sizi maraqlandırmırsa, həmin kitabı almaqdan imtina etməyin. Uşağın seçiminə hörmət edərək onun kitab oxumağa olan həvəsini daha da artıracaqsız. Eləcə də həftədə 1-2 dəfə ailəvi kitab oxuma saatları təyin etmək yaxşı nəticə verəcək. Hər bir ailə üzvünün oturub kitab oxuması ailə üzvlərinin arasında mehribanlığın artmasına, uşaqların daha da savadlı böyüməsinə təsir edir". 

Həmsöhbətimiz hesab edir ki, oxunan kitabları birgə müzakirə etmək də uşaqda kitaba, biliyə qarşı marağı formalaşdırır. Belə ki, müzakirələr nəticəsində uşaq kitabda yazılanları daha yaxşı başa düşəcək. Eləcə də oxunan kitablar haqqında fikirləri 1 dəftərə qeyd etmək də olar. Bu üsul uşaqda öz fikrini düzgün çatdırmaq qabiliyyətini artırır. 

Psixoloqun bildirdiyinə görə, bəzi uşaqlarda kitab oxumağa maraq oyatmaq çox çətin olur: "Yaxşı olar ki, bu cür uşaqları maraqlandırmaq üçün valideynlər əlavə vasitələrdən istifadə etsinlər. Məsələn, səsli kitablar, uşaq verilişləri, DVD-lərdən də istifadə etməklə uşaqları kitab oxumağa maraqlandırmaq olar. Bu gün hətta balaca uşaqlar üçün də oyuncaq tipli, rəngbərəng kitablar satılır" deyən A.Qurbanova əlavə edib ki, uşaq kitab oxumaqda çətinlik çəkirsə, mütləq onun eşitmə, görmə və dil qüsurunun olmadığından əmin olmaq lazımdır: "Diqqət əksikliyi və hiperaktivlik problemi olan uşaqlarda da oxuma sürəti zəif ola bilər. Bu səbəbdən də ilk növbədə uşaqlarda bu problemləri korreksiya etmək uğurunda çalışmaq lazımdır. Uşaqlarda kitab oxumaq vərdişini yaratmaq üçün onları televizor, kompüter, mobil telefon və s. bu kimi vasitələrdən mümkün qədər uzaq tutmaq vacibdir. Əks halda uşağın beyni lazımsız informasiya ilə yüklənir və uşaq özünü yorğun hiss etdiyi üçün kitab oxumaq istəmir". 

Onun dediyinə görə, valideyn uşağın kiçik uğurlarını belə tərifləməlidir: "Uşağınız heç olmasa, 15 dəqiqə kitab oxusa belə, onu tərifləyin. Nəticədə gələn dəfə o, daha çox oxuyacaq. Uşağı tərifləməklə, hər oxuduğu kitaba görə kiçik hədiyyələr verməklə onların motivasiyasını artırmaq olar"
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 3 946
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri