İnsan daha çox cəhənnəmə meyllidir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 4 124
Səs ver:
(səs: 0)
http://imgs.su/tmp/1318067607-656.jpg

Biz ki Allaha belə çox inananıq. Görəsən, niyə ölkəmizdə intiharlar baş alıb gedir? Mən psixoloq deyiləm. Psixoloji məsləhət vermək fikrində də deyiləm. Amma...

Sovet dövrünün bəlkə pis, bəlkə də yaxşı bir cəhəti vardı. Dünyanın hansı yanında nə olurdusa, olsun, sovet insanının bundan xəbəri olmurdu. Sovet insanı öz kəndində baş verən hadisələrdən belə doğru-dürüst məlumat ala bilmirdi. Beləcə Sovet insanı bəd xəbərlərdən uzaq qalırdı. Ona elə gəlirdi ki, dünyada gül-gülü çağırır, bülbül-bülbülü. O uzaqlarda da xoşbəxtlik-zad aramırdı. Nə vardısa, buydu. Əksinə, uzaqlarda Kozettalar, Qavroşlar, Cenni Herhardtlar vardı, hansı ki, yoxsulluqdan başlarına hər gün olmazın bəlalar gəlir . Sovet insanının özünü xoşbəxt hiss etməsi üçün çoxlu səbəbi vardı. Kəndli və proletariat kef edirdi... Şəxsən mənim atam fəhlə zümrəsinin nümayəndəsi kimi hələ də Sovet hökumətini dağıdanların yeddi təbəqəsinə lənətlər yağdırır. Və mən özüm də bir fəhlə balası kimi Sovet hökuməti dövründə gördüm gördüyüm xoş günləri. Dahası olmadı...

Hərdən adam fikirləşir ki, birdən o, XIX əsrin qadını olsaydı, paltaryuyan maşın, tozsoran, ətçəkən maşın, ümumiyyətlə, elektrik olmasaydı, yəqin ki, dəli olardı. Bu mövzuda bəndənizin "XIX əsrin insanı" adlı bir şeiri də var. Şeirdə əcdadlarımıza acıyıram, sonda qərara gəlirəm ki, əslində biz daha bədbəxtik. Niyə ki, XIX əsrin insanı yatsa yuxuda görməzdi, dünyada nə vaxtsa belə şeylər olacaq. Ona görə o, heç dərd də çəkmirdi ki, niyə onun bu əşyaları yoxdur. Amma XXI əsrin insanı -məsələn, mən -oturmuşam Bakıda, televiziyada baxıram ki, Parisdə, Nyu-Yorkda insanlar necə kef içində həyat sürürlər. Və həm də düşündükcə ki, bütün o zövqlərdən əbədi məhrumam, təbii, depressiyaya düşürəm. Və depressiya burulğanına düşən ruhən bir qədər zəif (bəlkə də güclü)olanlarsa intihar edirlər. Beləcə intiharların sayı gündən-günə artır. Yoxsulluq, işsizlik, nadanlıq, savadsızlıq, çarəsizlik hissi insanın içindəki axirət qorxusunu da yenir.

Bir müddət əvvəl Astarada 19 yaşında bir gənc qadın intihar etdi. Qəzetlər yazmışdılar, ordan oxudum təbii. Həssas biri kimi uzun müddət üzgünlük yaşadım. Olay adiləşib artıq. Səbəblər maraqlıdır. Fərqli bir səbəbdən intihar etmişdi qadın. Deməli, bu altı-yeddi ayın gəlini olub. Və uşağı olmur deyə durub özünü öldürüb. Bu səbəb məni o qədər təəccübləndirdi, ifadə etmək çətin. Axı on doqquz yaşın varsa ay adam, irəlidə illərin var, gözlə, bəlkə iyirmi, iyirmi beş, otuz yaşında oldu sənin uşağın. Təbii, kənardan bəkləntilər, yəqin ki, qaynana təzyiqi, ümidsizlik, ailəsini itirmək qorxusu, nəhayət, savadsızlıq- bir çox səbəb var qadını intihara itələyən.

Ümumiyyətlə, sürət əsri insanı ümidsizləşdirib. İnsan hər şeyin, hətta həyatının da tez başa çatmasına tələsir. Müasir insanın bir kitabı sona qədər oxumağa, bir filmi sonadək izləməyə, hətta həyatını təfərrüatlarıyla yaşamağa səbri qalmayıb. Tez-tez ana olmağa hazırlaşan məhşur qadınların müsahibələrində, hətta adi ev qadınlarının gündəlik şikayətlərində bu cümləyə rast gəlirsən: "kaş ki, bu tez doğulsaydı, kaş ki, tez böyüsəydi, kaş ki tez.... kaş ki tez...." Qadının hamiləliyini belə təfərrüatıyla yaşamağa marağı yoxdur. O, abzaslar, səhifələr ötürməyə can atır. Nəhayət, əgər sənə deyirlərsə ki, bu dünyadakı əzabların əvəzi cənnətlə ödənəcək. Və sən buna inanırsansa, "pultu" götürür, kaseti irəli fırladırsan.

Mən səhv də edə bilərəm. Axı intiharlar həmişə, dünyanın hər yerində olub. Ümumiyyətlə, insan əcaib məxluqdur. Çox naşükürdür və cənnətdən çox cəhənnəmə meyllidir. Onun işi-peşəsi özünün və başqalarının həyatını cəhənnəmə çevirməkdir.

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 4 124
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri