Qonşular nə deyər?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 151
Səs ver:
(səs: 1)

http://imgs.su/tmp/1318662201-656.jpg


Gözümü açandan qulaqlarım bu sözləri eşitməkdən yorulub: "Qonşular nə deyər?"

Yeni evə köçdük. Eyni zamanda məktəbi də dəyişməli olduq. Yeni məktəbimdə nə dərnəklərə, nə məşğələlərə gedə bilmədim. Səbəb: "Biz bura yeni köçmüşük. Evə vaxtında gəl. Gec gəlsən, qonşular nə deyər?" Tələbə olandan daha tez-tez eşitməyə başladım bu nifrət etdiyim sözü. Universitetdən kitabxanaya dərslərə hazırlaşmağa, oradan avtovağzala, oradan da evə gəlib çatınca bir neçə saat keçirdi. O zaman İnternet yox idi deyə, hər gün Mərkəzi Kitabxanaya gedib hazırlaşmağa məcbur idik. Daha yaxşı hazırlaşmaq istəyimi yenə bu sözlər boğdu: "Daha kitabxanaya getmə. Dərsdən çıxan kimi birbaşa evə gəl". "Niyə?" Sualımın cavabı: "Hər gün evə gec gəlirsən. Qonşular nə deyər?" Bizim ikimərtəbəli, on iki mənzilli binamızda nə işləyən qadın vardı, nə tələbə. Binaya köçənlərin çoxu cavan ailələr idi...

Universiteti bitirdim. Artıq işləyirdim. Kollektivdə heç bir tədbirdə iştirak edə bilmirdim. Nə ad günlərində, nə şənliklərdə. Yenə "Olmaz!". Səbəbsə yenə "qonşular"...

Artıq qonşulara da nifrət etməyə başlayırdım. Amma sonra anladım ki, qeybətcil, dedi-qoduçu olsalar belə, bu qadağaları mənə onlar qoymayıb ki.

Ömür boyu başqalarının, "qonşuların", qohum, tanış və s. fikrini nəzərə alaraq daim öz istəyini boğan, özünü olduğu kimi deyil, ətrafındakılara xoş olan tərzdə göstərməyə çalışanlara acıdım... Özümüzə acıdım...

Biz özümüzü aldadırıq, ya başqalarını? Axı niyə bir ömür boyu maska taxmağa məcbur edirik özümüzü? Niyə ÖZÜMÜZ olmuruq?

Bir dəfə efirdə, hansısa bir verilişdə xanımların özünə baxımlı olmasından söz düşəndə bir qadın belə nümunə çəkdi: "Mənim yaşlı bir müəllimim var. O qadın bu yaşadək həmişə özünə baxıb. Hələ indiyədək həyat yoldaşı onu makiyajsız görməyib. Səhər ərindən əvvəl oyanıb bəzənər. Əri də onu bütün gün ərzində bu cür görür. Ona həsəd aparıram..." Bu sözləri eşidəndə çox acıdım həmin "baxımlı xanıma" . Ən çox da onun həyat yoldaşına. O qadın bir ömür boyu, gəncliyindən yaşlananadək olduğundan gözəl görünməyə çalışıb. Ərisə hələ də onu olduğu kimi -makiyajsız görməyib...

Biz çoxumuz indi o qadının vəziyyətindəyik. Özümüzü olmadığımız kimi göstəririk. Daxili makiyajımızı silməyimizin zamanı deyilmi? Axı nə zamanadək kasıbsaq özümüzü zəngin, qəmgin olarsaq şən, zəif olduqda isə güclü göstərməyə çalışacağıq?

Bu gün mən özümə Azadlıq verdim - düşüncələrimdə, davranışımda, hətta gülüşümdə belə... Təbii ki, həddi keçməmək şərtilə... Bir sözlə, bu gün mən ÖZÜM oldum...

Gəlin, Siz də Siz olun. Əgər özünüzü həqiqətən sevirsinizsə, başqaları haqqınızda nə düşünür-düşünsün, siz düşüncələrinizin, doğru bildiklərinizin arxasınca gedin. "Qonşular" nə deyər, qoy desin. Onsuz da dedi-qoduçu insan üçün mövzu həmişə tapılır.

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 3 151
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri