İndi maneə yoxdu, amma sevə bilmirik

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 529
Səs ver:
(səs: 1)
http://imgs.su/tmp/1318838971-656.jpg

Sevgi, Sədaqət və Xəyanət haqda

Dünən evdən çıxanda ildə bircə gün əsən isti külək vardı - Səmum yeli. Bütün günü şəhərdə dolaşıb, il uzunu qızmayan sümüklərimin hər qarışı ilə hiss eləməyə hazır idim Səmum yelini. Amma məni daha gözəl şeylər gözləyirdi.

Dostlarla birlikdə bu bazar gününü Pyotr Todorovskinin «İnterqzcığaz»ına baxmağa həsr eləyəcəkdik. Sovet dönəmində bütün yalanlardan, qadağalardan, saxtakarlıqdan xaricə, Avropaya, «demokratiya ölkələrinə» qaçmaq istəyən və buna nail olan insanlardan bəhs edir «İnterqızcığaz».

Bunu bacara bilmiş tək-tük insan Sovet dönəminin bütün narahatlıqlarından daha ağrılı, daha dözülməz bir şeylə üz-üzə qalırdı: Qürbət və Ögeylik.

Amma indi bu barədə danışmaq istəmirəm. Mən o İnterqızcığazla, fahişəliyi yaxınına buraxmağı ağlına gətirməyən quruluşda əcnəbilərlə valyuta qarşılığında yatan Tanya ilə evlənən soyuq İsveç vətəndaşı Edvarddan danışmaq istəyirəm. Daha doğrusu, onun sevgisindən. Yanlış anlamayın, sevgi üzəində bu həvəskar fəlsəfi gəzişmələr «sevgi necə olmalıdır» janrında nəsihətlər və ağılöyrətmələr deyil. Otuz yaşını bu günlərdə qeyd eləyən qadının içini tökməsidir.


Edvard İsveç vətəndaşıdır. İşgüzar səfərə gəldiyi Rusiyada bir fahişə ilə yatır. Və ona vurulur. Ona evlilik təklif eləyir. Tanyanın onu sevmədiyini bilə-bilə onunla evlənir. Bu - hələ sevginin böyüklüyündən xəbər vermir. Ona belə rahatdır. Ona Tanya lazımdır. O Tanyanı yox, öz rahatlığını sevir.

Tanya İsveçdə onun pulunu sağa-sola səpələyəndə bir müddət dözür. Sonra arvadına başa salır ki, burada hər şey kalkulyatorla hesablanır. Tanya bir az qənaətcil olsun. Arvadı Leninqarada səfər eləməyi tələb eləyəndə, Edvard deyir ki, indi bunun vaxtı deyil.

Onlar evin və maşının kreditini ödəməlidirlər. Bu - onun Tanyanı az sevdiyindən xəbər vermir. Sadəcə Tanyanın istəkləri soyuq iş adamı Edvardın planında yoxdur.

Tanya içkiyə qurşanır. Evi gecələr gəlir. Hoqqalar çıxarır. Elə hoqqalar ki, onlara dözmək üçün doğrudan da böyük sevgi lazımdı. Edvard isə dözür.


Və axırda biz bir neçə dost qənaətə gəlirik: Edvard doğrudan da Tanyanı sevir. Amma onun sevgisi də belədi. Soyuq, ifadəsiz, dəqiq hesablanmış...Amma sevgidi...


Mən bilmirəm sevginin hansı növü daha yaxşıdı: soyuq, ifadəsiz, məntiqli...


Yoxsa çılğın, dəli, hər dəqiqə hiss etdirilən?


Bilmirəm. Mən sadəcə sevmək istəyirəm, vəssalam...


Bir neçə il əvvəl bir əsər oxumuşdum. Kasıb, içi sevgi dolu olan bir qadın vardı əsərdə. Limon qoxusunu sevən bir qadın. Qadının qəribə bir magiyası vardı. Onu sevən, onunla görüşən kişilər hamısı uğur qazanırdılar. Hamıya uğur gətirirdi. Onunla görüşməyə başlayandan sonra bütün kişilər şöhrət, pul, mənsəb qazanırdılar. Və bunları qazanan kimi, onu atıb gedirdilər.

Axırıncı sevdiyi kişi dramaturq olur. Qadın bilir ki, bu da məşhurlaşacaq, varlanacaq və onu atacaq. Amma özünə dərd eləmir - onun limonları, limon qoxusu var. Kişi bir gün ona deyir ki, nə vaxtsa məşhur dramaturq olsam, səhnələrdən birində mütləq limon ağacları olacaq. Sənə görə!

Kişi doğrudan da məşhur dramaturq olur. Və bütün sevgililəri kimi o qadını atır. Qadın öləndən sonra dramaturq əsərlərdən birində limon ağacları ilə bol bir səhnə yazır. Tamaşada canlı limon ağacları qoyurlar səhnəyə. Premyera uğurlu olur. Tamaşadan sonra dramaturq limon ağaclarını maşınına yığıb, qadının məzarı üstünə aparır. Və görür ki, məzarın kənarında artıq çoxlu limon ağacları əkilib. Qəbrin üstü limonlarla doludu...


Mənim kimi sadə ölümlü qadının bu hekayətdən çıxartdığı nəticə bu oldu. O qadını bir vaxt sevib, sonra atan kişilər sonradan hansısa mənada ona sadiq qalmağa çalışmışdılar. Yani Sədaqət bəlkə də elə belə olur: hansısa mənada. Hansı məqamdasa...


Yəni elə Xəyanət kimi. Dünyada hələ heç bir filosof, yazıçı, riyaziyyatçı Sədaqətin harada qurtarıb, Xəyanətin harada başlandığı dəqiq ifadə eləyə, hesablaya bilməyib. Bu hesablama, təyin elə fərqlidi ki...


Amma məni indi bu fəlsəfi gəzişmələr yox, başqa şey maraqlandırır. Klassik əsərlər, dastanlar nakam sevgi ilə doludu. İki sevənin arasına girməyə, arasını vurmağa, mane olmağa, zorla bir-birindən ayırmağa hazır, amadə insanlar, toplumlar, ölkələr, dinlər, ideologiyalar həmişə vardı. O maneələr Romeo və Cülyetta, Leyli və Məcnun, Əsli və Kərəm, Otello kimi sevgi əfsanələri, tarixçələri yaratdı.

İndi manelər demək olar ki, yoxdu. Buyur, sev, sevil, seviş, evlən, vətəndaş nikahında yaşa, neynirsən elə.

Amma indi Qara Keşişlərdən, Kapuletti və Montekilərdən, İbn Salamdan, Yaqodan daha qəddar, keçilməsi daha mümkünsüz olan maneə var: Sevgisizlik.

İndi maneə yoxdu.

Amma indi bir-birimizi sevə bilmirik.

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 529
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri