Nə qədər azyaşlı qız alsam, o qədər oğlanla görüşməmiş olar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 7 075
Səs ver:
(səs: 1)

http://imgs.su/tmp/1320306875-656.jpg


Azərbaycan erkən nigahların çox rastlaşdığı ölkələr sırasındadır.

Valideynlərinin məsuliyyətsizliyinə, “evdə qaldı” stereotipinə və sosial problemlərin güdazına ərə gedən qızlarımızın sayı artmaqdadır. Erkən nikahların daha çox cənub bölgəsində olduğu deyilirdisə, indi artıq belə hal bütün rayonları, hətta Bakını da əhatə edir.

Xüsusilə də qızlarını uşaq yaşında ərə verən valideynlərin əksəriyyəti bunu normal qarşılayırlar. Qanun nikah yaşını qızlar üçün 17, oğlanlar üçünsə 18 yaş müəyyənləşdirsə də valideynlər hələ nikah yaşına çatmamış uşaqlarını evləndirirlər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən 24saat.az-a verilən məlumata görə rəsmi statistikada 2009-cu ildə 18 yaşadək qızlar arasında nikahların sayı 5380 nəfər olub.

Məsələnin təkcə hüquqi tərəfdən deyil, digər yönlərini də araşdırdıq. Əsas səbəbi valideynlərin məsuliyyətsizliyində görən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bunu az yaşlı qızların təcrübəsizliyi ilə əlaqələndirir:

“Bəzən az yaşlı qızların özləri də təcrübəsizlikdən səhv addım ataraq qeyri-rəsmi nikahla ailə qururlar.

Digər səbəblərdən biri də müvafiq yerli qurumların bu problemə daha diqqətli yanaşmamağıdır. Bu hal əsasən ailələrin dağılmasına, ana və uşaq ölümünün artmasına səbəb olur, çünki, erkən yaşda qızlar ailə qurmağa, dünyaya uşaq gətirməyə nə fiziki, nə də mənəvi cəhətdən hazır olmurlar. Erkən nikah qızların təhsildən uzaqlaşmasına da səbəb olur. Erkən nikah həm də erkən hamiləlik, erkən uşaq doğumu deməkdir. Bu, qadını ölümcül təhlükə altına alır. Eyni zamanda erkən nikahlar zamanı dünyaya gələn körpələrin sağlamlığında ciddi problemlər yaranır və onların ölü doğulma dərəcəsi artır. Belə ailələrdə məişət zorakılığı tez-tez baş verir”.

Komitədə hesab edirlər ki, erkən nikah problemlərinə qarşı dövlət strukturları ilə yanaşı, cəmiyyət də mübarizə aparmalı və belə hallara laqeyd qalmamalıdır: “Komitə erkən nikah probleminə daim diqqət yetirir. UNİCEF-in Azərbaycandakı nümayəndəliyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi erkən nikahlarla bağlı mühüm araşdırma aparıb. Bu problemlə bağlı hüquqi bazanın möhkəmləndirilməsi məqsədilə Qadınlara qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Konvensiyasına uyğun olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Milli Məclisə qızlar üçün nikaha daxil olma yaşının 18 yaş təyin olunması təklifini verib. Valideyn məsuliyyətini artırmaq üçün təkliflər hazırlanıb. Bundan əlavə, Milli Məclis tərəfindən qəbul edilmiş “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda xüsusi qadın sığınacaqlarının yaradılması nəzərdə tutulur. Belə mürəkkəb situasiyaya düşən gənc qızlarımız ciddi sosial-psixoloji dəstəyə ehtiyac duyurlar”.

“Nə qədər cavan olsa...”


“Oğlanlarda da son vaxtlar belə bir maraq var ki, nə qədər cavan qız alsam bir o qədər yaxşıdır çünki gözü hələ açılmayıb, heç kəslə görüşməyib”.


“Hər bölgənin öz xüsusi estetik mədəniyyət formaları var. Məsələn, götürək Şamaxını. Demək olmaz ki, Şamaxının hər yerində qızları tez evləndirirlər. Amma Şamaxının elə kəndləri var ki orda qızı 14 yaşından ərə verilmək adətdir. Onlara görə qızı tez ərə vermək lazımdır evdə qala bilər, sonra heç kəs almayacaq”.

Bu sözləri isə Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova dedi. Onun sözlərinə görə, erkən nikahın ikinci səbəbi maaddiyyatdır: “Qız verəndə müəyyən məbləğ də əldə edirlər. Kasıb ailədi fikirləşir ki, tez qızı verim problem qurtarsın. Sosial vəziyyət pis olduğu üçün qızı mal kimi istifadə edirlər. Oğlanlarda da son vaxtlar belə bir maraq var ki, nə qədər cavan qız alsam bir o qədər yaxşıdır çünki gözü hələ açılmayıb, heç kəslə görüşməyib. Maarifləndirmə kampaniyası keçirilməlidir. Valideynlərə qarşı da cəza tətbiq olmalıdır. Məktəbdə müəllimlər, polislər arasında bu haqda məlumatı çoxaltmaq lazımdı. Hər bir müəllim sinifdəki şagirdlərindən xəbərdardı. Əgər o bilsə ki şagirdi erkən yaşda evləndirirlər polisə xəbər verməlidir. Ancaq bizdə müəllimlər bunu etmir, fikirləşir ki, kiminsə ailəsində problem yaratmayım. Özü də gedib şagirdlərinin toyunda oynayır”.

Valideynlərin arqumenti...


“Təmiz Dünya” ictimai birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, valideynlər cəmiyyətdə əxlaq məsələlərinin deqradasiyaya uğradığına, qadınlara münasibətin dəyişdiyinə görə uşaqlarını erkən yaşda evləndirirlər: “Valideynlər daha çox bununla əsaslanırdırlar ki, cəmiyyətdə əxlaq məsələləri deqradasiya olunub, yəni qadınlara münasibət dəyişib. Yoldançıxartma, narkotik, əxlaqsızlıq kimi hallara tez-tez rast gəlinir. Bu da müdafiə mexanizmi kimi valideynlər tərəfindən əsaslandırılan bir fikirdi.

Biz ATƏT-in Bakı ofisinin xətti ilə Quba, Qusar, Xaçmaz, bir neçə gün əvvəl də Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad rayonlarında olduq. İnsanlarda dəhşətli dərəcədə məlumatsızlıq və öz talelərinə biganəlik var.

Masallının bir kəndində qız uşağını valideyləri icazəsiz ərə veriblər. Qızın fikrini öyrənməyiblər. Bir ildən sonra isə boşadıblar və yenə qızın, oğlanın fikrini soruşmurlar. Qızdan soruşuruq ki, sənin evdə problemin var? Deyir yox, heç bir problemim yoxdur, hər şey yaxşıdı. Deyirik onda bukleti götür hər hansı bir hüquqi məsələ ilə bağlı sualın olsa zəng vur. Deyir ki. qoy gedib qaynatamdan icazə alım, sonra götürərəm. Təsəvvür edin nə dərəcədə asılılıq və sərbəst qərar qəbul etməmək mövcuddu. Məktəb, icra strukturu, bələdiyyə, QHT-dən ibarət hər bir rayonda işçi qrupu yaradılmalıdır və məktəblərdə bu məsələyə nəzarət edilməlidir. Birbaşa uşağın özüylə də söhbət aparmaq lazımdır.

Ən pisi odur ki, qızları elə tərbiyə edirlər ki, uşaq ancaq ərə getməklə bağlı düşünür, yəni rəfiqəm ərə getdi mən də getməliyəm. Kimsə tez ailə qursa o, artıq narahatlıq keçirir ki, o getdi mən evdə qaldım. Təbii ki, ailə qurmaq da lazımdır. Amma tələsik ailə qurmaq heç də onun üçün çıxış yolu deyil”.

“Qız evdə qaldı, alan olmadı”


Hüquqşünas Xalisə Şahverdiyeva isə bu məsələdə qanunların düzgün icra edilmədiyini deyir: “Qanunlar məcburi nikahı qadağan edib. Problem qanunda deyil. Əsas məsələ budur ki, qanun necə başa düşülür və onun icrasına necə nəzarət edilir.

Hesab edin ki, sizin 15-16 yaşında övladınız var və siz onu ərə vermisiz. Mən də gedib sizdən Məmməd adındakı bir hüquq müdafiə orqanının əməkdaşına şikayət edirəm ki, o qızını tez ərə verib. Məmməd də mənə “bundan sənə nə” deyəcək. Bizdə ailə məsələlərində heç kim bir-birinin işinə qarışmır.

Bu problemin ilkin səbəbi təhsilin aşağı olması və sosial problemlərdir. Bundan da əlavə də “qız evdə qaldı, alan olmadı” kimi stereotiplər var. Valideynlər sosial yükü çəkmək istəmirlər. Bundan başqa qanunlar düzgün icra edilmir. Çox yerlərdə rəsmi nigaha girmirlər, ona görə də bu qapalı qalır. Bunu hamı bilir, hər bir kəndin, qəsəbənin hüquq mühafizə orqanları da bilir. Siyasi iradə olmalıdı. Bunula bağlı konkret olaraq göstəriş verilməlidir ki, hüquq mühafizə orqanları bu məsələyə ciddi yanaşın, faktların qarşısı alınsın”.

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 7 075
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri