Qaçırılmış qızın geri qayıtmaması üçün məcburi bakirəliyini pozurlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 070
Səs ver:
(səs: 2)

http://imgs.su/tmp/1320308035-656.jpg

 

Qızqaçırmanın qəribə tarixi

Son vaxtlar bir az azalan, amma hələ yox olmayan bir adət var - qızqaçırma. Bu adətin haradan gəlməsi, necə yaranması, hansı səbəblə gerçəkləşdirilməsi barədə bir az araşdırma apardıq. İzlər gedib qədim Yunanıstana çıxdı. Herodot yazır ki, finikiyalılardan gələn bu adət bir zamanlar bir kralın qızının qaçırılması ilə başlayıb.

Aralıq dənizində reallaşdırdıqları dəniz səyahəti zamanı finikiyalılar ticarət məqsədi ilə yunan sahillərini də gəzirlər. Arqos (sonrakı adı Ellada) kralının qızı İo bir neçə qızla dəniz sahilinə gəlir və finikiyalıların qurduğu bazarda gəzişir, gəmilərdəki mallara baxır. Bu vaxt finikiyalılar onu və yanındakı qızları tutub gəmidə gizlədir və Misirə aparırlar. Yunanlar eyni qayda ilə cavab verirlər - Tir kralının qızını qaçırırlar. Beləcə, öz aralarında "haqq-hesabı" bitirirlər.

Bununla da iki xalq arasında qızqaçırma yarışı başlayır, biri digərinə inad olaraq qız qaçırır, o biri də qisas almaq üçün əvəzində onlardan bir qız aparır. Herodot bu qızqaçırma yarışından bəhs edərkən yazır: “İo əslində öz istəyi ilə qaçırılıb, çünki həmin gəminin kapitanı ilə eşq yaşayıb və hamilə qalınca, qoşulub qaçmağa qərar verib. Bir qadını qaçırmaq haqsızlıqdır, amma buna görə intiqam almaq da çılğınlıqdır, həm də qadın istəməsə, kişi onu qaçıra bilməz”.

Qaçırılmış qızın ürək ağrıdan etirafı

İndi danışacağım əhvalat, olmuş bir hadisənin təsviridir. Əmin ola bilərsiniz ki, yazımızın daha maraqlı olması xatirinə uydurulmuş bir hekayə deyil. Bu, hər il ölkəmizdə baş verən qaçırma hallarından biridir. Şahidləri də az deyil. Əhvalatı nağıl edən tanış bir qadındır, 28 yaşlı L.H.

“Orta məktəbin son sinfində idim, məktəbi bitirməyimə cəmi bir ay qalmışdı, ali məktəbə bütün gücümlə hazırlaşırdım. Bu arada sinif yoldaşımdan hər gün eşq məktubları alırdım. Fikir vermirdim, mənim hədəfim oxumaq idi. Amma o, əl çəkmirdi, qaçıracağı ilə hədələyirdi. O vaxt bunu elə belə, söz xatirinə deyilmiş söz kimi qəbul etdim.

Bizimlə bir sinifdə oxuyan iki oğlan, paralel sinifdən başqa bir oğlan bizdən bir neçə yaş böyük olan və şəxsi avtomobili olan bir nəfərlə birgə plan cızırlar. Bir gün sonuncu dərsə girmədilər, məktəbi bitirməyimizə az qaldığı üçün müəllim o qədər də fikir vermədi.

Dərsimiz bitdi, məktəbdən çıxanda onların beşini də məktəbin önündə gördük. Arxada maşının qapıları açıq idi, onlar isə öndə durub mənə baxırdılar. Ətrafımda bu qədər yoldaşım, müəllimlərim var idi, bir şey edə bilməzlər, deyə düşündüm...”

“O hadisədən on il keçib, amma elə bil, dünən olub”

“...Məktəbin önündən 10-15 metr uzaqlaşmışdıq ki, sürətlə mənə doğru gəldilər, üstümə cumdular. Biri əli ilə ağzımı qapadı, o biri qollarımdan tutdu, ikisi də ayaqlarımı. Bir başqası da avtomobili sürüb yaxına gətirdi, məni sürüyərək maşına mindirdilər. Bütün bunlar baş verərkən ən yaxın rəfiqəmdən başqa, hamı durub baxırdı - bütün müəllimlərim və bütün məktəb yoldaşlarım. Rəfiqəmi itələyib elə yıxdılar ki, bir həftə ayağını çəkdi. Yolda onlarla mübarizə apardım, amma beş oğlana necə gücüm yetsin? Məni qonşu kəndə, tanımadığım bir evə apardılar, bir otağa salıb qapıları bağladılar.

Rəfiqəm birnəfəsə 4-5 küçəni qaçıb evimizə gedib, valideynlərimə danışıb hər şeyi, heç 15 dəqiqə keçmədi ki, məni tapdılar. Birbaşa polisə getdim, şikayət etdim, amma qarşı tərəfin ağsaqqalları minnətə gəldilər, bizim ailənin ağsaqqalı olan babam şikayətimi geri götürüm deyə çox xahiş etdi. Onun sözünün üstünə söz deyə bilmədim. Şikayətimi geri götürdüm, polis də onları sərbəst buraxdı.

On il keçib, amma hələ də unuda bilmirəm. Psixikamda heç vaxt sağalmayacaq yaralar əmələ gəldi, neçə illərdir, mənim kabusum olub o hadisə. Həmin il ali məktəbə girə bilmədim, o qədər stressdən sonra imtahanı verə bilmədim. Bütün həyatım o hadisə ilə dəyişdi.

Qızlar bu cür hadisəni ölüncəyə qədər unutmurlar. Sabahı günü məktəbə gedəndə hamı mənə elə baxırdı ki, elə bil, günah iş görmüşəm, amma məktəb direktoru həmin oğlanları bir neçə günlük cəzadan sonra yenidən məktəbə buraxdı. Onlara hamı qəhrəman kimi baxırdı...”

Qaçırılmalarla qurulan ailələrin 75%-i boşanma ilə nəticələnir


Azərbaycanda buna bənzər cinayət hadisələri tez-tez baş verir və bir növ ənənəyə çevrilib. Aparılan araşdırmalara əsaslanaraq deyə bilərik ki, qızqaçırma hallarının bir hissəsi hər iki tərəfin razılığı ilə olur. Belə ki, valideynlərin razılıq vermədiyi izdivacı qurmaq istəyən gənclər çıxış yolunu bunda görürlər. Bəzən də qızın ailəsi razı olmur, oğlan tərəfi məsələni bu cür “həll edir”.

Qeyri-rəsmi statistikaya görə, qızqaçırılması hallarının 95%-i evlilik məqsədi ilə olur. Çox maraqlıdır ki, zorla qaçırılma ilə qurulan ailələrin 75%-i boşanma ilə nəticələnir. Amma qızın şəxsən öz istəyi ilə qaçması faktı da az deyil. Eləcə də, ailələr arasında düşmənçilik varsa, biri digərinin qızını qaçırıb sonra geri qaytarmaqla da qisas alır. Bu cür hallar qardaş Türkiyədə daha çox baş verir.

Çox zaman qaçırılan qız bu nigaha razı olmasa da geri dönmür. Bizim cəmiyyətdə bu cür qızlara normal baxmırlar, günahı olmasa belə, hamı onu günahlandırmağa həvəslidir.

Cəmiyyət qaçırılmış qızların həyatını məhv edir

Ümumiyyətlə, qız qaçırılmasının həm mənəvi, həm də maddi tərəfdən bir çox səbəbləri var. O cümlədən, ölkəmizin hər bölgəsində bu məsələyə fərqli münasibət var. Sosioloq Əhməd Qəşəmoğlu dedi ki, dağ rayonlarında və kəndlərində qız qaçıran oğlana qəhrəman kimi baxırlar. Amma elə rayonlarımız da var ki, qızı qaçırılan ailə hədsiz dərəcədə mənəvi sarsıntı keçirir, bu isə son nəticədə düşmənçiliyə belə səbəb olur.

Sosioloq deyir ki, bu məsələdə əsasən maddi amillər böyük rol oynayır. Bəzən iqtisadi durumu yaxşı olmayan ailələr bu vasitəyə əl atırlar. Çünki adətlərə görə, qız evinə hədiyyələr, xonçalar aparılmalıdır. Buna imkanı olmayanlar da qaçırmanı planlayırlar:

“Bəzən də gənclər sevir, amma valideynlər razı deyil, o zaman onlar “qoşulub qaçırlar”. Bəzən isə qız razı olmur, oğlan qaçırmaqla məsələni həll edir. Bu, artıq cinayət məsuliyyəti deməkdir. Oğlan tərəfi bunu bilir, amma ümid edir ki, qaçırılan qız adı çıxmasın deyə geri qayıtmayacaq və şikayət etməyəcək”.

Bəzən qaçırılan qızlar sevmədiyi biri ilə ailə qurmaq istəmir və geri qayıtmağa özlərində güc tapırlar: “Cəmiyyət bu cür qızlara birmənalı baxmır. Şəxsən tanıdığım bir ailənin başına bu cür əhvalat gəlmişdi, qızın əl-qolunu burub zorla qaçırmışdılar, heç mənzil başına çatmamış yolda qovalayıb maşını saxlamış və qızı geri qaytarmışdılar. Amma cəmiyyətin qınağı o qızın həyatını məhv etdi. İnsanlar “əl dəyib, qaçırılıb, artıq alan olmaz” deyə qeybət edir bu cür hallar olanda”.

Qızqaçırma insan oğurluğu olaraq hüquqda cinayət sayılır

Hüquq məsləhətçisi Kamran Məmmədov deyir ki, bu, konkret olaraq insan oğurluğudur: “Bir insanı zorla, əl-qolunu bağlayaraq istəmədiyi bir şeyə məcbur etmək - qaçırmaq - cinayətdir. Əgər qız şikayətçi olmasa, qanunla bu, cinayət sayılmır. Yox, qız şikayət edərsə, bunu edənlər Cinayət Məcəlləsinin 144.1 maddəsi ilə mühakimə edilirlər. Bu maddəyə görə, adam oğurluğu 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 144.2.3. maddəsinə görə, hadisə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə cəzası daha da artır. Bu halda həmin şəxslər 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılırlar.

Yeri gəlmişkən qeyd edək ki, qanunvericiliyimizdə qaçırılan qızın ona dəymiş fiziki, mənəvi zərərə görə kompensasiya ödənilməsi tələbi barədə heç bir maddə yoxdur.

Qaçırılan qızlarda bütün kişilərə qarşı qəribə bir nifrət hissi yaranır

Qaçırılma zamanı qızların keçirdiyi stress, qorxu və digər psixoloji problemlər barədə suallarımızı cavablandıran psixoloq Aydın Əsədov bildirdi ki, başına bu cür hadisələr gəlmiş qızlar bir də heç vaxt kimsəyə güvənmirlər: “Onlar ətraflarına sədd çəkirlər və mümkün olduğu qədər kimsəni bu səddi keçməyə qoymurlar. Sonradan ailə qura bilirlər, amma həyat yoldaşlarına belə, güvənə bilmirlər. Qaçırılan qızlarda bütün kişilərə qarşı qəribə bir nifrət hissi yaranır”.

Psixoloq deyir ki, qaçırılan qız, onu qaçıran oğlanla ailə qurursa, bu, daha böyük problemdir. Çünki ailə öncəliklə güvən hissi üzərində qurulur, ailənin təməlində bu hiss olmasa, heç vaxt möhkəm olmaz. Çox vaxt da belə olur. Qaçırılma ilə qurulan ailələr tez dağılır.

Ən dəhşətlisi geri qayıtmamaq üçün məcburi qızın bakirəliyini pozmaqdır

(səs: 2)
Şərhlər: 1
Baxılıb: 4 070
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri