Bir tikə çörəyə görə qul kimi işlədilən Azərbaycanlılar...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 947
Səs ver:
(səs: 1)

http://imgs.su/tmp/1320408109-656.jpg

 

Əvvəlcə hüquqi tərəfdən yanaşaq...

Bəlkə, elə buna görədir ki, bu gün çoxları necə deyərlər, öz işinin üstündə əsir, hətta bir çox hallarda iş yerində üzləşdiyi haqsızlığa dözməli olur. Bu isə, bir çox hallarda işəgötürənlərin vəziyyətdən sui-istifadə etmələrinə gətirib çıxarır.

İndi paytaxtda elə sahələr var ki, insanlar orada gün ərzində 12-15 saat işləyirlər. Halbuki Əmək Məcəlləsinin 89-cu maddəsində qeyd olunur ki, gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz. Qanunla işçinin əlavə iş vaxtında işə cəlb olunmasına yalnız müstəsna hallarda yol verilir. Müstəsna halların olması isə hər bir halda işəgötürən tərəfindən əsaslandırılmalıdır; əks halda, bu, əmək qanunvericiliyinin pozulması hesab edilir və bu hallara əsassız yol verən işəgötürən intizam, inzibati və cinayət məsuliyyəti daşıyır.

Əmək Məcəlləsinə əsasən iş vaxtından artıq iş, işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.

Təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, habelə tezkorlanan malların itkisini önləmək məqsədi ilə bu məcəllə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla, işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir. Xüsusilə, ağır və zərərli sahələrdə işləyən işçilərin və bu Məcəllədə nəzərdə tutulmuş digər hallarda iş vaxtından artıq işə cəlb edilməsinə yol verilmir.
Əmək Məcəlləsinin 97-ci maddəsində isə gecə vaxtı işin müddəti saat 22-dən səhər saat 6-dək müəyyənləşdirilib. Əgər işçinin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşərsə, onda həmin iş saatının gecə vaxtına düşən hissəsi bir saat qısaldılmalıdır.

Əmək Məcəlləsinə görə, hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
İstirahət hüququ
Əmək Məcəlləsinin 104-cü maddəsinə görə, hər bir işçiyə həftələrarası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaradılmalıdır. Həftələrarası istirahət günlərinin sayı beşgünlük iş həftəsində iki gün, altıgünlük iş həftəsində bir gün olmalıdır. Həftəlik fasiləsiz istirahət müddəti 42 saatdan az olmamalıdır.

Necə deyərlər, indiyədək deyilənlər işin hüquqi tərəfi idi. Amma gəlin görək, reallıqda buna əməl olunurmu?


Təbii ki, bir çox sahələrdə yox. Məsələn, götürək elə nəqliyyat sektorunu. Marşrut avtobusu sürücüləri özləri də etiraf edirlər ki, gün ərzində 15-16 saat işləməsələr, nə gündəlik planı ödəyə, nə də ailələrinə çörəkpulu apara bilərlər. Məlumat üçün qeyd edək ki, hazırda Bakı şəhərində marşrut avtobuslarının iş qrafiki səhər saat 5-6-dan başlayır və axşam saat 21-ə, bəzən 22-dək davam edir. Bu insanlar gün ərzində bəzən saatlarla tıxaca düşür, yüzlərlə sərnişinin irad və qəzəbinə tuş gəlir, üstəlik, bir növ, 16-17 saat işləməyə məcbur edilirlər. Bir vaxtlar Bakı şəhərində marşrut avtobusunda sürücü işləyən, sonradan ürəyində yaranmış problemlərlə əlaqədar işini tərk edən Vaqif Əliyev dedi ki, bu gün nə ona sahib çıxan var, nə də dərdi ilə maraqlanan: “Yollardakı gərginlik ürəyimi xəstə saldı. Bilsəydim, əvvəldən bu işə girişməzdim. Mənim kimilərin sayı yüzlərlədir”.

"Bütün günü ayaq üstəyik"

Bakıdakı supermarketlərdən birində satıcı işləyən Nuriyyə Məmmədova da deyir ki, gündəlik işə çıxmağa məcburdur. Nuriyyənin sözlərinə görə, həftədə bir dəfə istirahət istəsə də, müdiriyyət razılıq vermir: “Gündəlik 15 manat pul verirlər. Səhər saat 8-dən axşam 9-dək işləyirik. Bütün günü ayaq üstəyik”.

O, mağazada əmək müqaviləsi olmadan işlədiyini, buna görə haqqını tələb edə bilmədiyini vurğuladı: “Müdir mənə deyir ki, xoşun gəlmir işləmə. Mənim kimilərə yalnız bir ad vermək olar: "bir tikə çörəyə görə qul kimi işlədilənlər".

Qanun başqa, real həyat başqa...
Bakıdakı fotostudiyaların birində çalışan Elmir (soyadını öz xahişi ilə yazmırıq-N.İ) də çox işlədilməsindən narazıdır. Elmir deyir ki, studiyanın iki işçisi var: “Bir fotoqrafdır, bir də mən. Mən şəkillərə kompyuterdə düzəliş edib, sonra isə onları çapa verirəm. Demək olar, bütün günü kompyuter arxasındayam. Səhər saat 9-da işə gəlirəm və axşamlar, bəzən saat 23-24-ə qədər işləyirəm. Düzdür, əməkhaqqım yüksəkdir, amma pul hər şey demək deyil axı”. Elmirin sözlərinə görə, ölkəmizdə bu sahədə qanunla hər şey qaydasında olsa da, praktikada çox böyük boşluqlar var. Bu boşluqlar isə işçilərin, sözün həqiqi mənasında, qul kimi işlədilməsinə səbəb olur”.
İnternet-klublarda işləyənlər də iş rejimlərindən narazıdırlar. Onlar da gün ərzində 10-12 saat işlədiklərini söyləyirlər. İnternet-klubların böyük əksəriyyətinin zirzəmidə yerləşməsini nəzərə alsaq, onda təhlükənin daha böyük olduğunun fərqinə vararıq. İnternet-klubda işləyən Elvüqar Əhmədovun sözlərinə görə, əslində onlar internet-klubların xəstəlik mənbəyi olmasından xəbərləri var, amma...
“Səhər saat 10-11-dən gecə saat 1-dək işləyirik. Bütün günü şüalanma içərisindəyik. Ayda 450 manat maaş alıram. İşim o qədər də çətin deyil, lakin iş vaxtımın çoxluğu və buradakı şərait məni çox narahat edir”,-deyə o, qeyd etdi.

Bəli, bu gün ölkəmizdə bu aqibəti yaşayan işçilərin sayı onminlərlədir. Az qala, hər addımda, hər sahədə onlarla üzləşirik. Amma özləri demişkən, bir tikə çörəyə görə dözməyə məcburdurlar. Nə vaxtadək dözəcəklər, nə vaxtadək belə davam edəcək, bax bunu bilmirəm. (Xəzər TV)

 

Aynur Qurbanqızıdan:

Bu yazıya bir əlavə də etmək istərdim. Azər İnşaat adlı bir tikinti şirkəti var. Burada işçilər ildə 1 dəfə maaş alır. Şəxsən buna özüm şahidəm. Və kimsə də bir söz deyə bilmir.

Maraqlıdır, görəsən Azərbaycanda niyə insanlar öz hüquqlarını tələb edə bilmirlər. Bu qədərmi yazıq millətik?

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 947
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri