Medusa

Müəllif: Narminovski
Şərhlər: 12
Baxılıb: 2 442
Səs ver:
(səs: 0)
Qədimlərdən bəri insanlıq tarixində ən qorxunc qadın fiqurlarından biri. Bəlkə də ən təhlükəlisi. Onun şəkillərini hamınız çox yaxşı tanıyırsınız: saçının hər bir teli zəhərli ilanlardan ibarət olan və birbaşa gözünə baxan hər kəsi daşa çevirən qadın. İlk öncə bildirmək istəyirəm ki, Medusa yunan mifologiyasının məhsuludur və buna görə də ilk əvvəl onun məşhur əfsanəsini nəzərinizə çatdırmaq istəyirəm:

Rəvayətə görə, antik dəniz tanrısı Phorcys  və dəniz ilahəsi olan Cetonun qızı Medusa o qədər gözəl idi ki, adanın bütün kişiləri ona aşiq olur və sahib ola bilmək üçün hər şeylərini verməyə hazır olurlar. Lakin Medusa Tanrılara yaxın ola bilmək üçün öz bəkarətini qoruyaraq Atenanın (yunan ədalət, güc, savaş və ağıl ilahəsi) məbədində xidmət etməyi seçir.

Günlər keçir, Medusanın gözəlliyinin səsi-sorağı artıq hər tərəfə yayılır və gözəl qadınların ovçusu olan dəniz tanrısı Poseidonu maraqlandırmağa başlayır. O, insan formasına girərək Atenanın məbədinə gedir və Medusanı görür. Tanrı olmağına baxmayaraq, heyvani hisslərini cilovlaya bilməyən Poseidon düz müqəddəs məbədin ortasında qızı zorlayır. Atena bu hadisəyə çox qəzəblənir. Bütün bunların hamısı Poseidonun günahı olmağına baxmayaraq, Atena Medusanı cəzalandırmağı seçir və onu gorgona, yəni ölü sifətində, qorxunc və səssiz bir canavara çevirir. Artıq Medusanın gözəl, ipək saçlarının yerində zəhərli ilanlar hərəkət edir və birbaşa gözünə baxdığı hər insan daşa çevrilir. Üstəlik, şəhərdə qalmağı təhlükəli olduğu üçün Atena onu kimsəsiz bir adaya göndərir. Amma Medusa orda tamamilə yalnız olmur, zaman keçdikcə onun başına sahib olmaq və silah kimi istifadə etmək üçün bir çox döyüşçülər həmin adaya gedib onu öldürməyə çalışır və nəticədə Medusanın ətrafına hər gün bir yeni daş heykəl əlavə olunur.

Nəhayət, baş tanrı Zeusun dünyəvi bir qadından olan oğlu Perseus böyüyür və tanrıların köməyi ilə güzgüdə əksinə baxaraq Medusanı tapır və onun başını kəsir. Ən sonda Perseus Medusanın başını köhnə evinə, Atenanın məbədinə aparır. Atena isə onun başını öz qalxanına bağlamaqla heç kimin məğlub edə bilməyəcəyi bir gücə sahib olur.

Bu mif idi, bəs bunun arxasında duran həqiqət nədir?

Susdurulmuş, hüquqları, həyatı əlindən alınmış, lakin daxilində bir baxışı ilə belə insanları daşa çevirməyi bacaran güclü bir qadın. Məncə, Medusanı anlamaq üçün onu cəzalandıran Atenanı araşdırmaq lazımdır. Atenanın anası Metis (müdriklik simvolu) lal idi. Buna görə də Atena öz səsini atasından alır. Qısacası Atenanın səsi patriarxizm tərəfindən əlindən alınır və qadın olmasına baxmayaraq, ona kişi səsi verilir. Beləliklə, Atena həmişə anasını, öz qadınlığını inkar edir və atasını, patriarxizmi qürurlandırmaq üçün yaşayırdı. Başqa sözlə desək, bir qadın cəmiyyət tərəfindən eşidilmək üçün kişi səsindən istifadə edir. Düşünürəm ki, Medusa Atenanın gizlədilmiş qadın tərəfi idi. Hətta bu tərəfindən o qədər qorxur ki, onu danışa bilməyən və kişiləri daşa çevirən bir canavar kimi düşünür. Lakin hekayənin sonunda öz qadın tərəfinə yenidən qovuşur və Medusanın başını öz qalxanına bağlamaqla, yaxud başqa sözlə desək, həyatının bir parçasına çevirməklə ikiqat daha güclü olur. Yəni bir qadın sadəcə medalyonun hər iki tərəfinə sahib olmaqla mükəmməl və güclü ola bilər.

Ziqmund Freyd "Medusanın başı” adlı məşhur əsərində bu mifoloji simvolu analiz etmişdir. O düşünür ki, Medusa əfsanəsi bir kişinin öz cinsi orqanlarının funksiyasını itirməsini, sonsuzluğu, yaxud kastrasiyanı təmsil edir. Freydə görə, Medusanın başı qadın cinsiyyət orqanının simvoludur və qeyd edir ki, anasından başqa qadın tanımamış bakir oğlan uşağı ilk dəfə cinsi əlaqədə olmağı düşündüyü an bir qadını, daha doğrusu, onun cinsiyyət orqanını görür, ona dəhşətli gəlir və homoseksuallığa can atır. Kişilərlə əlaqədə olan oğlan artıq mifdəki kimi "Medusaya baxdığı an daşa dönür”, ya da "Cinsiyyət orqanına baxdığı an sonsuz olur”, çünki bir kişi ilə əlaqədən heç vaxt çoxala bilmir. Beləliklə, Ziqmund Freyd nəzəriyyəsində fərqli bir forma alır.

Günümüzdə bəzi feministlərə görə, Medusa qadının əsəbini və üsyanını təmsil edir. Artıq sözlərin bitdiyi yerdə baxışlarını hərəkətə keçirən bu güclü qadın simvolu bəzi filosoflara görə nihilismi təmsil edir: heç bir mənası olmayan dünyanın gözlərinə birbaşa baxmağın verdiyi dəhşət.

Son olaraq qeyd etmək istəyirəm ki, hal-hazırda məşhur moda markası "Versace”, "Crooks and Castles” başda olmaqla bir çox restoran və şirkətlərin logosu kimi istifadə edilən Medusanın başı tarix boyu psixoloqların, filosofların və incəsənət xadimlərinin sevimli mövzusu olmuş, haqqında həddindən artıq fərqli fikirlər irəli sürülmüşdür. Ortaya çıxan bütün fikirlər insanları bu qədim mifi sadəcə bir əfsanə kimi dəyərləndirməyib, onu yaradan insan psixologiyasının dərinliklərinə enməyə vadar edir.
(səs: 0)
Şərhlər: 12
Baxılıb: 2 442
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri