Bakıda intimi xanım ilə bir dəfə kitabxanada - REPORTAJ

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 4 678
Səs ver:
(səs: 0)

http://imgs.su/tmp/1321953200-656.jpg


"Oxumaq heç vaxt gec deyil" prinsipi ilə yaşayanlar isə adətən həmin məkanı tez-tez ziyarət edib, qiraətlə məşğul olurlar. Jurnalist karyerama başlayandan bəri heç vaxt jurnalistika ilə bağlı kitablar oxumadığım üçün özümü qınayıb kitabxanaya getmək qərarına gəldim.

Apardığım araşdırmalar kitabxanaların sayında inkişaf olduğunu üzə çıxardı. Əgər valideynlərimizin gənclik dövründə onlar üçün kitab mənbəyi yalnız mərkəzi M.F.Axundov adına kitabxana idisə, artıq bizim zəmanəmizdə seçim genişdir. Buna baxmayaraq, "birinci, həmişə birincidir" deyib, M.F.Axundov kitabxanasına getmək qərarına gəldim.

Kitabxanın binasına yaxınlaşanda, istər-istəməz, binanın elitarlığı insanda müsbət əhval-ruhiyyə yaradır. Pilləkənləri qalxdıqca, bu məkan məni daha çox cəzb edirdi. İçəri daxil olub, qarderoba çantamı və üst geyimimi təhvil verdikdən və qeydiyyatdan keçdikdən sonra qalxdım ikinci mərtəbədəki əsas zala. Böyük zal, yüksək tavan, kitab oxuyan gənclər və kitab qoxusu insanda oxumağa meyli daha da artırırdı. Onu da qeyd edim ki, kitabxanada gənclər çox idi, baxmayaraq ki, buraya gələndə heç kəsin olmayacağını düşünürdüm. Bütün masalar dolu olmasa da, qiraətə maraq, düşündüyümdən qat-qat yüksək idi.

Lazımlı kitab siayhısını kitabxanaçı xanıma verdikdən sonra bir neçə dəqiqə gözlədim və o, istədiyim kitabları mənə təqdim etdi. Özümə yer seçib, əyləşib kitabları oxumağa başlamışdım ki, qulağıma lap astadan Shaggy-nin "intimy Lady" mahnısının səsi gəlməyə başladı. Maraqlıdır, kitabxana hara, "intimy lady" hara? Səsin haradan gəlməsi ilə maraqlandım və arxa masada cavan bir oğlanın qulaqcıqlarla musiqi dinlədiyini gördüm. Başa düşdüm ki, səsin mənbəyini tapmışam. Ancaq onun kitab oxuyan zaman niyə musiqiyə, özü də "intimy Lady" mahnısna qulaq asdığını başa düşə bilmədim...

Əldə etdiyim kitablardan birini evə aparmaq istədim, ancaq kitabxanaçı bildirdi ki, M.F.Axundov adına kitabxanadan oxucu heç bir kitabı aparıb evdə oxuya bilməz. buna baxmayaraq, mənə çıxış yolu da göstərdi: birinci mərtəbəyə düşüb, kitabın üzünü köçürə və köçürməni özün ilə apara bilərsən. Bu xəbəri eşitdikdən sonra kitabın üzünü köçürmək məqsədi ilə birinci mərtəbədə yerləşən üzköçürmə otağına üz tutdum.

Üzköçürmə xidmətinin qiyməti məni yaxşı mənada təəccübləndirdi. Çünki buradakı qiymət şəhərdəkindən 50% ucuz idi. Belə ki, şəhərdə 1 kitabın üzköçürmə məbləğinə burada ikisini köçürmək mümkündür. Ancaq bildirdilər ki, qiymət ucuz olsa da, bu, yalnız kitabxananın kitabları üçündür. Kənardan gələn kitabların üzünü heç vaxt çıxartmırıq.

İşimi bitirdikdən sonra birinci mərtəbədə bir neçə otaq qapılarının və o otaqlardan istifadə edənlərin olduğunu görüb, bir az kəşfiyyat xarakterli gəzişməyə başladım. Koridorda divarlardan asılmış tablolar çox gözəl idi. Kitab və elm məkanına incəsənət və estetika havası gətirmişdi. Tablolara baxa-baxa bir az irəli getmişdim ki, qapısının kənarına "Xarici ədəbiyyat" yazılmış otaq gördüm. İçəri daxil olduqdan və kitabxanaçı ilə söhbətdən sonra məlumat aldım ki, həmin otaq ancaq xarici ədəbiyyat və xarici dil öyrənmək istəyən gənclərə xidmət edir.

Maraq üçün bir lüğət alıb, keçdim içəri, yəni, oxucuların əyləşdiyi məkana. Burada bir oğlanla bir qız yan-yana əyləşərək qiraətlə məşğul idi. Onların "Romeo və Julyetta" əsərini qiraət edirdilər. Şirin gülüşlər, baxışmalar... oradan da uzaqlaşdım.

Otaqdan çıxanda üzbəüz qapıda "Jurnalistika" ilə bağlı yazı gördüm. Diqqətimi ilk baxışdan cəlb edən, otağa daxil olduqda həmin oxu zalının yalnız jurnalistlər üçün olduğunu başa düşdüm. Azərbaycan mətbuatında istənilən qəzet, istənilən jurnalistika ilə bağlı kitabı bu zalda tapmaq olardı. Demək olar ki, bir növ mini jurnalist google-si idi. Bir-iki jurnal götürüb, keçdim oxu zalına. Bu zalda isə oxucular heç də az deyildi və onların əksəriyyətini orta yaşlı və yaşlı insanlar təşkil edirdi. Zalda cəmi üç nəfər gənc gördüm. Maraqlıdır, artıq jurnalistikaya gənclərin marağı yoxdur, yoxsa biz oxumamış alimik? Bu sualın cavabını tapmağı oxuculara həvalə edirəm.

Zala göz gəzdirdikdən sonra keçib ən sonuncu masada əyləşdim. "Burada əsl kitabxana havası var, heç kəs söhbət etmir, "blutuzlaşan", intimi xanımları xatırlayan yoxdur, normal qirəatlə məşğul olacağam" kimi fikirlərlə üzümü sağ tərəfə çevirəndə, bir xanımın öz-özü ilə danışdığını gördüm. Başdan-ayağa qırmızı rəngdə geyinən xanıma baxanda "Dəli qirmizi sevər" deyimini xatırladım. Görəsən həqiqətən də dəli qırmızını sevir? Axı mən özüm də həmin gün qırmızı köynək geyinmişdim.

Şübhələri kənara qoyub xanımı başa düşmək üçün onunla ünsiyyət qurmaq qərarına gəldim. Önündəki kitabları oxumayıb, öz-özünə danışan xanım mən tərəfə baxanda, gülümsəyərək onunla ünsiyyət yaratmağa çalışdım, amma xanım mənə bir göz süzdürdü ki, xarici ədəbiyyat zalındakı qadın üçün darıxıb onu sevməyim gəldi lap. "Olmayacaq duaya amin deməzlər" deyib, jurnalları təhvil verərək zaldan çıxdım. Daha sonra isə oxucu biletimi təhvil alıb, kitabxana ilə müvəqqəti sağollaşdım.

Digər kitabxanalarda vəziyyətin necə olmasını öyrənmək üçün üz tutdum Xarici Dillər Universitetinin binasında fəaliyyət göstərən kitabxanaya. Orada birinci mərtəbədə İngilis, ikinci mərtəbədə isə Amerikan ədəbiyyatı zallarıdır. Kitablarla yanaşı, mərkəzlərdə filim diskləri, kompyuterlər də gənclər üçün fəaliyyət göstərir. Belə gözəl şəraitin olmasına baxmayaraq, kitabxanada çox az adam var idi. Belə ki, birinci mərtəbədə bir neçə insan olsa da ikinci mərtəbədə cəmi iki nəfər oxucu var idi, hansı ki, onlar da kompyuterlərdə vaxt keçirir, kitablarla isə ümumiyyətlə, maraqlanmırdılar. Kitabxanaçı xanım da çox ünsiyyətçil və mehriban insan idi. Dinləməyi bacarır və bacardıqca kömək etmək istəyirdi. Onunla ünsiyyətim zamanı məndə özü haqqında bu təəssüratı yaratmağı bacardı. Ondan "Evə kitab aparmaq mümkündürmü?" soruşdum. Xanım isə cavab verdi ki "Homereading" yəni ev oxusu bölməsində yerləşən kitabları aparıb oxumaq mümkündür. Bir saata yaxın orada qiraət etdikdən sonra kitabxandan bu yazını yazmaq üçün evə yollandım.

Bir dostum var, Böyük Britaniyanın Exeter universitetində təhsil alır. Ondan Exeter-də kitabxanaların vəziyyətinin, oxucuların kitab oxumağa marağının hansı səviyyədə olduğunu soruşdum və cavab aldım ki, "Burada vəziyyət çox yaxşıdır. İstər kitabxananın xidmət səviyyəsi, istərsə də oxucuların kitabxanalara marağı tam qane edir. Kitabları aparıb evdə oxumaq da mümkündür. Qiyməti də çox ucuzdur. Mən bir kitabı aparıb bir ay saxladım, əvəzində isə bizim pulla cəmi 5 manat ödədim" - dostum dedi.

Kitab, bilik və intellekt mənbəyidir. Yaşından və cinsindən asılı olmayaraq, hər bir oxucumuza internetlə yanaşı, real qirəatlə də məşğul olmaq arzusu ilə...

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 4 678
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri