Ən uzunömürlü hədiyyə

Müəllif: tek umidim sen
Şərhlər: 6
Baxılıb: 2 713
Səs ver:
(səs: 3)
Dənizi verdim ki, sənə hədiyyə,
Gəldiyin sahilə gələsən bir də.
Məni görməyəndə o, mənəm deyə
Mənimlə danışıb güləsən bir də. ( N. Xəzri)

Artıq qırx beş yaşı vardı. İllər necə də sürətlə ötüb keçmişdir. Heç xəbəri olmamışdı. Zaman axıb keçir, qalan ancaq xatirələrdir. Bu şeir də, özündə böyük bir xatirəni yaşadır.

Görüşdükləri o gün. O gün… Dənizin sahili… Mənalı, sözlə dolu baxışlar. Nə qədər baxışmışdılar onda, heç özləri də bilmirdi. Dil susmuşdu, baxışlarsa doymaq bilmirdi sözlərdən, eləcə ürəklərini boşaldırdılar. Birdən astadan o, səsləndi:

 — Sənə dənizi hədiyyə edirəm!

— Nəyi? — Qız xəfifcə gülümsədi, dənizin ilıq nəfəsi pərişan saçlarını oxşadı, bu onu necə də cazibədar edirdi — Dənizi?- O, heç nə anlamayıb, eşitdiklərinə şübhəli tərzdə, dənizə baxdı. Külək əsməyə davam edirdi, sanki onu qucaqlayırmış kimi.

— Demək dənizi!? — bu dəfə təsdiqləyici sual idi. Fikrini toplayıb, nəyisə anlayırmış kimi.

O, da cavabında gülümsəyərək başını yellədi, təsdiq əlaməti olaraq .

Qız da gülümsədi:

-Dənizi necə hədiyyə verirsən ki? O ki sənə aid deyil. O hamınındır, onu hədiyyə etmək olmur.

— Olur. Mən sənə dənizi hədiyyə edirəm. Bax belə verdim getdi. Olanda olur.

Qız heç nə anlamadı. Ancaq şübhəli baxışlarla ona baxdı:

 — Olsun ,- deyə səsləndi.

Hələ onda, o gün onun gözlərindəki ağrını, həsrəti, qəlbini deşən kədəri, acizliyi, çarəsizliyi oxuya bilsə də, onları bir -biri ilə, xüsusən bunların ona hədiyyə olunan dənizlə əlaqəsini anlaya bilməmişdi. İllər ötmüş, indi anlamışdı o hədiyyənin hikmətini...indi iyirmi altı il sonra… O vaxt o sözlər, o hisslər ona anlamsız gəlmişdi.

" Sənə hər şeyimi verərəm" — deyəndə, oğlan " Nəyin var ki, verəsən!? " — deyə gülmüşdü ona. Bu onun üçün gözlənilməz cavab idi. Qulaqlarına inanmamışdı, çox pis təsir etmişdi. Təbii ki, bunu bildirməməyə çalışmışdı, amma keçirdiyi hissləri indi də unutmamışdı. Qəlbinə toxunmuş bu sözləri hələ də unutmamışdı. Bəlkə də, düşüncəsizlikdən, bilərəkdən belə deməmişdi, amma illər keçmiş bu sözün qəlbinə vurduğu yara sağalmaq bilmirdi. Hər gün, demək olar ki, hər gün o sözləri deyən səs onun beynini deşirdi. " Nəyin var ki, verəsən!?" — Nəyim var?… bəlkə də haqlı idi. Hər şeyi atasına, anasına, bacısı, qardaşına, bir sözlə, ailəsinə məxsus idi, əgər ev, maşın, mülk nəzərdə tutulubsa. On doqquz yaşlı qızın saf, təmiz ürəyindən başqa nəyi ola bilərdi ki? Onun özü belə ailəsinə məxsus idi. Ona məxsus ancaq ürəyi, canı, həyatı ola bilərdi, bunlar da sevdiyinə azmı görünürdü, yoxsa, ümumiyyətlə,  heç nə demək deyildi? «Nəyin var ki!?» — deyəndə, o gözləmədiyi insandan gözləmədiyi cavabı eşitmişdi, həmin anda o qədər qəribə hisslər yaşamışdı ki, bilmirdi ölüdür, ya diri. Bilmirdi ki, bu an ömrü boyu onu sızladacaq. " Nəyim var !" — deyə öz — özünə pıçıldadı — «Səni sevən ürəyim var və sən bunu heç vaxt bilmədin, bəlkə də, fərqinə varmadın. Bəlkə, bu sənin üçün heç nə ifadə etmirmış demək...» Onların yolları qovuşmadı. Səssizcə ayrıldılar. Qovuşmaq üçün heç nə etmədilər. Ayrıldıqlarını gördükdə də, nəsə etməyə çalışmadılar, sakitcə ayrıldılar. Elə bil heç nə olmamışdı, heç nə yaşanmamışdı, kinsiz- küdurətsiz ayrıldılar eləcə. İçindəki «mən»ləri «biz» olmamış ayrıldılar. Keçirdikləri xoş hisslərə, xoş anlara görə bir- birilərinə nifrət etmədən, heç kimi günahlandırmadan ayrıldılar. Ayrılanda da, nə vaxtsa bir- birilərini xatırlayacaqlarını düşünmədilər, hisslərini ciddiyə almadılar. Sadəcə bir- birini buraxdılar. Vaxt yetişdi, məqam gəldi. O, həmin sahilə gəldi. Çox darıxmışdı onun üçün. Dənizə baxdı, elə hey baxdı. İndi anlamışdı o sözün hikmətini, indi anlamışdı o hədiyyənin dəyərini. "Ən uzunömürlü hədiyyə imiş bu. Məndən sonra da yaşayacaq...Axı kim demiş ki, hədiyyə ancaq birinə məxsus olmalı? Dəniz ancaq mənim olmalı? O, hamınındır, hər kəsindir, mənimdir!" — deyə düşündü. Dənizə baxıb o günləri xatırladı, o günləri andı. Dəniz ləpələrinin pıçıltısını dinlədi. Doyunca dərdləşdi dənizlə. heç vaxt görə bilməyəcəyi, görməsi yasaq birisi ilə... Gözlərini yumdu, dənizi duya — duya o şeiri pıçıldadı:

Dənizi verdim ki, sənə hədiyyə,
Gəldiyin sahilə gələsən bir də.
Məni görməyincə, o mənəm deyə
Mənimlə danışıb güləsən bir də...
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 2 713
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri