Süfrəniz sevgi sərgisi olsun!

Müəllif: Qlamurr
Şərhlər: 4
Baxılıb: 2 846
Səs ver:
(səs: 3)
Yemək insanın təməl ehtiyacıdır.
 
Bəxtəvər o insanların başına ki, bu ehtiyacı belə sevgiyə, səmimiyyətə çevirə bilirlər. Ailə süfrə başına təkcə ona görə yığışmır ki, zəruri yemək ehtiyacını həll edir, həm də ona görə yığışır ki, bir-birinin üzünə təbəssümlə baxıb, hal-əhval tutur, qarşılıqlı sevgini, səmimiyyəti nümayiş etdirmək üçün fürsət axtarır. Süfrə, sadəcə, Allahın verdiyi nemətlərin sərgisi deyil, həm də sevginin, səmimiyyətin, doğmalığın ehtişamıdır. Şərt deyil ki, hər cür naz-nemət düzülmüş olsun, əsas odur ki, dillərdən şükür ifadəsi dalğa-dalğa yüksəlsin, ən ucuz nemətləri belə sevgi mətbəxindən keçirərək ortaya çıxarsınlar və könüllərin məmnunluğu üzlərə, dillərə, əllərə sirayət eləsin. Yeri gəlmişkən, onu da xatırladaq ki, əsl nemət o deyil ki, süfrəni doldursun; əsl nemət odur ki, önünə gələn hər şeyi könül xoşluğu ilə yeyə biləsən.
 
Ailə - sevginin, səmimiyyətin, qayğıların, ağrıların paylaşıldığı müəssisədir. Bir-birini sevən insanlar sevinci, sevgini paylaşaraq çoxaldır, ağrıları bölüşərək azaldırlar bu müəssisədə. Ailə - əslində fərqli dünyaların bir yuvada bir dünyaya çevrilməsidir, ürəklərin eyni ritmlə döyünməsi, üzlərin eyni təbəssümlə işıqlanmasıdır. İnsanların bir-birinə sevgi telləri ilə bağlanmasıdır, bir-biri üçün darıxması, hər fədakarlığa hazır olmasıdır ailə. İnsan ictimai varlıqdır. Hər birimiz ətrafımızda kimlərinsə qayğısına, şəfqətinə, sevgisinə möhtacıq. Ağrıyanda, xəstələnəndə, ya hansısa məsələdə dara düşəndə kömək gözləyirik, yardım, təsəlli umuruq. Bütün bu ehtiyacların ən təmənnasız və ən gözəl şəkildə yerinə yetirildiyi ünvandır ailə. Ona görə də ailə qurmaqda əsas məqsəd nəslin davamı olmaqla yanaşı, həm də insanların xoşbəxtliyinin, rahatlığının, ehtiyac duyduqlarını qarşı tərəfdən alaraq təmin olunmasıdır. Xoşbəxt ailə qurmağın təməli fərdlərin öz vəzifələrini bilməsində və onu qəbul etməsindədir. Yəni qadın da, kişi də hansı şərtlərlə və kiminlə ömür-gün yoldaşı olacağını irəlicədən götür-qoy etməlidir. "Xasiyyətimiz tutmadı”, "biz ayrı-ayrı dünyanın adamlarıyıq” kimi ifadələr sonradan uydurulan əsassız ittihamlardan, yalandan başqa bir şey deyil. Allah bizə ağıl verib və Quranda da dönə-dönə buyurulur ki, bir qərar qəbul etməzdən əvvəl ciddi-ciddi düşünək və ən doğru variantı seçək.
 
Yəni təməl sağlam olmalıdır. Bundan sonra isə gənc ailənin fərdləri daha çox bir-birinə anlayışla yanaşmağı öyrənməli, qarşı tərəfin hər əməlində qüsur axtarmamalıdır. Tərəflər bir-birinin qüsurlarını bağışlamağı və bağışlayarkən də qüsurları aradan qaldırmağı öyrənməlidir. Ailənin möhkəmliyi üçün həya və qarşılıqlı hörmət vazkeçilməz ünsürlərdir. Ona görə də böyüklərimiz yeni ailələri ən azı 3-5 il qaynana, qaynata yanında saxlamağa üstünlük verirlər. Bu müddətdə gənc ailənin fərdləri həm bir-birinə isinişir, həm də doğulan körpələr nənə-baba nəvazişi ilə böyüyürlər. Bir də onu unutmayaq ki, ən qalın pərdə ən yaxın insanlar arasında olmalıdır ki, hər şeyin təravəti, gözəlliyi qısa müddətdə sovrulub getməsin və ondan sonra bir-birinin gözünə baxmaq tərəflər üçün iztiraba çevrilməsin.
 
Ailə fərdlərinin bir-birinə ən yaxın, ən səmimi ünvanı elə süfrə başıdır. Hər kəs öz yerini tutur, hər kəs bir-birinin çöhrəsinə təbəssümlə baxır, kefini soruşur, işi-gücü ilə maraqlanır. Süfrə təkcə maddi nemətlərin deyil, həm də sevgilərin, qayğıların paylaşıldığı yerdir. İnsanlar bir-birinə dəstək olurlar, ürək-dirək verirlər süfrə başında. Ona görə də hələ qədimdən bəri ailənin süfrə başında toplaşması çox mühüm vəzifələrdən biri kimi qəbul edilib. Bəzən kimsə gecikir və ailə onu gözləmək üçün yeməyi bir qədər təxirə salır. Ona görə də hər kəs zamanında süfrə başında olmağa çalışır. Harada olsan, bilirsən ki, indi evdə hər kəs cəm olub sənin gəlişini gözləyir. Bu duyğu, yəni bir yuvada hər kəsin sənə dəyər verməsi istər-istəməz insanda sevgi rüşeymləri göyərdir, səni doğmalarına daha yaxından bağlayır. Demək, süfrə həm də ailənin hər hansı fərdə dəyər verməsinin təsdiq olunduğu yerdir.
 
Ana hər kəsin yeməyini çəkir, sonra övladların, ailə başçısının yeməyinə diqqət edir, kimsə könülsüz, iştahsız yeyirsə, onunla maraqlanır. Əslində burada hər kəs bir-birinin ovqatını test edir sanki. Kimin kefi yoxsa, iştahsız yeyir və yaxınları da o andaca onun qayğılarını, dərdlərini paylaşmaq üçün yarışa girirlər. Ən çox da uşaqlardan dərslərin necə getdiyini soruşurlar, çətinlik olub-olmadığı sual olunar. Süfrə başında əsəbləşməzlər, süfrə başında hər kəs həlim davranar, kimin nə xətası olur-olsun, hər kəs, ən azı, süfrədəki nemət xatirinə onun qəlbini qırmaz, çətinliklərini aradan qaldırmaq üçün öz yardımını təklif edər.
 
İnsanı ən çox üzən, sarsıdan duyğulardan biri sahibsizlik hissidir, biganəlikdir, yəni halın necə olur-olsun, kimsə səninlə maraqlanmır, kimsə yardım əlini uzatmır, dönüb halını belə soruşmur... Ailə - insanın bu durumdan qurtulmasının qarantıdır.
 
"Zaman Azərbaycan"
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 2 846
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri