Evli qadını sevmək

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 4 092
Səs ver:
(səs: 0)

http://imgs.su/tmp/2012-01-24/1327394414-435.jpg

Qan Turalı yazır...


Sən evli bir qadını sevdinmi, heç?

İkiniz də adilikdən bezmişdiniz, sizi yer yox, göy maraqlandırırdı,

İkiniz də yorulmuşdunuz yaşamaqdan...

İkiniz də fərqli bir şeylər istəyirdiniz və buna görə də sizə maraqla baxan gözlərə təbəssümlə güldünüz.

Və roman başladı!!!

İndi romanın bitdiyini hiss edəndə düşünürsən ki, bu romana başlamaq lazım idimi?

Amma bu sənin iradəndən kənardaydı, hətta onun üstündəydi.

Səndən soruşmamışdılar, amma sənin buna ehtiyacın vardı.

Susuzluqdan yanan bir adama "su istəyirsən" deməzlər ki...

O adam kimi qadını çəkdin başına...

Sərxoş etdi səni...

Sərxoş havayla sevdin.

Amma əngəllərin çox idi.

Maneələrin hədsiz idi.

İstədiyin zaman zəng vura bilməzdim.

Sən heç zaman zəng vura bilməzdin.

O zəng vuracaqdı ancaq.

Axşamlar onu arzulayırdın, onunla birgə filmə baxmaq, yemək yemək istəyirdin.

Bir dəfə, cəmi bir dəfə gecəni onunla yatıb, səhər onunla oyanmaq istəyirdin.

Onunla üzbəüz oturub söhbət etmək istəyirdin.

Amma o hardaydı?

Sən onu düşünə-düşünə kədərli mahnılara qulaq asanda o uşaqlarına layla deyirdi, şəksiz ki, bu laylalar sənin mahnılarından az kədərli deyildi.

Ərinin qulluğundaydı, onun yatağındaydı, onun yanındaydı.

Sən qısqanırdın dəlicəsinə, içini yeyirdin, çox içəndə ağlayırdın, amma ona heç nə demirdin.

Amma heç bir şey dəyişmirdi.

Nə səndə onunla evlənəsi cəsarət vardı, nə də onda boşanacaq qədər qətiyyət.

Yükün çox, fərəhin yox idi.

Ancaq sən anlaya bilərdin bir nömrəni yüz dəfə yığıb "Yes"ə basmamağın əziyyətini.

Ancaq sən gecənin kədərini yaza bilərdin.

Buna görə də yazdığın hekayələrdə bütün faciələr ancaq gecələr baş verirdi, səhər açılan kimi mələklər yerə enirdi, sülh bərpa olurdu.

O da sənin evinə səhərlər gəlirdi.

Amma sən dözməliydin gecələrə.

Tale sənin fövqündəydi, sən qatlaşmalı idin.

Arzuların göyə asılmışdı, əlin çatmırdı və bir himə bənd idi, yerə düşüb çilik-çilik olacaqdı, dodaqlarını qanadacaqdı.

Bircə dəfə də şəhərdə yanaşı gəzməmişdiniz, halbuki çox arzulamışdın.

Bircə dəfə də kinoteatra getməmişdiniz, qaranlıqda onun əlini tutmağı çox arzulayırdın.

Sənin ən gözəl günlərində yanında olmamışdı, ola bilməmişdi, kədərli və uzun bir mesaj yazmışdı.

Yazdığın dramın premyerasına gələ bilməmişdi, qüssəli səsiylə "bizim dramımızı yazanda mütləq gələcəm" demişdi.

Sonra zəng vurub ağlamışdı, qəzetdəki şəkillərinə baxıb təsəlli tapmışdı.

Səni çox sevmişdi.

Amma bilirdiniz ki, bu gözəl oyun bir gün başa çatacaq.

Evində ona verdiyin, özüylə apara bilmədiyi güllərin solması kimi başa çatacaqdı.

Ona aldığın və yenə də ancaq sənin yanında geydiyi köynəyin tiftiklənməsi kimi...

Ona verdiyin hədiyyələri sənin iş otağının bir küncünə yığırdı və bir gün hər şey bitəcəkdi, o küncə başqa bir qadının əli dəyəcəkdi və o qadın bu qəribə künc, bu ev muzeyi haqda soruşacaqdı.

Sən də rəfdən Orxan Pamukun "Masumiyet muzey"ini götürəcək, hədiyyələrin üstünə qoyacaq və bura mənim "Günah muzeyimdi" deyib səbəbsizcəsinə gülümsəyəcək, sonra iz azdırırmışcasına saatı soruşacaqdın.

Saatın nə fərqi vardı ki?

Zaman dayanmışdı.

Sonuncu hədiyyədən cəmi bir saat sonra zaman dayanmışdı.
Muzey son eksponatını qəbul edib dayanmışdı, ölüm kağızıydı o DVD muzey üçün, o film hər şeyi bitirmişdi.

Axşam baxmışdın o filmə.

Təsadüfən çıxmışdı o film qarşına, ilk beş dəqiqədən qapamışdı səni özünə.

"Kiçik uşaqlar" filmiydi, Keyt Uinslett baş rolda oynayırdı, o evliydi, amma evli bir kişini sevirdi.

Lap əvvəldən ürəyində tutmuşdun ki, o Patrik Vilsonla xoşbəxt olsa, siz də xoşbəxt olacaqsınız.

Əslində hər şeyi hesablayıb qərar vermişdilər, sən sevinirdin, amerikan filmlərinin "Happy end"lə başa çatdığını da bilirdin, onların vüsalını öz vüsalın kimi gözləyirdin.

Bir azdan görüşüb qaçacaqdılar uzaqlara, xoşbəxt olacaqdılar.
Onlarınkı alınmadı, axmaq bir səbəb idi, yazmağa belə dəyməzdi.

Görünür, onların "Happy end"i qadının ərinin yanında qalmasıydı, Patrikin oğluna atalıq etməsiydi, amma iki bədənin qovuşması, iki ruhun danışması deyildi.

Və bir gün...

Sən ona dünyanın ən murdar sözlərini dedin.

"Fahişə" dedin, "sevmədiyin adamla yatan" adam dedin, "əxlaqsız" dedin, "məni məhv edirsən" dedin.

Əriylə yatdığına görə fahişə adlandırılan ilk qadın idi o, amma susurdu.

Sadəcə, dizlərini qucaqlayıb ağladı, ağladı və sənin susmağını gözlədi.

Sən susmadın.

Sifətinə baxırdı yenə də, bircə təbəssümlə boynuna atılmağa hazır idi o alçaltdığın qadın.

O paltarını geyindi və getdi.

Bir daha qayıtmadı.

Sən isə hələ də sənə maraqla baxanlara təbəssüm yollayırsan...

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 4 092
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri