Qadınla ölçülən kişilik (ARAŞDIRMA)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 182
Səs ver:
(səs: 2)

http://imgs.su/tmp/2012-01-28/1327731062-435.jpg

Namus ləkəsini qanla yumaq" bu gün üçün köhnəlmiş mexanizmdir

Azərbaycan reallığında kişinin şərəfinin ona yaxın və doğma olan qadınların adı ilə ölçülməsi heç kimə sirr deyil. Ona görə də, Azərbaycan kişisi üzərində adı olan qadınları həmişə sərt nəzarətdə saxlamağa çalışır. İlk növbədə, öz adını qorumağa çalışdığı üçün. Nə dərəcədə doğrudur bu düşüncə tərzi? Milli mentalitetdə "kişilik meyarı"nın əsasən qadınla ölçülməsi haqlı yanaşmadırmı? Cinsiyyət, güclü qol, kəsərli söz, vəzifə, ad-san, var-dövlətdirmi kişilik vahidi, ya qeyrət, şərəf, ləyaqət, mərdlik, cəsarət, yoxsa qadın? Bu və bu kimi suallara cavab tapmağa çalışacağıq.

Kişilik nədir?

Sosial psixoloq Naib Niftəliyev məsələyə münasibətini bildirdi. Onun fikrincə, qeyrət, namus, kişilik anlayışları, ilk növbədə, hər kəsin şəxsiyyəti, mənlik duyğusu, özünü və başqalarını necə qiymətləndirməsi, özünəhörmət səviyyəsi ilə bağlıdır: "Bu mənada, hər üç anlayış məna və məzmunca çox yaxın olsa da, onları eyniləşdirmək doğru deyil. Belə ki, qeyrət hissi, qeyrətlilik, həm fərdi, həm də ictimai anlayışdır. İnsan qeyrətli ola, ailəsinin, yaşadığı kəndin, şəhərin, mənsub olduğu millətin, vətəndaşı olduğu dövlətin təəssübünü çəkə, onlara qarşı yönələn hər hansı xoşagəlməz hərəkətə ciddi, sərt, barışmaz formada, ağır emosional halətlə, duyğusal şəkildə reaksiya göstərə bilər. Bu, onun həqiqətən qeyrətli olduğunu sübut edir. Sözsüz ki, qeyrətli adamların əksəriyyəti həm də yetərincə namuslu olur. Lakin namus duyğusu, namusluluq qeyrətliliklə kəsişsə də, daha çox şəxsi hissdir, mənəvi-psixoloji baxımdan özünüifadə tərzi, etik müstəvidə isə həm də vicdanlılıq kateqoriyası ilə əlaqədardır. Namuslu insan həm özünün, ailəsinin, həm başqalarının izzətini, şərəfini gözləyir, bu səbəbdən, işində, əməlində, fəaliyyətində də vicdanlı, insaflı, diqqətli, həssas olmağa səy göstərir". Həmsöhbətimiz bildirir ki, kişilik isə insanların təbii cins-yaş xüsusiyyətlərindən irəli gələn, əsrlər boyu formalaşıb möhkəmlənən, mövcud adət-ənənələrin təsiri ilə streotipləşən, bilavasitə kişilərə aid edilən mənlik obrazıdır: "Əsl, ləyaqətli kişi həm qeyrətli, həm də namuslu olmalıdır. Əgər o bir kişi kimi, qeyrətlilik göstərir, amma namus anlayışına ciddi diqqət yetirmirsə, onda onun əxlaqi davranışında, eləcə də ailəsində, anası, bacısı, qızı, tanıdığı və tanımadığı başqa xanımlar qarşısında özünü ifadə etməsində həmişə bir natamamlıq, boşluq olacaq. Əksinə, namus kateqoriyası önə, qeyrətlilik isə arxa plana keçirsə, onda bu insan ictimaiyyət üçün faydalı və dəyərli ola bilməyəcək, ailəsindən, yaxın ətrafından kənarda hər kəsə yad, bir qədər yuxarıdan aşağı baxdığı üçün, eyni zamanda, onun namusluluqla bağlı fikirləri də dolaşıq, mürəkkəb, ziddiyyətli olacaq".

Qadın əxlaqsızdırsa, cavabdeh kişidirmi?

Psixoloq qeyd edir ki, kişinin qeyrətinin, namusunun qadınla ölçülməsində müəyyən qədər həqiqət payı var: "Lakin bu heç də o demək deyil ki, hər hansı kişinin həyat yoldaşı, qızı, bacısı, digər xanım qohumu əxlaqsızlıq, namussuzluq edirsə, burada birmənalı şəkildə həmin kişi özü günahkardır və ya onun kişiliyi yoxdur. Bu, yanlış, məhdud, qeyri-real təsəvvürlərin formalaşdırdığı bir düşüncədir. Bəzən kişi nə qədər qeyrətli, namuslu, ləyaqətli olsa belə, xəyanətlə üzləşir, ailəsində yoldaşının, qızının, bacısının onun etibarından və ya halallıqla gündəlik çörəyini, ruzusunu qazanmağa başının qarışmasından sui-istifadə etməsindən xəbəri olmur. Xəbər tutanda isə belə insanlar məhz qeyrətləri, kişilikləri, ləyaqət hissini uca tutmaları səbəbindən sarsılır, affekt vəziyyətinə düşür, çox gözlənilməz hərəkətlər edirlər. Eləsi olur ki, silaha əl atıb namussuzluq, əxlaqsızlıq edən, onun ailə üzvü sayılan xanımı öldürür, bəziləri isə inamının sarsılması müqabilində bununla da kifayətlənmir, yaşamağı özünə ar bilib intihar edir". Müsahibimizin bildirdiynə görə, ən faciəli məqamlardan biri də budur ki, əxlaqsızlığın dəb olduğu məkanlarda və məqamlarda bu insanlar həm qeyrətli, namuslu olmalarına, nə qədər təəccüblü görünsə də, həm də belə məqamlarda müvafiq halların qarşısını ala bilmədiklərinə görə məzəmmət, ittiham edirlər. Bütün bunların izahı çox sadədir: insanlar üçün çox vaxt səbəb, mahiyyət deyil, təzahür, görüntü, nəticə əhəmiyyət kəsb edir: "Doğrudur, bəzən elə "kişilər" tapılır ki, özünün, ailəsinin, hətta yaşadığı, mənsub olduğu elin, ölkənin adını batırır. Belələri nə ana, nə bacı, nə qız, nə də doğma, yad tanıyır. Şəhvani hisslərin, əslində heyvanlara aid edilən vəhşi ehtirasın, bəsit, tragikomik həzz duyğusunun əsirinə çevrilən belə "kişilər"in kişiliyi doğrudan da yox səviyyəsindədir. Belələri təkcə onlara yad sayılan xanımları deyil, öz ailə üzvlərini, yaxınlarını, qohumlarını, doğmalarını da ar bilmədən, utanıb çəkinmədən namussuzluğa, əxlaqsızlıca təhrik edir. Bir qədər təzadlı görünsə də, həmişə həm müsbət, həm də mənfi mənada ifrat təmayüllər (nə qədər yanlış olsa belə) ictimai şüura daha fəal şəkildə nüfuz edir, real məzmun, mahiyyət kəsb etməyən, müəyyən mənada psixoloji sirayət yolu ilə formalaşan məhdud düşüncə tərzinin daşıyıcısına çevrilir. Sözüsüz ki, bu cür yanaşma tərzi sağlam, məsuliyyətli, açıq, mütərəqqi xarakterli düşüncənin formalaşması qarşısında kiçik də olsa, baryerdir. İstənilən halda bu cür baryerləri aşıb keçmək, belə yanlış təsəvvürlərdən uzaq olmaq lazımdır".

Vəhşi cəzalara ehtiyac varmı?

Fəlsəfə elmləri doktoru, professor Niyazi Mehdiyevin fikirlərinə əsasən, mədəniyyət öz üzərinə nəyisə önəmli məqsəd kimi götürəndə bu məqsədi gerçəkləşdirmək üçün dürlü zorunlayıcı araclar, yəni mexanizmlər də verir. Həmin aracların bəzilərinin arxasında qanunlar, uyğun olaraq cərimələr, dustaqlamalar durur. Məsələn, Sinqapurda səliqəsinə, intizamına görə çağdaş toplum yaratmaq istəyəndə saqqızı yerə atmaq üstünə min dollaracan cərimə kəsdilər və bu, sinqapurluları xeyli səliqəli etdi. Başqa cəza sistemi Çində tapılmışdı. Əski dönmələrdə İmperatora üzü dönük çıxanların təkcə özlərini yox, bütün qohum-əqrəbasını cəzalandırırdılar. Bu vəhşi cəzanın zərif variantı Stalin rejimində də vardı. Demokratik ölkələrdə isə bilirsiniz ki, başqa prinsip işləyir: "oğul ataya, ata oğula görə cavabdeh deyil".

Mədəniyyətlərdə təkcə cəza hansısa amacları gerçəkləşdirən mexanizm deyil. Mexanizm davranış dəbləri də ola bilər. Məsələn, Britaniyada "centlmən" ideyası kişilər üçün elə bir dəb yaratdı ki, centlmən kimi görünmək istəyən kişi hətta səhər yeməyinə gələndə də üzü qırxılı çıxdı.

Qadın ləkəsinin kişiyə düşmə qaydası

Filosof bildirir ki, yəni "ayağısürüşkən" bacının ləkəsinin qardaşa, ataya düşməsi qaydası Çindəki cəza mexanizminə çox oxşayır: "Birinin pis sayılan davranışına görə qardaşı, atanı cəzalandırmaq... Hələ onu demirəm ki, qıza görə məsuliyyət bütün məhləyə də yayıla bilər. O zaman məhlənin kişiləri hansısa qıza görə özlərini ləkəli saya bilərlər. Siz yaxşı bilirsiniz ki, mədəniyyətdə sistem elə qurulub ki, belə ləkələr yuyulmaz sayılmır. Sayılır ki, ləkəni həmin qızı öldürməklə yumaq olar. Əgər ləkə yuyulmaz sayılsaydı, yəqin çoxları qan tökməzdi, yalnız affekt vəziyyətinə düşmüş əlini bıçağa atardı. "Ləkəni qanla yumaq olar" prinsipi isə bir çoxlarını zorunlayır ki, istəməyə-istəməyə qızı öldürsünlər və ya öldürməyə çağırsınlar".

Müsahibimiz qeyd edir ki, namus ləkəsinin qardaşa, ataya, qohumlara düşməsi və qanla yuyulması o cəza mexanizmi idi ki, kişi və qadınları patriarxal mədəniyyəti saxlamağa zorunlayırdı: "Haçansa tarixdə patriarxallıq qaçılmaz və zəruri mədəniyyət mərhələsi olub. Deməli, patriarxallığı saxlamağa qulluq edən mexanizmləri də bu yöndən dəyərləndirmək olar.
Ancaq indi biz, artıq, patriarxal mədəniyyəti qarşıya məqsəd qoymuruqsa, "namus ləkəsinin qardaşa, ataya, qohumlara düşməsi və qanla yuyulması" da mexanizm kimi gərəksiz olur. Paslanmış silah kimi, köhnə traktor kimi".

Onun fikrincə, bizdə patriarxallığı yüksək tutan adamlar az deyil: "Onlar eşidəndə ki, kişi zina etmiş arvadını uşaqları ilə birlikdə yandırır, haradasa gizli bir məmnunluq duyur. Ancaq biz kinomuzun, idmanımızın, musiqi sənətimizin və s. çağdaş dünya səviyyəsinə üz tutub dəyişməsini istəyiriksə, ya da, sadəcə, geniş ürəkli insan olmaq istəyiriksə, qadınların, qızların azadlığını, özgürlüyünü də istəməliyik. Bu özgürlük gələndə, sözsüz, qızlar keçmiş namus qəliblərinə sığmırlar. Onda, deməli, həmin qəlibləri genişləndirməliyik. O qəliblərin genişlənməsi hətta Avropa anlamında da pozğunluğa gətirib çıxarırsa, dövlət yumşaq vasitələri verən proqramlara əl atmalıdır ki, pozğunluğun məkanı daralsın. Məsələn, fahişəlik edən qadının bəhanəsi qalmasın ki, ac uşağıma, xəstə anama görə bu yolu tuturam".

Fahişəlik kasıba aiddir?

"Bu, ciddi bir məsələdir və adətən xalqın fəqir-füqəra təbəqəsinə şamildir ki, onlar sosial çətinlikdən cana gəlib bir parça çörək qazanmaq üçün bu yola baş vurmasınlar"- bu sözləri isə Turan Mənəvi Birliyinin sədri siyasətçi Rafiq Turabxanoğlu deyir. Onun fikrincə, sosial təminatı olanların fahişəliyə ehtiyacı olmur: "Fikir versəniz, həmişə o fahişələr fahişə kimi müzakirə edilir ki, onlar bundan bir biznes kimi yararlanırlar. Dünya elə qurulub ki, kefi yalnız imkanlı adamlar görə bilər. Kasıb-kusub bu bazara girərsə, onu daş-qalaq etmək şəraiti yaradarlar. Bir daha qeyd edirəm, bunlar sosial imkansızlığın meydana gətirdiyi anlayışlardı və dünyada kişiliyin ölçü vahidlərini anladıqca görürsən ki, əslində başqa meyarlardır". Həmsöhbətimizin sözlərinə görə, bundan danışmağın özü bu gün primitivlik əlamətidir: "Yəni cəmiyyətin bu yolla biri-birinə düşmən edilməsinə çoxluğun ehtiyacı yoxdur. Kişilik bu gün mənsub olduğun xalqın kosmosda fəaliyyətindən tutmuş sivil dünyanin aparıcı xalqları sırasında xalqını görə bilmək fədəkarlığıdır. Bu gün xalqın bu müstəvidə yoxsa, sən nə kişilikdən danışırsan?! Bioloji tələbləri ödəmək bu gün problem olmadığından məişət istəkləri cərgəsində ilişib qalıb. Məsələn, xəncər, bıçaq, ox, kaman, qılınc, qalxan, at...Bəli, bu məişət tələbləri ilə kişiliyini qorumalıdır da. Bu günün tələblərində axtarmaq lazımdır kişiliyi. Yəni psixoloji baxımdan bu belədir".


Sevinc Fədai

(səs: 2)
Şərhlər: 1
Baxılıb: 2 182
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri