Qaqa, bu neçiyə çıxır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 819
Səs ver:
(səs: 2)

http://imgs.su/tmp/2012-01-29/1327853073-872.jpg


Ad günümə az qalmışdı. Sevgilim zəng edib görüşmək istədiyini dedi. Görüşəndə bəlli oldu ki, mənə nəsə sürprizi var.

Ad günüm üçün aldığı hədiyyəni əvvəlcədən təqdim etdi. Hədiyyə nəydi? Çoxdan həsrətində olduğum və almaq istədiyim iPad. iPadı alıb əvəzində onu çoxluca öpdüm. Təşəkkür elədim. Mənim üçün göydəndüşmə hədiyyə oldu. Həqiqətən də indiyə kimi belə ürəyimə yatan hədiyyə almamışdım.

Ayrılıb evə yollandım. Sevincimdən uçurdum. Evə çatan kimi iPadın proqramını yazmaq üçün qutusundan çıxardım.

Texnikaya, ədəbiyyata və mədəniyyətə tamamilə biganə olan riyaziyyat müəllimi anam soruşdu: "Bu nədi belə? Evdə bu qədər kompüter bəs eləmirdi sizə?"

Dedim, bu iPad-dir. Kompüterlərin təzə nəslidi. Anam dedi, nəsli kəsilsin bu kompüterlərin!

Anamın, ümumiyyətlə, mədəniyyətə, incəsənətə yanaşması maraqlıdı. Bu yaxınlarda evə bir tablo gətirdim. İstedadlı və tanınmış rəssam dostum hədiyyə etmişdi. Tablonu divardan asmaq istəyirdim. Anam dedi ki, bu nədi belə, elə bil uşaq çəkib. Dedim, bunun janrı belədir. Bu stildə çəkən dünya şöhrətli rəssamlar var. Anamı inandırmaq üçün Van Qoqun Google-dan bir əsərini tapıb göstərdim. Anam bir az baxdı, baxdı və dedi: "Elə bu da onun tayıdı". Onun dediklərini atam da təsdiqlədi.

Nə isə. Qayıdaq iPad-ə. (Yeri gəlmişkən, bu "ay pəd" kimi oxunur).

iPadı qoşdum kompüterə. Gözlədim, proqramı yazılsın.

Ədəbiyyata, mədəniyyətə, texnikaya, ümumiyyətlə, həyata biganə riyaziyyat müəllimi atam gəldi. Otağıma girib iPadı götürüb o tərəf-bu tərəfinə baxdı. Heç zad soruşmadı. Mən də heç zad demədim.

Əvvəlcə bu iPadı evdən eşiyə çıxarmadım. Çünki qorxurdum küçədə əlimdən alıb qaçalar. Ucuz şey də deyil ki, gedib təzəsin alasan.

Danışdıqlarım ötən ilin yayında olub. Həmin vaxt bizim mobil operatorlarda 3G deyilən sistem hələ tam oturuşmamışdı. 3-4 ay keçdi, artıq 3G işə düşəndən sonra iPad-ə nömrə alıb çölə çıxartdım. Avtobusda, küçədə, parkda, kafedə və başqa yerlərdə internetin ləzzətini çıxarmaq istəyirdim.

Avtobusa minib iPadı çantamdan çıxardım. Başladım saytlara baxmağa. Gördüm ki, başımın üstündə dayananların hamısı gözünü mənə dikib. Yanımda oturan xala gözlərini ekrana zilləmişdi. Birdən başımın üstündən qızıl dişli bir oğlan soruşdu: "Qaqam, bu neçiyə çıxır?". Dedim, 600-700 manata. Avtobusdan düşüb metroya mindim. Metroda iPadı çıxarıb təzə yüklədiyim bir kitabı oxumağa başladım. Birdən yanımdakı uşaq əlimdəkini göstərib qışqırdı: "Baba, baba, buna bax!". Hamı da çönüb mənə tərəf baxdı. Utandığımdan iPadı bağlayıb qoydum çantama.

Metrodan çıxıb eskolatorla qalxırdım. Birdən arxadan kimsə qaça-qaça mənə çatdı. Təngnəfəs olmuşdu. Dedi, bu iPad neçəyə çıxır? Ona da ağlıma gələn bir rəqəm dedim.
Liftlə işə qalxırdım. iPad yenə əlimdəydi. 70-80 yaşlı bir arvad da mənlə yuxarı qalxırdı. iPada baxıb soruşdu: "Ay bala, bu nədi belə?"

Dedim, kompüterdi. Dedi: "Belə kompüter olar? Bunlar neçəyədi?". Dedim xala bahadı, çox bahadı.


İşdən çıxıb mikrorayonda yaşayan əmim oğlugilə getdim. Əmim oğlu tikintidə işləyir. 3-4 ildir kənddən Bakıya köçüb. Evlərində kompüter yoxdur. Əlbəttə ki, kompüterdə işləməyi də bacarmır. Oturub yemək yedik, çay içdik. Kənddən-kəsəkdən danışdıq. Çay içə-içə nərd oynadıq. Çantamdan iPadı çıxarıb Twitterimə gələn mesajlara baxmaq istədim. Əmim oğlu dedi: "Əmoğlu, bunu neçiyə almısan? İstiyirəm, mən də alam birin".

Dedim, sən gərək özünə əvvəlcə böyük bir kompüter alasan, orda işləməyi öyrənəsən. Axı bu iPad sənin nəyinə lazımdır?

Dedi, sənlik deyil, mən elə bundan almaq istəyirəm. Dedim, min manatdı, pulun ver, alım gətirim. Əmim oğlu daha bir söz demədi. Mən çıxıb evimizə sarı getdim.

20 yanvar dairəsindən Xırdalana gedən taksilərdən birinə oturdum. Dörd nəfər yığıb adamı bir manatdan aparırlar. Mən qabaqda oturmuşdum. İki oğlan da arxada. Sürücü isə dördüncü adamı axtarırdı. iPadı çıxarıb kitab oxumağa başladım. Arxadakı oğlan qabağa boylanıb dedi: "Qaqa, bu nədi belə?"

Məndən qabaq yanındakı cavab verdi: "Ə, telefondu dana".

Birinci oğlan dedi: "Ə, bu boyda telefon olar?"

İkinci oğlan dedi: "Ə, niyə olmur?"

Gördüm belə getsə, bunlar bir-birin öldürəcəklər.

Dedim: "Bu, planşet kompüterdi. Adı iPad-dir".

Oğlanlar sakitləşdilər. Dördüncü adam tapıldı və sürücü oturan kimi məndən soruşdu: "Bunlar neçiyə çıxır?"

Evimizin yaxınlığındakı marketin qabağında taksidən düşdüm. Kontur almaq üçün marketə girdim. Kassir qız dedi: "Bağışlayın, bir söz soruşmaq olar?"

Dedim, buyurun. Dedi, bu netbuklar neçiyə çıxır? Dedim, xanım, bu, netbuk deyil. Dedi, bəs nədir? Dedim, iPaddır. Sonra ağlıma gələn bir rəqəm deyib evə getdim.

Babam da bizdəydi. Görüşüb, hal-əhvalın soruşdum. iPadı masanın üstünə qoydum. Dedi, bu nədi? Dedim, kompüterdi. Götürüb orasına-burasına baxdı.

Gecə yuxuda gördüm ki, küçədə 50-60 nəfər başıma yığışıb. Hərə bir tərəfdən soruşur: "Bu nədi?", "Qaqaş, bu neçiyə çıxır?", "Bunu hardan almısan?". Yuxudan oyandım.

Facebooku açıb bir elan yazdım: "iPad satıram. Təcili pul lazımdır".

Səhər duranda Facebooka baxdım. Cəmi bir şərh var idi: "iPad nədi?"

(səs: 2)
Şərhlər: 2
Baxılıb: 3 819
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri