Bir çimdik xəyanət

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 800
Səs ver:
(səs: 1)

http://imgs.su/tmp/2012-01-31/1328019520-435.jpg

Gün gecəyə doğru axırdı. Televizorda kanalları ələk-vələk eləsəm də maraqlı nəsə tapa bilmədim. Qəfildən səbəbsiz-filansız ürəyim sıxıldı. Sobanın yanından qalxıb pəncərəyə yaxınlaşdım, pərdəni aralayıb baxdım; yer üzünə aram-aram qar yağırdı...
Şarfımı boynuma dolayıb paltomu geyindim, papağımı da götürüb evdən çıxdım. Yaxınlıqdakı marketdən bir qutu "R 1" siqareti aldım, satıcı təəccüblə üzümə baxıb: - Sən axı çəkmirdin?- dedi.
-Hə, təzə başlamışam, - dedim.

Pay-piyada şəhəri dolaşmaq istəyirdim. Qar üst-başıma ələndikcə darıxmağın dadını çıxarırdım. Qarın yumşaqlığı atdığım addımların səsini udurdu.

Hava çox soyuq idi, nəsə eləmək lazımdı...

Tanış kafeyə girib ofisianta: - Yaxşı çaxırınız var?- deyə soruşdum.

Ofisiantın sual dolu baxışları üzümə zilləndi.

Gülümsədim: - Belə havada içməsən, günah olar.

Soruşsaydı ki, niyə içirsən, cavabım belə olacadı- darıxıram...

Çox qəribə hisslər keçirirdim. Facebook-da romantik statuslarımı görən dostlarımın az qala hamı eyni sualı yağdırırdılar:

-Sənə nə olub?..

Hisslərimin sanki donu açılmışdı. Ağıl tez-tez ürəyə siqnallar ötürürdü: "unutma ki, evlisən..." Mən bu hissləri sonuncu dəfə haçan yaşamışam görəsən?! Eh, Gülden Karaböcek...

Beləcə, bir şüşə şərabın axırına çıxdım. Sonuncu qədəhi başıma çəkməzdən öncə onun telefonun yaddaşına yazmadığım nömrəsini xatırlamağa çalışdım... Barmaqlarımın altında rəqəmlər sanki uçunurdu...

-Sənin üçün darıxdım...

- Aaaa, mən də qara baxa- baxa səni xatırlayırdım...

- Bəlkə çıxasan, qarın kefini çıxaraq!

- Yooox, nə danışırsan? Gecənin bu vaxtı?

- .......

-Amma elə gözəl yağır ki!.. Hm, yaxşı, gözlə, geyinib çıxıram...

Qardan seçilmirdi; ağ gödəkçə, ağ şarf, ağ şalvar, ağ uzunboğaz çəkmə, ağ papaq- qəsdən belə geyinmişdi.

-Əsl Qar qızsan!

-Sən də Şaxta baba!

Düşünürdüm ki, bu xəyanətə qar vəsilə oldu. İstəyirdim ki, bu qar elə hey yağdıqca-yağsın, gunahım bu qarın altında qalsın, qara qarışıb əriyib getsin... Qoşa düşən ləpirlərimizi qar itirsin, izimizə düşə bilməsinlər...Qəlb oğruları iz itirməyi qardan öyrəniblər yəqin...

-Bizim sevgimiz çox illik şərab kimidi...

-Yenə şairliyin tutur deyəsən... Bunu da statusa yazarsan. Onsuz da axır vaxtlar işin-gücün status yazmaqdı...

-Ürəyin sənə nə deyirsə, onu da et. Heç vaxt, heç nəyə görə peşiman olma!

-Amma sən ürəyinin istəyini çox boğmusan...

- Amma çox vaxt ürəyim istəyəni etmişəm...

- Çox vaxt peşiman olmusan...

-....

- Düz deyirəm?
-

- Elə şeylər var ki, peşiman deyiləm...

- ...Uzun müddət qarın ipək kimi səsini dinlədik. Qar gözlərindəki kədəri gizləyə bilməmişdi...

-
Deyəsən çox uzaqlara getmişdik... Evdəsə gözləyən vardı. Əlbəttə, onu yox, məni...

-Qayıtmalıyıq.

Məni bürüyən təşviş hissi ona da sirayət etdi.

-Gəldiyimiz yol hanı?

Yolu tapa bilmədik; qar izimizi itirmişdi...

Hövlnak yuxudan ayıldım. Xanımım başımın üstünü kəsdirib durmuşdu:

-Hə, danış görüm, yuxun necə keçdi?!..

Kənan Hacı

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 800
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri