"Əgər qız çatdan istifadə edirsə, deməli, o qız..."

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 5 337
Səs ver:
(səs: 0)
http://imgs.su/tmp/2012-02-08/1328689404-435.jpg
"Mən günümün çox hissəsini çatda oluram. Çünki bekarçılıqdır. Ən çox oyun çatında oluram. Oynayıb, xal yığıb çıxıram. Orada çoxlu dost-tanış var. Onlarla çatlaşırıq. Mən günümü çatsız təsəvvür etmirəm", - Bakı Dövlət Universitetinin 22 yaşlı tələbəsi Zərifə Quliyeva deyir.

Bu gün gənclərimizin əksəriyyətinin həyatında çat böyük rol oynayır desək, yalan olmaz. Hal-hazırda bəzi gənclər Zərifə Quliyeva kimi düşünürlər. Elələri də var ki, həyatlarını çatsız düşünmək belə istəmirlər. Bəs, görəsən, çat nədir? Çata bu qədər bağlı olmağın səbəbi nədir?

Çat sözünün mənalarından biri "boşboğazlıq" deməkdir. Bunu nəzərə alsaq, eyni vaxtda çatda olan hər bir kəsin "boşboğazlıq" etdiyi məlum olur.

Çatdan nə üçün istifadə edirlər?

"Wap çatlar - son zamanlar gənclər arasında ən geniş yayılan ünsiyyət vasitəsidir. Boş vaxt itkisinə səbəb olan bu ünsiyyət vasitəsinə maraq, təəssüf ki, gənclərimizdə çoxdur. Çünki gənclərimizin əksəriyyəti wap çatları tanışlıq üçün gözəl vasitə hesab edirlər. Lakin bəzən çatdaki ünsiyyətin nə dərəcədə təhlükəli olduğunu təsəvvür belə etmirik.

Gənclərimiz boş vaxtlarını ünsiyyət quraraq keçirdiklərini düşünsələr də, təhlükəylə üzləşirlər. Misal üçün, hər hansısa bir qız çat vasitəsilə oğlanla münasibət qurur. Lakin o, həmin oğlanın necə biri olduğunu bilmir. Sadəcə, onu xəyallarında qurduğu bir obraz kimi təsəvvür etməyə başlayır. Demək olar ki, o, bir xəyala vurulur. Sonra görüşdükdə isə danışdığı oğlanın tamamilə başqa bir obrazda olduğunu görür. Və bununla da o artıq xəyal qırıqlığı yaşamış olur. Bu isə bəzən qarşısıalınmaz nəticələrə gətirib çıxarır.

Ümumiyyətlə, çatdan ünsiyyət vasitəsi kimi adətən həyatda kompleksi olan insanlar istifadə edirlər. Ola bilər ki, kiminsə xarici görünüşündə qüsur var, ya da nitqində. Və yaxud real həyatda münasibət qurmağa çətinlik çəkir. Bu cür insanlar isə psixoloji çətinliklərlə üzləşmiş insanlardır. Ümumiyyətlə, virtual tanışlıq daha asandır, nəinki real ünsiyyət", - psixoloq Svetlana Məcidova bu fikirdədir.

Çatda danışmaq qızlara qadağandır?

"Mənim ətrafımdakı dost-tanışlarım çatdan istifadə edərək qız, oğlan axtarırlar. Bəziləri elə-belə mırt vurmaq üçün vaxtlarını sərf edirlər. Bəziləri isə həyatdan küsdükləri üçün virtual aləmə üz tuturlar. Bizdə çat anlayışı da düzgün deyil. Çat və internetdə oturan qıza pis baxırlar. Başlayırlar yozmağa, ya da söyüş söyməyə. Elə çıxır ki, oğlanlara icazə olar, ancaq qızlara qadağa qoyulub", - çat istifadəçisi Zərifə Quliyeva deyir.

Bu mövzuyla bağlı wap çat istifadəçiləri arasında sorğu apararkən, həqiqətən də, çatda ünsiyyət quran qızlar haqqında heç də yaxşı fikir formalaşmadığının şahidi oldum. 45 nəfərdən yalnız beşi çatda danışan qızlara normal münasibət bəslədiklərini dedi. Qalanları isə bu cür qızlara ciddi yanaşmadıqlarını və onlarla ancaq mırt vurduqlarını bildirdilər: "Yaxşı qız çata girməz..."

"Qızlara qarşı, ümumiyyətlə, qadına qarşı münasibət bizdə mentalitetə görə tam fərqlidir. Oğlanın çatdan istifadə etməsinə tam normal baxırlar. Lakin qızın çatda münasibət qurması oğlanlar üçün faciəvi bir vəziyyətdir: əgər qız çatdan istifadə edirsə, demək, o qızla münasibət qurmağa dəyməz.

Lakin bütün əks cins nümayəndələrinə bu fikri aid etmək olmaz. Elə bəylərimiz də var ki, çatda öz sevgilərini tapırlar. Və o qıza qarşı heç də pis münasibət bəsləmirlər. Lakin bunu dostlarının yanında deməyə çəkinirlər. Çünki ətrafdakıların qınağından çox qorxurlar. Təbiidir ki, bu vəziyyət nə vaxtsa dəyişiləcək. Sadəcə, bunun üçün zaman lazımdır", - psixoloq Svetlana Məcidova dedi.

Çat adminləri - bu bir peşədirmi?

Çat admini - desəm ki, bu, peşədir, bəlkə də düzgün olmaz. Sözün düzü, heç özüm də çat admininin işinin nədən ibarət olduğunu necə izah edəcəyimi bilmədim. Bu səbəbdən də bunun izahı üçün çat adminlərinə müraciət etdik. Bu haqda Milli.Az-a çat üzrə mütəxəssis Kənan Rəhimli və Nurfəs Ələkbərov açıqlama verdilər.

"Bu gün sayt və ya çat admini olmaq dəbdədir. Xüsusilə də gənclər arasında, baxmayaraq ki, heç bir faydası yoxdur. Bəziləri dostlarının çat idarə etdiklərini görüb, "niyə mən də olmayım?" düşünürlər. Yəni "qonşudan geri qalma" prinsipinə riayət edirlər. Ümumiyyətlə, çat açmaq çətin deyil. 30 manata com, net, ru, org domenlərində birillik çat açdırmaq olur. Lakin belə çat adminləri ancaq əllərində olan admin paneldən istifadə edərək, çatı idarə edirlər. Hər hansı bir texniki problem yarananda isə nə edəcəklərini bilmirlər", - çat yığmaq üzrə gənc mütəxəssis Kənan Rəhimli dedi.

K.Rəhimli bir ay ərzində çat üçün nəzərdə tutulan 30-a yaxın sayt yığdığını da qeyd etdi. Bu isə çatların gənclər arasında populyar olduğunu bir daha sübut edir.

Çatlar üzrə daha bir gənc mütəxəssis Nurfəs Ələkbərov isə, özü də çat idarə edənlərdən biri olmağına baxmayaraq, çatdansa digər sosial şəbəkələrdən istifadə etməyi məsləhət gördü:

"Çat iki hissəyə bölünür. Birincisi MSN, İCQ və ona bənzərlər. Hansılar ki, kompüter açılanda bu çatlar öz-özünə açılır və yaxınlarımızla, dostlarımızla orada ünsiyyət qururuq. Onlar vasitəsilə heç kiminlə tanış olmuruq. Lazım olanda yeni tanışların MSN, İCQ və s. ünvanını alıb onu oraya əlavə edirik. İkinci tip çatlar saytlarda olan çatlar, wap çatlardır. Bunlar isə ancaq tanışlıq üçün nəzərdə tutulur".

Çat adminindən çatda olan qızlara qarşı münasibətini soruşduqda isə mənfi olduğunu bildirdi:

"Müasir fikirli olsam da qızların çata girməsindən çox narahat oluram. Səbəbsə gözümlə gördüklərimdir. Misal üçün, bir qız çata girir və düşünür ki, çatda oğlana bir-iki söz yazım, vaxtım keçsin, onsuz da bir-birimizi tanımırıq. Başlayır oğlanla yazışmağa. Söhbət maraqlı alındıqdan sonra isə qız artıq sabahı günü gözləyir ki, oğlanla bir daha yazışsın. Virtual aləmin ən təhlükəli tərəfi də odur ki, insan qarşısındakını görmədiyindən onu öz xəyalında istədiyi şəkildə canlandırır. Və dostluq etdiyi şəxs də öz fikrində yaratdığı bir tipə çevrilir. Qız isə ona bağlanır və sonra görüşdükdə oğlanın xəyalındakından fərqli olduğunu görür və ondan imtina edir. Olur ki, qız oğlanla aralarındakı fərqi görsə də buna məhəl qoymayıb münasibəti davam etdirir. Baxmayaraq ki, bu cür münasibətlər sonunda xəyal qırıqlığına gətirir, bir çox qızlar bunu başa düşmək belə istəmirlər".

Onu da qeyd edim ki, bir çat 150-300 AZN çərçivəsində dəyərləndirilir. Qiymət isə çatın dizaynından və formasından asılıdır.

Çat, yoxsa digər sosial şəbəkələr?

İstifadəçi İlqar Mirzə isə bu cür çatlardan istifadə etməkdənsə, digər sosial şəbəkələrə üstünlük verdiyini qeyd etdi:

"Çox təəsüf ki, Azərbaycanda gənclər arasında alternativ saytlar məşhur deyil. Alternativ saytlar dedikdə, Facebook Mobile, Twitter Mobile, Flick Mobile, xəbər agentliklərinin mobil saytlarını nəzərdə tuturam. Ümumiyyətlə, bu saytlar çatlardan daha faydalıdır. Ən azı, bu cür saytlardan istifadə edərək, həm boş vaxt itkisinə yol vermərik, həm yeni nələrsə öyrənərik. Təəssüf ki, Azərbaycanda mobil blogginq servisləri yoxdur. Bəlkə belə sistemlər mövcud olsaydı, gənclərdə mobil blogginqdən istifadə etməyə maraq yaranardı və nəticədə gənclərimiz daha faydalı işlə məşğul olardılar. Həm yeni biliklərə sahib olar, həm də yeni tanışlar qazanardılar".


Türkan Nadirqızı

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 5 337
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri