Yaşlı bakirələr

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 4 136
Səs ver:
(səs: 0)

http://imgs.su/tmp/2012-02-09/1328800559-435.jpg

Bakirəlikdən söz düşəndə istər-istəməz məşhur Avstriya rejissoru Michael Hanekenin Nobel mükafatçısı, yazıçı Elfriede Jelinekin eyni adlı romanı əsasında çəkilmiş «Pianoçu qadın» filmini xatırlayıram. Azərbaycan tamaşaçısı ekranda sakit, darıxdırıcı həyat yaşayan ciddi, mühafizəkar ana və xarakter etibarilə elə onun özündən fərqlənməyən, 40-45 yaşlı bakirə qızının münasibətlərini görəndə yəqin ki, çaş-baş qalıb....və özünə sual verib: doğrudanmı müasir Avropa cəmiyyətində də valideyn yetkinlik həddinə çatmış övladını nəzarətdə saxlayır, onun həyatına müdaxilələr edir?

Çünki ilk baxışda filmdəki ailə mühafizəkarlığı tanış mühiti- Azərbaycan gerçəkliyini xatırladır. Amma... yalnız ilk baxışda. Ümumiyyətlə, Avstriya cəmiyyəti bu gün müəyyən məsələlərdə mühafizəkarlığını saxlasa da, hər halda bakirəlik tabusunu çoxdan adlayıb. Bəs nədən rejissor bu mövzuya müraciət edib?

Əvvəla, izləməyənlər üçün filmin qısa xülasəsini anladım: «Pianoçu qadın» filminin baş qəhrəmanı, musiqi professoru, bakirə Erika qoca, deyingən, köhnə düşüncəli anası ilə yaşayır, tələbələrinə Şubertin musiqisini öyrədir. Ciddi insan kimi tanınan qadın dərsdən sonra intimomaqazinlərə baş çəkir, tələbələrindən biri ona vurulanda isə bakirə müəllimənin tamaşaçını heyrətə salan vəhşi-mazoxist intimual istəkləri üzə çıxır...

Yenidən o suala qayıdaq ki, rejissor nədən bakirəni qəhrəman seçib və hadisələr də məhz onun ətrafında cərəyan edir?

Əslində, bakirəlik filmdə əsas motiv deyil. Sadəcə, rejissor «bakirəlik» ilə cəmiyyətin daha dərin problemlərinə nəzər salır. O problemlərə ki, hər şeydən çox rejissorun özünü müasir qərb cəmiyyətində narahat edir. Bu hansı problemlərdir? XX əsrdən başlayaraq ədəbiyyata, kinoya gətirilən və bu gün də heç bir halda aktuallığını itirməyən, əksinə, sürət əsrində daha da güclənən - insanın tənhalaşması və yadlaşması problemi (XXI əsrdə də bu problemin nə qədər aktual olduğunu təsdiqləyən bir olayı - yaxınlarda Latın Amerika ölkələrindən birində tənha gənclərin tənhalığa etiraz aksiyasını xatırlayıram).

Ömrünü musiqiyə həsr edən və bu sənətdə bütün mümkün olan uğurları qazanan qadının son nəticədə başqaları ilə özü arasında dərin uçurum yaranır, və o, real, gündəlik həyatın yaşantılarından, qayğılarından uzaq düşür: hər şeydən əvvəl isə normal insanın ehtiyacı olduğu kişi-qadın münasibətlərindən. Hətta o qədər uzaq düşür ki, partnyoru ilə intim münasibətdə qadın necə davranacağını sadəcə, bilmir və kişinin heyrətinə səbəb olur.

Haneke filmində Freydin psixoanaliz nəzəriyyəsinə də, belə demək mümkünsə, yungülcə əl atıb: insanın realizə edə bilmədiyi arzuları, istəkləri, enerjisi tamamilə başqa formada üzə çıxır. Bu sublimasiyanın isə müsbət və mənfi yönləri ola bilər. Məsələn, filmdə Erika qadın həsədindən doğan hissin təsiri ilə gənc tələbəsinin cibini şüşə qırıntıları ilə dolduraraq onun əlini şikəst edir. Amma hər halda rejissorun məqsədi dahi həmvətəninin nəzəriyyəsini kinoda çözmək deyil. Onun üçün vacib olan daha başqa bir məsələ var.

Hanekenin filmdəki digər hədəflərindən biri kübar davranışın saxtalığını, burjua düşüncəsini, stereotipləri alt-üst etməkdir. Rejissor müsahibələrində dəfələrlə bu motivin onu narahat etdiyini deyib. Beləliklə də, Haneke qəhrəmanının, həmçinin onun anasının timsalında cəmiyyətdə bir, pərdə arxasında isə tamamilə başqa rol oynayan insanların nümunəsini yaradıb. Cəmiyyətdə özünü ciddi, mədəni aparan, kübar maneralarla davranan, tələbələrindən nizam- intizam, əxlaq, tərbiyə tələb edən professor işdən sonra intimo filmlər izləyir, açıq- saçıq qiyafələrə səxavətlə pul xərcləyir, kişidən intim munasibət zamanı sado-mazoxist üsullardan istifadəni tələb edir.

Anasını isə dəvət olunduqları ziyafətdə klassik musiqi, sənət söhbətləri deyil, ev sahibəsinin təklif etdiyi yeməklər maraqlandırır. Üstəlik, ana qızından yeni mənzil almaq üçün daha çox dərs keçməyini istəyir. Rejissor eyni zamanda Avstriya cəmiyyətində nöqsan saydığı bir detala incəliklə eyham vurur: klassik musiqiyə olan sevginin xəstəhal bir düşgünlüyə çevrilməsinə, onun cəmiyyəti az qala total əsarətində saxlamasına. Avstriya intellektualları bu musiqi mübtəlalığını burjua cəmiyyətindəki rəqabətə bənzədirlər.

Məsələni daha da aydınlaşdırmaq üçün xırda bir haşiyə çıxmaq istəyirəm: XIX əsrdə yalnız klassik musiqini və dahi bəstəkarları dəyərləndirən Avstriya dövləti texniki ixtiraları, sənayeni, elmi diqqətdən kənar qoydu və nəticədə 1866-cı ildə müharibədə Prussiyaya məğlub oldu.

Rejissor filmində ona işarə vurur ki, Avstriya bu tutqusundan hələ də xilas ola bilmir. Klassik musiqi onlar üçün bir sənət növü anlamından çıxaraq, daha geniş miqyas alır: insanın dəyər ölçüsünə çevrilir, onun cəmiyyətdəki yerinə, nüfuzuna həlledici təsir edir (Bu məqamda çox sevdiyim dostum A.Məmmədlinin fikrini yazmaqdan özümü saxlaya bilmirəm: "Lənət olsun, burjuaziyanın incəsənət sevgisinə. Gözəl səslənən sözləri deyil, insanı sevin"). Hamı sanki bir-birilə yaxşı musiqiçi olmaq və ya klassik musiqi barədə bilgiləri ilə rəqabət aparır.

Erikanın anası arzulayır ki, heç bir tələbəsi onun professor qızından yaxşı ifa edə bilməsin. Musiqi əsarətinə qarşı olan Haneke filmin finalını da radikalcasına bitirir: Erika konsertdə pianoda ifa etməlidir, hamı onu dinləməyə gəlib. O isə foyedə dayanaraq sevdiyi kişinin gəlişini gözləyir. Həmişə soyuqqanlı, ifadəsiz üzü olan qəhrəmanın sifətində bu dəfə əndişə, həyəcan var. Sevdiyi kişi onun yanından saymazyana təbəssüm ilə ötəndə Erika əlindəki bıçaqla sinəsini yaralayır və konsertin keçiriləcəyi binanı tərk edir. Yəni qadın həyatının mənasına çevirdiyi, onunla reallıq arasında uçurum əmələ gətirən, şəxsi münasibətlərdə uğursuzluğuna səbəb olan musiqidən-tutqudan, tabudan xilas olmaq qərarına gəlir. Sinəsini bıçaq yaralaması isə hər zaman içində daşıdığı mənəvi ağrılarının - mənəvi yaranın ifadəsi anlamına da gələ bilər...

"Bakirəlik" tabusunu hələ adlamayan Azərbaycan tamaşaçısına bu film yuxarıda toxunduğum məqamlar nöqteyi-nəzərdən yox, elə "bakirə" sözünün birbaşa mənasında maraqlıdır. Ona görə də tamaşaçıların filmlə baglı gəldiyi yekun rəy budur: yaşlı bakirələr (qarımıs qızlar) doğrudan da aqressiv, təhlükəli, dözülməz olurlar və əyalətlərdən tutmuş Bakıya qədər Azərbaycanın hər yerində onlarla ailədə belə yaşlı bakirələr var...

Doğrudan da Azərbaycanda yaşı 50 ni keçən, amma heç zaman cinsi akt yaşamayan nə qədər qadınlarımız var. Bunu hər şeydən öncə həmin qadınların şəxsi faciəsi kimi qəbul edirəm və düşünürəm ki, bu vəziyyətin bir necə səbəbi var. Hanekenin qəhrəmanı kimi, Azərbaycanda da əsasən ali təhsilli, karyera qurmaq istəyən qızlar uzun illər bütün enerji və diqqətlərini iş həyatlarına yönəldirlər, şəxsi həyat unudulur və yaşlaşanda adətən ən azı psixoloji baxımından kişi ilə münasibət qurmaq çətinləşir.

Digər səbəb milli mentallıq və sosial dayaqların zəifliyidir. Azərbaycanlı düşüncəsində bakirəlik ilk öncə əxlaq anlayışı ilə assosiasiya olunur. Ərə getməyən qızların cinsi münasibətdə olmasını ailəsi biləndə bu az qala qızı "olum və ya ölüm" dilemması ilə üz-üzə qoyur. Bölgələrdən birində baş vermiş cinayət faktını xatırlayıram: böyük bacı ozundən kicik bacısını, ərə getmədən hamilə olduğu ücün bətnindəki körpə ilə birgə vəhşicəsinə qətlə yetirmişdi. Müsahibəsində isə bundan peşimancılıq keçirmədiyini və ailə namusunun hər şeydən üstün olduğunu fəxrlə demişdi.

Belə faktların sayı çoxdu və bu cür faciələrin qarşısını almağın, insanların normal cinsi münasibətlərinin olmasının ən optimal yollarından biri maariflənmə ilə yanaşı, həm də təkcə qadınların yox, kişilərin də sosial vəziyyətinin yaxşılaşmasıdır. Çunki gənclərin çoxu maddi baxımdan müstəqil deyillər, ailələrindən asılıdırlar və bu səbəblərdən də şəxsi həyatlarını istədikləri kimi qura bilmirlər. Üstəlik, valideynlərin əksəriyyəti çoxdan yetkinlik yaşına çatmış övladlarının şəxsi həyatına kobud müdaxilələr edir: oğlundan xəbərsiz onun ücün qız axtarır, təki qızı evdə qarıyıb ona yük olmasın deyə məcburən ərə verir, nəticədə isə ailələrdə ciddi problemlər yaşanır.

Əgər oğlan və qızın normal sosial imkanları olsa, o zaman şəxsi həyatlarını lazım bildikləri kimi quracaq, normal cinsi munasibətlər yaşanacaq, cəmiyyətdə cinsi aqressiyanın fəsadları azalacaq, patrnyorlar bir-birini yaxından tanıdıqca qurmaq istədikləri ailənin fundamentinin möhkəm olub-olmadığını anlayacaqlar. Ən əsası sosial imkanlar artdıqca insanların seçim imkanları çoxalacaq, cəmiyyətin bakirəlik mövzusunda mühafizəkar düşüncələri tədricən liberallasacaq, gənc qızlar isə yaşlı bakirələrə çevrilməyəcəklər.

Sevda Sultanova

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 4 136
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri