İkinci
bir dil bilməyin nə qədər önəmli olduğu əslində uzun zamandan bəri
məlum olsa da, texnologiyanın təqdim etdiyi yeni imkanlarla dildən
istifadənin artması "bir dil, bir insandır” sözünü bir daha təsdiq etdi.
Dil bir insanın sosial varlıq olaraq başqa insanlarla münasibətdə və
əlaqədə olması, yaşadığı mühitdə və şəraitdə öyrənərək ortaya qoyduğu
sözlü hərəkət və ifadə toplusudur. Bir şəxsin duyğu, düşüncə və anlam
baxımından təsirli əlaqə vasitəsi olan dil bir şəxs üçün çox önəmli olan
mədəni zənginlikdir. Bir çox insanlar yalnız öz ana dili ilə
kifayətlənməyib müxtəlif xarici dilləri öyrənməyə üstünlük verirlər.
Hazırda dünyada, nəinki, iki, hətta ondan artıq xarici dil bilən
insanlar da var. Cəmiyyətdə də insanların xarici dil bilməsi böyük önəm
kəsb edir. Təsadüfi deyil ki, bu gün insanlar iş üçün hər hansı bir
şirkətə müraciət etdikdə, ilk növbədə, "xarici dil bilirsinizmi?” sualı
ilə qarşılaşırlar. Ölkəmizdə də bir çox sahələrdə xarici dil bilən
işçilərə üstünlük verilməsinin nəticəsidir ki, bu gün insanların
əksəriyyəti yaşından asılı olmayaraq məhz xarici dil öyrənməyə çalışır.
Eyni zamanda artıq orta məktəblərdə kiçik yaşlarda xarici dil tədris
edilir. Lakin mütəxəssislər xarici dil öyrənmənin hər yaşda düzgün
olmadığı fikrini də irəli sürürlər.
Edinburq
Universitetinin 260 nəfər arasında apardığı araşdırmaya görə, rəyi
soruşulanlardan 195 nəfərin 18 yaşından əvvəl, 65 nəfərin isə 18 yaşdan
sonra xarici öyrəndiyi aydın olub.
Yaşından asılı olmayaraq ikinci bir dil öyrənmək beyinin yaşlanmasını yavaşladır
Psixoloq
Aynurə Qocayeva Milli.Az-a bildirdi ki, uşaqlar böyüyərkən təbii müddət
içərisində öz ana dilini öyrənirlər, hətta bir körpə öz ana dilinin
qrammatikasını hələ dünyaya gəlmədən, ana bətnində digər dillərdən ayıra
bilir: "İnsan beyni dil öyrənərkən ana dilini beyinin ana dili bölgəsi
kimi tanınan bir bölgəsinə qeyd edir. Adətən 8-9 yaşına qədər öyrənilən
dillər də bu ana dil bölgəsinə qeyd edilir. Sonra öyrənilən dillər artıq
fərqli bir bölgəyə yerləşdirilir. Bununla əlaqədar olaraq sonrakı
yaşlarda bir dili öyrənmək çətinləşir və öyrənilən dil tez unudulur.
Adətən uşaqlar 2 yaşına qədər məhdud sayda ifadədən istifadə edir. Az
sayda kəlmədən istifadə etmələrinə baxmayaraq, eşitdikləri hər şeyi
öyrənir və yaddaşlarına həkk edirlər. Bu baxımdan dil öyrənmədə ən
önəmli amil ailənin uşağın danışma cəhdlərini gücləndirməsidir. Uşaq
ətrafında danışılan ana dili və ümumi qrammatika qaydalarını 4-5 yaşına
qədər öyrənməklə istifadə bacarığı qazanır. Belə bir fikir də var ki, 2
yaşındakı bir uşaq eyni anda 4 ayrı dili öyrənə bilir”. Psixoloqun
fikrincə, ailədə xarici dil bilən varsa, bu dillərdən istifadə edilə
bilir. Eyni zamanda yeniyetməlikdən sonra başqa millətlərə və
cəmiyyətlərə aid səslərin çıxarılması çox çətinləşir. Bu baxımdan xarici
dilləri müəyyən bir yaşdan sonra doğru tələffüzlə birlikdə öyrənmək çox
çətindir. Ancaq mütəxəssislərin fikrincə, hansı yaşda olmasına
baxmayaraq, ikinci bir dil öyrənmək beyinin yaşlanmasını yavaşladır.
Digər ölkələrdə xarici dili müəyyən yaşda məqsədyönlü təhsil, iş üçün öyrənirlər
Nəsimi
rayonu Rövşən Nəsirov adına 111 saylı orta məktəbin ingilis dili
müəllimi Ruhiyyə Rüstəmova Milli.Az-a bildirdi ki, əslində xarici dili
istənilən yaşda öyrənmək nə tez, nə də gec sayılmaz, sadəcə olaraq əsas
məqsəddir: "Yəni, bu illər ərzində valideynlər arasında bir növ dəb
halını alıb, çox kiçik yaşdan, hətta 3-4 yaşlarından uşaqları dərnəklərə
qoyurlar ki, xarici dil öyrənsinlər. Mən bunu heç də düzgün saymıram.
Mən hazırda ölkəmizin övladlarının dil bilmə qabiliyyətini yüksək
qiymətləndirirəm. Xarici ölkələrdə konfranslarda olarkən bizim uşaqlarla
müqayisədə digər ölkələrin uşaqlarını zəif görürəm. Çünki bizdə uşaqlar
ən az normalda 3-4 dil bilirlər. Əlbəttə ki, azyaşlı uşaq əgər dili
öyrənib xarici ölkədə yaşamağa gedəcəksə, bu normaldır və hətta
tələbdir. Amma şagird ən azı 7 yaşından dili daha yaxşı dərk edir və
hiss edərək öyrənir”.
Həmsöhbətimiz
onu da vurğuladı ki, bu gün xarici dil bilmək Vətənimizi bütün dünyada
layiqincə təmsil etmək deməkdir. Azərbaycanda normalda böyük əksəriyyət
türk, rus və ingilis dillərini artıq bir qayda halını almış kimi
bilirlər.
R.Rüstəmova
deyir ki, əgər 3-4 yaşlı uşaq öyrəndiyi dili yaşadığı mühitdə istifadə
etməyəcəksə, onun zehni yorğunluğa gətirilməsinin əleyhinədir: "Sadəcə, o
yaşda uşaq, ilk növbədə, öz doğma dilində daha gözəl danışmağı
öyrənməlidir. İstənilən xarici dili bilən insan hansı ölkədə
olursa-olsun, özünə inamlı olur. İstənilən halda həm öz hüquqlarını
qoruya bilir. Həm də ölkəsini layiqincə təmsil edə bilir. Dil bir
xəzinədir”.
O
da vurğulandı ki, kiçikyaşlı uşaqlar dili rollu oyunlarla öyrənsə, daha
məqsədyönlüdür. Eyni zamanda mütləq dərs vaxtı qrammatika, yazı və
danışığı mənimsəməlidirlər. Bunun üçün müxtəlif müasir proqramlar,
CD-lər, "fləşkardlar”dan istifadə edilməlidir. Müxtəlif siniflərdə dərs
keçdiyini deyən R.Rüstəmova bildirdi ki, onun özünəməxsus ingiliscə
yazdığı şeirlər var ki, bu qabiliyyətindən istifadə edib aşağı
siniflərdə dərslərini əyləncəli qurmağa çalışır. Çünki bu yaşda olan
uşaqların dərsi əyləncəli şəkildə öyrənmələrinə üstünlük verir.
Müəllimə
yaşlı insanların xarici dil öyrənmək marağını da çox müsbət
qiymətləndirir: "Amma yaşı çox olan adamlar dili çətinliklə qavrayırlar.
Yenə də cəhd etdiklərinə görə bunu müsbət qarşılayıram. Amma insan
qarşısına məqsəd qoymuşsa, ən azı yaşı çox olsa da, 50-60 % dili
mənimsəyə bilər.
Xarici
ölkələrə gəldikdə isə əgər həyat tərzləri tələb etmirsə, orada burada
olduğuazyaşlı uşaq 3 dil bilmir. Yəni, müəyyən yaşda məqsədyönlü təhsil,
iş üçün öyrənirlər. Azərbaycanda isə orta hesabla hər on uşaqdan
səkkizi dil açıb danışmağa başladıqdan sonra tədricən Azərbaycan, rus,
türk dillərində danışmağa başlayırlar. Bizdə məhz gələcəkdə əziyyət
çəkməsinlər deyə, valideynlər uşaqlarına çox erkən dil öyrətməyə
başlayırlar”.
Ümumiyyətlə,
nə qədər xarici dili bilməsinin vacibliyinə gəldikdə isə R.Rüstəmova
deyir ki, 5 dili mükəmməl bilmək mümkündür. Amma say artdıqca qarışıqlıq
olur: "Mən doğma dilimlə yanaşı, rus, türk, ingilis dillərindən sonra
fransız dilini öyrənmişəm. Artıq ispan dilini öyrənmək istəyəndə
müxtəlif sözləri qarışdırıram. Bir də bu, həm də qavramadan da asılıdır
ki, insan nə qədərini yadda saxlaya bilər. Əgər öyrənilən dildən
istifadə edilmirsə, o, çox tez yaddan çıxır. Bəzən bir filmə baxarkən
ona Azərbaycan, rus türk ya ingiliscə baxdığımı unuduram. Bu, hər kəsdə
belədir. Bildiyin dili hiss edirsənsə, o, sənə doğma gəlir. Dil bilmək
zənginlikdir. Bildiyin dili öyrədə bilmək isə bir müəllim kimi deyə
bilərəm ki, zövq və fəxrdir. Mən heç dil bilməyən bir insanı xarici dili
öyrədərkən bir müddət sonra o insanın xarici dildə danışmağa
başladığını görəndə uşaq kimi sevinirəm. Sanki, dünyaya yeni bir insan
gəlir”.