Leyli və Məcnun operası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 963
Səs ver:
(səs: 4)
Leyli və Məcnun — Üzeyir bəy Hacıbəyovun ilk operası.
1907-ci ildə yazılmış, 1908-ci il yanvarın 25-də Tağıyev teatrında ilk tamaşası olmuşdur. İlk redaktədə əsər 5 pərdə və 6 şəkildə, sonrakı quruluşlarda 4 pərdə, 6 şəkildə idi. "Leyli və Məcnun"la Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir dövr açılmış, eyni zamanda müsəlman Şərqində opera janrının əsası qoyulmuşdur. Opera M. Füzulinin eyniadlı poemasının motivləri əsasında yazılmışdır. Librettonun müəllifi Üzeyir bəy Hacıbəyovdur. O, poemanın əsas ideya məzmununu, şerlərini olduğu kimi saxlamış, eyni zamanda orta əsr Şərq aləminin ziddiyyətli mühitini daha qabarıq vermişdir. Beləliklə H. keçmişin obrazları vasitəsilə yaşadığı dövrün gərgin inkişafı ilə seçilən demokratik proseslərini açıb göstərmişdir.
"Leyli və Məcnun" muğam ilə Avropa operasının üzvi vəhdətindən yaranmış yeni opera janrının — muğam operasının ilk nümunəsidir. Muğamlar operanın əsas musiqi materialı olaraq ənənəvi opera formalarını — ariya, ariozo, reçitativ, vokal ansamblları (duet, trio və s.) əvəz etmişdir. Qəhrəmanların obrazlarının açılmasında, bütövlükdə musiqi dramaturgiyasının inkişafında muğamlar mühüm rol oynayır. "Leyli və Məcnun"da musiqi dramaturgiyasının tədriсən, lirik-epik planda inkişaf etməsi onun obraz-emosiya məzmunundan, intonasiyasının inkişafı və kompozisiya quruluşundan irəli gəlmişdir. Operanın bir çox bitkin səhnələri muğam üstündə qurulmuşdur. H. muğamların not yazısını verməmişdir. Müğənni xanəndələr öz vokal partiyalarını tarzənin müşayiətilə oxuyurlar.
H. muğamların əsrlər boyu təşəkkül tapmış ənənəvi emosional təsir güсünü, qavranılma xüsusiyyətlərini nəzərə almışdır. Məsələn, I pərdədə Leyli ilə Məcnunun qarşılıqlı məhəbbətinin sevinc və fərəhi lirik, xoş əhvallı Segah muğamı ilə verilmişdir. Sonrakı pərdələrdə talelərinin faciəviliyini anlayan qəhrəmanların partiyasında kədər, iztirab ifadə edən Şur, Bayatı-Şiraz və s. muğamlar səslənir. Oğlunun vəziyyətindən narahat olan Məcnunun atası 1 pərdədə həyəсanlı, gərgin Çahargah muğamını oxuyur. Nofəlin cəngavər obrazı üçün H. mətin, marş xarakterli heyratı zərbi muğamından istifadə etmişdir. H. muğamları səhnə hadisələrinə münasib seçməklə onların ifadə vasitələrinin yeni xüsusiyyətlərini üzə çıxarmışdır. "Leyli və Məcnun"- da klassik Azərb. xalq mahnı melodiyalarından istifadə edilmişdir (1 pərdədə mədrəsə şagirdlərinin xoru—"Evləri var xana-xana"; Məcnunun səhradakı səhnəsindəki qızlar xoru—"Bu gələn yara bənzər"). Bu opera əsrlər boyu təşəkkül tapmış Azərb. musiqi mədəniyyəti haqqında hərtərəfli, tam təsəvvür yaradır. Ona görə də "Leyli və Məcnun"-u şifahi ənənəli Azərb. musiqisi ensiklopediyası adlandırmaq olar.
Operanın Bakı afişası

Operada Üzeyir bəy Hacıbəyovun bəstələdiyi orijinal musiqi, əsasən muğam səhnələrini əlaqələndirərək ork. ifasında səslənir; bəzi vokal partiyalar da müəllif tərəfindən yazılmışdır (1 pərdədə Məсnunun atası, anası va Məcnunun triosu). Bu musiqi parçaları təsnif, rəng, yaxud xalq mahnıları ruhunda bəstələnmişdir. Müxtəlif funksiya daşıyan xor musiqisinin geniş tətbiq edilməsi "Leyli və Məcnun"-un musiqi dramaturgiyasının başlıca xüsusiyyətlərindəndir. Əsas qəhrəmanların psixoloji vəziyyətinin, məişət səhnələrinin xarakterizə olunması, səhnə hadisələrinə münasibət bildirilməsində xorlar vasitəçi rolunu oynayırlar. Xorların musiqi fakturası sadə, melodiyası əsasən birsəslidir (bəzi xorlarda melodiya tersiya və ya seksta intervalı nisbətində ikisəsli şərh olunmuşdur). Operanın ork. heyəti ilkin variantlarda çox sadə — yalnız simli musiqi alətlərindən ibarət olmuşdur; muğam səhnələrində müğənni yalnız tarın müşayiəti ilə oxumuşdur. Əsərda uvertüra, "Ərəb rəqsi" (Leyli və İbn Səlamın toy səhnəsində), antrakt (III pərdənin sonuncu şəklində) kimi müstəqil ork. parçaları vardır.
"Leyli və Məcnun"un musiqisi Üzeyir bəy Hacıbəyovun yeni bəstəkarlıq üslubu yaratmaq, xüsusilə milli lad-intonasiya sistemi ilə Avropa major-minor sisteminin qarşılıqlı təsiri və üzvi əlaqəsi sahəsindəki novator meyilləri üçün başlanğıс, əsas mənbə olmuşdur. Hacıbəyov muğam ifaçılığına səciyyəvi olan imitasiyalı polifoniya elementlərindən istifadə edərək "Arazbarı" zərbi muğamı üstündə qurulmuş parlaq simfonik əsər—sonuncu pərdənin antraktını yaratmışdır. Bu antrakt müstəqil əsər kimi də ifa olunur; o, Azərbaycan simfonik musiqisinin ilk nümunəsi kimi simfonik muğam janrının meydana gəlməsinə zəmin hazırlamışdır. Opera ilk tamaşasından bu günədək Azərbaycan dinləyicilərinin məhəbbətini qazanmış ən sevimli əsərlərdən biridir. O, AOBT-nın daimi repertuarındadır. Hacıbəyov bu opera üzərində dəfələrlə işləmiş, təkmilləşdirmiş, yeni musiqi parçaları əlavə etmiş, lakin əsərin bənzərsiz, təravətli musiqi üslubunu qoruyub saxlaya bilmişdir. "Leyli və Məcnun"-un təsiri ilə İranda demokrat şair M. Eşqi "Rəsta-xize-səlatine-İran" ("İran səltənətinin dirçəlişi") muğam operasını yazmışdır (1916—17). "Leyli və Məcnun" — Qafqaz bölgəsində, eləсə də Orta Asiya və İranda dəfələrlə numayiş etdirilmiş, bu xalqların professional musiqi mədəniyyətinin təşəkkülündə əhəmiyyətli rol oynamış və indi də oynamaqdadır. "Leyli və Məcnun"un ilk tamaşasının rejissoru Hüseyn Ərəblinski, dirijoru Əbdürrəhim bəy Haqverdiyev olmuşdur. Rollarda: Hüseynqulu Sarabski (Məcnun), Ə. Fərəcov (Leyli), C. Dağıstani (İbn Səlam), M. Kazımovski (Məсnunun anası), Mirzə Muxtar (Məсnunun atası), İ. Qasımov (Leylinin atası), С. Vəzirov (Leylinin anası) çıxış etmişlər. Rejissorlardan S. Dadaşov (1935, 1958), M. Məmmədov (1955, 1976), F. Səfərov (1994) operanın yeni quruluşunu vermişlər.
Baş rollarda Ə. Sadıqov, H.Hacıbababəyov, Ə. Əliyev, B. Haşımov, Q. Əsgərov, С. Əkbərov (Məcnun), S. Qacar, H. Rzayeva, G. Həsənova, Rübabə Muradova, S. Qədimova, Z. Xanlarova, N. Məmmədova, S. İsmayılova, Q. Quliyeva (Leyli) və b. çıxış etmişlər. Bəstəkar N. Əliverdibəyov operanın yeni ork. redaksiyasını hazırlamışdır. "Leyli və Məcnun"-un librettosu ilk dəfə 1912 ildə Bakıda Orucov qardaşlarının mətbəəsində, klaviri 1959 ildə, partiturası 1983 ildə çap edilmişdir (baş redaktoru Q. Qarayev, redaktoru N. Əliverdibəyov, ön söz və şərhlərin muəllifi Z. Səfərova). 1996 ildə "Azərbaycantelefilm" yaradıçılıq birliyində "Leyli və Məcnun" film-operası çəkilmişdir (rejissorlar Nazim Abbas və Ş. Nəcəfzadə)
(səs: 4)
Şərhlər: 2
Baxılıb: 2 963
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri