«Köroğlu» — Azərbaycanın böyük bəstəkarı Üzeyir Hacıbəyov tərəfındən bəstələnmiş beş pərdəlik operadır. Əsərin librettosu Habib İsmayılov və Məmməd Səid Ordubadi tərəfındən
yazılmışdır. Türkdilli ölkələrin xalq əfsanələrindən biri
olan Köroğlu dastanı, Azərbaycanda da çox məşhurdur. Bu opera
Hacıbəyovun yaradıcılığının zirvəsini təşkil edir. Azərbacan opera
sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq
klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor
səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər
yaratmışdır. «Köroğlu» operası ilk dəfə 1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulub.
Bəstəkarın
yaradıcılığında kulminasiya mərhələsi olan "Koroğlu" dünya klassik
operaları sırasında parlaq nümunələrdən biridir. 5 pərdəli bu operanın
libretto müəllifləri H. İsmayılov və M.S. Ordubadidir. Librettonun yaradılmasında Hacıbəyov fəal iştirak etmişdir. Üzeyir Hacıbəyov opera üzərində 1932-1936-cı illərdə işləmiş, ilk tamaşa 1937-ci il aprelin 30-da AOBT-nda
olmuşdur. Azərbaycanda, ümumiyyətlə Zaqafqaziyada, Orta Asiya, Türkiyə
və İranda geniş yayılmış "Koroğlu" xalq dastanı operanın süjet əsasını
təşkil edir. Operanın musiqisində Azərbaycan xalqının
tarixi taleyi, xarakteri, psixologiyası, bütövlükdə dünyagörüşü əksini
tapmışdır. "Koroğlu" tipik xalq qəhrəmanlıq dastanıdır. "Koroğlu"da
opera sənətinə xas bütün əlamətlər bəstəkarın milli musiqi təfəkkürü
süzgəcindən keçərək kamillik səviyyəsində yaradılmışdır.
"Koroğlu"
operasına görə Üzeyir Hacıbəyov 1941 ildə Stalin mükafatına layiq
görülmüşdür. "Koroğlu"-nun ilk tamaşasının rej. İ. Hidayətzadə, dirijoru
H., (sonralar Ə. Həsənov), rəssamı R. Mustafayev olmuşdur. Rollarda Bülbül (Koroğlu),
G. İsgəndərova (Nigar), M. Bağırov (Həsən xan), Q. İsgəndərov (təlxək),
Ə. Zülalov (Ehsan paşa), Q. Hüseynov (Həmzə bəy), B. Mustafayev
(İbrahim xan) çıxış etmişlər. 1938 ildə opera Moskvada Azərbaycan
incəsənəti dekadasında böyük müvəffəqiyyət qazanmışdır. AOBT-nda
"Koroğlu"-nun 1943 (rus dilində; dirijor Niyazi), 1959 (rej. M.
Məmmədov, dirijor Niyazi, rəssam Ə. Fətəliyev), 1975 ildə (rej. F.
Səfərov, dirijor R. Abdullayev, rəssam T. Salahov) yeni quruluşları
hazırlanmışdır. "Koroğlu" Aşqabad (1939, türkmən dilində), İrəvan (1942,
erməni dilində) və Daşkənddə (1950, özbək dilində) tamaşaya
qoyulmuşdur. AOBT-nın qastrol tamaşaları zamanı "Koroğlu" Təbriz,
Tiflis, Kiyev, Peterburq və s. ş.-lərdə göstərilmişdir. "Koroğlu"nun
1952, 1970 illərdə klaviri və partiturası nəşr olunmuş, opera vala
yazılmışdır.
Operanın əsas qəhrəmanı olan xalqın obrazı məzlum
vəziyyətdən tədricən güclənən etiraza, ədalət uğrunda əzmlə mübarizəyə
qalxmaq qərarından —qələbə sevincinə qədər hərtərəfli, ardıcıl
verilmişdir. Xalq obrazının açılışında ifadəli kiçik mövzu-tezislər —
leytmotivlər böyük rol oynayır:
1. Xalqın məzlumluğunu ifadə edən həyəcanlı mövzu (çahargah ladının kadensiya intonasiyası üstündədir).2. Üsyan etmiş xalq mövzusu (şur ladının
kadensiya intonasiyaları üstündədir; çağırış xarakteri daşıyaraq aşıq
musiqisinin obraz-intonasiya quruluşu ilə səsləşirQətiyyətli, təsirli xarakter daşıyan 3 və 4-cü leytmotivlər xalqın qəhrəmani obrazı ilə bağlıdır; rast ladı intonasiyaları üstündə qurulan bu leytmotivlərdə müasir kütləvi mahnı əlamətləri müəyyən qədər özünü göstərir.5-ci
mövzuda xalqın iradəsi, poetik əhvali-ruhiyyəsi, yüksək mənəvi
keyfiyyətləri ifadə olunmuşdur. I pərdənin əvvəlində xalqın məzlumluğu
leytmotivi üstündə qurularaq onun kədərini, həyəcanını, qəzəbini ifadə
edən "Bu gözəl təbiət" xoru xalq obrazının ekspozisiyası rolunu onayır.
Kəndlilərin obrazı artıq I pərdədən dramaturji fəallığı ilə seçilir.
Hüznlü "Yazıq Alı" xoru, rəqs, dramatik xarakterli "Gərək bu gün edək
qiyam" xorundan sonra, səhnə qəhrəmanlıq leytmotivi üstündə qurulan "Hər
bir yerdən, dağdan, daşdan" xoru ilə tamamlanır. III pərdədə xalqın
obrazı geniş və hərtərəfli verilmişdir. Xordan əvvəl səslənən antraktda
üsyançıların yenilməz xarakteri ifadə olunmuşdur. Bu xor xalqın
qəhrəmanlıq, mərdlik və nikbinliyinə həsr edilmiş himndir. Xorun
musiqisi təntənəli, bayramsayağı, iradəli xarakter daşıyır.Burada kütləvi yallı rəqsinin üslub xüsusiyyətləri aydın ifadə olunmuşdur. Xalqın qəhrəmanlıq keyfiyyətlərinin açılışı "Cəngi" rəqsində və "Əhdnamə" xorunda (5-ci leytmotiv əsasında) davam etdirilmişdir.
Qıratın oğurlanması —
tufan səhnəsi gərgin dramatik xarakter kəsb edir. V pərdədəki xalq
səhnələri I pərdənin bir növ dinamik reprizidir. Burada məzlum xalq
leytmotivi Nigar, Eyvaz, Poladın edam olunmalarına hazırlıqla əlaqədar
gərginliyi, hüznü ifadə edərək mühüm dramaturji məna daşıyır.
Üsyançıların qələbəsi xor ritmikaları və Koroğlunun partiyasında
səslənən iki qəhrəmanlıq leytmotivi ilə təmsil olunmuşdur. Opera
bayramsayağı təntənəli kütləvi rəqslə tamamlanır; rəqsin orta
hissəsindəki melodiyada "Çənlibel" xoru ilə Koroğlunun I pərdədəki "Səni
gördüm" ariozosunun mövzuları birləşmişdir. "Koroğlu"-dakı kütləvi xalq
səhnələri xorla yanaşı, rəqslər əsasında qurulması ilə fərqlənir.
Operada rəqs mənşəli musiqinin geniş tətbiğ edilməsi Azərbaycan
folklorunda kütləvilik, kollektivçiliyin xorla deyil, rəqslə (ilk
növbədə yallı ilə) ifadə olunmasından irəli gəlir. Məhz bu səbəbdən də
opera rəqslə tamamlanmışdır.
Koroğlu obrazı operada
dinamik şəkildə verilmişdir. I pərdədəki iki ariozoda qəhrəmanın
ehtirasla sevən aşiq ("Səni gördüm") və coşğun mübarizlik ("Təngə gəldik
yox tavan") kimi ən tipik cəhətləri təzahür edir. III pərdədəki "Mərd
igidlər nərə çəksin davada" epik mahnısında Koroğlu qorxmaz, mərd üsyan
başçısı, cəngavər kimi verilmişdir. Həmin pərdədəki lirik xarakterli
ariya ("Sevdim səni mən") mübarizəyə qalxmış Koroğlunun dərin səmimi
hisslərini, incə təbiətini açıb göstərir. IV pərdədə Koroğlu yenidən
aşıq qiyafəsində səhnəyə gəlir. Həsən xanın sarayında çıxış edən Koroğlu
təkcə adi aşıq deyil, cəsarətli xalq qəhrəmanı kimi təqdim edildiyi
üçün onun oxuduğu lirik aşıq mahnıları burada qəhrəmanlıq rəmzi kimi
qavranılır. Koroğlu obrazı operada, demək olar ki, həmişə kütləvi xalq
səhnələri çərçivəsində açılır. Məsələn, I pərdədə Koroğlunun səhnədə ilk
çıxışı — "Səni gördüm" ariozosu kəndlilərin rəqsindən sonra, həmin
pərdədəki ikinci ariozo isə bilavasitə final xoru ilə birgə səslənir.
Nigarın obrazı da
operada dinamik inkişafda verilmişdir. I pərdədəki ariya onun bütöv
musiqi portretini yaradır; ariyada şəxsi hisslərin zərifliyi, səmimiliyi
ilə xalqla bağlılıqdan gələn qəhrəmanlıq əzmi üzvi vəhdətdə
verilmişdir. Ariyanın fəal, qətiyyətli orta hissəsində ilk dəfə Nigarın
iki leytmotivi tam şəkildə səslənir. Bu leytmotivlər kütləvi mahnı
intonasiyaları əsasında qurulmuşdur. Nigarın II pərdədəki ariyası isə
son dərəcə kədərli, fəryad xarakteri daşıyaraq onun ağır taleyinin rəmzi
kimi səslənir. Nigar obrazının açılmasında gözəl, axıcı melodiyası olan
leytmotivin də rolu böyükdür.
O,
Nigarın vokal partiyasında deyil, Koroğlunun və başqalarının
partiyalarında, kütləvi səhnələrdə və Nigarın səhnəyə gəlişi zamanı
orkestrdə səslənir. Bu dramaturji cizgi ilə Üzeyir Hacıbəyov qəhrəmanın
mənəvi gözəlliyini, ciddiliyini nəzərə çarpdırır. Mənfi qəhrəmanlar
arasında Həsən xan xüsusilə seçilir. I pərdədəki iki kiçik musiqi
parçasında onun zülmkar, müstəbid xarakteri— lovğalıq, təkəbbür
("Xanların xanıyam"), rəhmsizlik ("Qəsdən bunu etmiş ol haramzada") kimi
müxtəlif cəhətləri açılmışdır. Həsən xanın ümumiləşdirilmiş portreti
onun II pərdədəki ariyasında ("Mina ibriklərə şərab doldurun")
verilmişdir. Ariyada kəndli üsyanından qorxuya düşməsini məharətlə
gizlədən hökmlü, lovğa hökmdarın süni əzəməti musiqi vasitəsilə
canlandırılmışdır. Üzeyir Hacıbəyov xanın amiranə nidalarına münasib
nitq intonasiyalarını son dərəcə dəqiqliklə tapa bilmişdir. Eyni zamanda
ariyanın oynaq xarakterli ork. partiyası vasitəsilə bəstəkar ustalıqla
xana öz istehzalı münasibətini bildirmişdir.
Mənfi
obrazlar sırasında təlxək xüsusi yer tutur; bir yandan o, Koroğlunun
əsir düşməsinə kömək edir, digər tərəfdən isə saray əhlini— əyanları
məharətlə ələ salır. Təlxəyin obrazı meyxana ruhunda yazılmış reçitativ
və mahnı ilə ("Axı necə mən gülməyim") çox təsirli iz buraxır. Həsən
xanın döyüşçülərinin "Vergi yığdıq kəndlilərdən" xorunda mənfi
obrazların ümumiləşdirilmiş xarakteristikası öz əksini tapmışdır;
onların hədsiz qorxu və həyəcanı reçitativ-deklamasiya intonasiyaları
vasitəsilə ifadə olunmuşdur. Sarayın təmtəraqlı həyatı II və IV
pərdədəki zərif, incə rəqslərlə, xanəndə qızın muğamvari mahnısı ilə
səciyyələnmişdir. Mənfi obrazlar operada leytmotivlər məcmusu ilə —
qammavari xromatik hərəkət, sərt punktirli ritmlə birləşdirilmişdir.
Xalq
kütlələri və Nigarın leytmotivləri əsasında qurulmuş uvertüra operanın
qəhrəmani-epik istiqamətini aydın nəzərə çarpdırır. Mütəşəkkil,
məqsədyönlü intonasiya dramaturgiyasına əsaslanan "Koroğlu" operası
geniş mənada H.-un simfoniya bəstəkarı olduğunu nümayiş etdirir. Musiqi
vasitəsilə qəhrəmanlar müsbət və mənfi obrazlara ayrılmış, onların hər
biri münasib intonasiya vasitələri ilə aydın, inandırıcı təsvir
olunmuşdur. Operanın dramaturgiyası leytmotivlər sistemi əsasında
qurulmuşdur. Mənfi surətləri xarakterizə edən leytmotivlər sabit,
dəyişməz qalaraq feodal dünyasının yaşamağa qabil olmadığını, tarix
səhnəsindən gedəcəyini aydın nümayiş etdirir. Xalq kütlələri, müsbət
qəhrəmanlarla bağlı leytmotivlər isə, əksinə, əsər boyu fəal inkişafda
verilərək dəyişir, bir-birlərinə təsir edir, qəhrəmani və lirik obrazlı
intonasiyaları çarpazlaşdıraraq, tam və çoxcəhətli musiqi səhnələrinin
yaranmasına zəmin olur.
"Koroğlu"
ilə Üzeyir Hacıbəyovun yetkin yaradıcılıq üslubu formalaşmış, Azərb.-da
bəstəkar yaradıcılığının mövcud olduğu 30 illik nailiyyətlərinə yekun
vurulmuşdur. Üzeyir Hacıbəyov "Leyli və Məcnun"-dan "Koroğlu"ya qədər" məqaləsində yazır:
"...həm ilk, həm də hələlik axırıncı Azərbaycan operasının müəllifi olmaq şərəfi mənə nəsib olmuşdur. Beləliklə, "Leyli və Məcnun"dan
"Koroğlu"ya qədər kecilən yol təkcə Azərbaycan operasının otuz illik
tarixi deyil, həm də mənim şəxsi yaradıcılıq yolumdur...""Koroğlu"
ilə Üzeyir Hacıbəyov milli musiqi təfəkkürünü bütövlüklə bəstəkarlıq
yaradıcılığının yüksək tələblərinə cavab verən yeni inkişaf mərhələsinə
qaldırmış, bununla da mürəkkəb bədii məsələni həll etmişdir. Üzeyir
Hacıbəyov şifahi ənənəli Azərbaycan musiqisindəki formayaratma
prosesinin ümumi cəhətlərinin qanunauyğunluqlarını bu əsasda inkişaf
etdirmişdir. Üzeyir Hacıbəyov milli melodikanın müxtəlif növlərini
ümumiləşdirərək "Koroğlu"-da emosional ifadəliliyinə görə mənalı və
rəngarəng tipik opera kantilenası yaratmışdır. Bununla belə, milli
janrlardan gələn ahənglər operada aydın nəzərə çarpır; bu cəhətlər
xüsusilə xalq və Koroğlunu xarakterizə edən aşıq musiqisinin obrazlı
intonasiya kökü ilə bağlılıqda özünu göstərir. Üzeyir Hacıbəyov milli
musiqi ilə bəstəkarlıq yaradıcılığının sintezi prinsipindən çıxış edərək
polifoniya və harmoniya formalarını geniş tətbiq etmişdir. Məsələn, "Çənlibel" xorunda klassik
polifoniya və Azərb. ladının intonasiya xüsusiyyətlərinə əsaslanaraq
klassik fuqa formasından istifadə etmişdir. Operadakı orijinal akkordlar
sistemi də milli musiqinin lad-intonasiya xüsusiyyətlərindən irəli
gəlir. Musiqi forması sahəsində də Üzeyir Hacıbəyov Avropa və milli
musiqi təfəkkürünü çarpazlaşdırmışdır; bu vəhdət xüsusilə sonata
formasının tətbiqində aydın nəzərə çarpır. Məsələn, uvertüra və III
pərdənin antraktındakı melodiyanın inkişafındakı monotematizm
(birmövzuluq) və monointonasiya quruluşu muğam kompozisiyasından irəli
gələn xüsusiyyətlərdir. Operanın ork. partiyasının orijinal səslənməsinə
nail olmaq üçün H. simf. ork.-in heyətinə tar, kamança, zurna, balaban
kimi milli musiqi alətlərini daxil etmişdir. "Koroğlu"-da xor, ariya,
ariozo, vokal ansambl, simfonik fraqmentlər kimi klassik musiqili səhnə
janrları geniş inkişaflı mükəmməl formaya malikdirlər.
Xor
operada xüsusi dramaturji əhəmiyyət kəsb edir. Üzeyir Hacıbəyov
yaradıcılığının hələ ilkin dövründən bu janrdan geniş istifadə etmişdir.
Lakin "Koroğlu"-da ilk dəfə olaraq xorlar əsas mövzunun açılışında
başlıca musiqili səhnə forması funksiyasını daşıyaraq səhnə
hadisələrinin "nüvə"si rolunu oynayır. Xorlarda xalq kütlələrinin
əzəmətli obrazı yaradılmış, onun psixologiyası və dünyagörüşü əksini
tapmışdır. Üzeyir Hacıbəyov operada xorla qədim yallı rəqsini
birləşdirərək onun təsirini daha da gücləndirmişdir. "Koroğlu"-dakı xor
səhnələri Azərb. bəstəkarlarının yaradıcılığında kantata-oratoriya
janrlarının inkişafına təkan vermişdir. Simf. fraqmentlər operada xüsusi
əhəmiyyət kəsb edərək qəhrəmanlıq ideyasının açılışında böyük rol
oynayır. İri həcmli musiqi lövhələri olan bu fraqmentlər milli simf.
musiqinin inkişafı üçün mühüm mənbəyə çevrilmişdir. Kökü milli rəqslərlə
bağlı olan musiqidən operada geniş istifadə olunmuşdur; o, məişət fonu
yaradılmasında, eyni zamanda qəhrəmanlıq ideyasının açılışında
əhəmiyyətli rol oynayır. "Koroğlu"-nun rəqs səhnələri milli baletin
təşəkkülü və inkişafı üçün zəmin olmuşdur. Üzeyir Hacıbəyov əsl novator
əsər olan "Koroğlu" ilə Azərbaycan musiqi sənətinin hərtərəfli zəngin
inkişafı üçün yollar açmışdır.