Yağış yağır Nizamiyə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 1 606
Səs ver:
(səs: 0)
Heç "Nizami" küçəsinə gedib, sadəcə önünüzdən keçənləri izləmisiz? Mən də izləməmişdim. Ancaq o gün getdiyim "Nizami" küçəsində, boz və qaranlıq divarlar çevrəsində əyləşdiyim soyuq, buz kimi oturacaqda üç saatımı keçirtdim. Vaxtın necə keçdiyini heç özüm də anlamdım. Bəlkə gözümü dikdiyim mənzərədə tək insanları yox, onların yaşadıqlarını gördüyüm üçün yerimdə donub qaldım. Bəlkə bir çoxunu oxşar, bir çoxunu bədbəxt gördüyüm üçün... Bəlkə insanların üzlərindəki ani gülümsəməni yox, içlərindəki savaşı sezdiyim üçün... Gördüklərim yox, idiyə qədər görmədiklərimiz üzdü məni.
Nələrdən qaçmışıqsa, nələrə göz yummuşuqsa, bax, onları gördüm.
İnsan cildində insan düşmənləri də gördüm. Varlının köləsi, kasıbın ağası. Dilənçi görsə, lağa qoyar, qocaya lazımsız əşya kimi baxar. Nə cavanına hörmət edər, nə də övladının fikrinə sayğı duyar. Qara kostyum, qara qalstuk taxdığı üçün öz aləmində özünü ağıllı sayar. Mənim kimi tək oturan qızlara isə artıq bildiniz, necə baxar...
Gənclər gördüm. Qara geyimli, üzündə hüzün. Tələsir harasa. Bəlkə cibində 20 qəpiklə tərəddüd içindədir; çörək alım evə, ya qələm alım yazmağa? Üzündəki gülüşlə içindəkini gizlədir dostlarından. Dərdi bir dünya qədər. Dinləyən varmı ki?
Cütlüklər gördüm. Qadın danışır, qadın hirsli, qadın fikirli. Gələcəkdən əmin deyil. Kişi isə susur. Susur! Çünki gözlədiyi gələcəyin gələcəyindən əmin deyil. Çətin zamanda, onu ayaqda tutan sevgisidi. Sevəcək qədər ürəkli, dözməyəcək qədər zəifdi.
Tənha analar gördüm. Gözəl gözlü, lakin qara geyimdə şəhərin seyrinə çıxmış. İçindəki qışqırığı qulağıma ağrılı səs kimi gəlir. Uyumuş balası oynayacaq, onun üzünə güləcək, o uyuyandan sonra yenə öz bəxtiylə baş-başa qalacaq. Səsini içinə ata-ata balasını böyüdəcək. Həyatını söndürəcək. Daha bir qadın səbəbsiz taleyin qurbanına çevriləcək.
Bunları bilə-bilə mən də susacam... hardan bilirəm bunları? Çünki tənhalığı üz-gözünə sıçramış bu qadının. Çünki... mən də susmağa alışdım artıq.
Sıxıldım, dedim durum gəzişim bir az. Pişiklər sataşdı gözümə. Gözlərindəki kədər məni vahiməyə saldı. Elə bil yaşamaqdan bezmişlər. Nə bədbəxtdi bu pişiklər. Sığal çəksən belə, yaxınlaşmırlar sənə. Bəlkə insanlıdan küsüblər? Yəni bizdən... Biz incitmişik, biz atmışıq onları. Vurulmuş təpiklərdən yorulmuş bu heyvanlar nəvazişə də reaksiya vermir artıq... İlahi, hanı o xoşbəxt canlı? Fikirləşirdim ki... Əllərində taleyin cızıqlarını sezdiyim dilənçi nənə keçdi qarşımdan. Həyata 50 il gecikmiş, gülməyi sanki təzə öyrənmiş kimi, hər ötənə gülümsəyir. Üzündəki ifadə həyadan danışır: "Mən etdim, siz etməyin. Qurban verdim, çox susdum. Siz susmayın. Yaşamağı unutdum. Siz unutmayın..."
Ağ saçlı, üzündə illərin qırışığı olan babaları da gördüm. Tək yox amma. Əlindən möhkəm yapışmış şıltaq nəvələrlə keçdilər gözümün önündən. Həyatımızdakı ən saf canlı. Heyf ki, saf gülüşləri böyüdükcə səbəbsiz qəzəbə çevriləcək. Rəngli geyimlərini qara paltolar əvəzləyəcək.
Yalnız gəzən insalar gördüm. O qədər yalnız ki, üzlərindən belə oxumaq olmur kimliklərini. Yalnız da öləcəklər... qaradan başqa rəng bilməz, təklikdən başqa da dost tanımazlar.
"Nizami"də tək bir rəng gördüm. Əyinlərində və üzlərində qara rəng. Əynimə baxdım. Başdan ayağa qaralar içində...
Yağış səpələdi birdən. Dağıldı qara üzlü insanlar. Dağıldı fikirlərim. Üzümə səpələnən damlalar üzüntü ilə süzüldü yanaqlarımdan. Mənzərə dəyişdi. Gül açdı fantanlar bağı. Rəngə boyandı hər yan. Qara insanları əvəzlədi çətirlər. Rəngbərəng. Çətirim yox idi. Təpədən dırnağa kimi islandım. Su yudu, apardı qəmimi, kədərimi. Qayıtdım... Bir gözlərim qaldı "Nizami"də, bir ÇƏTİRLƏR, bir də islanmış pişiklər...
"Nizami"yə yağış çox yaraşırmış. Bir də yağış yağanda mütləq gedin ora. "Nizamiyə" baxın... Mütləq baxın!.. Baxın, amma orda qoyduğum gözlərlə baxın.(Mələk Heydərova)
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 606
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri