Hədlərin mistikasına o qədər də inanmıram. Amma necə izah edəsən
ki, M. Ə. Sabirin anadan olmasının 150 illiyi M. F. Axundovun 200 illiyi
ilə eyni ilə təsadüf edir? İki adam və ədəbiyyatda, ümumiyyətlə, milli
fikir və düşüncə tarixində iki inqilab.
Hər ikisi ədəbiyyatı göylərdən yerə endirdi. Şərq ədəbiyyatı
yaranışından göylərlə əlləşib, ilahi hikmətləri, həqiqətləri dərk etməyə
cəhd edib. Amma bu iki insan artıq qeyd etdiyim kimi, ədəbi fikir
tarixində Kopernik inqilabına bənzər bir şey etdi, baxmayaraq ki,
sonuncu bir qədər fərqli iş görmüşdü, «dünyanın mərkəzi»ni Yerdən Göyə
köçürmüşdü.
Ruslar əsl milli ədəbiyyatın N. Qogol-dan başlandığın iddia
edirlər. Məhz ondan başlayaraq ədəbiyyatın süjet istiqaməti dəyişdi, o,
güclə pul toplayıb bir şinel alan kiçik məmura, kiçik bir insana doğru
yönəldi.
Bizim ədəbiyyatda da Sabirin və Mirzə Fətəlinin sayəsində söz
sənəti şahların və əsilzadələrin tərzi – həyatı olmaqdan vaz keçib, Hacı
Qaralara, Fatmanisələrə tərəf üz tutdu. Bunu birdən – birə qəbul etmək o
qədər də asan deyildi. Bunu sonralar da qəbul etmək asan olmadı.
Təsadüfi deyil ki, biz azı 100 il Sabirə və yaxud da Mirzə Fətəliyə
dişlərimizi ağartdıq, gülə bilmədik, çünki əsl gülüş başqa şeydir. Əsl
gülüş adamı düşündürür. Bəlkə bu iki adam bu illər ərzində bizi ürəkdən
güldürsəydi onlar indi də bu qədər aktual olmazdılar. Bir neçə il bundan
əvvəl yazmışdım ki, Sabirin, Mirzə Fətəlinin və Mirzə Cəlilin bu gün də
aktual olması əslində faciədir.
Elə o vaxt da əlavə etmişdim ki, buna rəğmən belə bir hal bu
insanların dühasına zərrə qədər də kölgə sala bilməz. Sabir haqda yazmaq
qərarına gələndə yol gedirdim. Avtobusun pəncərəsindən baxanda kiçik
bir dəstənin əllərində ərəb əlifbası ilə yazılmış bayraqlar tutaraq
küçənin qırağı ilə getdiyini görmək olardı. Axşam da pəncərədən baxanda
eyni mənzərəni gördüm. Nə demək olar? Bu gənclər heç olmasa ərəb
əlifbasını bilirmi?
Şəxsən mən buna şübhə edirəm. Mövhumat əsrə baxmır. Əgər bu gün
böyük bir telekanal öz qiymətli efir vaxtını «cinləri qovan» cadugərlərə
sərf edirsə, bunu mövhumat adlandırmayasan, nə deyəsən? Elə şeylər var
ki, onlar irrasionaldır. İranda qadınları qara çadraya bürünməyə vadar
edən səbəblər var. Amma Azərbaycanda qadınların könüllü olaraq qara
çadraya bürünməsinin səbəbini tapmaq çox çətindir. Nədir bu? Azadlıqdan
qaçış?
Çətin sualdır.
Səbəb məlum olanda dərd eləmir. Məhz bu səbəbi bəlli olmayan,
irrasional adətlər, təsəvvürlər Sabiri dərdə salmadımı? M. Fətəlinin
dünya ədəbiyyatında analoqunu tapmaq olardı. Amma Sabir tipik Azərbaycan
fenomenidir. Bir dəfə Moskvada onun rus dilində şerlər kitabını
almışdım.
Elə o vaxt da başa düşdüm ki, Sabiri yalnız azərbaycanca oxumaq
olar və onu yalnız azərbaycanlılar başa düşmək iqtidarındadır. Bəlkə
yanılıram, amma qənaətim budur. Düzdür, təhsilə, elmə kəm baxmaq,
nadanlıq içində yaşamaq tək Azərbaycana xas deyil – bu, doğrudur. Yada
salsaq ki, hətta rusların da bir «meşşan» sözü var, buna daha tez
inanmaq mümkündür.
Burada M. Qorky-nin bir «meşşan» qəhrəmanının sözlərini necə
xatırlamayasan? Həmin «meşşan» qəhrəman uşaqları olmadığına görə
arvadını danlayırdı ki, çox yeyirsən, ona görə də qarnında uşağa yer
qalmır... Bəli, bütün millətlərin yolu nadanlıqdan keçib. Amma biri var,
deyəsən ki, yolu buradan keçib, biri də var, deyəsən ki, yolu burada
ilişib qalıb. Təəssüf ki, bunlar fərqli şeylərdir…
KRALLAR ŞAİRLƏRİ BAŞA DÜŞƏNDƏ…
Deyilənə görə, «Müfəttiş»ə çar Aleksandrın özü baxıbmış. Tamaşa
bitəndən sonra o, deyib ki, hamı payını götürdü, ən çox da mənə pay
düşdü. İndi Sabir anılır, təriflənir. Amma mən bunun səmimiyyətinə
inanmıram, çünki onu guya anan insanların böyük əksəriyyəti əslində məhz
onun personajları olmağa layiq insanlardır. M. Ə. Sabir deyirdi: «Kim
ki, insanı sevir, aşiqi – hürriyyət olur, bəli, hürriyyət olan yerdə də
insanlıq olur!...».
Hanı bəs bu hürriyyət, hanı bəs bu insanlıq? Deməli, yüz il hədər
keçib. Adını unutduğum bir türk yazıçısına S. Demirel deyəndə ki, sizin
əsərlərinizin birinci oxucusu mənəm, həmin yazı adamı ona qayıdıb
demişdi ki, «təəssüf edirəm, əfəndim, siz heç dəyişməmisiniz!...». Ona
görə də bir avropalı yazıçı da çox gözəl deyib: «Krallar heç vaxt
şairləri başa düşmür, başa düşəndə isə onları edama göndərirlər»…
KİÇİK SÖZARDI
M.Ə. Sabir haqqında o qədər yazılıb, o qədər deyilib ki, əlavə
ştrix tapmaq olduqca çətindir. Amma o, özü haqqında hamıdan yaxşı yazıb:
«Bənzərəm bir qocaman dağa ki, dəryada durar!». Bəli, bundan yaxşı
demək mümkün deyil. Bəlkə də mümkündür. Amma bundan yaxşısını yalnız
Sabir özü deyə bilərdi…