...Cənnət
və cəhənnəm mövzularına böyük maraq duyan və həyatını ona görə qurmaq
məqsədi daşıyan bir adam İlyas peyğəmbərdən soruşmuş: "Cəhənnəm
haradadır? Cənnət haradadır?”
İlyas
Peyğəmbər cavab vermədən adamın əlindən tutmuş və onu qaranlıq
yollardan keçirərək bir saraya gətirmiş. Bəzəkli dəmir qapını keçərək
bəziləri ləl-cəvahiratla bəzənmiş otaqlardan ibarət saraya daxil
olduqdan sonra, zəngin və yoxsul insanlarla dolu böyük bir otağa
girmişlər. Otağın ortasında atəşin üstündə böyük bir şorba qazanı
varmış. Yavaş-yavaş qaynayan qazandan otağa çox gözəl qoxu yayılırmış.
Qazanın ətrafında isə çökük yanaqlı, boş gözlərlə baxan insanlar
şorbadan paylarını almaq üçün gözləyirmişlər... Qaşıq, dəmirdən
hazırlanmış böyük bir çuxur bölümdən, çox uzun bir sapdan və ucunda da
balaca taxta bir tutacaqdan ibarət idi. Ac insanlar qazanın ətrafında
dava salaraq şorbadan paylarını almağa çalışır... amma heç biri buna
nail olmurmuş. Ağır qaşığı qazandan qaldırmaq çox çətin imiş. Həm də
qaşığın sapı çox uzun olduğu üçün ən qüvvətli adam belə qaşığı ağzına
qədər gətirə bilmirmiş. Nə olursa-olsun şorbanı içməyə çalışanlar isə
qollarını, üzlərini yandırır və ya şorbanı digərlərinin üzərinə
tökürmüş... Üstəlik, bir-birlərinə bağırır, dava edir və aclıqlarını
aradan qaldırmaq üçün istifadə etməli olduqları qaşıqlarla bir-birlərini
vururlarmış...
İlyas peyğəmbər yanındakı adamı qolundan tutaraq, "Bax, budur, cəhənnəm”, – demiş...
Daha
sonra o otaqdan çıxmışlar və bir müddət sonra cəhənnəmdəkilərin
bağırtılarını duymaz olmuşlar. Qaranlıq yollardan keçərək qət etdikləri
uzun yolçuluqdan sonra başqa bir otağa girmişlər. Bu otaq daha öncəki
otağın bənzəri imiş, ortada şorba qazanı, ətrafında nəhəng qaşıqları ilə
insanlar varmış. Fəqət, burdakı insanlar yaxşı bəslənmiş görünürdülər.
Qaşıq səslərindən başqa yalnız sakit, xoşbəxt bir ünsiyyət duyulmaqda
idi. Şorbanı hər zaman iki adam birlikdə yeyirlərmiş. Biri qaşığı
şorbaya salır və qarşısındakına yedirdirmiş. Əgər qaşıq bir adam üçün
çox ağır olurdusa, digər iki adam bunlara yardımçı olurmuş. Bu şəkildə
hər kəs dava salmadan barış içində şorbasını yeyə bilməkdəydi... Bir
adam kifayət qədər yediyində digərinin sırası gəlirmiş. İlyas peyğəmbər
yanındakı adama dönmüş və belə söyləmiş: "Bax, bu cənnətdir!”
P.S.
Gerçəkdən də gerçək insanların sayı, yəni özü qədər də başqalarını
düşünən insanların sayı çoxalsa, dünya cənnətə dönər. İndiki dünya nəyə
bənzəyir?.. – əslində hamımız bilirik. Bu gün bütün dünyanın, insanlığın
gözü qarşısında hər gün minlərlə insan aclıqdan ölürsə, yüzlərlə
günahsız insan öldürülürsə, minlərlə ailə gözü yaşlı qalırsa, minlərlə
insan adi xəstəliklərin, cəhalətin qurbanı olursa, insanlıq öz əli ilə
cəhənnəmə çevirdiyi dünyanın gələcəyini düşünməlidir... Çünki onu
cənnətə çevirmək və belə bir dünyada yaşamaq da bizim
əlimizdədir...Övladlarımız, gələcəyimiz üçün daha yaxşı dünya qoya
bilmək üçün elə bu gündən və hər kəs özündən başlamalıdır.
Unutmamalıyıq ki, bu gün dünyadakı ən böyük böhran mənəviyyat, insanlıq böhranıdır...