Bal ayının ən çox keçirildiyi 5 məkan

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 965
Səs ver:
(səs: 1)
alt

Tarixən Parisi sevgililər şəhəri adlandırırlar. Buraya dünyanın dörd bir nöqtəsindən yeni evlənənlər axışır. Yelisey çölündə gəzintilər, Eyfel qülləsində öpüşmələr, restoranlarda romantik şam yeməkləri, valehedici fransız musiqisi… Burada romantika hətta havaya da hopub. Kim bilir, bəlkə siz səyahətdən qayıtdıqdan sonra deyəcəksiniz: Parisdə yenidən bal ayı keçirmək üçün ikinci dəfə ərə getməyə dəyər! Parisin məhəbbət şəhəri olduğunu ən çox Monamartda hiss edəcəksiniz. Mulen Ruj, Lapin Agile, Folies Berger kimi məşhur kabarelər (estradası olan restoran) qapılarını sizin üzünüzə açacaq. Bu kabarelər 19-20-ci əsrlərdə bir çox istedadlı musiqiçiləri, şairləri, rəssamları və sadəcə romantikləri qoynuna almışdı. Əlbəttə, əvəzolunmaz Frenk Sinatra, Edit Piafı görə biməyəcəksiniz, amma yenə də ecazkar musiqi, dəbdəbə və gözəllik sizi valeh edəcək. Baqatel parkına da baş çəkməyi unutmayın. Gözəl qəsr və gölləri, romantik xiyabanları, körpüləri, şəlalələri ilə bu park romantik anlar yaşamaq üçün əla məkandır. Mütləq vaxt tapıb «Mən səni sevirəm» divarına da baxın. Burada 311 dildə sevgi etirafları yazılıb.

alt

Meksikanın turizm mərkəzi sayılan Akapulko bütün cavanları özünə cəlb edir. Deyilənə görə, Akapulkoda bal ayı ilə başlayan evlilik çox möhkəm olur və heç vaxt dağılmır. Con və Ceki Kennedi, Bill və Hillari Klinton bal aylarını məhz burada keçiriblər. Qənd tozuna bənzəyən ağappaq qum, şəffaf su, kaktuslar, palmalar - sevgililər üçün əla mənzərədir. Əyləncələr şəhəri Akapulkoda kazino və restoranlar saysız-hesabsızdır. «Burada qaldığınız müddətdə yağış yağarsa, oteldə sizdən yaşayış pulu alınmayacaq» - bu cür elanlarla otel sahibləri müştəriləri cəlb edirlər. Ancaq bunu bilin ki, ilin 360 günü göydə buluddan əsər-əlamət olmur. Havanın temperaturu isə ilboyu +28-30 dərəcədə qalır. Akapulko dünyanın ən ucuz kurort şəhəridir. Burada bahalı otellər də var, ancaq günü 20-30 dollara ailə pansionatında və ya bunqaloda (birailəlik kiçik ev) əla istirahət etmək olar. Venesiyadan sonra Akapulko yeni evlənənlərin bal aylarını keçirdikləri ikinci şəhərdir. Meksikanın mirvarisi adlandırılan Akapulkoya bir dəfə gələn buraya yenə gəlmək istəyir.

alt

Yeddi təpənin üzərində yerləşən və dünyanın ən gözəl şəhərlərindən biri olan Praqaya səyahət o qədər də baha başa gəlmir. Qotika üslubunda tikilmiş kilsələr, memarlığın çox incə nümunəsi olan daşdan krujevalar, körpülər… Deyilənə görə, bu körpülərdən birində - Karlovo körpüsündə dayanıb nikahınızın uzunömürlü və xoşbəxt olmasını arzulasanız, bu mütləq belə də olacaq. Romantik şam yeməyini yaxşı olar ki, Uşaq adasında (Jofin restoranı) və ya Kamp adasında təşkil edəsiniz. Tennis oynamağa, at sürməyə isə Streles adasına getmək məsləhətdir. Praqanın gözəlliklərinə daha yaxşı baxmaq üçün Karlovo körpüsünün yanında qayıq icarəyə götürə bilərsiniz. Şəhərin ən görməli yerlərindən biri də Staromest meydanıdır. Bu meydandakı saatı 1490-cı ildə Hanus adlı usta hazırlayıb. Saatın gözəlliyi o dövr üçün çox çətin və ağlasığmaz texnologiyaya malik olmasındadır. Bir saatdan bir saatın pəncərəsində 12 apostol peyda olur və tamaşaçıların gözü qarşısında hərəkət edir. İqlimi mülayimdir, ən səmərəli istirahət vaxtı may, iyul, sentyabr ayları sayılır. Xizək sürmək istəyənlər isə yanvar, fevral aylarında gəlməlidirlər. Bir çox turizm agentliklərinin məlumatına görə, evlənmək istəyənlərin böyük əksəriyyəti toy şənliklərini Praqanın qədim yerli ratuşasında (hökumət evi) keçirmək istəyirlər. Cütlüklər üçün iri sahədə cins atlar üstündə və ya Praqa üzərindən uçan hava balonunda toy təklif olunur.

alt

Əgər bal ayınızda isti dənizin sahilində dincəlməklə yanaşı maraqlı ekskursiyalar da etmək istəyirsinizsə, Misirin Sinay yarımadasında yerləşən Şarm əl-Şeyx kurortuna səyahət ən ideal seçimdir. Buranın gözəlliyi turistlərin simpatiyasını çoxdan qazanıb. Şarm əl-Şeyx nadir güllərin qeyri-adi, qəribə gözəlliyini, geniş çəmənliklərin yaşıllığını, hündür ağacların və palmaların bolluğunu özündə birləşdirir. Qızıl qumlu çimərliklər bütün il boyu Misirin qonaqlarını sevindirir. Hətta qışda belə dənizdə çimmək olar, belə ki suyun temperaturu +20-22 dərəcədən aşağı düşmür. Şarm əl-Şeyx qədim tarixə və çoxlu sayda abidələrə malik olan şəhərdir. Çoxlarında şəhərin adı ən maraqlı və çoxsaylı ekskursiyaların təşkil olunduğu Müqəddəs Yekaterina monastırı ilə bağlı assosiasiyalar oyadır. Şarm əl-Şeyx hərtərəfli istirahət üçün mükəmməl yerdir. Burada həm idmanla məşğul olmaq, həm dəniz faunasının gözəlliyinə tamaşa etmək, həm də məşhur mərcan parkı Ras-Məhəmməddə gəzintiyə çıxmaq olar. Ekzotika xoşlayırsınızsa, beduinlərin şam yeməyinə dəvət ala bilərsiniz. Bir saata yaxın dəvənin üstündə getdikdən sonra beduinlərin kəndinə çatacaqsınız. Burada siz əsl Misir çayı içəcək, səhrada günəşin batmasına baxacaq, ulduzlu səma və qulaqbatırıcı sakitliklə baş-başa qalacaqsınız. Bundan başqa, Şarm-əl-Şeyxdə sizi əla əyləncə gözləyir, bu, cip-safaridir. Nə qədər gözəl, maraqlı yerlər gəzsəniz də, Misirin vizit kartı piramidalardır. Dünyanın yeddi möcüzəsindən biri sayılan Misir piramidaları sevgililəri nağıllar aləminə aparacaq. Fironların dövründən indiyə qədər gəlib çatmış bu möhtəşəm tikililərə daxil olduqda təsəvvür edə bilməyəcəyiniz qədər heyrətlənəcəksiniz. Hər bir heykəl, şəkil, yazı sizə böyük bir tarixdən xəbər verəcək və sizin sevgi tarixinizə qatılacaq.

alt

Burada yeni evlənmək istəyənləri sadəcə nikah deyil, yerli ənənələri əks etdirən əsl şou gözləyir. Gəlinə sarı, bəyə isə milli toy kostyumu geyindirilir. Rəsmi hissə qurtardıqdan sonra tort kəsilir, şərab içilir və fillərin üstündə gəzintiyə çıxılır. Axşam isə bəylə gəlini gözəl bir şam yeməyi gözləyir, həmçinin qaldıqları otel otağına güllər və şampanla dolu zənbil göndərilir. Sizə verilən sənəddə ekzotik nikahın həm də qanuni nikah olması təsdiq edilir. Bütün dünyadan gələn yeni evlənənlər Seylonda unudulmaz bal ayı keçirə bilərlər. YUNESKO-nun qoruduğu 130 tarixi dəyərlərin 7-i bu adada yerləşir. Əfsanəyə görə, Adəm və Həvvanın Cənnət bağı burada olub. Yüzlərlə kilometr uzanan çimərliklər, əsrarəngiz sualtı dünya Şri-Lankanı dünyanın ən böyük dəniz kurortuna çevirib. Yüzdən çox şəlalənin içində «Gəlin duvağı» adlanan şəlalə 212 metr hündürlüyü və 1 şırnağı olması ilə fərqlənir. Müxtəlif ədviyyatların cazibədar iyi ilə dolu bağlar, çay plantasiyaları da romantik bir görüntü yaradır. Kozqoda sahillərində dəniz tısbağaları, onların yenicə yumurtadan çıxmış balaları sizə çox əyləncəli anlar yaşadacaq. Yatmış şirə bənzəyən Siqiriya dağına da mütləq baş çəkin, unudulmaz təəssürat alacaqsınız.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 965
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri