Son
dönəmlərə qədər dünya elmi fikri müəyyən siyasi, dini, etnik dairələrin
təsiri və sifarişi ilə türkləri (oxu azərbaycanlıları) ən erkən yazılı
mədəniyyətə malik olan xalqların sırasında göstərmir, onların
yaratdıqları mədəniyyətin tarixini süni şəkildə yaxınlaşdırmağa
(cavanlaşdırmağa) çalışırdılar. Bununla da çağdaş sivilizasiyanın
yazısının və yazılı mədəniyyətinin yaranmasında və formalaşmasında
türklərin rolunu inkar edir, gizlətməyə çalışırlar.
Nəhayət,
bu uzun sürən haqsızlıq ədalətli dünya alimlərinin yeni elmi kəşfləri
sayəsində aradan qaldırıldı; süni örtülmüş qara pərdə altından əsl
görkəmi ilə ortaya çıxan ulu və qoca Türkün nəhəng kimliyi saxtakarlar
dünyasını və eləcə də həqiqətpərəst bəşər alimlərini lərzəyə gətirdi...
Türk
(Azərbaycan) yazılı abidələrinin yaranma tarixi ilə bağlı son dövrdə
əldə olunmuş nəticələrin oxucular üçün də maraqlı olacağına əminik.
Tanınmış alimlərin gəldiyi qənaəti onların öz sözləri ilə oxucuya təqdim edirik.
Prof.
Elməddin Əlibəyzadə türk yazılarının tarixi haqda düşüncələrini belə
ifadə edir: "Mixi” yazıların inkişafı "Qlozel” yazılarına, "İssıq”
yazısına (və başqa yazılara), ondan da Orxon — Yeniseyə gəlib çıxınca 7-
8 min ilə yaxın və bəlkə də, daha artıq bir yol keçmişdir”.
XX
yüzilliyin başlanğıc dönəmində Orxon- Yenisey kitabələrini araşdıran
ünlü türkoloq T.M.Melioranski heyrətlə demişdi: "Belə imlaya malik olan
bir əlifba birdən-birə yaradılmır; onda, deməli, yazı türklərə, nisbətən
qədimlərdən artıq məlum idi və onlar bunun üzərində lazımi cidd-cəhdlə
məşq etmişdilər… Ümid etmək olar ki, Qərbi Türküstanda, habelə, bəlkə
də, Yeddisuda yeni bir yazı tapıldı, onda bu əlifbanın mənşəyi məsələsi
daha artıq aydınlaşa bilər”.
Alimin uzaqgörənliyi illər sonra öz təsdiqini tapdı...
1924-cü
ildə Fransanın Viçi bölgəsində bir mülk sahibinin öz ərazisində
tapdığı, sonralar "Qlozel” muzeyində saxlanılan 3 min parçadan ibarət
kitabənin oxunması müşkülə çevrilmişdi. 4500 il bundan öncəyə aid edilən
bu kitabələrin türk alimləri Xalıq Tarcan və Kazım Mirşan tərəfindən
oxunuşu və "öntürkcə” olduğu təsdiqləndi. 1993-cü ildə Sarbon
Universitetində keçirilən "Əlifba yazının başlanğıcı və Qlozel
kitabələri” adlı elmi konfransda kitabədəki hərflərlə bağlı illərlə
davam edən dartışmalara son qoyuldu… ("Hürriyet” qazetesi, İstanbul, 1
Nisan 1993; Elməddin Əlibəyzadə. Azərbaycan dilinin tarixi, I c., Bakı,
2007, s.251-255,s.260-263).
Araşdırmaçı
İ.Sadıq da türk yazılarının "cavanlaşdırılması” meyillərinə qarşı
etiraz edərək yazır: "Türkün qədimliyi deyəndə, onun mədəniyyəti
haqqında düşünəndə alimlərin xəyalları çox zaman Orxon-Yenisey
yazılarında ilişib qalır… Ancaq həmin yazıların da tarixi hələ tam
dürüstlüyü ilə üzə çıxarılmamışdır. Onların hamısı yanlış olaraq V-VIII
əsrlərə aid edilmişdir. Halbuki Saymalı-Daş abidələri arasında e.ə. III
minilliyə aid yazılar var. Tyan-Şan dağlarının Saymalı-Daş dərəsində
tapılmış bu abidələrdəki rəsmlərin və yazıların bir qismi saklara (e.ə. I
minilliyə), bir qismi e.ə. üçüncü, hətta dördüncü minilliyə aiddir”.
(Novqorodova E. Put na qoru solntsa. «Vokruq sveta». 1988, №11, s. 17;
Şer Y.A. K interpretatsii syujetov nekotorıx petroqlifov Saymalı-Taşa.
KV. Leninqrad, 1978, s.164-165; İslam Sadıq. Şumerdə izim var mənim.,
Bakı, s. 4).
Şumer
mətnlərini tədqiq edən Tariyel (Vəli Nüvədili) Azərtürk ən azı beş min
il (hətta bəzi mülahizələrə görə, 6500 il) öncəyə aid edilən şumer
yazılı abidələrinə münasibət bildirərək, bu qədim incilərin Azərbaycan
türklərinin babalarına məxsus olduğunu açıqlayır. (Tariyel (Vəli
Nüvədili) Azərtürk. Əcdad., Sietl (ABŞ),1996.)
Şumer yazıları ilə bağlı başqa dünya alimlərinin də önəmli fikirlərini diqqətinizə çatdıraq:
Rus alimi Dmitri Reder yazır: "Şumerlərin dili ayrıca bir dildir.
...Yalnız
onu qəti demək olar ki, o, iltisaqi dillər ailəsinə daxildir və öz
quruluşuna görə ən çox türk dilləri ilə müqayisə edilə bilər. («Mifı i
leqendı drevneqo dvureçya»., Moskva, 1965, s.150).
İngilis
alimləri S.Lloyd və Q.Çayld də bu qənaətə gəlmişlər: "Turanlılar
təxminən on-on iki min il bundan qabaq səfalı, bəhrəli Dəclə-Fərat
çayları hövzəsində məskən salıb, ətraflarda yaşayan vəhşi tayfaların
heyrətli nəzərləri altında dünya sivilizasiyasının yəhərini aldılar.
Dünyada ulu bir mədəniyyətin məşəli alışdı… » («Reki Bliznetsı».,
Moskva, 1972, s.16; «Drevniy Vostok v svete novıx raskopok»., Moskva,
1956, s.252).
Türk
alimi Ahmet Cavat yazır: "Şumer dilinin turani dillərə bənzədiyi artıq
qəbul edilmişdir. Şumerlər haqqında ən yeni və mötəbər əsər nəşr etdirən
Voolley şumerlərin morfoloji cəhətdən "əski türkcəyə bənzər” bir dildə
danışdıqlarını qəbul edir…
Şumerlər
türkdür, şumerlərin türk olduğu məsələsinin çoxlu sübutları var; bizi
bu qənaətə gətirən ən güclü sübut ikisidir: 1) dil sübutu; 2) geoloji və
arxeoloji sübut”. ("Alfabenin mənşəyi ən əski türk yazısıdır”,
İstanbul, 1993, s.10 və s. 58-59).
Azərbaycanlı
prof. Baloğlan Şəfizadə də qədim türk yazıları və yazılı abidələri
haqda maraqlı fikir və mülahizələrin müəllifidir:
"...Bu
vaxta qədər təqdim olunduğunun əksinə olaraq, artıq sübut olunmuşdur
ki, yer üzünün, bəlkə də, ilk əlifbası və yazı mədəniyyəti Azərbaycan
türklərinə məxsus olmuşdur. "Avesta”nın ilk variantı 21 kitabdan ibarət,
21 hərfli bir əlifba ilə tarixən Azərbaycan ərazisinə düşən qədim
Pərəsada (Cənubi Azərbaycanın Nəhavənd, Rey, Həmədan, İsfahan əraziləri
və tarixən Azərbaycan adlanan ərazi "Avesta”da belə adlanmışdır. —
B.Ş.), yaxud Pərəsatda yazıya alınmışdır. Yer "Dədə Qorqud”
dastanlarında Parasar adlanmışdır. Əlifba 12 bürc və 9 planetin həndəsi
quruluşuna rəğmən yaradıldığından ona "Ulduz əlifba”sı adını sonralar
vermişlər. Əlifbanın sonrakı daha mükəmməl variantları Maq əlifbası
olmuşdur… Bu əlifbaların qırmızı türk irqinə məxsusluğu dünya alimləri
tərəfindən təsdiq edilmişdir… ”
"...Nyuberq
"Qatlar”da şamanizmin nişanələrini görüb. Hecada yazıldığı qəbul
olunub. "Qat” sözü türkcədir… Müəlliflər Zərdüştün Kseriksin
hakimiyyətindən altı il əvvəl yaşadığını yazırlar. Bu isə 8-9 min il
bundan əvvələ gedib çıxır...
"Qatlar”ın
məzmunu da. e.ə. 11-9 min il bundan əvvələ təsadüf edən hadisələri
təsdiq edirsə, yunan və Roma müəllifləri də maqların və Zərdüştün Troya
müharibəsindən və Platondan 5-7 min il əvvəl yaşadıqlarını deyirlərsə,
daha nə lazımdır?..
A.A.Toxe-Qode
"Avesta”nın Homerin "İliada” və "Odisseya”sına təsirindən danışıb.
D.Laerti isə Zərdüştün Troya müharibəsindən beş min il əvvəl yaşadığını
yazır: əgər Troyanın süqutu b.e.ə. 1184-cü ildə olubsa, Zərdüşt b.e.ə.
7-ci minillikdə yaşamış olur. Yenə də bizim irəli sürdüyümüz hipotez
doğrulmuş olur...” -deyə müəllif ulu Zərdüştun yaşam tarixinə aydınlıq
gətirərək, bu tarixi (bununla da xalqımızın yazı və mədəniyyət tarixini)
süni olaraq cavanlaşdıran "elmi” tendensiyaların doğru olmadığını sübut
edir… (Baloğlan Şəfizadə. Azərbaycan ədəbiyyatı tarixi., Bakı, 2003,
s.5-7,s.22-24.)
Bu
yazını bilərəkdən tədqiqatçıların uzun illər apardıqları elmi
araşdırmalardan gətirdiyim sitatlar üzərində qurdum. Vaxtilə belə bir
fikir tez-tez işlənirdi: «Faktlar yaman tərs şeydir». Bu da sitatdır.
Amma çox yerinə düşür.
Bütün
bu deyilənlərdən belə nəticə hasil olur ki, mübahisə doğurmayan
məsələləri çıxmaq şərtilə dünyanın tarixi yenidən yazılmalıdır.
Hələ illər öncə professor Elməddin Əlibəyzadə bu qənaətdə olmuşdur.