İnsan
öz həyat və fəaliyyəti zamanı müxtəlif hərəkət və işləri icra edir.
Bunlardan bəziləri qeyri-ixtiyari, bəziləri isə ixtiyari şəkildə baş
verir.
Qeyri-ixtiyari
hərəkətlər düşünülmüş, şüurlu şəkildə deyil, ya tamamilə dərk olunmayan
və ya bir o qədər də dərk edilməyən təhriklərin təsiri altında baş
verir. Bu cür hərəkətlər adətən impulsiv xarakter daşıyır. Onların dəqiq
planı olmur. Psixologiyada qeyri-ixtiyari hərəkətlərə insanın qorxu,
çaşqınlıq, heyrət, affekt halında olan və s. hərəkətləri aid edirlər.
İxtiyari
hərəkətlər isə məqsədlə bağlı, məqsədəyönəlmiş hərəkətlərdir. Bu cür
hərəkətləri yerinə yetirərkən insan öz məqsədini həyata keçirmək üçün
lazım olan əməliyyatları əvvəlcədən təsəvvür edir. Bu cür hərəkətlər
iradi xarakter daşıyır. Bu zaman insan qarşısına çıxan maneələri aradan
qaldırmalı olur.
Qarşıya
qoyulmuş məqsədə nail olmaq üçün subyektin öz fəaliyyəti və davranışı
zamanı rast gəldiyi çətinlikləri, maneələri aradan qaldırma prosesinə
iradə deyilir.
İradi iş zamanı insan iki cür maneələri aradan qaldırmalı olur: daxili (subyektiv) və xarici (obyektiv) maneələr.
Daxili
maneə insanın qarşısına qoyduğu məqsədə nail olmasını çətinləşdirən
istək və meyllərindən ibarət ola bilər. Məsələn, şagird sabah müəllimə
cavab vermək üçün hazırlaşmağa başlayır. Elə bu vaxt televizorda onun
çoxdan baxmaq arzusunda olduğu bir filmi nümayiş etdirəcəklərini eşidir.
Bu zaman o, öz istəyini boğaraq qonşu otağa keçib dərsə hazırlaşırsa
daxili maneəni aradan qaldırmış olur.
Xarici
maneə isə insanın qarşısına qoyduğu məqsədə nail olmasını çətinləşdirən
obyektiv, onun istəyindən asılı olmayan maneədir. Məsələn, şagird
sabahkı dərsə hazırlaşmaq məqsədini qarşısına qoyur. Bu zaman işıqlar
sönür. Şagird öz məqsədinə çatmaq üçün yaxınlıqda yaşayan əmisigilə
gedərək dərsi hazırlayırsa xarici maneəni aradan qaldıraraq öz məqsədinə
nail olur.
Mətin iradəli adamlar qarşılarına qoyduqları məqsədə nail olmaq üçün hər cür maneəni aradan qaldıra bilirlər.
İradə
– ali psixi funksiya kimi, insanın həyatı prosesində formalaşır. İnsan
fəallığının xüsusi forması olan iradə mürəkkəb psixi proses kimi
vasitəli xarakter daşıyır və ilk növbədə nitqin köməyi ilə təşəkkül
tapır.
İradənin
fizioloji mexanizmi baş-beyin yarımkürələri qabığının fəaliyyəti ilə
əlaqədardır. İ.P.Pavlovun nəzəriyyəsinə görə, insanın iradəsi söz
qıcıqlandırıcıları ilə bağlıdır. İnsanın iradi davranışının fizioloji
əsası birinci siqnal sistemi ilə qarşılıqlı təsirdə olan ikinci siqnal
sistemidir. İradə – psixikanın tənzimedici vəzifəsidir. Bu vəzifə
insanın öz davranış və fəaliyyətini idarə etmək qabiliyyətində,
qarşısına qoyduğu məqsədə nail olmaq işində rast gəldiyi maneə və
çətinlikləri aradan qaldırmaqda ifadə edilir. İradə — xüsusi fəaliyyət
forması kimi insandan öz davranışını qarşısına qoyduğu məqsədə müvafiq
olaraq tənzim etməyi, onunla rəqabətə girən başqa arzu və istəkləri
ləngitməyi, boğmağı tələb edir.
İradi
işi mahiyyətinə görə, həm də ixtiyari iş kimi də səciyyələndirmək olar.
Çünki, hər bir iradi iş, başqa ixtiyari işlər kimi qarşıya məqsədin
qoyulması ilə başlayır və onun yerinə yetirilməsi ilə nəticələnir.
Məsələn: eyni otaqda qalan tələbədən A – çoxdan yatıb, B – isə yuxusu
gəlsə də oturub sabahkı seminar məşğələsinə hazırlaşır. Bu misallarda
hər iki tələbə müəyyən məqsəd əsasında hərəkət edir. Ona görə də, hər
cür sadə işi iradi iş kimi səciyyələndirmək olmaz. Yerinə yetirilən iş o
zaman, iradi iş adlandırıla bilər ki, orada müəyyən iradi səy tələb
olunsun.
Yuxarıdakı
misalda, B-nin yuxusu gəlsə belə, oturub seminara hazırlaşması, iradi
səy hesabına yerinə yetirilmişdir. Ona görə də, bu cür iş iradi iş kimi
səciyyələndirilir və ikiqat ixtiyari adlandırılır.
Beləliklə,
işin həm motivasiya tərzinə, həm də icra mexanizminə görə ixtiyari
olması onun psixoloji cəhətdən iradi olmasının göstəricisidir. Beləliklə
iradi iş mürəkkəb xarakter daşımaqla, ixtiyari işin xüsusi formasıdır.
İradi işin motivi insanın bilavasitə aktual tələbatları ilə müəyyən
olunmur.
İradi
işin funksiyaları. İradə şəxsiyyəti xarakterizə edən ən mühüm psixi
keyfiyyət kimi 2 mühüm funksiyanı yerinə yetirir: 1) təhriketmə
funksiyası; 2) ləngitmə funksiyası.
İnsanın
qarşısına qoyduğu məqsədə nail olmaq üçün çalışması, bu yönümdə
mübarizə aparması, qarşısına çıxan maneələri dəf etməsi, eyni zamanda
özünün aktual tələbatı ilə bağlı olmayan işlər görməsi, dünyagörüşünə,
əqidəsinə, inam və idealına uyğun gəlməyən fəaliyyətdən imtina etməsi
təhriketmə və ləngitmə funksiyaları vasitəsilə gerçəkləşir. Bu
funksiyalar bir-birilə qarşılıqlı surətdə əlaqədardır. İradə şəxsiyyətin
motivləri ilə bağlıdır. Lakin, motivlərdən fərqli olaraq iradə insanı
yalnız fəallığa təhrik etmir, həm də lazım gəldikdə onun fəallığını
ləngidir.
İradə
başqa psixi hadisələr kimi, inikasın bir formasıdır. Belə bir inikas
zamanı, fəaliyyətin obyektiv məqsədi psixikada əks olunur. İradə özündə
şüurun 3 mühüm xassəsini birləşdirmişdir: idrak, münasibət və hiss.
İnsan
fəaliyyətinin məzmununa, onun səmərəliliyinə müxtəlif amillər təsir
göstərir. Onlardan biri iradə ilə bağlıdır. Belə ki, insan iradə
vasitəsilə öz fəaliyyətini həm tənzimləyir, həm də onun motivlərinin
gücləndirilməsinə şərait yaradır. Fəaliyyət motivlərinin
aktuallaşdırılması, şəxsiyyətin xəyali motivlərinin gücləndirilməsi
hesabına əmələ gəlir.
Xəyali
motivlərin formalaşması, şəxsiyyətin inkişaf səviyyəsindən asılıdır.
Bir halda tələbə gözünün qabağına gətirir ki, o beynəlxalq əhəmiyyətli
konfransda, xarici qonaqların çıxışlarını səlist və düzgün qaydada
iştirakçılara tərcümə edir, təşkilat komitəsi tərəfindən təşəkkürnamə
alır. Tədbirdən sonra, məşhur bir şirkətin prezidenti ona yaxınlaşaraq
onların şirkətində tərcüməçi işləməyi təklif edir. Başqa halda isə, o,
gözlərinin qarşısında rəfiqələrinin məşhur estrada müğənnisinin
konsertində iştirak etmələrini, ondan sonra şəhərə gəzməyə çıxmalarını,
deyib-gülmələrini canlandırır.
Bütün
bunlar xəyali situasiya kimi fəaliyyətin gedişinə güclü surətdə təsir
göstərir, onun səmərəsini birinci halda artırır, ikinci halda isə
zəiflədir. Müsbət xəyali motivin köməyi ilə, insan gördüyü işə daha
mühüm məna verməklə, özünün iradi səyini gücləndirmiş olur. Deməli,
iradə həm də təxəyyüllə də bağlıdır. Belə ki, insan fəaliyyət
göstərəcəyi şəraiti təxəyyüldə canlandırdıqda, görəcəyi işi daha yaxşı
icra edir.
Təlim
prosesində, eləcə də, tərbiyə işində müəllimlər, tərbiyəçilər eləcə də
valideynlər uşaqlarda görəcəkləri işlə bağlı müsbət xəyali motivlər
yaratmaqla onlara psixoloji cəhətdən kömək edə bilərlər.