Mobil
telefonlar həyatımızın ayrılmaz parçasına, hətta ən yaxın köməkçimizə
çevriliblər. Müasir dövrdə "ağıllı" telefonlar vasitəsilə qısa zaman
ərzində istədiyimiz filmə bilet ala, yaxud okeanın o tayında hansısa
lüks hoteldə şam yeməyi sifariş edə bilərik. Lakin mobil telefonların
funksiyaları artdıqca onların enerji saxlamaq qabiliyyəti də mütənasib
olaraq azalır. Bir çoxlarımız isə telefonumuzu enerji yığması üçün
gecədən səhərə kimi şəbəkəyə qoşulmuş vəziyyətdə saxlayırıq. Bu bizi
enerji cəhətdən gün ərzində təmin etsə də, bir sıra ciddi problemlərə
yol aça bilər. Belə ki, uzun müddət enerji yığan telefon həm
sağlamlığımıza ziyandır, həm də təhlükəsizlik baxımından müxtəlif
problemlərə yol açır. Bunlardan ən təhlükəlisi isə son zamanlar tez-tez
təkrarlanan partlamalardır.
Qeyd
edək ki, son dövrlər mütəxəssislər batareyaların partlamasının əsas
səbəbi kimi məhz qısaqapanma versiyasını irəli sürürlər. Ancaq partlayış
və yanğınlar təkcə batareyaların keyfiyyətsiz olması səbəbindən baş
vermir. Statistik məlumatlara görə, fəlakətlə nəticələnən hadisələrin
çoxunda bəzən telefon sahiblərinin səhlənkarlığı da böyük rol oynayır.
Belə ki, telefonun enerji yığmaq üçün elektrikdə çox qalması da
xoşagəlməz hadisələrlə nəticələnə bilər. Yeri gəlmişkən, batareyanın
artıq enerji yığması nəticəsində təkcə mobil telefonlar deyil,
noutbuklar da partlayır.
Ümumiyyətlə,
telefonların partlamasına səbəb nədir? Bu hallara bizdə də tez-tez rast
gəlinirmi? Bəs belə halların qarşısını necə ala bilərik? Ekspertlər
mövzu ətrafında fikirlərini bildirib.
Telefon
təmirçisi Tural Hüseynov qəzetimizə açıqlamasında tefonların partlama
səbəblərindən danışdı. O deyir ki, telefonların partlama səbəbləri
müxtəlifdir. Lakin əsas səbəblərdən biri də onların uzun müddət enerjidə
qalması məsələsidir: "Telefonların partlamasına müxtəlif hadisələr
səbəb ola bilər. Lakin əsas səbəb onların uzun müddət, bəzən hətta
gecədən səhərə kimi enerjidə qoşulu qalmasıdır. Çünki səhərə qədər
enerjidə qalan telefonların batareyası şişir və quruyur. Şişən batareya
isə tez partlayır. Daha bir səbəb isə telefonların suya düşməsi, yaxud
üzərinə tez-tez maye tökülməsidir".
T.Hüseynov
telefonların enerjidə optimal saxlanma müddətini də qeyd etdi: "Mobil
telefon adətən iki saat enerjidə qalmalıdır. Yaxşı olardı ki, telefonu
söndürüb enerjiyə qoşasınız. Belə olanda telefon həm tez enerji yığır,
həm də enerjinin ömrü uzun olur. Məsləhətdir ki, telefonun orijinal
adapterindən istifadə olunsun. Əks təqdirdə saxta adapterlər telefonun
batareyasını qısa müddət ərzində sıradan çıxarır və qurumasına səbəb
olur. Quruyan batareya isə potensial təhlükədir. Bir də ən vacib
məqamlardan biri də odur ki, enerjidə olan telefonu istifadə etmək
məsləhət deyil. Bu zaman həmin telefonun batareyası sıradan çıxır və tez
bir zamanda yararsız hala düşür".
Təmirçi
müasir telefonların problemlərindən də söz açdı. O deyir ki, əvvəlki
nəsil telfonların adapterləri təhlükəsizlik baxımından daha əlverişli
idi: "Əvvəlki telefonların adapterləri telefon enerji ilə tam dolandan
sonra artıq enerji yığmırdı. İndi həmin adapterlər yoxdur. Müasir
telefonların demək olar ki, əksəriyyəti enerjinin tam dolmasından asılı
olmayaraq davamlı enerji qəbul edir. Bu da öz növbəsində telefona öz
mənfi təsirini göstərir. Adətən bizə telefonların enerji saxlamaması ilə
bağlı tez-tez müraciətlər olur. Artıq bunu təmir etmək elə də çətin
deyil. Lakin partlamış telefonlarla bağlı şikayətlər elə də çox olmayıb.
Bir dəfə partlayan telefonla bağlı bir tanışım mənə müraciət edib.
Partlamaya səbəb isə telefon batareyasanın quruması olub. Telefonun
korpusunu dəyişdim və təmir etdim. Telefon yiyəsinin bəxti onda gətirib
ki, partlayan zaman telefon onun gödəkcəsinin cibində olub. Gödəkçə
əynində olmadığından özünə xəsarət verməyib. Partlayan zaman
telefonların adətən arxa hissəsi partlayır və zərər ən çox arxa hissəyə
dəyir. Partlamadan isə ən çox telefonun prosessoru zərər çəkir. Düzdür,
partladıqdan sonra da onu təmir edib işlətmək mümkündür. Lakin artıq
telefon əvvəlki kimi işləmir".
T.Hüseynovun
sözlərinə görə, partlayan telefonların marka fərqi yoxdur. Bütün
telefonlar təyinatı əsasında istifadə edilmədikdə partlaya bilər. Bunun
heç bir fərqi yoxdur, düzgün istifadə edilmədikdə və enerjidə çox
qaldıqda hamısı partlaya bilər: "Burada marka heç bir əhəmiyyət daşımır.
Bütün markalı telefonlar partlaya və alovlana bilər. Burada əsas səbəb
telefonun batareyasının orijinal olması və yuxarıda sadaladığım texniki
amillərdir. Ümumilikdə bütün telefonların partlama təhlükəsi var".
Azad
İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Kaspi"yə açıqlamasında
dedi ki, mobil telefonlarla bağlı istehlakçıların şikayətləri çox deyil:
"Adətən televizor və telefon kimi alətlər tez-tez uzun müddət enerjidə
qalır. Televizor və telefonlar uzun müddət enerjidə qaldıqda partlaya
bilər. Dünyada və Azərbaycanda belə hadisələrə çox rast gəlinib. Bəzən
partlama o qədər güclü olub ki, bundan hətta bütöv ev yanıb yararsız
hala düşüb. Telefonların partlamasına səbəb daha çox keyfiyyətsiz
batareyalar olur. Çalışmaq lazımdır ki, daha çox orijinal adapter və
batareyadan istifadə olunsun. Telefonun partlaması ilə bağlı bizə
şikayət daxil olmayıb".
E.Hüseynov
bildirdi ki, partlama ehtimalı sertifikatlaşdırılmayan və
təhlükəsizliyi təmin olunmayan telefonlarda daha çoxdur: "Bununla bağlı
Nazirlər Kabinetinin 1 yanvar 1994-cü il tarixli 343 saylı qərarı var.
Bu qərara əsasən, bir sıra məhsullar, o cümlədən telefonlar məcburi
olaraq sertifikatlaşdırılmalıdır. Bu siyahıya təqribən 120-ə yaxın
məhsul daxildir. Qərara əsasən, məhsul ölkənin əmtəəə bazarına daxil
olmamışdaan əvvəl mütləq yoxlamadan keçməlidir. Azad İstehlakçılar
Birliyinin apardığı tədqiqat göstərir ki, bəzi məhsullar bu
sertifikatlaşmadan keçməyib və həmin məhsulların təhlükəsizliyi təmin
olunmayıb. Yaxın 10 gün ərzində bu məsələ ilə bağlı monitorinq aparıb
nəticələri gözdən keçirəcəyik. Yoxlamadan keçməyən məhsullarla bağlı
dövlət orqanlarında məsələ qaldıracağıq. Güman olunur ki, partlayan
mobil telefonlar məhz sertifikatlaşmadan keçməyən telefonlardır".