— Qonşu gətirib uşağının əlinə bir oyuncaq verib. Tutaq ki, o oyuncaq
da məsələn, uşağın tərbiyəsi üçün çox zərərlidir. Sən indi başla zorla
ya da nə bilim, fəlsəfə açaraq, onu uşağın əlindən almağa, hay ala
bildin a; ağlayacaq, özün öldürəcək, acığa lap bərk-bərk yapışacaq
oyuncaqdan. Yaxşı, bəs nə edim? Heç nə! Sən sadəcə ondan daha cazibədar,
daha sevimli bir oyuncağı uşağına göstər, qardaş canı, heç bu qədər
dava-dalaşa gərək qalmayacaq, uşaq onu atıb, bunu tutacaq! Düz demirəm
bəlkə?! Əgər atmırsa, problem sənin oyuncağındadır, demək sənin
oyuncağın çox maraqsız və sönükdür!
Bəzən
uşağı məktəbdən lazımsız əyləncə proqramlarına aparmaq istəyirlər,
düşünürsən ki, bu, uşağın üçün zərərli əyləncədir məsələn, icazə
verməməyə qərar verirsən, çox gözəl, amma ondan öncə alternativ bir
əyləncə təklif edirsən: «bütün ailə birlikdə filan parka gedəcəyik». Hə,
eləki uşaq bu cazibədar təklifinlə razılaşdı və parka getdiniz, orada
onu niyə o biri tədbirə qoymadığını, yəni bu qadağanın səbəbini ona uşaq
məntiqi ilə izah edirsən, olur əla! Yoxsa əliboş insanı heç kim
dinləmir, uşaq elə başa düşür ki, sən ona pul xərcləmək istəmirsən deyə
belə fəlsəfə açırsan!
Yox, zorla olmayacaq! Əsla olmayacaq! Zorla etsən, etsən təbliğ etdiyin dəyərə qarşı nifrət yaradacaqsan, vəssəlam!
Tarixdə
var ki, Müaviyə əmr edirdi şəhərin uşaqlarına balaca quzular paylansın,
paylanırdı. Bir müddət keçirdi, eləki uşaqlar o qəşəng, sevimli
quzulara alışdılar, bu vaxt o hiyləgər Müaviyənin başqa bir əmri
gəlirdi: quzuları uşaqların əlindən xüsusi amansızlıqla — zorla alın və
onlara deyin ki, bunu aldıran Əlidir! (ə)
Hə,
uşaq nə anlayır ki, fəlsəfə nədir, haq nədir, batil nədir, Əli kimdir,
Müaviyə kimdir...o sadəcə bunu bilir ki, əlindən xoşbəxtliyi alınıb, özü
də zorla — acımasızcasına. Müaviyə lənətlik bu yolla nifrət yaradırdı
Əliyə (ə) qarşı. Müvəffəq də olmuşdu müəyyən qədər. Baxın, zor budur,
belədir!
İndi millətin ən zəhləsi getdiyi, ən qıcıq olduğu söz mentalitet sözüdür! Niyə?!
Diqqətlə
baxsaq, indi də bənzər üsulla nifrət yaradılır (yaradıblar artıq)
mentalitetə, dinə qarşı; hər hansı bir yad və zərərli mədəniyyəti
gətirirlər yurdumuza, ən gözəl formada, xüsusi təqdimatla verirlər
millətin ixtiyarına, belə yüksək səviyyəli təqdimatın qarşısında kimin
hünəri çatar ki, yox desin, heç kimin. Hamı məstdi, nə yalan deyək, xalq
sevir bu mədəniyyəti, xoşlayır, həzz alır...hər kəsin az qala ekstaza
çatacağı vaxt, beyqafıl əlizorbalılar çıxır ortaya, düşür xalqın canına,
nə yemisən, turşulu aş...
Düşmən
bilir, bilir ki, bu xalqın dəyər keşikçiləri o qədər aydın deyillər ki,
bu mədəniyyətlə «daha gözəl alternativ təqdim etmək» yolu ilə mübarizə
aparsınlar, onlar çox yaxşı bilir ki, bu keşikçilər ZOR edəcəklər və bu,
tutalım o yad mədəniyyətin qarşısının alınmasına səbəb olacaqsa da,
olsun, əvəzində o keşikçilərə, bu mədəniyyəti onların əllərindən zorla
alan idiologiyaya qarşı nifrət yaradacaq! Məqsəd də zatən budur!
Tarixə baxaq:
Peyğəmbərimiz
(s) belə müşriklərin qarşısında bütləri inkar edib «La ilahə» (heç bir
məbud yoxdur) deyəndə, eyni zamanda «illəllah» (Allahdan başqa) deyib,
onlara daha qüdrətli və daha mehriban bir Allah təqdim edirdi.
Siz
Nəsr surəsində təsvir olunan hala baxın: «Və insanların dəstə-dəstə
Allahın dininə üz gətirdiyini gördüyün zaman». (Nəsr, 2) Daha cazibədar
və daha gözəl alternativ özünün ən gözəl formasında təqdim olunmuşdu
deyə bütpərəstlər əllərindəki taxta bütləri tullayaraq dəstə-dəstə
Allahlanmağa, Allaha tərəf qaçırdılar.
Musa
(ə) sehrbazların sehrini batil etmək üçün, insanların onlara
aldanmamasını təmin etmək üçün, nə qədər fəlsəfə açsaydı faydasız
olacaqdı. Bəs nə etdi? Hamını yığdı meydana, hər kəsin gözü önündə
əsasını yerə atdı, əsa Allahın izni ilə əjdahaya çevrildi. (Və bu zaman)
sehrbazlar: "Biz Harunun və Musanın Rəbbinə (rəbbül-aləminə) iman
gətirdik!” – deyib səcdəyə düşdülər. («Ta Ha», 70)
Bax,
görürsünüz, alternativ olmalıdır, hökmən olmalıdır, özü də daha
cazibədar, daha güclü alternativ, yoxsa deyinə-deyinə qalacaq, axırda öz
səsinizdən özünüz də bezəcəksiniz!
İsa
(ə) Fariseyləri haqqa yönəltmək, fırıldaqçı kahinləri ifşa etmək üçün
xəstələrə şəfa verirdi, ölüləri dirildirdi, bunu Qurani-Kərim də təsdiq
edir, İncilinsə böyük əksəriyyəti elə həzrətin bu möcüzələrindən
ibarətdir. Sanki onun işi-gücü xəstələrə şafa vermək, ölüləri diriltmək
olub. Bütün bunlara rəğmən, millətin bir qismi yenə də ona arxa
çevirəndə haqlı olaraq etiraz edirdi, gileylənirdi: bu qədər möcüzə
göstərdim, bu qədər işlər gördüm sizin üçün, axı niyə inanmadınız mənə?!
Hə,
bəs sən, sənin ortaya qoyduğun ürəkləri oxşayan alternativin hanı,
sənin möcüzən nədir, sən kimə şəfa verə bilmisən, sən bu vaxtacan kimi
dirildə bilmisən ki, iddian budur: millət indiyə kimi əlində olanları
atıb sənin ardınca gəlməlidir! Xeyir ola?!
Peyğəmbərimiz
(s) ixtiyarında olan bütün ilahi imkanlara, möcüzələrə rəğmən, o qədər
aydın izah, təbliğat, məntiq, dəlil-sübutdan sonra kimlərsə onu inkar
edib başına kül tökəndə yenə də qıcamırdı dişlərini, hardasa anlayış
göstərməyə çalışır, gecə yarısı dərgaha əl açıb yalvarırdı: «bağışla
onları, bilmirlər, ilahi, bilseydilər etməzdilər». Sənsə deyirsən ki,
canları çıxsın, bilsinlər, mənə nə?!...
Əzizim, birinə haq verməlisən ki, o da haqqı görə bilsin!
Təcrübəli Quran ustadı Möhsün Qiraəti danışır:
Kənar
şəhərlərdən birinə dini təbliğ etməyə getmişdim. Bir gün şəhərin
məktəbinə dəvət edildim. Din barədə danışmalı idim. Təyin olunan zaman
məktəbə gəldim. Uşaqlar həyətdə həvəslə idman edirdilər. Məktəb
direktoru məktəb zəngini çaldırdı. Uşaqları toplayaraq elan etdi ki,
uşaqlar, idman vaxtı bitdi. Sonra üzünü mənə tərəf tutub uşaqların hazır
olduqlarını bildirdi: buyurun, cənab Qiraəti, uşaqlar sizi dinləyir.
Çox
fərqli vəziyyət, tamam qəribə situaçiya ilə üz-üzə qalmışdım, içimdə
qərarımı verdim. Boğazımı arıtlayıb, çox qısa olaraq bunu dedim:
«Bismillahir-rəhmanir-rəhim. Əziz uşaqlar, dinimiz idman etməyi çox
bəyənir. Bu da mənim demək istədiklərim. Vəssalam! Gedin idmanınızla
məşğul olun».
Uşaqlar dağılışandan sonra məktəb direktoru gileylənməyə başladı:
— Cənab Qiraəti, məni pis vəziyyətdə qoydunuz.
Razılaşmadığımı bildirdim:
—
Siz heç bilirsiz nə edirsiniz?! Uşaqları idmandan ayıraraq zorla
söhbətlərimə qulaq asdırmaqla, siz ta Qiyamət gününədək bu uşaqlarda din
alimlərinə qarşı az qala nifrət oyadacaqdınız. Təsəvvür edin, indi mən
əgər fürsəti qənimət sayıb (?!) uzun-uzadı din barədə danışsaydım,
bilirsiz nə olacaqdı?! Onlar harda din alimi görsəydilər deyəcəkdilər
ki, bunlar idmanla düşməndir.
Ustad əlavə edir: Elə bu barədə danışırdıq ki, uşaqlar mənə yaxınlaşaraq soruşdular:
— Siz axşamlar hansı məsciddə olursunuz?
Məscidin ünvanını verdim. Axşam o uşaqların hamısı məsciddə idi.
«Dində məcburiyyət yoxdur!...»
Bu
gözəl AYƏni daha çox inanc məsələlərinə aid edirlər, amma mən biraz
fərqli yöndən yanaşmaq istədim, bunu təbliğ məsələlərinə də aid etdim;
istər ailə daxilində, istər cəmiyyət içində olan hansısa yanlışın
qarşısını almaq üçün zor etmək məsələhətli seçim deyil, faydası
olmayacaq, (bəzən də hətta əks təsir bağışlayacaq) olsa da müvəqqəti
olacaq, çünki nəzarət həmişə mümkün olmur, nə uşağa, nə ailəyə, nə
cəmiyyətə. «Nəsimi» filmində zordan və nəzarətdən bezən Teymur Ləngin
axundlara dediyi cümləni xatırlayın:
Mən nə vaxtacan baş kəsməklə qalib gələcəyəm?!
Əslində
lap dərindən baxanda, əgər sən qərb mədəniyyətinin ölkənə belə sürətlə
axınından narahatsansa, demək sən hardasa öz dəyərlərinin gücündən əmin
deyilsən, etiraf edirsən zəifliyinə. Sənin dəyərinin nomenal olaraq
güclü olması yetmir, fenomenal olaraq da güclü və cazibədar olmalıdır
ki, istənilən dəyərlər sistemi ilə toqquşmağa və bu toqquşmadan qalib
çıxmağa hazır olsun! Belə olsa sənin ZOR etməyə ehtiyacın da qalmayacaq,
indi zora ehtiyac duyursansa dolayısı ilə öz zəifliyinə etiraf edirsən.