Yaşadığımız
əsrdə dəb sənayesinin hegemonluğuna baxmayaraq, dünyanın ən varlı və
müvəffəqiyyətli insanları eyni tərzdə geyimlərə üstünlük verir. Bəs
bunun səbəbi nədir?
"Bu gün nə geyinəcəm” sualından azad edir
Geyim
nə qədər çox olarsa, qərar qəbul etmək bir o qədər çətinləşir. Bu
fikirlə facebookun yaradıcısı Mark Zukerberq də şərikdir. İş günü
ərzində yüksək vəzifəli insanlar üçün ciddi qərarların qəbul edilməsi,
müxtəlif növ məsələlərin həlli olduqca vacibdir. Odur ki, onlar eyni
geyim seçməklə kiçik qərarların qəbul edilməsi zərurətindən xilas olur.
Onlar "Bu gün nə geyinəcəm" sualını həyatlarından çıxardıqları zaman həm
daha yaradıcı olur, həm də özünü daha rahat hiss edir. Məsələ ondadır
ki, belə insanlar üçün geyim üzərində baş sındırmaq vaxt və enerji
itkisidir:
"Səhərlər
nə geyinəcəyimi fikirləşməkdənsə, ona xərclədiyim vaxta daha mühüm
məsələlərə sərf edərəm. Xırda məsələlərə fikir verməmək daha böyük
qərarların daha tez həll olunmasına kömək edir”.
Barak Obama da tərzini dəyişməyənlərdəndir. ABŞ prezidentinin fikrincə, həyatda geyim seçimindən daha vacib məsələlər var:
"Gördüyünüz
kimi, kostyumlarım bir qayda olaraq eyni rəngdədir: boz və ya mavi.
Ciddi əhəmiyyət kəsb etməyən məsələlərin üstündə baş sındırmaq
istəmirəm, onların sayını azaltmağa çalışıram. Geyimlə bağlı da düşünüb
qərar vermək istəmirəm. Çünki verməli olduğum daha vacib qərarlar var".
Stiv
Cobsun qarderobu: qara vodolazka, mavi cins şalvar, "New Balance” idman
ayaqqabılarından ibarət idi. Cobs hətta bir zamanlar "Apple” işçiləri
üçün xüsusi geyim forması düşünsə də, bu fikrinin bəyənilmədiyini qeyd
etmişdi.
Dünyanın
ən gözəl qadınlarını geyindirən məşhur Karl Lagerfeld, adətən, eyni
modeldə hazırlanan geyimlərə üstünlük verir. Karl Lagerfeld siyahıdakı
digər şəxslərə nisbətən, minimum dəyişikliklər etsə də, görünüşü,
əsasən, eynidir. Dizaynerin kapsul kolleksiyasına kostyum, ağ köynək,
günəş eynəyi daxildir. Bu məqamda iynə haqqında deyilmiş "Aləmi bəzər,
özü lüt gəzər” tapmacası lap yerinə düşür.
Məlumat üçün bildirək ki, eyni tərzdə geyimlərdən ibarət qarderoba "kapsul qarderobu” deyilir.
Vaxta qənaət
Geyim
seçimi qadınlara inanılmaz həzz versə də, kişilər üçün ağır yük
deməkdir. Bir neçə il əvvəl Moskvada alimlər araşdırma iştirakçılarına
qarderobda ancaq 3 ay ərzində 33 geyimdən istifadə etməyə icazə verib.
Eksperiment zamanı sübut olunub ki, bununla vaxta qənaət etmək olar.
Belə ki, iştirakçıların heç biri səhərlər işə gecikməyib, əksinə, iş
saatından daha tez gəliblər. Ən önəmlisi, insanlar özünü daha azad hiss
etməyə başlayıb. Başqa sözlə desək, qarderobda geyimlərin sayını
azaltmaqla özünüzə daha çox vaxt ayıra, istirahətinizi daha səmərəli
keçirə bilərsiniz.
Gündəlik stressi azaldır
Nyu-Yorkda incəsənət muzeyinin direktoru Matilda Kahl eyni modeldə tikilən paltarlar geyinməyin səbəbini belə izah edib:
"Səhər
nə geyinəcəyimə qərar vermək məcburiyyətində olmadığım üçün, gün boyu
özümü daha az gərgin hiss edirəm. Əvvəllər geyim üzərində çox
düşünürdüm. Yolda "Başqa paltar geyinsəydim, daha yaxşı olardı”
deyirdim. Bu cür fikirlər insanı gərginləşdirir. İndi isə geyimlə bağlı
bütün komplekslərdən azad olmuşam”. Matilda Kahlın qarderobunda iki
paltarı var: ağ ipək köynək və qara şalvar.
Boşuna xərclənmiş enerji
21-ci
əsrin ən uğurlu rejissoru Kristofer Nolan da bu cərəyana tabe olanlar
cərgəsindəndir. Nolan hər gün nə geyinəcəyini düşünməyin boşa
xərclənmiş enerji olduğunu düşünür. Buna görə də, ingiltərəli rejissor
qarderobuna bir neçə rahat geyim əlavə etməyə qərar verib. Rejissorun
qarderobuna dar qara şalvar, mavi köynək və pencək, həmçinin bir cüt
rahat ayaqqabı daxildir.
Nolan
üçün nə geyəcəyinə qərar vermək prosesi yalnız boşa xərclənən enerji
deyil. Onun fikrincə, paltar nə qədər çox olarsa, bir o qədər çox yer
tutur. Kapsul qarderobu isə daha az paltar yumaq, həm daha səliqəli
olmaq deməkdir.
Daha az geyim, daha yaxşı nəticə
Dallasda
yaşayan Denaye Barahona da dağınıq, böyük qarderobunu minimuma endirib.
Denaye Barahona bildirib ki, qarderobunu sahmana salmazdan əvvəl evi
geyim fabrikinə bənzəyib. O, kapsul qarderobuna qərar verdikdən sonra
çox sakitləşdiyini, özünü daha yaxşı hiss etdiyini deyib. Kapsul
qarderobu indi ona qəşəng bir restoranı xatırladığını deyir və əlavə
edir: "Daha az variantım var, amma bilirəm ki, daha az geyimlə, daha
yaxşı nəticə əldə edilir. Artıq əsas məqsədim daha gözəl görünmək deyil,
özümü daha yaxşı hiss etməkdir”.
Dəb tamahkarı olmadan da onunla ayaqlaşmaq olar
Nyu-yorkda
yaşayan yazıçı Alisa Qreqori ötən ildən bəri qarderobundakı geyim
sayını azaldıb. O, hesab edir ki, möhtəşəm görünməyin ən ucuz və ən asan
yolu budur: "Uniforma kimi seçilmiş bir neçə paltar insan
tamahkarlığının, acgözlüyünün qarşısını alır. Həmçinin insanı
müdrikləşdirir". Hər gün eyni paltarı geyinməklə özünü romanlardakı
obrazlara bənzədən Alisa "Şəkilli kitablarda hiss etmirik, amma, heç bir
obraz hekayə bitənə qədər paltarlarını dəyişdirmir. Eyni tərzdə geyim
almaq dəbdən geri qalmaq əlaməti deyil”.
Lazımsız xərclərdən xilas olmaq
Orta
hesabla bir amerikan ailəsinin illik qarderob xərci 1700 dollardır. Bu
pulun bir miqdarı əslində, insanların ehtiyacı olmadığı geyim və
aksessuarlara xərclənir. 1930-ci illərdə bir amerikan qadının
qarderobundakı paltar sayı orta hesabla 9 idi. İndi isə qadınların
əksəriyyəti hər gün üçün dəyişəcək paltarı var. Bu da hər ay orta
hesabla 30 paltar deməkdir. Kapsul qarderobun ən böyük töhfəsi insanları
lazımsız xərclərdən azad etməsidir.
Daha yaxşı geyinməyi yox, özünüzü daha yaxşı hiss etməyi düşünün
Məşhur
aktyor Dryu Berrimor geyimə münasibətini və həyata yeni baxışını bu
yaxınlarda yazdığı məqaləsində aydın ifadə edib: "40 yaşım var, artıq
geyimlər mənim üçün heç bir məna ifadə etmir. İki uşaq dünyaya
gətirdikdən sonra nəinki 20, hətta 30 yaşında aldığım geyimlərin heç
biri əyninə olmadı. İndi isə qarderobumu "pəhrizlə arıqlatmışam”. Yəni,
geyimlərin sayını azaltmışam. Artıq özümü daha xoşbəxt və azad hiss
edirəm. Çünki həyatımın geyimlərdən asılı olmasına icazə vermirəm”.
Özünü başqa nə ilə təsdiqləyə bilər ki?
Dəb
dünyasından asılı cəmiyyətə çevrilməyimizə baxmayaraq, bəşəriyyət artıq
azadlıq axtarışındadır və bunun üçün psixoloqlar yeni-yeni çıxış
yolları təklif edir. Bu məsələ ilə bağlı tanınmış psixoloq Dəyanət
Rzayev də fikirlərini bölüşüb:
"Dünya
ulduzlarının səhnə geyimlərini stilistlər seçir. Mark Zukerberq, Stiv
Cobs kimi dahilər isə, əksinə, eyni modeldə hazırlanmış geyimlərə
üstünlük verir. Dünyanın ən varlı insanı Bil Qeytsdir. Amma o da çox
sadə geyinir. Görkəmli alim Eynşteyn bir paltonu 20 il geyinib.
Başqaları köhnə, yamaqlı paltoda gəzdiyini ona irad tutanda isə demişdi
ki, onsuz da hamı Eynşteynin kim olduğunu bilir. Son dövrlərdə özünü geyimi, saç düzümüylə təsdiq etməyə çalışanlar, geyim-keciminə milyonlar xərcləyib diqqət mərkəzində olmağa can atanlar özünü başqa nə ilə təsdiqləyə bilər ki? Stiv Cobs, yaxud Mark Zukerberqin özünü
təsdiq etməyə ehtiyacı yoxdur. Bu baxımdan, Zukerberqlə, Stivin həmişə
eyni stildə gəzməsi çox normal haldır. Onların müvəffəqiyyəti paltardan
asılı deyil. Öz ixtirasını
yaradanda onların məqsədi pul qazanmaq və ya dəbdəbəli geyinmək
olmayıb. Ümumiyyətlə, insan qarşısına hər hansı məqsəd qoyubsa, ona ağlı
və zəkası sayəsində nail olacaq, geyimin burda heç bir rolu ola
bilməz. Almaniyanın büdcəsi bütün müsəlman dünyasınınbüdcəsindən
çoxdur. Amma alman əhalisi sadəliyi, sadə həyat tərzi ilə seçilir.
Təəssüf ki, şərq ölkələri dəbdəbəyə daha çox can atır, bunu dəyişmək də
artıq çətin məsələdir. Əslində, buna Amerika alimlərinin düşünülmüş
planının bir hissəsi də demək olar. Məhz onların planına uyğun olaraq
hər il bahalı maşınlar, geyimlər dəbə gəlir, şərq ölkələrindən pulları
məhz belə yollarla sovurub çıxarırlar. Maraqlıdır ki, dəbi yaradanların
özləri sadə geyinir”.