Nədən qorxuruqsa, o da baş verə bilər - Dualar niyə qəbul olunmur?

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 1 991
Səs ver:
(səs: 2)
Dünyanı dəyişməzdən öncə özümüz dəyişməliyik İnsanın yaşadığı Yer həmişə can atdığı Səmanın özüdür İnsanın daxili və xarici aləmi vəhdət təşkil edir. Və o, bu vəhdətin təzahürü olmağı qarşısına məqsəd qoymalıdır. İnsanlar "sağ-sol", "aşağı-yuxarı", "daxili-xarici" anlamları ilə tez-tez rastlaşırlar. "Sağ və sol" ilk əvvəl qadın və kişi təbiətinin simvoludur. Dünya ilə harmoniyada yaşamaq istəyən hər kəs öz daxilindəki bu kişi və qadın təbiətini aşkar etməli, onlarla baş verən prosesləri üzə çıxarıb uzlaşdırmalıdır. "Yuxarı və aşağı" deyəndə isə biz ilk növbədə Yeri və Səmanı nəzərdə tuturuq. Bunların eyni olduğunu dərk etməliyik. Çünki insan üçün yaşadığı yer elə hər vaxt can atdığı səmanın özüdür. "Daxili və xarici" anlamlarını dərk etmək həyatda öz yerinizi tapmaq və dünya ilə harmoniyada yaşamaq üçün bir vasitədir. Əgər biz "daxilimizin" və "xaricimizin" eyni olduğunu anlasaq, onda başa düşərik ki, həyatda başımıza gələnlərin səbəbi yalnız özümüzük. Burada günah axtarmaq əbəsdir. Öz problemlərimizin kökünü də özümüzdə axtarmalıyıq. Bu fikir qeyri-adi, qəribə görünə bilər. Axı biz öz problemlərimizin və uğursuzluqlarımızın səbəbini həmişə başqalarında görmüşük. "Kimlərinsə və ya nələrinsə qurbanıyıq" fikri bizi həyatdan küsdürsə də, günahı başqalarında görmək həmin adamların hissləri ilə oynamağa imkan yaradır. Əksər hallarda bu məsuliyyəti öz üzərimizə götürməyə qorxuruq. Bu sərt və amansız dünyada özümüzü zəif və köməksiz hiss edirik. Ona görə də bütün uğursuzluqların səbəbini bizi əhatə edən xarici aləmdə axtarırıq. Lakin, əgər biz dərk etsək ki problem və xəstəliklərimizi yalnız özümüz yaradırıq, onda problemin həlli üçün də, xəstəliyin sağalması üçün də özümüzdə qüvvə taparıq. Taleyimizdə problemlərin yaranmasının əsas mexanizmini V.Jekarensev bizim öz fikir və düşüncələrimizlə bağlayır. Ətrafımızda və daxilimizdə nə varsa (evlər, yollar, incəsənət əsərləri, bir-birimizlə münasibətlərimiz, özümüzə münasibətimiz), hər şey əvvəlcə fikir, ideya formasında olur, sonra isə materiallaşır. İlk növbədə "Həyatda heç kəsə inanmaq olmaz" ideyası yaranıb şüurumuzda möhkəmlənir. Sonra isə bu inama əsasən hərəkət etməyə başlayırıq: heç kəsə inanmırıq, ünsiyyəti kəsirik, tənhalığa qapılırıq və sonda ən doğma, ən yaxın adamların diqqət və məhəbbətindən məhrum olduğumuz üçün əziyyət çəkirik. 

Bu və ya digər ideyanı (sonra isə ona uyğun davranışı) qəbul etməyə məhz özümüz qərar veririk. Əgər öz haqqımızda formalaşdırdığımız fikri dəyişə bilsək, onda taleyimizi və həyat yolumuzu da dəyişib öz taleyimizin qurucusu ola bilərik. 

Harmoniyaya getdiyimiz yolda düşüncələrimiz bizə yardımçı olur. Lakin onlar harmonik bir insan kimi formalaşmağımıza maneçilik törədir. Söhbət ilk növbədə şüuraltı fikirlərdən gedir. Onlar nə qədər dərində olsa da, hərəkətlərimizi tənzimləməkdə böyük rol oynayırlar. 

İstək və arzularımız fikirlərimizin toruna düşdüyümüzü çox gözəl nümayiş etdirir. Məsələn, insanın başına bir fikir gəlir. Bundan sonra ürəyində bir istək baş qaldırır. Hər dəfə bu fikrə qayıdanda arzu da böyüyür, güclənir və sonda onun bütün varlığına hakim kəsilir. Məhz bu andan da insan o arzuyla yaşayıb hərəkət edir. 

Fikirlərlə proqramlaşmağın iki üsulu var:

1. Bizim bu dünyadan baş çıxarmağımıza kömək edən gözlənilməz situasiyalardır. Məsələn, nədənsə bərk qorxmusunuz və bu qorxu ilə bağlı emosiyalarınız zehninizdə həkk olunur, möhkəmlənir. İkinci dəfə təhlükəli vəziyyətə düşəndə keçirdiyiniz qorxu hissi bir neçə dəfə artır.
 
2. Bu, oxşar fikrin və emosiyanın təkrarlanmasıdır. Biz daima özümüz haqda danışmağı xoşlayırıq. Bu söhbətlərin dəfələrlə təkrar olunması nəticəsində bir çox fikirlər zehnimizdə möhkəmlənir və bundan sonra da bizim hərəkətlərimizi tənzimləyir.
 
Fikir bizim karmamızdır

Dostlarımızla görüşəndə adətən həyat çətinlikləri, pul çatışmazlığı haqda danışırıq. Belə söhbətlər tez-tez təkrar olunduqca "Həyat çətindir", "Pul çatmır", "Gələcəkdən heç nə gözləmirəm" kimi fikirlər daxilimizdə güclənir. Sonra onlar müstəqil yaşamağa başlayır, öz reallıqlarını yaradır və bu reallıqlarda həqiqətən də pul çatmır, həyat çox sönük görünür. Çünki onlar şüurunuzda artıq möhkəm yer tutub. 

Fikir bu dünyanın özəyini təşkil edən bir qüvvədir. Fikir bizim karmamızdır. Onunla həmişə ehtiyatlı olmalıyıq, onu tez-tez dəyişib mənfi təsirlərindən qorumalıyıq. Karma anlamının əsas mənası da budur: "Əgər fikir mövcuddursa - fərq etməz, şüurlu və ya şüuraltı formada - deməli, əməl də var". Bu əməlin nəticəsi də mütləq olmalıdır. Əgər nəticə varsa, bizim ona münasibətimiz də çox önəmlidir. 

Fikirlərimizi dəyişməklə biz öz karmamızı dəyişə bilərik. Onları özümüzdən kənar etməklə, karmamızı yarıda kəsə bilərik. Hər hadisənin bir səbəbi olur. Fikirlərimiz, qorxularımız və problemlərimiz barədə də bu sözləri demək olar. Onlar bizə genetik yolla - valideynlərimizdən, nənə-babalarımızdan, yaxud da böyüyüb boya-başa çatdığımız mühitdən keçə bilər. Onları özümüz də yarada bilərik. Hətta kənardan şüurumuza proqramlaşdırıla bilər (yəni, gözə gələ bilərik). Buna baxmayaraq məhz bizim öz fikrimiz müəyyən bir situasiya yaratmağa qadirdir. Bu fikrin yaranmasında başqalarının rolu olub-olmamasından asılı olmayaraq problemlərimizin həlli yolunu yalnız özümüz tapmalıyıq İxtiyarınıza silsilə şəklində verdiyimiz karma mövzusunun da əsas məqsədi odur ki, problemli situasiyaları dəf edəndən sonra daha qüvvətli və daha müdrik olasınız. 

Özümüzlə ətraf mühit haqqında müəyyən fikirlər yaradandan sonra biz konkret situasiyaları özümüzə cəlb edirik. Məsələn, əgər ilanlardan qorxuruqsa, onlarla tez-tez rastlaşa bilərik, avtomobillə toqquşmaqdan qorxuruqsa, yolda başımıza qəza gələ bilər, oğru və quldurlar qorxuruqsa, onda pul və əmlakımızın oğurlanması ehtimalı daha böyük ola bilər. Bu qanunu V.Jekarensev belə ümumiləşdirib:

"Oxşar oxşarı cəlb edir"
Fikir, qorxu, narahatlıq ətrafımızda məhz uyğun situasiyalar yaradır. Yəni, nədən qorxuruqsa, o da baş verə bilər və ya əksinə, əgər insanların təmiz, xeyirxah, vicdanlı olduğuna inanırıqsa, deməli, o sayaq insanları da ətrafımıza cəlb edə bilərik. Çox vaxt düşünmürük ki, xarici, fiziki aləmin qanunları bizim daxili, mənəvi dünyamızı əks etdirir. Lakin onlar eynidir. Yəni, müəyyən fikir yalnız özünə bənzər fikri, hadisəni və ya problemi özünə cəlb edir. Bu qanunu bildikləri üçün insanların ayrı-ayrı millətlərdə oxşar atalar sözləri yaranır. 

Məsələn, "Anası çıxan ağacı qızı budaq-budaq gəzər", "Alma almadan kənara düşməz”, "Nə tökərsən aşına, o da çıxar qaşığına" və s. Müəyyən fikrin özünə oxşar hadisələri cəlb etməsi barədəki söhbətimizi başa vurarkən dualar haqqında da bir neçə kəlmə danışmaq istəyirik. 

Dünyanı dəyişməzdən öncə özümüz dəyişməliyik

Duanı dəfələrlə təkrar edərkən insan öz şüurunda hansısa bir fikri o səviyyəyə çatdırır ki, sonradan o fikir reallaşmağa başlayır. Lakin bir sıra səbəblərə görə onun reallaşmasında duaların da köməyi olmur. 

1. Ola bilsin ki, Tanrıdan dilədiyinizi həqiqətdə heç arzulamırsınız. 

2. Dualarınızda dilədiklərinizin həqiqətən də baş verəcəyinə şübhə edirsiniz.
 
3. Dualarınızda arzuladığınız sizə həqiqətən də verilir, lakin nə zaman, hansı şəkildə verildiyini dərk etmirsiniz və onu qəbul edə bilmirsiniz.

Sonda nəzərinizə çatdırırıq ki, həyat dərsləri bir məqsədə yönəlir: qeydsiz-şərtsiz sevməyi öyrətməyə. Hamımız bu dərslərdə təmənnasız sevməyi öyrənirik. Bunun nə olduğunu bilmək üçün öncə şərtli, təmənnalı sevginin nə olduğunu anlamaq gərəkdir. Şərtlər çeşidli olur: "Əgər özünü yaxşı aparsan; Əgər dərslərindən "5" qiymət alsan; Əgər məni aldatmasan; ...səni sevəcəyəm", yaxud da "Əgər evə çoxlu pul gətirsən; Mənə xəyanət etməsən; ...səni sevəcəyəm" və s. Təmənnasız sevgi isə özümüzü və yaxınlarımızı elə olduqları kimi, heç bir şərt qoymadan sevib qəbul etməkdir. 

Heç kəsə öz həyat tərzinizi aşılamağa çalışmayın. Bu, zorakılıqdır. Dünyanı dəyişməzdən öncə özümüz dəyişməliyik. Özümüz dəyişdikcə ətraf aləmin də dəyişdiyini hiss edəcəyik. Hər şey dəyişəcək - həyatımız, bizi əhatə edən mühit, yaxınlarımız, doğmalarımız. Çünki biz onlarla sıx əlaqədəyik. Bu, dəyişməz, qəfil, gözlənilməz olmayacaq. Lakin mütləq baş verəcək. Ən azı ona görə ki, xaricimizdə baş verənlər daxilimizdə baş verənlərin əksidir. Əgər özümüzü sevmiriksə, özümüzdən razı deyiliksə, deməli, başqalarına qarşı da yaxşı münasibətdə ola bilmərik. Onlarda yalnız özümüzün mənfi cəhətlərini görərik. Çox zaman bu mənfilikləri öz uşaqlarımızda da görürük və onları tənbeh edirik. Bu mənfi xassələrin uşaqlarımıza məhz özümüzdən keçdiyini isə etiraf etməkdən çəkinirik. Çünki bu, güzgüyə baxıb öz eyiblərimizi görməyə bənzəyir. Məhz həqiqi varlığımızı özümüzdən və ətrafdakılardan gizlətmək üçün də cürbəcür "maskalar" taxırıq. 

Başqalarına baxıb özünüzü tanımağı öyrənin!

Səbuhi Rəhimli
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 1 991
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri