Kompüter oyunlarını kim ixtira edib?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 320
Səs ver:
(səs: 2)
Yəqin ki, müəllim və valideynlərinizin qadağalarına baxmayaraq imkan düşən kimi kompüterdə sevimli oyunlarınıza kifayət qədər vaxt sərf edirsiniz. Bəs heç düşünmüsünüzmü ki, milyonlarla insanın zamanını oğurlayan kompüter oyunlarını kim ixtira edib?
Elə isə kompüterdə növbəti oyunun "start" düyməsini basmazdan əvvəl internetdə bu barədə araşdırma aparın. "Kompüter oyunlarını kim yaradıb" deyə yazsanız, müxtəlif məlumat-sorğu bazalarından fərqli cavablar alacaqsınız. Daha çox Stiv Rasselin və Ralf Bayerin adlarına rast gələcəksiniz. Bayer bütün dünyada "Videokompüter oyunları kralı" kimi tanınıb, amma nə o, nə də Rassel bu oyunların ilk ixtiraçısı deyil. 
Kompüter oyunlarının tarixi 1940-cı illərin sonlarından başlanır. Əvvəlcə ingilis riyaziyyatçısı Alan Türinq kompüterdə şahmat oyununun alqoritmini tərtib edib, ardınca amerikalı mühəndis Klod Şennon bu oyun üçün proqram yazıb. Amma o həmin illərdə bu proqramla işləməyə gücü çatacaq elektron-hesablama maşını, müasir dildə desək, kompüter yox idi. Ona görə də Şennon "Kompüterlər üçün şahmat oyunlarının proqramlaşdırılması" məqaləsini dərc etməklə kifayətlənməli olub.
Növbəti addım İngiltərənin Kembric Universitetinin alimi Aleksandr Duqlas tərəfindən atıldı . O, 1952-ci ildə uzun müddət üzərində çalışdığı "İnsan-kompüter interaktivliyi" mövzusunda doktorluq dissertasiyasını bitirdi. Dissertasiyaya əlavə olaraq o, əyani vəsait də hazırladı. Bu vəsait faktiki olaraq kompüter üçün ilk elektron-qrafika oyunu idi. "XO" adlanan oyunun çox sadə qaydaları var idi. Doqquz xanalı kvadratdakı xanaları oyunçu və kompüter növbə ilə "X" və "O" hərifləri ilə doldururdu. Şaquli, üfüqi və ya diaqonal istiqamətdə bir sıranı eyni hərflərlə dolduran oyunçu qalib sayılırdı. Oyun müəllimlərin də, tələbələrin də çox xoşuna gəlmişdi. Onlar universitetdəki yeganə kompüterin önündə növbə ilə düzülür, maşından ağıllı olduqlarını sübut etmək istəyirdilər. Bu oyunu yaradarkən Duqlas kommersiya məqsədi güdmürdü. Ona görə də ixtirasını patentləşdirmək onun heç ağlına da gəlmirdi.

Nəhayət, 1961-ci ildə Stiv Rassel başda olmaqla bir qrup proqramçı "Kosmik müharibə" oyununu yaratdı. Bu, məhdud yanacaq və silah ehtiyyatına malik iki ulduz gəmisinin döyüşü idi. Yanacağı və silahı daha tez tükənən tərəf məğlub olurdu. "Kosmik müharibə" kommersiya tipli ilk kompüter oyunu oldu. Lakin müəlliflərinə gəlir gətirmədi. Oyunu yaradanlardan biri deyirdi: "Kosmik müharibə"-dən əldə etdiyim yeganə gəlir oyun sənayesi ilə bağlı məhkəmə proseslərində ekspert qismində iştirakıma görə aldığım qazanc oldu".
 
Kompüter oyunları insanlarda böyük maraq yaradırdı. Bəs o zaman niyə kommersiya cəhətdən yaradıcılarına uğur gətirmirdi? Səbəb isə çox sadə idi. Çünki 1970-ci illərin ortalarınadək kompüterlər həddən artıq böyük və baha idi. 1970-ci ilin ikinci yarısında fərdi kompüterlərin istehsalına başlandıqdan sonra video və kompüter oyunları biznesi sürətlə inkişaf etməyə başladı. 1983-cü ildə dünya üzrə kompüter oyunları bazarının dövriyyəsi 3,2 milyard dollar təşkil edirdi. Sonraki 30 ildə bu rəqəm 90 milyard dollara qədər yüksəldi.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 320
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri