Pasiyent 1: Edqar Allan Po
Amerika yazıçısı, şair (1809-1849)
Diaqnoz: Ruhi nasazlıq, dəqiq diaqnoz təyin edilməmişdir.
Simptomlar: Qaranlıq qorxusu, yaddaşda problemlər, təqib maniyası, qeyri-adekvat davranış, hallüsinasiyalar.
Xəstəlik tarixcəsi: Artıq 1830-cu illərin sonundan Edqar Po sıx baş
verən depressiyalardan əziyyət çəkirdi. Bundan başqa, o alkoqoldan
sui-istifadə edirdi, bu da öz növbəsində onun psixikasına yaxşı təsir
etmirdi: içkinin təsiri altında yazıçı bəzən şiddətli dəlilik
vəziyyətinə düşürdü. Alkoqola tezliklə tiryək də qatıldı.
Onun gənc xanımının ağır xəstəliyi Ponun ruhi vəziyyətini əhəmiyyətli
dərəcədə pisləşdirdi. Po 13 yaşlı əmisı qızı Virciniyayla evlənmişdi;
nikahdan 7 il sonra, 1842-ci ildə, Virciniya vərəmə tutulur, daha 5 il
sonra isə dünyasını dəyişir.
Virciniyanın
ölümündən sonra — özünün ölümünə isə 2 il qalmış — Edgar Po bir neçə
dəfə aşiq olur və iki dəfə evlənməyə cəhd edir.
Birinci cəhdi Ponun növbəti tutmalarından qorxuya düşən sevgilinin
imtinasına görə pozulur, ikinci dəfə isə toya az qalmış içib və özünü
itirən bəyin toya gəlmədiyinə görə baş tutmur (Ponu 5 gün sonra ucuz
traktirlərin birində tapırlar).
Yazıçını klinikaya yerləşdirdilər və burada o qorxunc hallüsinasiyalardan əziyyət çəkərək artıq beş gün sonra dünyasını dəyişir.
Ponun ən dəhşətli qorxusu olan yalnızlıqda ölmək həyata keçdi: o çox
insanlardan son saatlarında onun yanında olacaqlarına dair vəd alsa da 7
oktyabr 1849-cu il gecə saat üçdə yanında heç bir yaxını olmadı.
Dünyaya təqdim edilmiş ideyaları: İki məşhur müasir ədəbi janr. Birinci — dəhşət romanı ( və ya hekayəsi).
İkinci janr — Detektiv. Məhz Edqar Ponun «Morq küçəsində qətl»
hekayəsinin qəhrəmanı Oqyust Dyupen cənabı, deduksiya metodunun və onun
məddahı mister Şerlok Holmsun əcdadı olub.
Pasiyent 2: Fridrix Nitsşe
Alman filosofu (1844-1900)
Diaqnoz: Nüvəli mozaik şizofreniyası (tərcümeyi-halında əksəriyyətdə daha ədəbi variantda- obsessiv pozğuluq kimi göstərilmiş).
Simptomlar: Megalomaniya
(Böyüklük iddiası) ("İki ay sonra mən Yer kürəsində bir nömrəli insan
olacam" mətnli qeydləri göndərirdi, divarlardakı şəkillərin
çıxarılmasını tələb edirdi, çünki onun mənzili «məbəd» idi); ağlını
itirmək (şəhərin mərkəzində atı qucaqlayırdı və bununla küçə hərəkətinə
mane olurdu); güclü baş ağrıları; qeyri-adekvat davranış. Nitsşenin
tibbi kartında deyilirdi ki, xəstə çəkməsindən öz sidiyini içirdi,
anlaşılmaz qışqırıqlar buraxırdı, xəstəxana gözətçisini Bismarka
oxşadırdı, qapının arxasında sındırılmış stəkanın qırıqlarıyla barrikada
qurmağa çalışırdı, döşəmədə yatırdı, keçi kimi tullanırdı, ağız-burnunu
əyirdi və sol çiynini qabağa verirdi.
Xəstəlik
tarixçəsi: Nitsşe bir neçə apopleksiya tutması keçirdib (iflic);
həyatının son 20 ilini psixiki pozğunluqdan əziyyət çəkib (məhz bu
dövrdə onun ən əhəmiyyətli əsərləri yaranıb — məsələn, «Zərdüşt belə
deyirdi»), onlardan 11 ilini o, psixiatrik klinikada keçirdib. Vəziyyəti
daim pisləşirdi — həyatının sonuna yaxın filosof yalnız sadə cümlələr
qura bilirdi.
Dünyaya
bəxş edilmiş ideyalar: Ali insan ideyası (nə qədər paradoksal
görünsədə, məhz keçi kimi tullanan və sol çiynini oynadan bu yoldaş
bizdə azad, məntiqüstü, mükəmməl, xeyir və şərin digər tərəfində olan
şəxsiyyət kimi assosiasiya yaradır). Yeni əxlaq ideyası (qul əxlaqının
əvəzinə güclü şəxsiyyət əxlaqı): sağlam əxlaq insanı məşhurluğa və
hakimiyyətə olan təbii cəhdinə ucaltmalıdı. Hər bir başqa əxlaq ağrılı
və düşkündür. Faşizmin ideologiyası: xəstələr və zəiflər həlak
olmalıdır, ən güclülər qalib gəlməlidi («Yıxılanı itələ!»). Ehtimal
«Allah ölüb».
Pasiyent 3: Ernest Heminquey
Amerika yazıçısı (1899-1961)
Diaqnoz: Kəskin depressiya, zehni pozğunluq.
Simptomlar: İntihara meyllilik, təqib maniyası, əsəb pozğunluqları.
Xəstəlik tarixçəsi: 1960-cı ildə Heminquey Kubadan ABŞ-a qayıtdı.
Qorxu və inamsızlıq hissi, depressiyalar onu narahat edirdi, o yaza
bilmirdi, buna görə də könüllü olaraq psixiatrik klinikada müalicə
almağa razılaşdı. Heminquey 20 elektroşok seansı keçirtdi, bu
prosedurlar haqqında o belə yazır: «Mənə elektroşok təyin edən həkimlər
yazıçıları anlamırlar: Mənim kapitalım olan beyinimi dağıtmaq və
yaddaşımı silib məni həyatın kəndarına atmağın mənası nə idi? Bu parlaq
müalicə idi, ama onlar pasiyenti itirdilər».
Heminquey
klinikadan çıxdıqdan sonra əmin oldu ki, əvvəlki kimi yaza bilmir və
ilk intihar cəhdinə təşəbbüs etdi, ancaq yaxınları ona mane oldular.
Həyat yoldaşının xahişi ilə o təkrar müalicə kursunu keçdi, amma öz
niyyətini dəyişmədi. Çıxdıqdan bir neçə gün sonra qoşalülə tüfəngdən
başına atəş açaraq intihar etdi.
Dünyaya
bəxş edilmiş ideyalar: «itirilmiş nəsil» ideyası — Heminquey eyni
dövrdə yaşamış yoldaşı Remark kimi, konkret müharibənin dəyirman
daşlarıyla üyüdülmüş konkret nəsli nəzərdə tuturdu, ancaq termin
cəzbedici oldu — o vaxtdan hər nəsil özünü itirilmiş hesab etmək üçün
səbəblər tapır. Yeni ədəbi fənd, «aysberq metodu», yəni xəsis, quru
mətnin səxavətli, ürəkparçalayan mətnaltı mənaları nəzərdə tutması.
Heminqueyin qəhrəmanı — mübarizənin faydasız olduğunu anlasa da, sonuna
kimi mübarizə aparan, sərt və susqun döyüşçüdü.
Ovçu,
əsgər, idmançı, dənizçi, balıqçı, səyahətçi, Nobel laureatı, bədəni
tamamilə çapıqlarla dolu olan Heminqueyin özü isə təəssüf ki sonuna kimi
mübarizə aparmadı. Lakin yazıçı öz ideallarına xəyanət etmədi. «Kişinin
yorğan-döşəkdə ölməyə haqqı yoxdu, — deyirdi o — Kişi ya döyüşdə
ölməlidi, ya da alnına güllə sancmalıdı».
Pasiyent 4: Frans Kafka
Çex yazıçısı (1883 — 1924)
Diaqnoz: Kəskin nevroz, funksional xarakterli psixasteniya, qeyri-dövri depressiya əlamətləri.
Simptomlar: Apatiya tutmalarıyla növbələnən həyəcan, yuxunun pozulması, fobiyalar, cinsi sferada psixosomatik çətinliklər.
Xəstəlik
tarixçəsi: Kafkanın dərin psixoloji problemlərinin kökləri öz
başlanğıcını atasıyla olan münaqişələrindən, ailədaxili çətin
münasibətlərdən və mürəkkəb, dolaşıq sevgi hekayələrindən götürür.
Yazıçılığa olan həvəs ailə tərəfindən bəyənilmirdi və o bununla gizlicə
məşğul olmalı olurdu.
«Mənim üçün bu ikili həyat dəhşətlidi, — o gündəliyində belə yazırdı, —buradan yalnız bir çıxış yolu var — dəlilik».
Hərbi
xidmətdən sonra atası təkid etməyə başlayanda ki, oğlu avaraçılıq etmək
əvəzinə, onun dükanında işləsin, Frans intihar etməyi qərara alır və öz
dostu Maks Broda vida məktubu yazır. «Son anda mən vəziyyətə həyasızca
qarışıb, onu „sevən valideynlərindən" qorumağa müvəffəq oldum» — Maks
Brod Kafka haqqında öz kitabında belə yazır. Onun psixi vəziyyəti uzun
sürən dərin sakitlik dövrləri ağır və ağrılı periodlarla növbələnirdi.
Budur
onun «Gündəliklər»indən bu daxili mübarizəni əyani əks etdirən
sətirlər: «Mən yata bilmirəm. Yalnız xəyallar, heç bir yuxu. Mənim bütün
daxili varlığım qəribə qeyri-sabitlik içindədi. Mən başımda dəhşətli
bir dünya daşıyıram. Mən onu dağıtmadan ondan necə azad ola bilərəm?».
Yazıçı 41 yaşıda vərəmdən öldü. Üç ay o can verirdi: yalnız orqanizmi yox, həm də zehni dağılırdı.
Dünyaya
bəxş edilmiş ideyalar: Kafka yaşayarkən məşhur deyildi, az çap
edilirdi, amma ölümündən sonra yazıçının yaradıcılığı oxucuları
ədəbiyyatda yeni istiqamətlər fəth etdi.
«Kafka»
dünyasının dəhşəti, ümidsizliyi və çarəsizliyi onu yaradanın şəxsi
dramından əmələ gəldi və yeni estetik «diaqnozlu ədəbiyyat»
istiqamətinin əsasını qoydu.
Pasiyent 5: Conatan Svift
İrlandiya yazıçısı (1667-1745)
Diaqnoz: Pik və ya Alsqeymer xəstəliyi — mütəxəssislər mübahisə edirlər.
Simptomlar: Başgicəllənmə,
dezorientasiya, yaddaşın itməsi, ətrafdakı insanları və əşyaları
tanımamaq, insan nitqinin mənasını tutmaq qabiliyyətinin itməsi.
Xəstəlik tarixçəsi: Həyatın sonunda tam əqli zəifliyə qədər simptomların tədricən güclənməsi.
Dünyaya
bəxş edilmiş ideyalar: Siyasi satiranın yeni forması. «Qulliverin
səyahəti», sözsüz, intellektualın onu əhatə edən həqiqətə ilk istehzalı
baxışı deyil, ancaq yenilik burada baxışda yox, optikadadı.
Pasiyent 6: Jan — Jak Russo
Fransız yazıçısı və filosof (1712-1778)
Diaqnoz: Paranoya.
Simptomlar: Təqib maniyası.
Xəstəlik
tarixçəsi: 1760-cı illərdə «Emil və ya tərbiyə Haqqında» kitabının
çıxışından sonra yazıçının kilsə və hökumətlə münaqişəsi nəticəsində
Russoya əvvəlcədən də məxsus şübhəlilik son dərəcə ağır forma aldı.
Russonun gözünə hər yerdə sui-qəsdlər görünürdü, o sərsəri həyatı
yaşayırdı və o güman edirdi ki, onun bütün dostları və tanışları ona
qarşı qəsd hazırlayırlar və ya ondan nədənsə şübhələnirlər, buna görə də
o bir yerdə uzun müddət qalmırdı.
Dünyaya
bəxş edilmiş ideyalar: Pedaqoji islahat. Uşaqların tərbiyəsi üzrə
müasir əyani vəsaitlər bir çox bəndlərdə «Emili» təkrarlayır: Russo cəza
metodunun əvəzinə dəstək və nəvaziş metodlarını təklif edirdi. O güman
edirdi ki, uşaq yeni informasiyanı qəbul etməyə psixi cəhətdən hazır
olmadığından uşağı quru faktların mexaniki qavranmasından azad edib, ona
hər şeyi canlı nümunələrlə izah etmək lazımdı.
Yeni
ədəbi istiqamətlər və yeni ədəbi qəhrəman tipi. Russo fantaziyasıyla
doğulmuş sentimental idealist varlıq — ağlı yox, ancaq yüksək əxlaqi
hissləri rəhbər tutan ağlağan «vəhşi», — sonra inkişaf etdi, böyüdü və
sentimentalizm və romantizm çərçivəsində köhnəldi.
"İctimai
müqavilə Haqqında" yazıdan çıxış edən hüquqi demokratik dövlət ideyası.
İnqilabın ideyası (Böyük fransız inqilabının savaşçıları məhz Russonun
əsərləriylə ilhamlanırdılar); nə qədər paradoksal olsa da Russo özü, heç
vaxt radikal çıxışların tərəfdarı deyildi.
Pasiyent 7: Nikolay Qoqol
Rus yazıçısı (1809-1852)
Diaqnoz: Şizofreniya, dövri psixoz.
Simptomlar: Vizual
və eşitmə hallüsinasiyaları; laqeydlik və yavaşıma (xarici
qıcıqlandırıcılara reaksiya vermək qabiliyyətinin itməsindən tam
hərəkətsizliyə qədər); depressiya halları; ipoxondriyanın kəskin forması
(yazıçı əmin idi ki, onun bədənindəki bütün orqanlar bir qədər yerini
dəyişmişdir və mədəsı «baş-ayaq» yerləşir); klaustrofobiya (qapalı məkan
qorxusu).
Xəstəlik
tarixçəsi: Şizofreniyanın bu və ya digər təzahürləri bütün həyatı
boyunca Qoqolu müşayiət edirdi, ancaq son ildə xəstəlik gözə çarpacaq
dərəcədə irəlilədi. 26 yanvar 1852-ci ildə onun yaxın dostu Mixail
Xomyakovun bacısı Yekaterina qarın yatalağından öldü və bu ölüm yazıçıda
hipoxondriyanı (xəstələnməkdən qorxmaq) gücləndirdi. Qoqol ara vermədən
dualar edirdi, qidadan demək olar ki imtina etmişdi, zəiflikdən və
naxoşluqdan şikayət edirdi və iddia edirdi ki, ölümcül xəstədir, hərçənd
ki həkimlər yüngül mədə-bağırsaq nasazlığından başqa heç bir xəstəlik
diaqnozu qoymadılar. Fevralın 11-dən 12-nə keçən gecə yazıçı öz
əlyazmalarını yandırdı (növbəti səhər o bu hərəkətinin şeytanın işi
olduğunu dedi) sonrakı vəziyyəti daim pisləşirdi. Müalicə (çox da
peşəkar olmayan: burun deşiklərinə zəlilərin qoyulması, soyuq mələfəyə
sarılma və başın buzlu suya salınması) müsbət nəticə vermədi. 1852-ci
ilin 21 fevralında yazıçı dünyasını dəyişdi. Onun ölümünün əsl səbəbləri
hələ də müəmma olaraq qalır. Ancaq, çox güman ki, Qoqol özu özünü əsəb
və fiziki tükənmə dərəcəsinə çatdırıb, istisna deyil ki zamanında
psixiatrın köməyi onun həyatını xilas edə bilərdi.
Dünyaya
bəxş edilmiş ideyaları: Sadə insana yarınifrətdən və yarırəhmdən ibarət
spesifik sevgi. Bir yığın təəccüblü dərəcədə dəqiq rus tipajları. Qoqol
indiyə qədər tamamilə aktual qalan bir neçə aparıcı model hazırlayıb
(ən parlaqlar nümunə — "Ölülər«in personajlarıdı)
Pasiyent 8: Gi de Mopassan
Fransız yazıçısı (1850-1893)
Diaqnoz: Beyinin proqressiv iflici.
Simptomlar: Hİpoxondriya, intihara meyllilik, əsəb tutmaları, sayıqlama, hallusinasiyalar.
Xəstəlik
tarixçəsi: Gi de Mopassan bütün həyatı boyu hipoxondriyadan əziyyət
çəkib: o ağılını itirməkdən çox qorxurdu. 1884-cü ildən Mopassanda sıx
əsəb tutmaları və hallüsinasiyalar başlandı. Əsəb tutması vəziyyətində o
iki dəfə intihara cəhd edib, birincı dəfə revolverlə, ikinci dəfə —
kağız üçün bıçaqla, hər iki cəhdi uğursuz olub. 1891-cidə yazıçı doktor
Blanşın Passi-dəki klinikasına yerləşdirilir — və ölümünə qədər orda
yarıhuşsuz vəziyyətdə yaşayır.
Dünyaya
bəxş edilmiş ideyaları: Ədəbiyyatda fiziologizm və naturalizm (həmçinin
erotik). Mənəviyyatsız istehlak cəmiyyətiylə yorulmadan mübarizə
aparmaq ehtiyacı. „Əziz dost"u hal-hazırda sağ olan fransız yazıçıları
Mişel Uelbek və Frederik Beqbeder səylə özünəməxsus tərzdə yenidən
yaratmağa cəhd edirlər, rus yazıçısı Sergey Minayev də geridə qalmamağa
çalışır.
Pasiyent 9: Virciniya Vulf
İngilis yazıçısı (1882-1941)
Diaqnoz: Depressiya, hallüsinasiya, qarabasma.
Simptomlar: Dərin
depressiya hallarında Virciniya şikayət edirdi ki, bütün günü „Qədim
Yunanıstanın zeytun ağaclarında cəh-cəhə vuran quşların səslərini
eşidir". Uzun müddət yuxusuzluğa və qarabasmalara görə işləyə bilmirdi.
Uşaqlıqdan intihara meylli olub.
Xəstəlik
tarixçəsi: Virciniyanın 13 yaşı tamam olduqda, evdə qonaq olan əmisi
oğlu onu zorlamağa cəhd edir. Bu hadisə Virciniyanın bütün həyatı
boyunca kişilərə və onlarla fiziki münasibətlərə antipatiyasının
başlanğıcını qoyur. Bu hadisədən bir az sonra onun anası sətəlcəmdən
qəflətən dünyasını dəyişir.
Əsəbi
və həssas qızcığaz ümidsizlikdən özünə qəsd etməyə çalışır. Onu xilas
edirlər, amma dərin və sürəkli depressiyalar o vaxtdan onun həyatının
ayrılmaz hissəsinə cevrilir. Güclü psixi nasazlıq tutması gənc
Virciniyanı 1904-cü ildə, atasının ölümündən sonra da yaxaladı.
Virciniya
Vulfun emosional açıq-saçıq məktubları və əsərləri yazıçının
qeyri-ənənəvi seksual oriyentasiyası haqqında nəticəyə gəlməyə əsas
verir. Ancaq bu belə deyil. Uşaqlıqda yaşanmış faciənin nəticəsi olaraq,
o kişilərə və onların məclislərinə qarşı hiss etdiyi qorxudan həmişə
qadınlara aşiq olurdu, amma bu halda da hər hansı formada yaxınlıqdan
diksinirdi, hətta qucaqlaşma və əl sıxmağa belə icazə vermirdi. 29 il
Leonard Vulfda ərdə olsa da (həm də bu nigah qarşılıqlı sədaqət və
ər-arvad arasındakı emosional bağlılıq nöqteyi-nəzərindən nümunəvi hesab
edilirdi), yazıçı, bəzi mənbələrə görə, öz əriylə ər-arvad əlaqələrinə
girə bilməmişdi.
1941-ci
ilin əvvəlində Londonun gecə bombardımanı zamanı yazıçının evini
dağılır, kitabxanası yanır, əri yaralanır — bütün bunlar onun əsəb
sisteminə qəti şəkildə mənfi təsir edir, həkimlər psixiatrik klinikada
müalicəsinə təkid edirdilər.
Ərinin
həyatının qalan hissəsini onun dəliliyiylə bağlı qayğılarla keçirməsini
istəməyən Vircinya 28 mart 1941-ci Ous çayında intihar edir.
Dünyaya
bəxş ediyi ideyalar: Keçici dünya təlaşının ifadəsi üsullarında
yenilik, qəhrəmanların iç dünyasının təsvirləri, şüurun sınması
istiqamətinin üsullarının təsviri — Virciniya Vulfun əsərləri ədəbi
modernizmin qızıl fonduna daxil olub və bir çox müasirləri tərəfindən
heyranlıqla qəbul edilmişdı. Tolstoyun sadiq şagirdi olan Virciniya
ingilis nəsrində „daxili monoloqu" mükəmməlliyə çatdırdır.
Pasiyent 10: Sergey Yesenin
Rus şairi (1895-1925)
Diaqnoz: Bipolyar affektiv pozğunluq
Simptomlar: Təqib
maniyası, qəzəb tutmaları, qeyri-adekvat davranış (şair camaatın içində
mebelləri dağıdırdı, güzgüləri və qab-qacağı sındırırdı, təhqirlər
yağdırırdı).
Xəstəlik
tarixçəsi: Spirtli içkinin həddən artıq istifadəsinin səbəb olduğu,
tez-tez təkrarlanan əsəb tutmalarına görə Yesenin bir neçə dəfə Fransada
və Rusiyada psixonevroloji klinikalarda müalicə alıb. Təəssüf ki
müalicə pasiyentə yaxşı təsir göstərmədi: professor Qannuşkinin
klinikasından çıxarışdan bir ay sonra Yesenin Leninqrada „Angleter"
mehmanxanasında, istilik sisteminin borusundan özünü asaraq intihar
edir.
Dünyaya
bəxş etdiyi ideyalar: Poeziyada yeni intonasiyalar. Yesenin kəndə və
kəndçiyə sevgini üslub normasına çevirdi. Şəhər xuliqan romansı janrında
çox çalışan Yesenin faktiki olaraq, müasir rus şansonunu yaratdı.