Suda boğulmalar zamanı ilk yardım

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 6 497
Səs ver:
(səs: 1)
Çimərliklərdə, su hövzələrində ehtiyatsız davranış, təhlükəsizlik qaydalarının pozulması suda boğulma hallarının yaranmasına səbəb olur. Vaxtında, düzgün ilk yardım göstərməklə suda boğulanları xilas etmək mümkündür. Suda boğulduqdan sonra ilk dəqiqələrdə zərərçəkmişlərin 90% -ni, 6-7 dəqiqə sonra isə 1-3%-ni xilas etmək mümkündür.

Suda boğulmaya çox vaxt  yorğunluq,  suya baş vuran zaman zədə alma, sərxoşluq, uzun müddət günəş şüaları altında qaldıqdan sonra suya girmə və s. səbəb ola bilər. 



Suda boğulmalar zamanı ölüm tənəffüs yollarının su ilə tutulması, havanın ağ ciyərlərə daxil ola bilməməsi və nəticədə orqanizmdə oksigen çatışmazlığı nəticəsində yaranır. Boğulmuş şəxsin dərisi göyərmiş olur, ağzından və burnundan köpüklü maye gəlir.

 

Suda boğulanların xilas edilməsi və ilk yardım:

Yaxşı olar ki, suda boğulan şəxsə üzərək arxadan yaxınlaşasınız. Çünki bəzən boğulan şəxsin təlaş içində qeyri-iradi sizdən tutması işinizi çətinləşdirə, hər ikiniz üçün təhlükə yarada bilər. Zərərçəkənin qeyri-iradi, təlaşlı hərəkətlərindən xilas olmaq üçün aktiv üsullardan biri də onu suya batırmaqdır. Belə bir şəraitdə o, suyun üzərinə qalxmaq üçün yardım göstərən şəxsi buraxmağa məcbur olur. Bundan sonra, yardım göstərən şəxs suya baş vurmalı, boğulan şəxsi tapıb onun əlindən, saçlarından yapışıb təkan verməklə onunla birlikdə suyun üzərinə qalxmalıdır. Bu zaman yardım göstərən şəxs sərbəst qalan əli və ayaqları ilə intensiv hərəkət edib üzməlidir.



Boğulmuş şəxsi sahilə çıxardıqdan sonra onun vəziyyətindən asılı olaraq ilk yardım göstərilməlidir. Əgər zərərçəkmişin huşu özündədirsə, tənəffüs və nəbzi qənaətbəxşdirsə, onu başı aşağıya meyilli olmaq şərti ilə arxası üstə quru, sərt matras üzərində uzatmaq, quru dəsmal və ya əllə ovxalamaq və geyindirmək lazımdır. Zərərçəkmişə isti içkilər (çay, kofe) verib isti adyalla üstünü örtmək lazımdır.

 




Əgər zərərçəkmiş sudan çıxarıldıqdan sonra huşsuz vəziyyətdədirsə, amma nəbz və tənəffüsü qənaətbəxşdirsə, bu zaman onu başı aşağıya meyilli olmaq şərti ilə uzatmaq, başını arxaya qatlayıb alt çənəsini irəliyə çəkmək lazımdır. Bundan sonra barmağınızla (yaxşı olar ki, cib dəsmalını dolayıb) ağız boşluğunu qusuntu kütlələri, lildən təmizləyin və zərərçəkmişi qurulayıb isidin.



 

Zərərçəkmişin huşu özündə deyilsə, tənəffüs və ürək fəaliyyəti dayanıbsa tənəffüs yollarını təmizlədikdən sonra ona süni tənəffüs verilməli, ürəyin qapalı masajı aparılmalıdır.

Əlavə olaraq,  tənəffüs yollarından mayeni xaric etmək lazımdır. Bu məqsədlə yardım göstərən ayağını dizdən bükərək zərərçəkmişi qarnı üstə budunun üzərinə qoyub əli ilə onun kürəkləri arasındakı sahəyə güclü şəkildə təzyiq etməklə tənəffüs yollarından suyu xaric etməlidir.

Bu əməliyyat süni tənəffüsün verilməsinin gecikdirilməməsi üçün 10-15 saniyədən çox çəkməməlidir.

Beləliklə, suda boğulana ilk yardım göstərməklə kritik vəziyyətdən çıxandan sonra zərərçəkmişi xəstəxanaya aparmaq lazımdır. Təxliyə zamanı zərərçəkmiş xərəkdə böyrü üstə başının altı alçaq olmaq şərti ilə uzadılmalıdır. Bütün zərərçəkmişlər hospitalizə olunmalıdır. Əks halda, sonradan ikincili boğulma adlanan kəskin tənəffüs çatışmazlığı, döş qəfəsində ağrı, təngnəfəslik, öskürək, boğulma hissi, oyanıqlıq, nəbzin tezləşməsi ilə təzahür edən ağırlaşma inkişaf edə bilər.

Düzgün davranışınız, cəld reaksiyanız bu cür hadisələr zamanı sizin çətin vəziyyətlərdən asanlıqla çıxmağınıza, özünüzə və ətrafdakı insanlara vaxtında və lazımi yardım göstərməyinizə imkan verəcək.

 

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti

(səs: 1)
Şərhlər: 4
Baxılıb: 6 497
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri