Xalçalara qulluq. Yaş təmizləmə

Müəllif: Zeynuş
Şərhlər: 6
Baxılıb: 7 645
Səs ver:
(səs: 0)
Xalçanın təmizlənməsinə sanki ehtiyac olmasa belə, onu müntəzəm şəkildə təmizləmək lazımdır. Xalça məmulatlarının tozdan təmizlənməsinin ən yaxşı üsulu onların yuyulmasıdır. Məsələ bundadır ki, xovun dibinə tıxanan toz və çirk havadan özünə rütubət çəkmək xüsusiyyətinə malikdir. Bu, gecənin və gündüzün temperatur dəyişmələrində (kondisionerləşdirilməmiş yerlərdə) xüsusilə nəzərə çarpır. Rütubət isə kifin əmələ gəlməsi üçün əlverişli mühitdir. Əlbəttə, yun xalçalar elə möhkəm struktura malikdirlər ki, kif onlara praktik olaraq təsir etmir. Hərçənd pambıq əsaslı xalçalar üçün bunu demək olmaz. Zahirən hiss edlməsə də belə xalçalar tədriclə çürüyür. Ona görə də xalçanı müntəzəm şəkildə və onu yuyub qurutmaq iqtidarında olan emalatxanalarda təmizləmək lazımdır.
Xalçaları xüsusi yuyucu vasitələrlə təmizləyin. Sərt fırçalardan istifadə etməyin və xovun əks istiqamətində sürtməyin. Xalçanın yuyulmasına başlamazdan əvvəl onun yuyulma posesinə davam gətirib -gətirməyəcəyini yoxlamaq lazımdır. Köhnəlmiş, işlənib dağılmış və ya çürüməyə başlamış məmulatları yumaq olmaz. Xovu yeyilmiş xalçaları da yuyulmaya məruz qoymaq tövsiyə olunmur. Xalçanın həmçinin solma xüsusiyyətini də yoxlamaq lazımdır. Rəngi solan xalçaları yumaq tövsiyə olunmur.
Yaş təmizləmədən əvvəl xalçadan çirki, tozu və qırıntıları tozsoranla təmizləmək lazımdır.
Xalçanı yumaq üçün su təmiz, şəffaf və iysiz olmalıdır. Suda maqnezium, kalsium, dəmir duzları olmamalıdır. Keçmişdə xalçaları yumaq üçün yağış suyundan və ya ərimiş qardan istifadə edirdilər. Yaz leysanlarında ildırımın elektrikindən dolmuş damlalar yüksək keyfiyyətli olur. Bu su xalçaların yuyulması üçün xüsusilə faydalıdır.
Yaş təmizləmə üçün ən yaxşısı gilabı gilindən istifadə etməkdir. Gilabı xalça məmulatları üçün yerli əhalinin qədimdən bəri istifadə etdiyi ən yaxşı təmizləyici vasitədir. Gilabı gili elmdə bentonit gil adı ilə məlumdur. O, texnikanın, sənayenin müxtəlif sahələrində, kənd təsərrüfatında, məişətdə geniş tətbiq olunur. Bentonit gillərin mineralı montmorillonitdir. Montmorillonit qrupundan olan minerallar özlərinin fərqləndirici xassələri sayəsində suda şişmək, yəni suyu və çirki özünə çəkmək xüsusiyyətinə malikdir. Mütləq neytrallığı xalçanın təmizlənmə prosesində digər yuyucu materiallarla müqayisədə bentonitə üstünlük verir. Muzey eksponatları olan bir çox xalça məmulatları özlərinə qarşı ehtiyatlı və səliqəli yanaşma tələb edirlər. Onların təmizlənməsi üçün tətbiq olunan materiallar isə mütləq neytral olmalıdır. Bentonit məhz belə materialdır. Əgər gilabıdan istifadə etmək imkanı yoxdursa, xüsusi köpükyaradan şampun işlədin. Belə şampun sizin xalçanı islanmadan qoruyar. Yalnız tövsiyə olunan yuyucu vasitələrdən və ya xalça üçün şampunlardan istifadə edin. Məişətdə işlənən digər yuyucu vasitələr məmulatın yaxalanmasını tələb edir və özündən sonra yapışqan təbəqə qoyur. Belə təbəqə isə çirki özünə çəkir. Xalçanın rənginə və strukturuna ziyan vurmayan keyfiyyətli məhsullardan istifadə edin. Əgər xalçada «çətin» ləkələr əmələ gəlibsə, xörək duzu və naşatırla təcrübə aparmayın. Aktiv yuyucu vasitələrdən, xüsusilə ağardıcı və ya rəngverici maddələrdən qətiyyən istifadə etməyin. Xalçanın yaxşıca quruması üçün imkan yaradın, ona görə də onun qurudulması üçün pəncərələrin açıla biləcəyi bir gün seçin. Xalçanı təbii yolla qurutmaq lazımdır. Xalçaya günəş şüalarının birbaşa düşməsindən qaçmaq məsləhətdir.
Saxlanma
Muzey eksponatı kimi nümayiş olunan xalça məmulatlarının güvədən və digər ziyanvericilərdən qorunması üçün ən yaxşı vasitə sintetik materialdan və ya adi şüşədən hazırlanmış vitrinlərdir. Vitrinlərdən istifadənin üstün cəhəti ondan ibarətdir ki, onlar eksponatları tozdan, güvədən və digər ziyanvericilərdən qoruyur və eyni zamanda çox sayda nümunələrin sərgiyə qoyulması ilə yanaşı ekspozisiyanın dəyişdirilməsini asanlaşdırır.
Məişət şəraitində xalçanı yayda yığışdırmaq üçün onu bükmək lazımdır. Heç bir halda xalçanı dördqat qatlamayın. Əks halda xalçanın xovu əzilər və bürüşər. Xalçanı uzun müddətə bükərkən güvəyə qarşı vasitələri də yaddan çıxartmayın. Hal - hazırda muzeylərdə, mənzillərdə və ictimai binalarda, anbar və mağazalarda güvə ilə mübarizənin ənənəvi üsulu xalçaların saxlandığı yerlərdə fumiqasiya təsirli insektisid preparatların (uçan güvələri hürküdən) tətbiq edilməsinə əsaslanmışdır. Güvə ilə ən geniş yayılmış mübarizə vasitəsi naftalindir. Lakin onun istifadəsi səhiyyə orqanları tərəfindən tövsiyə olunmur. İnsan orqanizmi üçün zərərli olan kanseroqen xassələr aşkar edildiyindən naftalin qadağan olunmuş preparatlar sırasına daxil edilmişdir. Xalçaları çox vaxt naftalinlə «qoruyurlar». Lakin yadda saxlamaq lazımdır ki, naftalin güvəni öldürmür, yalnız uçan güvənin kəpənəyini hürküdərək onun yumurta qoymasına imkan vermir. Güvə ilə mübarizənin ziyansız vasitələrindən biri də piretrum tozudur (Qafqaz çobanyastığının qurudulmuş və xırdalanmış çiçəkləri). Bu tozu mənzilə rezin armud vasitəsilə yayırlar (mənzilin 1m3 hissəsinə 3-4 qram hesabı ilə). Qurudulmuş portağal qabıqları, tütün yarpaqları, ətirşah da güvəni hürküdüb qaçırdır. Yadda saxlayın ki, güvə daha çox divardan asılmış və ya bükülmüş xalçalarda əmələ gəlir.
Təyinatı üzrə istifadə olunan (belə xalçaları yerə döşəyib üzərində gəzirlər) xalça güvədən daha az əziyyət çəkir. İstənilən halda, ildə 2 dəfə xalçanı çırpmaq və güvədən müdafiə vasitələrini dəyişmək lazımdır.
Əldə toxunan xalçalar sənət əşyası olub, estetik əhəmiyyət kəsb etməklə yanaşı yüksək istismar xarakteristikalarına malikdir. Belə xalçalar 100 ildən artıq da işlənə bilər, lakin bunun üçün bir neçə sadə qaydalara əməl etmək lazımdır.
• Xalça özünü döşəməyə sərilən halda yaxşı «hiss edir». Xalçanı məhz buna görə yaradıblar.
• Çalışın ki, xalçanın üzərinə iti ayaqlı mebel qoymayasınız.
• Xalçanı uzun müddətə bükən zaman arasına güvəyə qarşı xüsusi vasitə qoymağı unutmayın.
• Xalçanı müntəzəm olaraq yumşaq fırça və ya tozsoranla təmizləyin.
• Xalçanın üzərində olan zəif çirkləri nəm fırça və ya tamponla təmizləmək lazımdır. Bundan sonra xalçanı müəyyən müddət ərzində döşəmədən qaldırın ki, hava onun altında dövr edə bilsin və xalça tez qurusun.
• Əgər xalçanı kimyəvi təmizləməyə vermək istəyirsinizsə, əldə toxunan xalçaların təmizlənməsində ixtisaslaşmış yerləri seçin. Ümumiyyətlə, mütləq zəruri hallar istisna olmaqla, xalçanın kimyəvi təmizlənməsindən qaçmaq lazımdır.
• İstismar olunmayan xalçanın xovunu güvədən qorumaq üçün xalçanı bir neçə ayda bir dəfə çırpmaq lazımdır. Xalçanın tüklü tərəfini aşağıya çevirib bütün səthini yavaşca döyəcləyin. Sonra tozu çıxartmaq üçün xalçanı çırpın və müəyyən müddət təmiz açıq havada saxlayın. Bu, divardan asılmış xalçalara da aidir. Təyinatı üzrə istifadə olunan (belə xalçaları yerə döşəyib üzərində gəzirlər) xalça güvədən daha az əziyyət çəkir.
• Əllə toxunan bütün xalçalarda yuyucu tozsorandan istifadə etmək olmaz. Xalça isti sudan yığıla bilər və ya dalğavari olar.
• Xalçanın xovundan saqqızı təmizləmək üçün buzdan istifadə edin. Buzu saqqızın üzərinə qoyub bir neçə dəqiqə saxlayın. Sonra saqqızı qopardın.
• Əgər xalçanın küncləri, yanları və ya kənarları burulursa, xalçanın tərs üzündə çox da böyük olmayan ciblər tikib içərisinə nazik metal lövhələr qoyun. Onlar eyni zamanda elektrostatik yükün toplanmasını azaldacaq.
• Tozsoranla təmizləmədən əvvəl xalçaya antistatik səpin.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 7 645
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri