Meyvələri qurudmaq qaydaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 5 685
Səs ver:
(səs: 3)
Meyvə və giləmeyvəni açıq havada, günün altında,yaxud da duxovkada qurutmaq lazımdır. Meyvə tez qurusun deyə ələkdən,tabağdan, sinidən və başqa iri, eyni zamanda yastı əşyalardan istifadə edirlər. Kisələrin üstünə də meyvə sərmək olar. Gecələr meyvə sərilmiş çərçivələri üst-üstə yığıb kisə, çuval, kağız ilə örtürlər ki, şeh düşməsin. Meyvə çürüməsin deyə əvvəlcə duzlu suya salıb sonra qurudurlar. Meyvə və giləmeyvəni sapa düzüb gün düşən yerdə, mismardan asmaqla da qurutmaq olar. Meyvəni duxovkada qurudarkən onu tavaya düzməyib, birbaşa duxovkanın içərisində sərilmiş samanın, quru otun üstünə düzmək lazımdır.

Alma-armud qurusu
Adətən almanın yayda və payızın əvvəlində yetişən növünü qurudurlar. Armudun da yumşağını, tez dəyib yetişənini qurudurlar. Almanı, armudu yuyur, xırdasını bütöv, irisini iki, yaxud dörd yerə bölüb qurutmaq məsləhətdir. Meyvəni qabıqlı da qurutmaq olar. Almanı halqa-halqa doğrayır, yaxud iki bölürlər. Sonra alma,armud ayrı-ayrılıqda qurudurlar. Meyvələr quruduqdan sonra çürüyüb qaralmasın deyə qabaqca soyulub doğranmış almaları üç dəqiqə müddətində 1,5 faizli duzlu suda saxlayırlar(1 vedrə suya 150 qram duz). Alma və armudu duxovkada 85 dərəcə istilikdə qurudurlar. Bu zaman hər iki saatdan bir meyvəni duxovkadan çıxarıb o üz-bu üzə çevirmək lazımdır. Meyvə quruyana yaxın duxovkanın istiliyini(50-55 dərəcəyədək)azaldırlar. Almanın qurumasının əlamətini belə təyin edirlər:alma qaxından birini götürüb sıxırlar, əzilmirsə, deməli qurumuşdur. Armud isə quruduqdan sonra yumşaq və elastik olmalıdır.

Ərik və şaftalı qurusu
Əriyin bərklərini, tamam yetişməyənlərini qurutmaq məsləhətdir. Onları seçib yuyur, çərdəklə və çərdəksiz qurudurlar. Ərik bütövdürsə, onu günün altında 5-8 sutka, çəyirdəyi çıxarılmışsa 4-7 sutka qurutmaq lazımdır. Şaftalını da ərik kimi qurudurlar. Qurutmaq üçün şirin və turşaşirin şaftalı növləri məsləhət görülür.

Gavalı qurusu
Gavalının tamam sulanıb yetişmişini qurutmaq lazımdır. Ağacdan dərilmiş gavalını 1 sutkadan artıq saxlamaq olmaz. Gavalını irili-xırdalı seçib yuyur, tez qurusun deyə yarım dəqiqə müddətində çay sodası qatılmış(1 vedrəyə 50 qr.soda) 90 dərəcə istiliyi olan suda saxlayır, sonra gavalıları tez soyuq suyun içərisinə boşaldırlar və 1-2 dəqiqədən sonra sudan çıxarıb qurutmaq üçün sərirlər. Gavalını əvvəlcə xəlbirin üstünə sərib günün altında,sonra 55 dərəcə istilikdə duxovkada qurudurlar. 3-4 saat duxovkada qaldıqdan sonra gavalılar büzüşüb qırışmağa başlayır. Bu zaman onları duxovkadan çıxarıb qarışdırırlar.

Tamam soyuduqdan sonra onları təzədən 65-70 dərəcə istiliyi olan duxovkaya qoyub 5 saatdan sonra çıxarıb qarışdırır və soyuduqdan sonra 80-90 dərəcə istilikdə 4-5 saat müddətində tamam qurudurlar. Tamam qurumuş gavalının rəngi qaraya çalan tünd sürməyi, qabığı parıltılı olur, çəyirdəyi asanlıqla ayrılır.
Alçanı da gavalı kimi qurutmaq lazımdır. Alça qurusu gavalı qurusuna nisbətən daha bərk və turş olur.

İtburnu qurusu
İtburnunu yığan kimi qurutmaq lazımdır. Onu soyuq su ilə yuyurlar. Suyu tamam çəkiləndən sonra 50 dərəcə istiliyi olan duxovkada qurudurlar. İtburnu barmaqların ucu ilə sıxdıqda ovulursa, deməli qurumuşdur.

Giləmeyvə qurusu
Giləmeyvəni(qarağat, moruq və s.) azca istiliyi olan duxovkada vamla qurudurlar. Giləmeyvəni gün altında qurutmaq olmaz. Çünki günəş şüası giləmeyvəni çürüdür. 10 kq təzə giləmeyvədən 1-1.5 kq. quru giləmeyvə alınır.

Mövüc (üzüm qurusu)
Üzümü tamam yetişdikdən sonra qurutmaq lazımdır. Yaxşı olar ki, qurutmaq üçün nəzərdə tutulan üzüm tənəkdə qalıb tamam yetişərək şirə salsın. Sonra üzümü tənəkdən dərib salxımda olan çürümüş və əzilmiş gilələri ayırırlar. Üzümü tez-tez o üz-bu üzə çevirməklə tabaqlarda 3 gün müddətində qızmar günəş altında qurutmaq məsləhət görülür. Tamam qurumuş üzüm gilələri asanlıqla salxımdan qopub tökülür. Həmin gilələri havada qurudub sonra qablara yığırlar, qışa saxlayırlar. Kölgədə qurudulmuş Mövüc uzun vaxt tələb etsə də daha keyfiyyətli olur.

Əncir qurusu
Ənciri dərib qabıqlı halda bir neçə burum qaynadırlar. Sonra dəvətikanının üstünə sərib günəş şüaları altında 4-5 gün qurudurlar.
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 5 685
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri