Ləkələri necə təmizləməli

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 959
Səs ver:
(səs: 0)
Paltarları ləkələnməkdən qorumaq çox çətindir. Bəzən çox bahalı paltara düşən kiçik bir ləkə onun tamamilə yararsız hala düşməsilə nəticələnir. Ancaq əksəriyyətiniz yəqin bilmirsiniz ki, hər ləkəni təmizləməyin öz üsulu var.

Yağlı boya ləkəsi
İstənilən növ parçadan olan paltara düşən yağlı boya ləkəsini benzin və aseton qarışığı ilə təmizləmək olar. Parça və yaxud pambığı bu qarışıqda isladıb ləkə düşən hissəni təmizləyin. Hərəkətin ancaq bir istiqamətdə olmasına diqqət yetirin. Əgər ləkə təzədirsə, onu əvvəlcə asetonla islatmaq, sonra benzinlə silmək lazımdır. Ləkəni təmiz kerosinə batırılmış pambıqla da təmizləyə bilərsiniz. Sonra bu hissəni naşatır spirti ilə yenidən sürtün. Əgər ləkə köhnədirsə, onu təmizləmək daha çox vaxt aparar. Qurumuş ləkənin üzərinə əvvəlcə kərə yağı çəkin. Bir neçə dəqiqə gözlədikdən sonra yumşalmış ləkəni benzinlə silin. Bir-iki saatdan sonra ləkənin yerini təmiz yuyucu soda ilə silin. Adətən, bu proseslərdən sonra ləkə itir. Ləkənin tam təmizləndiyinə əmin olduqdan sonra paltarı adi qayda ilə yuyun.

Yağ ləkəsi
Bəzən adi yağ ləkələri yuyulduqdan sonra yox olur. Əksər hallarda isə onları yumaqla təmizləmək mümkün olmur. Buna görə də paltarı yumazdan əvvəl ləkəni təmizləmək lazımdır. Ləkə düşən kimi onun üzərinə ya narın duz, ya təbaşir tozu, ya da diş tozu səpmək lazımdır. Bu maddələr yağı yavaş-yavaş özünə hopdurur - buna görə də ləkənin dərhal yox olmasını gözləməyin, bunun üçün bir neçə saat vaxt lazımdır. Əgər uzun müddət gözləmək imkanınız yoxdursa, paltarın ləkə düşən hissəsinə həm altdan, həm də üstdən "prisipka", yaxud diş tozu səpin, hər iki tərəfi siqaret kağızı və ya suçəkən kağızla örtün və qaynar ütü ilə ütüləyin. Əgər ləkə çox böyükdürsə, tozu və kağızı bir neçə dəfə təzələyin. Paltardakı yağ ləkəsi köhnədirsə, onu benzinlə isladıb bir-iki saat gözlədikdən sonra hər iki tərəfdən kağız qoyub qaynar ütü ilə ütüləmək lazımdır. Əgər ləkəni bu üsulla təmizləyə bilmirsinizsə, onda skipidar, benzin, yaxud asetondan istifadə etmək lazımdır. Parçanın ləkəli hissəsinə altdan suçəkən kağız qoyun, sadalanan maddələrin birində isladılmış pambıqla ləkəni kənarlardan ortaya doğru silin. Kağız və pambıq çirkləndikcə təzəsi ilə əvəz olunmalıdır. Bundan sonra paltarı yuyun. Yuyulmaq üçün nəzərdə tutulmayan paltarı ləkənin yeri quruduqdan sonra ütüləməklə kifayətlənmək olar.

Pas ləkəsi
Burda adi yuyulma heç cür kömək edə bilməz. Pas ləkəsini təmizləmək üçün sizə üzvi turşulardan istifadə etmək lazım gələcək. Bunun üçün oksalat turşusu, yaxud limon turşusu ilə sirkənin qarışığı yararlıdır. İstifadə edəcəyiniz turşunun dərəcəsi ləkənin intensivliyindən asılıdır. Adətən, bu məhlulu hazırlamaq üçün bir stəkan suya 2 qramdan 20 qrama qədər turşu əlavə etmək lazımdır. Məhlul saxsı və ya farfordan olan qabda hazırlanmalıdır. Hazır məhlulu isitdikdən sonra parçanın ləkəli hissəsini çox qısa müddətə onun içinə salın. Sonra isə bol su ilə yaxalayın. Əgər ləkə tam təmizlənməyibsə, prosesi təkrar edin.
Pas ləkəsi süni rənglənmiş parçaya düşübsə, bu üsuldan istifadə etmək olmaz. Burada sizə eyni nisbətdə qarışdırılmış qliserin, sürtkəcdən keçirilmiş sabun və su qarışığı kömək edə bilər. Parçanın ləkəli hissəsini bu məhlulla sürtün, bir sutkadan sonra mütləq adi qayda ilə yuyun. Əgər sizdə adını qeyd etdiyimiz turşular yoxdursa, onda qaynama həddinə qədər qızdırılmış limon turşusundan istifadə etmək olar. Ağ parçalarda pas daha aydın görünür. Belə parçalardan ləkəni 1 stəkan suya qarışdırılmış 20 qram hidrosulfit məhlulu ilə təmizləmək olar. Məhlulu 60-70 dərəcə həddində qızdırdıqdan sonra ləkəli parçanı onun içinə salın, sonra isə yuyun. Bu məhlulu rəngli parçalarda istifadə etmək olmaz.

Giləmeyvə və qırmızı şərab ləkəsi
Bir daha qeyd edək ki, ləkə qurumamış onun üzərinə narın duz səpmək lazımdır. Qırmızı şərab ləkəsini qaynar su ilə də təmizləmək olar. Bunun üçün parçanın ləkə düşmüş hissəsini tarım açıb, ləkə yox olana qədər üzərinə qaynar su tökmək lazımdır. Əgər ləkə köhnədirsə, hiposulfit, sulfit və hidrosulfitli məhlullardan istifadə etmək lazımdır. Bunun üçün bir stəkan suya 3-5 qram turşu əlavə edin. Sonra pambığı bu məhlula batıraraq, ləkəni kənarlarından ortaya doğru təmizləyin. Unutmayın ki, bu məhlulu ancaq ağ parçalarda istifadə etmək olar. Bu ləkələri qaynar südün köməyilə də təmizləmək olar. Bunun üçün parçanı bir neçə dəqiqəlik qaynar südün içinə salın, sonra isə adi qayda ilə yuyun. Su ilə qarışdırılmış hidrogen peroksid və naşatır spirti qarışığı da bu ləkələrin təmizlənməsində köməyinizə gələ bilər. Bu məhlulların istifadəsindən sonra əşyanı əvvəlcə təmiz su ilə, sonra da adi qaydada yumaq lazımdır. Rəngli paltarlardan ləkəni aparmaq çox çətindir. Bu halda sizə qliserin, yaxud onun yumurta sarısı ilə qarışığı (1 hissə yumurta sarısı və 2 hissə qliserin) işinizə yarayar. Ləkəni bir neçə dəfə bu maddədə isladın, 2-3 saat saxladıqdan sonra təmiz su ilə yuyun.

Mürəkkəb və adi boya ləkəsi
Mürəkkəb ləkəsini (xüsusən isti-isti) təmizləməyə naşatır spirti və yaxud çay sodası məhlulu (1 stəkan suya 2-3 çay qaşığı soda) kömək edə bilər. Ləkəni 6-10 qram oksalat, yaxud limon turşusu əlavə edilmiş, qızdırılmış 1 stəkan suyla təmizləyə bilərsiniz. Təmizləmədən sonra paltarı təmiz su ilə yumaq kifayətdir. Ağ parçadan mürəkkəb və boya ləkəsini aparmaq üçün 1 litr suya 30 qram quru xlor, 20 qram yuyucu toz əlavə edin. Məhlulu bir neçə dəqiqə saxladıqdan sonra başqa qaba süzün və istifadə edin. Bundan sonra parça əvvəlcə təmiz, sonra isə sabunlu su ilə yuyulmalıdır. 1 stəkan suda həll edilmiş 5-10 qram hidrosulfit məhlulunu 50-60 dərəcə həddində qızdıraraq bu ləkələri aparmaq üçün istifadə edə bilərsiniz. Parçanın ləkəli hissəsini bu məhlul olan qabın içinə salın və təmizlənənə qədər gözləyin. Bundan sonra paltar yuyulmalıdır.

His və qurum ləkəsi
Bu qara ləkələr istənilən parçada gözə çarpır. Əgər onları adi şotka ilə sürtərək, təmizləyə bilməmisinizsə, skipidarda isladılmış pambıqla təmizləyin. Bundan sonra əşyanı ilıq sabunlu suda yumaqla təmiz olacağına əmin olun. Əgər bu proses ləkəni tam aparmağa kömək etməzsə, onda eyni nisbətdə qarışdırılmış yumurta sarısı və skipidar qarışığından istifadə edin. Qarışığı ləkənin üzərinə çəkin, pambıq, yaxud şotka ilə yüngülcə sürtün və təmiz ilıq su ilə yuyun.

Yumurta ləkəsi
İstər ağ, istərsə də rəngli parça olsun, fərqi yoxdur, əgər üzərinə yumurta ləkəsi düşübsə, onu təcili təmizləmək lazımdır. Çünki belə ləkələr uzun müddət qaldıqda, yumurtanın zülal tərkibi həll olunmayan maddəyə çevrilir. Adətən, bu ləkələri suyla qarışdırılmış naşatır spirti ilə təmizləyirlər. Əgər ləkələr artıq köhnəlibsə, onda naşatır spirtini eyni həcmdə qliserinlə qarışdıraraq istifadə edin. Yalnız qliserindən, onu 35-40 dərəcə qızdırıb, istifadə etmək də olar. Pambığı ilıq qliserinə batırıb ləkəni silin və 15 dəqiqəlik fasilədən sonra təkrar edin. Sonra paltarı yuyun.

Tər ləkəsi
Adətən, tər ləkəsi ipək paltarlarda qalır. Onları qatı xörək duzu məhlulu ilə təmizləmək mümkündür. Yun parçalardan belə ləkələri sabunlu suda isladılmış şotka ilə təmizləmək olar. Bundan sonra isə oksalat turşusu məhlulundan istifadə edin. Məhlulu sabunlu su ilə silinmiş hissəyə çəkin, sonra ilıq su ilə yuyun.

Ot ləkəsi
Açıq havada gəzintidə nə qədər ehtiyatla hərəkət etsəniz də, ot ləkələrindən tam xilas olmaq çətindir. Bu ləkələri tez bir zamanda adi yuyulma üsulu ilə təmizləyə bilərsiniz. Sabunlu suya naşatır spirti məhlulu əlavə etsəniz, nəticə daha mükəmməl olar. Yumazdan əvvəl paltarın ləkəli hissəsinə naşatır spirti çəkmək olar. Ancaq bu halda paltarın rənginin getməyəcəyinə tam əmin olmaq lazımdır. Sirkə ilə eyni nisbətdə qarışdırılmış oksalat turşusu da bu ləkələri aparmağa kömək edir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 959
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri