Ucuz olması ilə xanımları cəlb edən saxta kosmetik vasitələr "bahalı” xəstəliklərə səbəb olur
Qadınlar
gözəl və baxımlı görünmək üçün, demək olar ki, hər gün kosmetik
vasitələrdən istifadə edirlər. Bu səbəbdən kosmetik vasitələr qadınların
həyatında önəmli rol oynayır. Tələbat çox olduğu üçün kosmetika bu gün
ən gəlirli sahələrdən hesab olunur. Bu konteksdə brend kosmetik
vasitələri saxtalaşdıraraq ucuz qiymətə satanlar insanların sağlamlığı
ilə oynamağa davam edirlər. Bakıda müxtəlif satış yerlərində, o cümlədən
mağazalarda külli miqdarda mənşəyi bəlli olmayan çeşid-çeşid
keyfiyyətsiz, saxta məhsullar satılır.
Kosmetika
bazarına nəzər salsaq, görərik ki, bazarlarda, mağazalarda, küçələrdə,
yeraltı keçidlərdə, metro stansiyalarının çıxışında qoyulan piştaxtalar
"xarici ölkələrin məhsulları” ilə doludur. Əlbəttə, qiymətlər və
keyfiyyət də satıldığı yerə görə dəyişir. Kosmetik vasitələrin satıldığı
yerlərdən asılı olaraq qiymətlər də artıb-azalmağa başlayır. Metro
keçidlərində bu vasitələr ucuz olduğu üçün insanlar ciblərinə uyğun
olduğunu düşünürlər və saxta kosmetik vasitələrdən istifadə etməkdən
çəkinmirlər. Bizim xanımlarımızın əksəriyyəti aldıqları kosmetikanın
mənşəyi, istehsal tariхi və saхlanma şəraiti ilə maraqlanmır. Əsas
məsələ qiymətdir. Yəni ucuz qiymətə satılsın, içində nə olur-olsun,
bizim alıcı üçün fərq etməz.
"Alıcılar saxta məhsullara üstünlük verirlər”
Ölkəmizdə
ucuz kosmetika bazarının mövcud durumu ilə tanış olmaq üçün "28 May”
metro stansiyası yaxınlığında yerləşən "parfümeriya” mağazasına
yollandıq. Burada hansı növ, hansı qiymətə istəsən, kosmetik vasitələr
tapmaq mümkündür. Qiymətlər isə müxtəlifdir. Belə ki, 1 manata pomada, 1
manat 50 qəpiyə göz kölgəsi, 3 manata tuş, 50 qəpiyə göz qələmi, 40
qəpiyə lak, 80 qəpiyə kirşan almaq mümkündür. Üz üçün istifadə edilən
kremlər isə növbənövdür. Hansı "firmanın” kremindən istəsən bu kosmetika
mağazasından tapa bilərsən. Hətta buradan 5-10 manata "brend” ətirlər
belə almaq mümkündür. Bu məhsulları satan satıcının sözlərinə görə, bu
mağazada saxta və orijinal kosmetik vasitələr birlikdə satılır: "Alıcı
məhsulu alarkən biz ona həmin məhsulun həm saxta, həm də orijinal
variantını göstəririk. Lakin saxta vasitələr ucuz olduğu üçün alıcılar
onları almağa üstünlük verirlər”. Satıcı bildirdi ki, bu gün
Azərbaycanda fəaliyyət göstərən bir çox brend mağazalarda saxta kosmetik
vasitələr orijinal adı ilə baha qiymətə alıcılara satılır.
Bəs
ucuz olduğu üçün alınan və istifadə edilən saxta kosmetik vasitələr
insan orqanizmində hansı fəsadlar yaradır? Bu kosmetik məhsullar
sağlamlığımıza, həqiqi gözəlliyimizə necə təsir edir?
Ucuz kosmetikanın fəsadları
Ucuz
kosmetik vasitələrdən istifadə etdiyinə görə əziyyət çəkən Aynur
bizimlə söhbətində keçirdiyi narahatlıqlardan danışdı: "Metro
keçidlərində tuşların 3 manata satıldığını görəndə çox sevinmişdim.
Düşündüm ki, eyni firmanın məhsuluna 10 manat verib almaqdansa 3 manata
alsam, daha sərfəli olar. Lakin istifadə etdikdən sonra fərqi anladım.
Ucuz qiymətə aldığım tuş gözlərimdə qaşınma yaratmağa başladı və uzun
müddət istifadə etdikdən sonra kirpiklərim töküldü”. Sona isə 1 manata
aldığı pomadanın dodağını zədələdiyi dedi: "Ucuz qiymətə satılan
pomadaların keyfiyyəti ilə yanaşı, dadında da fərq olur. Belə ki, bu
pomadalar acı olmaqla yanaşı, dodaqlarımın qabıq verməsinə və
zədələnməyinə səbəb oldu”. Təəssüf ki, saxta kosmetikaların fəsadları
yalnız bunlarla bitmir.
Kosmetik məhsullardakı böyük təhlükə
İngiltərədə
kosmetik vasitələr üzərində aparılan araşdırmada qadınların istifadə
etdikləri parfümeriya məhsullarının tərkibində yüksək dozada zəhərli
maddə aşkarlanıb. Alimlərin fikrincə, bu maddələr insan orqanizmində
ağciyər və mədə xərçənginə səbəb olur. Belə ki, kosmetik vasitələrin
içində olan xrom maddəsi ağciyər xərçənginin yaranmasına zəmin yaradır.
Araşdırmalara görə, pomadaların və dodaq parladıcılarının tərkibində
maqnezium və alüminium kimyəvi maddələri var ki, bu maddələrdən
alüminiumun Alsheymer xəstəliyinə səbəb olduğu, maqneziumun isə insan
yaddaşına mənfi təsir göstərdiyi sübut edilib. Türkiyə alimlərinin
araşdırmalarına görə isə, kosmetik məhsullarda, qalıcılığı artırmaq
məqsədi ilə istifadə edilən ağır metallar bədəndə yığılır və bu maddələr
hüceyrələrə zərər verərək erkən yaşlanma, xərçəng, və inkişaf
pozuntularına səbəb olur. Alimlərin sözlərinə görə, ağır metallar digər
bir çox toksinlərdən fərqli olaraq insan bədənində toplanır və təsirləri
bir müddət keçdikdən sonra başlayır.
Orqanizmin "pasportu”
Kosmetik
vasitələrin ziyanlarından danışan həkim-kosmetoloq Aybəniz Cəfərova
bizimlə söhbətində insan dərisinin, cildinin orqanizmin "pasportu” rolu
oynadığını bildirdi. Onun sözlərinə görə, kosmetikalar dəri ilə
təmasda olduğu üçün, xüsusilə bu vasitələrdə ucuza qaçmaq düzgün deyil:
"Ucuzdur deyə alınan kosmetik vasitələr sonradan dəridə ağır fəsadlar
yaradır və bəzən onu əvvəlki vəziyyətinə gətirmək mümkün olmur. Bundan
əlavə, metro keçidlərində, digər şübhəli yerlərdə, xüsusilə əllərdə
satılan kosmetik vasitələrdən istifadə etmək düzgün deyil. Çünki onların
tərkibinə nələr qatıldığı, harada hazırlandığı məlum deyil. Bu
vasitələr dəridə ləkələr əmələ gətirir, immun sistemi zəif olan
insanlarda allergik mənşəli səpkilər yaradır. Ən təhlükəlisi isə odur
ki, bu vasitələrin tərkibində olan kimyəvi maddələr dəridə xərçəng
xəstəliyinə tutulma riskini artırır. Deməli, xanımlar sağlamlıqlarını
qorumaq naminə ya kosmetikadan istifadə etməməlidir, ya da istifadə
edirsə, ona çox pul xərcləməyə də qıymalıdırlar”.
"Üzdə qırışlar əmələ gətirir”
Dermatoloq
Fəridə Muradova da bizimlə söhbətində ucuz və saxtalaşdırılmış kosmetik
vasitələrin dəriyə mənfi təsir etdiyini bildirdi: "Keyfiyyətsiz, saxta
kosmetika və parfümeriya vasitələrinin insan orqanizminə çox böyük mənfi
təsiri var. Belə məhsullardan istifadə dəridə qıcıqlanmaya, qaşınmaya,
allergiyalara, səpkilərə səbəb olur. Təəssüf ki, saxta məhsulların yol
açdığı fəsadlar bununla yekunlaşmır. Standartlara cavab verməyən belə
məhsulların səbəb ola biləcəyi ən böyük fəlakət xərçəng xəstəliyidir”.
Dermatoloqun sözlərinə görə, keyfiyyətsiz məhsullar dəridə qırışlar
əmələ gətirir və quruluq yaradır: "Ümumiyyətlə bütün kosmetik vasitələr
üzdə olan tük follikullarına böyük təsir edir. Belə ki, bu maddələr dəri
ilə təmasda olduqda tük follikullarını və dərini yağlandıra bilmir. Bu
da dəridə sızanaqların yaranmasına yol açır”.
"Kosmetik vasitələri nədən gəldi düzəldirlər”
Məsələyə münasibət bildirən
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qəzetimizə
açıqlamasında ölkəmizdə kosmetik vasitələr və parfümeriya bazarında çox
böyük problemlərin yaşandığını bildirdi. Onun sözlərinə görə, ölkəyə
normal kosmetik vasitələr daxil olandan təxminən 1 həftə sonra onun
saxta növləri meydana çıxır: "Bazara saxta məhsulların belə tez daxil
olmasından çıxış edərək belə demək olar ki, ya istehsalçının özü bu işdə
maraqlıdır, ya da bu məhsulların alıcı rəğbəti qazandığını görən digər
şəxslər onun saxta variantlarını ucuz qiymətə satırlar. Onlar kosmetik
vasitələrin qablarını Çində hazırlayırlar, daxilinə isə nə gəldi
doldurub əhaliyə satırlar”.
Saxta məhsulun orijinaldan fərqi
E.Hüseynov
saxta vasitələrlə orijinalı fərqləndirməyin yollarından danışdı və
bildirdi ki, prestijli dükanlarda da kosmetik vasitələrin saxtalarına
rast gəlmək mümkündür: "Əvvəla, saxta məhsullar çox ucuz qiymətə təklif
olunur. İkincisi, bu məhsulların qablaşdırılması və təqdimatı primitiv
olur, üzərindəki məlumatlar natamam olur və qrammatik səhvlərə yol
verilir. Üçüncüsü, bunların keyfiyyətsiz olması ilk istifadə zamanı
ortaya çıxır. Dördüncüsü də, saxta malların müvafiq sənədləri və firma
zəmanəti olmur. Əhali bilməlidir ki, kosmetik vasitələrin də, ərzaq
mallarında olduğu kimi, qanunlara görə üzərində buraxılma tarixi və son
yararlılıq müddəti yazılmalıdır. Prestijli dükanlarda satılan saxta
kosmetik vasitələr orijinal ilə yan-yana qoyulmur ki, istehlakçı onun
poliqrafiyasına fikir verərək ayırd edə bilməsin. İstehlakçılar bu
amillərə xüsusilə fikir verməlidirlər”.
İstehlakçının hüququ
E.Hüseynov
vurğuladı ki, "İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında qanuna
görə istehlakçının hüququ var ki, aldığı məhsulun gigiyenik
sertifikatını, mənşə sertifikatını və uyğunluq sertifikatını tələb
etsin. Satıcı bunu istehlakçıya göstərməyə borcludur.
Qeyd edək ki, ABŞ Milli İş Təhlükəsizliyi və Sağlamlıq İnstitutunun
2009-cu ildə apardığı bir tədqiqat nəticəsində kosmetika məhsullarında
900-dək zərərli kimyəvi maddə olduğu məlum olub. Kosmetika məhsullarının
tərkibində olan 2 983 kimyəvi maddə üzərində aparılan araşdırma
nəticəsində, bunların 884-nün toksik (zəhərli) olduğu müəyyən edilib.
Bundan başqa, bu maddələrdən 774-ü yüksək dərəcədə zəhərlənmələrə,
146-sı şiş xəstəliklərinə, 218-i çoxalma pozulmasına, 314-ü mutasiyaya
və 376-sı dəri və göz xəstəliklərinə səbəb olur.