Artıq
çəkidən azad olmaq dedikdə ilk ağıla gələn pəhrizdir. Lakin artıq
çəkidən azad olmaq üçün pəhrizlə bərabər idman ən ideal vasitədir. İdman
təkcə arıqlamaq üçün deyil, sağlamlıq və ideal bədən quruluşuna malik
olmaq üçün əvəzsiz üsuldur. Hər üç halda məşq zallarına üz tutan
insanlar çox zaman kor-koranə idman etdiklərinin fərqində olmurlar. Az
keçmir ki, bunun əks təsirləri özünü göstərməyə başlayır.
Sirr
deyil ki, müasir dövrün problemlərindən olan artıq çəki ilə daha çox
qadınlar mübarizə aparır. Aile.lent.az məşqçi Orxan Məmmədovun artıq
çəkidən azad olmaq üçün məşq zallarına üz tutan xanımlara bəzi
məsləhətlərini təqdim edir. O. Məmmədov etiraf edir, təkcə idman artıq
çəki ilə mübarizədə gücsüzdür. Əgər xanım artıq çəkidən azad olmaq
istəyirsə, məşqlərlə bərabər pəhriz saxlamalıdır. Bu o demək deyil ki,
yeməkdən birdən-birə imtina edilməlidir. Bu, düzgün deyil. Çünki bədəndə
vitamin çatışmazlığı yarana bilər: "Bədəni alışdıra-alışdıra pəhrizə
keçmək lazımdır. İlk növbədə çörək, qızardılmış, yağlı yeməkləri
menyudan çıxarmaq, şirniyyat və çörəyi nisbətən azaltmaq, suda bişmiş
yeməklərə üstünlük vermək lazımdır. Zülal, ət, süd, yumurta, balıq,
paxlalı bitkiləri rasionlarından çıxarmamalıdırlar. Bu qidaların
əzələlərə də xeyri var. Əzələni möhkəmlədir və formalaşdırır. Arıqlamaq
üçün qida rasionu əsas şərtdir. İdmanın effekti yalnız bu zaman alına
bilər”.
Məşq ürəyi riskə atır
Məşq
zalında isə artıq çəki ilə mübarizə ilk növbədə qaçış aparatı ilə
başlayır. Lakin bu, sürətli qaçış demək deyil. Məşqçi əvvəlcə isinmə
hərəkətləri təyin edildiyini deyir: "Qaçış aparatında ilk 3 dəqiqə
yerimək məsləhətdir. Bu, həm qan dövranını yaxşılaşdırır, həm də ürəyə
güc düşmür. Sonra isə tədricən qaçış sürətini artırmaq olar. Qaçmaq
kalorini daha çox yandırmağa kömək edir. İdmana yeni başlayanlar 40
dəqiqə, 1 saat məşq etməlidirlər. Sonra isə tədricən artırmaq olar”.
Ümumiyyətlə
isə, məşqçi 1,5 saatdan çox idman etməyi məsləhət görmür. Məşq zalında
çox vaxt keçirmək sizin daha tez arıqlamağınız demək deyil. Əksinə, bu
zaman ürəyinizi gücə sala bilərsiniz. Birdən-birə ağır idman hərəkətləri
etmək ürəyə ziyandır: "Buna görə də interval məşqə üstünlük
verilməlidir, yəni 3 dəqiqə yerimək, 2 dəqiqə qaçmaq. Bu cür intervalla
30-40 dəqiqə qaçış aparatında vaxt keçirmək olar. Çünki 40-cı dəqiqədə
yağ və piy qatı əriməyə başlayır. Sonra tədricən yerimək dəqiqələrini
azaldıb, qaçmaq dəqiqələrini artırmaq olar. İnterval məşqin ürəyə çox
böyük xeyri var. Artıq çəkidən azad olmaq üçün interval məşq ən yaxşı
vasitələrdən biridir”.
İdmana
başladığınız ilk 3 ayı qaçış aparatları ilə məşq etmək lazımdır. Artıq
çəkidən azad olduqdan sonra digər məşqlər və trenajor aparatlarına
keçmək olar. Orxan Məmmədov xüsusən artıq çəkili xanımlara birdən-birə
bədənlərinə güc verməməyi tapşırır. Məşqlər tədricən olmalıdır. Bədənə
birdən-birə ağır məşqlərlə güc vermək əks təsirə gətirib çıxara bilər:
"Artıq çəkili xanımlar trenajor aparatlarına fikir verməlidirlər. Elə
aparatlar və məşqlər var ki, bədəndəki yağ əridikdən sonra onlardan
istifadə etmək olar. Çünki yağı yandırmağa daha çox meylli olan
trenajorlar qaçış aparatı, velosiped və xizəkdir. Artıq çəkidən azad
olduqdan, boya uyğun çəki əldə etdikdən sonra əzələ kütləsinin həcmini
artırmaq və bədəni formaya salmaq üçün digər trenajor aparatlarına
keçirik”.
Səhv
məşqin bədəndə olan yağ qatının əzələyə çevrilməsinə səbəb olduğu da
deyilir. Bu fikrin tamamilə yanlış olduğunu vurğulayan O. Məmmədov
bədəndə olan yağın heç bir halda, heç vaxt əzələyə çevrilə bilməyəcəyini
deyir: "Məşqçilərin çoxu bunu deyir, amma səhvdir. Çünki əzələnin
üstündə qalan yağ qaçış zamanı yanır. Sonra isə həmin əzələni üzə
çıxarmaq üçün məşqlər edilir. Bu zaman bədənin relyefi arzu edilən
formada olur. Hətta anatomiyada da yağın əzələyə çevrilməsi faktı
müşahidə edilməyib. Pəhriz və idman yalnız bədəndə olan artıq yağı
əridir, əzələyə isə heç bir təsir etmir, əksinə möhkəmlədir”.