QARAQAN - "A" Romanı (1-ci bölüm)

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 9 250
Səs ver:
(səs: 3)
Bəziləri deyirdi ki, o heç vaxt yatmır. Bəziləri deyirdi ki, anası uşaq vaxtı onu zibil yeşiyinə atıb. Bəziləri deyirdi ki, o, bütün ölkələri gəzib və bütün sirlərdən xəbəri var. Kimsə düşünürdü ki, o bir adam deyil – bir neçə yerə bölünə bilir. Kimlərsə deyirdi ki, o peyğəmbərdi.
Bəziləri isə sakitcə pıçıltı ilə deyirdilər: "O şeytandır” .

Başlanğıc

Hər şey mənim səyahətə çıxmağımla başladı. Şənbə günü portfelimi çiynimə atıb evdən çıxdım. Heç kimə heç nə demədən, telefonumu da evdə qoyub getdim. Bayır qapısını yavaşca örtdüm ki, heç kəs oyanmasın. Sonra pilləkənləri enib həyətdən çıxdım. Özümü bu qədər həyəcanlı hiss etməmişdim. Portfelimdə qələm, dəftər, diş fırçası, köynək, bir də fotoaparat. Mənə başqa heç nə lazım deyildi. Həyatımda ilk dəfə olaraq gedirdim. Doğrudan gedirdim. Hiss eləyirdim ki, hər bir addım azaddır, hər bir döngə doğmadır. İlk dəfə idi ki, düşünmədən, haraya gedəcəyimi bilmədən gedirdim. Onda doğrudan da hər küçə sənin yolunun bir hissəsi ola bilir. Bəlkə düz getdim, bəlkə yarı yolda sağa döndüm, bəlkə avtobusa mindim, bəlkə hansısa uşağın velosipedini əlindən alıb sürdüm. Mən sadəcə getmək istəyirdim.
Yəqin ki, filmlərə baxırsınız. Biz hamımız elə filmləri xoşlayırıq ki, orada hadisələr çox təhlükəli, inanılmaz olsun. Həmişə gözlənilməz sonluqları sevirik. Amma hərdən elə filmə baxırsan ki, lap ətin tökülür - süjet xətti çox zəif, aktyorlar sadə, və filmin ilk on dəqiqəsində başa düşürsən ki, sonluq necə olacaq. Elə filmlərə baxa bilmirəm.Yarısında məni yuxu tutur. Həyata da marağım buna görə öldü. Bir gün başa düşdüm ki, öz həyatımı film kimi çəksəydilər yarısında yuxuya gedərdim.Ya da söndürüb deyərdim ki, bu Hollivud da hər zibil ssenariyə film çəkir. Son 3 ildə hər şeyə həvəsim öldü. Əvvəlcə işdən bezdim. Qəzetə məqalələr yazırdım - siyasi, mədəni, ictimai, yəni nə oldu. Amma hamısında da eyni şey idi əslində. Filan nazir filan ölkənin filan nazirləri ilə görüş keçirib. Ay Pentaqon belə gəldi, BMT belə getdi. Ay filan deputat belə dedi, təzə çıxan müğənni belə yadda qaldı. Ya da bilirsinizmi, Avstraliyada kenquruların müəyyən bir növü var ki, onlar elə deyil, başqa cürdü. Ya da yeni tikililər şəhərin arxitekturasına böyük zərbə endirir... Belə-belə gic-gic , lazımsız şeylər yazırdım. Həyat tərzimi dəyişmək istəyirdim. Görürdüm ki, axına düşmüşəm. Hamı axına düşüb. İş-ev, ev-iş, iş-ev. Nə qədər olar? Həyatımız hər gün qısalır. Hər ürək döyüntüsü ölümə doğru atılan addımın səsidir. Hərdən işimlə bağlı arxivlərdə müxtəlif insanların bioqrafiyalarını oxumalı olurdum. 70 il yaşamış Filankəs Filankəslinin bioqrafiyası cəmi 2 səhifə. Demə, 70 illik həyatdan ikicə səhifə qalır. Əvvəllər buna çox fikir vermirdim. Həyatın qanunları həyatın qanunlarıdır. Həyat belə qurulub. Hamı necə yaşayırsa sən də elə yaşa. Həyatın nizamını poza bilmərik ki? Həyat, həyat ..həyat qanunu.. o dəqiqə beynimə bu fikirlər gəlirdi. Sizdə də yəqin elə olur. Hər şeydən bezən kimi deyirsiniz ki, həyat belədir də. Mən də sizin kimi. Biz nə qədər fərqli olsaq da əslində hamımız eyniyik. Həyat bizi istədiyi kimi dəyişir. 

O gün kiçik bir qızla danışırdım. 5 yaşı olardı. Söhbətin içində ona sual verdim ki, "Böyüyəndə nə olmaq istəyirsən? ”. Dedi : Bankir. Yerimdə donub qaldım. Soruşdum ki, niyə bankir olmaq istəyirsən? Bankir nə iş görür ki? Balaca qızcığaz gülümsəyib cavab verdi: "Bankir pul sayır daa..Mən də bankir olacam”.
Məncə əlavə söz deməyə dəyməz. Biz uşaq vaxtı kosmonavt, həkim olmaq istəyirdik. Bizim vaxtımızda heç bir uşaq bankir, ya da pulsayan olmaq istəmirdi. Görəsən 5 il sonra uşaqlar nə deyəcək? Yəqin onda da Birləşmiş Millətlər Təşkilatında sədr müavini olmaq istəyəcəklər. Həyatımda hər şey zibil kimi gedirdi. Amma A ilə tanışlığım mənim bütün dünyamı dəyişdi. Həmin günü mən həyatımda doğuluş adlandırıram. Çünki həmin gün mən doğuldum. Yenidən... Bəlkə də elə ilk dəfə.

Bir gün bir turist Afrikaya gəlir. Görür yerli qəbilədən birisi fildən enib onun boğazındakı ipi kiçik bir dirəyə bağlayır. Turist yanındakı tərcüməçidən soruşur:
- Nəyə görə fili dirəyə bağladı ki? Fil həmin dirəkdən 10 dəfə böyükdür. Bircə dəfə dartsa dirəyi kökündən çıxara bilər. Dirək məndən də kiçikdir ki, elə mən də onu qoparardım.
Tərcüməçi özü də təəccüblənir. O da dirəyin nə qədər nazik və davamsız olduğunu görüb bunu qəbilə adamından soruşur. Qəbilə adamı yaxınlaşıb fili sığallayır sonra isə deyir:
- Bu fil balaca olanda mən onu bu dirəyə bağlayırdım. Balaca olanda, o illərlə bu dirəyi dartıb yerindən qoparmağa çalışırdı. Amma o vaxtlar çox balaca idi, dirəyi qoparmaga gücü çatmırdı. Indi güclüdür, bircə dəfə dartsa dirəyi yerindən qopara bilər. Amma o, taleyilə çoxdan barışıb. Artıq inanıb ki, bu dirəyi qoparmaq olmur. Mən də onu rahatca bağlayıb gedə bilirəm.

Bizi artıq uşaqlıqdan əhlilləşdiriblər. Bala, sən əvvəlcə məktəbdə oxumalısan, sonra universitetdə. Universiteti bitirən kimi əsgərliyə gedəcəksən.Qayıdanda işləməyə başlayacaqsan. O illər yəqin ki, nişanlanarsan. Bir az imkan tapan kimi evlənəcəksən. İlk iki ildə uşağınız olacaq. Sonra uşaq böyüyəcək. Onu məktəbə qoyacaqsınız. Sonra uşaqlarınız evlənəcək, sən nəvənlə oynayacaqsan. Qocalanda da ki, vərəmdən, şəkərdən bir xəstəlik tapıb öləcəksən. Bu etalondur. Həyat standartı. Hər şey bu cür olmalıdır. Bu bizim bağlandığımız dirəkdir. Mən də bu dirəyi qırmaq qərarına gəldim. Həyətdən çıxan kimi dedim ki, düz gedəcəm. Nə qədər gedə bilsəm gedəcəm. Nə xəritəm vardı, nə də başqa bir şey. Sadəcə düz. Nağıllardakı kimi. Dərələr-təpələr hündür-hündür binalara cevrilmrşdi. Ağ atımı hərdən taksi, hərdən avtobus əvəz edirdi. Qılıncım hesabında 1000 dollar olan kredit kartım idi. Mənim haqqımda dillərdə gəzəcək dastanları isə portfelimdəki gündəliyimə özüm yazırdım. İçimdə dəhşətli bir həvəs oyanmışdı. Mən ilk dəfə öz taleyimlə görüşə gedirdim. Yolda müxtəlif insanlar görürdüm. Onlar danışmağa o qədər də meylli deyildilər.

Ardı var
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 9 250
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri